Budapeşt, 12 dekabr (AzərTAc). Ölkəmizin Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Macarıstan poçtu Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş xatirə poçt markası və poçt kuponları buraxmışdır.
Poçt markasında dövlət rəmzlərimizdən – gerb və bayraqdan, eləcə də milli naxışlardan istifadə edilmişdir. Markanın üzərində Azərbaycan və macar dillərində “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü” sözləri yazılmışdır. Poçt kuponlarında isə Azərbaycan bayrağının və dövlət gerbinin fonunda Budapeştin diqqətəlayiq tarixi abidələrinin təsviri verilmişdir.
Xatirə poçt markası və kuponlar Macarıstan poçtunun kataloquna daxil edilmişdir. Onların filatelistlər arasında yayılması nəzərdə tutulmuşdur.


Pərvanə Qarayeva
AzərTAc-ın xüsusi müxbiri
Budapeşt