Buenos-Ayresdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar keçirilən akademik, ictimai və mədəni tədbirlər həftəsi çərçivəsində Latın Amerikasının xarici siyasət üzrə aparıcı beyin mərkəzlərindən biri olan Argentina Beynəlxalq Əlaqələr Şurasında (CARI) “Azərbaycan: müstəqilliyin bərpasından keçən 20 il ərzində” adlı konfrans təşkil edilib. Bu barədə Trend-ə Azərbaycanın Argentinadakı səfirliyindən məlumat verilib.
İki paneldən ibarət bu konfransın birinci hissəsi “Azərbaycan Respublikasının xarici siyasəti: prioritetlər və çağırışlar”, ikinci hissəsi isə “Azərbaycan və Argentina: potensial tərəfdaşlar” mövzularına həsr olunub.
Konfransda Azərbaycanının inkişaf strategiyası, ölkəmizin müstəqillik dövründə qarşılaşdığı problemlər və əldə etdiyi uğurlar, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və münaqişənin nizamlanması prosesi, Azərbaycanın enerji strategiyası və Qərb-Şərq enerji-infrastruktur dəhlizinin inkişafındakı rolu, habelə son dövrdə inkişaf etməkdə olan Azərbaycan-Argentina münasibəltəri, siyasi, iqtisadi, xüsusilə də kənd təsərrüfatı və texnologiyalar sahəsində əməkdaşlıq, parlamentlərarası əlaqələr mövzularında çıxışlar edilib və geniş fikir mübadiləsi aparılıb.
Konfrans Azərbaycanın Argentinadakı elmi-akademik dairələrində təşviqi və ölkəmizin reallıqları barədə məlumatların Argentina ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyətə malik olub.
Konfransda Argentinanın hökumət strukturlarının, qanunvericilik orqanının, elmi-akademik dairələrinin nümayəndələri, xarici siyasət və diplomatiya üzrə ekspertləri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Konfransın ardınca CARI-nin İdarə Heyətinin üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında əlavə görüş keçirilib, görüşdə konfransda müzakirə olunan mövzuların müzakirəsi davam etdirilib, xüsusilə də Azərbaycan-Argentina əməkdaşlığının Xəzər hövzəsi-Merkosur regionlarının bir-birinə yaxınlaşdırılması üçün mühüm amil ola biləcəyi qeyd edilərək bu istiqamətdə SAM və CARİ tərəfindən birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi razılaşdırılıb.


Milli.Az