Bakı, 28 oktyabr (AzərTAc). İsveçin Malmö şəhərində “Xəzər” Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin nümayəndələrinin də iştirak etdikləri tədbirdə “Xəzər” Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin sədri Leyla Seyidova Kiani və başqaları çıxış etmişlər. Vurğulanmışdır ki, 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikası Şərqdə ilk demokratik müsəlman dövləti olmuşdur. Bu respublikanın keçdiyi yol və süqutu, 1991-ci ildə dövlət müstəqilliyinin bərpa edilməsi barədə ətraflı məlumat verilmişdir.

Tədbirdə Vətənə həsr olunmuş şerlər səsləndirilmiş, “İki dövlət-bir millət” sənədli film göstərilmişdir. Bundan əlavə, kitablardan, milli koloritimizi əks etdirən əl işlərindən, suvenirlərdən ibarət sərgi də təşkil olunmuşdur.