Bakı, 31 oktyabr (AzərTAc). Hyustonda (ABŞ) Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibətilə silsilə tədbirlər keçirilmişdir.
AzərTAc “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasına istinadla xəbər verir ki, Hyustonun şəhərətrafı parklarından birinə Azərbaycan Respublikasının dövlət bayrağı altında toplaşan Azərbaycan icmasının nümayəndələri milli tariximizin müxtəlif mərhələləri və Azərbaycanda mövcud vəziyyət ətrafında müzakirələr aparmışlar.
Hyuston Universitetinin azərbaycanlı tələbələri tədbir keçirərək, Azərbaycanın ictimai-siyasi həyatından, ölkənin neft strategiyasından söz açmışlar.
“Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyası Hyuston Şəhər Şurası ilə birlikdə şəhər ictimaiyyətinin 100-dən çox nümayəndəsinin iştirakı ilə gecə keçirmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) maliyyə dəstəyi ilə təşkil olunmuş tədbirdə Hyustonun rəsmi şəxsləri, İndoneziya, Yunanıstan, Rusiya və Türkiyə baş konsulluqlarının nümayəndələri, biznesmenlər, mədəniyyət və təhsil müəssisələrinin təmsilçiləri, habelə yerli azərbaycanlılar iştirak etmişlər.
Tədbir iştirakçılarına Azərbaycan haqqında geniş məlumat verilmişdir. Çıxışlar Azərbaycandan, neft sənayesinin tarixindən söz açan video-çarxların nümayişi ilə müşayiət olunmuşdur.