Vatikanda Azərbaycanın müstəqilliyinin bərpasına həsr olunmuş təntənəli mərasim keçirilmişdir (29 noyabr 2011)
Vatikan, 30 noyabr (AzərTAc). Noyabrın 29-da Heydər Əliyev Fondunun
təşəbbüsü və Azərbaycanın Vatikandakı səfirliyinin dəstəyi ilə Vatikanda
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin
20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.
Mərasimdən əvvəl Azərbaycanın birinci xanımı Vatikanın mədəniyyət naziri, kardinal Can-Franko Ravazi ilə görüşdü.
Vatikanın mədəniyyət naziri bu görüşü Azərbaycana səfərinin davamı
adlandırdı, Heydər Əliyev Fondu ilə tanışlığını xatırladı. Kardinal
Azərbaycanın Vatikandakı Apostol kitabxanasında həyata keçirdiyi
layihənin əhəmiyyətini vurğulayaraq dedi ki, bu zəhmətli iş nəticəsində
Azərbaycan haqqında 42 manuskriptdən 15-i bərpa olunmuşdur.
Mehriban
xanım Əliyeva Azərbaycan ilə Vatikan arasında formalaşmış sıx
əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Heydər Əliyev Fondunun prezidenti
həyata keçirilmiş birgə layihələrdə Vatikanın rolunu yüksək
qiymətləndirdi və bu münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə
əminliyini bildirdi.
Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.