Oktyabrın 19-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və Azərbaycanın bu ölkədəki səfirliyin birgə təşkilatçılığı ilə dövlət müstəqilliyimizin 25-ci ildönümünə həsr olunmuş “Azərbaycan və Qafqaz – irəliyə baxış” mövzusunda konfrans keçirilib.

Tədbirdə ABŞ-ın dövlət qurumlarının, düşüncə mərkəzlərinin, diplomatik korpusun, media və çox saylı ictimaiyyətin nümayəndələri iştirak ediblər. Konfransın moderatoru qeyd edilən institutunun direktoru, region üzrə tanınmış ekspert Svante Kornell olub.

Yüzdən artıq auditoriyası olan tədbirdə çıxış edən səfir Elin Süleymanov Azərbaycanın müstəqillik illərində qazandığı uğur və nailiyyətlər barədə geniş məlumat verib. O, Azərbaycanda müstəqillik illəri zamanı iqtisadi, sosial və dövlət quruculuğu sahələrində əl olunan möhtəşəm nailiyyətləri vurğulayaraq, bunun Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti ilə bağlı olduğunu vurğulayıb. Hazırda həmin siyasətin uğurla davam etdirildiyini qeyd edən səfir Azərbaycanın bütün sahələrdə regionun liderləri sırasında olduğunu bildirib. Diplomat regionda həyata keçirilən, uğurlu olduğunu sübut edən və bununla da bütün region ölkələrinin iqtisadi rifahına və daha yaxın əməkdaşlığına imkan yaradan və Qara Dəniz, Aralıq Dənizi, Egey Dənizi, Adriatik Dənizi coğrafiyalarına yol açan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələrdən söhbət açıb.

Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını qeyd edən E.Süleymanov bunun Azərbaycanın razılaşmalara sadiqliyindən irəli gəldiyini vurğulayıb. Səfir buna bariz nümunə kimi enerji sahəsində 20 ildən çox müddət ərzində beynəlxalq şirkətlərlə əldə edilmiş “Hasilatın Pay Bölgüsü” razılaşmalarının dəyişilməz qaldığını göstərib.

Səfir Şərqdə ilk müsəlman demokratik respublikanın davamçısı kimi Azərbaycanın ənənəvi olaraq müxtəlif millət və mədəniyyətlərin qovuşduğu bir məkan olduğunu, hazırda ölkə rəhbərliyinin bu ənənəyə sadiq qaldığını bildirib. Dünyada radikalizmin və dözümsüzlüyün baş qaldırdığı bir zamanda Azərbaycanın dünya miqyaslı mədəniyyətlərarası forumların təşəbbüskarı olduğunu və aparıcı qüvvəsinə çevrildiyini deyib. Bunun Azərbaycanın tarixindən qaynaqlandığını və dövlətimizin başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirildiyini vurğulayıb.

Müzakirələr zamanı səfir E.Süleymanov iştirakçıların qaldırdığı çox saylı suallara cavab verib. Aparılan canlı müzakirələr iştirakçıların Azərbaycana və onun apardığı siyasətə dair böyük marağının olduğunu göstərib.

Nəqliyyat barədə suala cavabda səfir E.Süleymanov Azərbaycanın beynəlxalq əhəmiyyətli iri infrastruktur layihələri həyata keçirdiyini, müasir İpək Yolunun canlanması üçün bir sıra ölkələrlə, o cümlədən Çinlə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

O, bildirib ki, Azərbaycanın AZAL və Silkway şirkətləri müasir təyyarə donanmasına sahibdir, onlar dünyanın bir sıra ölkələrinə, o cümlədən ABŞ-ın Nyu York və Çikaqo şəhərlərinə sərnişin və yük daşıma uçuşları həyata keçirməklə Azərbaycanı hava limanı mərkəzinə çevirməkdədir.

Qaldırılan suallar arasında erməni diplomatı tərəfindən verilən təxribat xarakterli suala cavab olaraq səfir E.Süleymanov ölkəmizin hər zaman olduğu kimi Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll olunmasının tərəfdarı olduğunu vurğulayıb. Münaqişənin həllinin masa üzərində olduğunu vurğulayan səfir hazırkı status-kvonun dəyişməsinin və öz doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların işğal olunmuş ərazilərə qayıtmasının və bu ərazilərdə erməni və azərbaycanlı icmaların birgə yaşayışa öyrəşməsinin ilk addım olduğunu bildirib. Bundan daha çox Ermənistan xalqının bəhrələnəcəyini deyən səfir bunun işğalçı ölkəyə hazırkı acınacaqlı durumdan çıxmaq imkanı yaradacağını vurğulayıb. İrəli sürülən təkliflərin mükəmməl olmadığını, lakin bunlara alternativin nə olduğu sualını verən E.Süleymanov rəsmi Yerevanın sülh prosesinə zərər vurmaqla əslində öz müstəqilliyinə xələl gətirdiyini qeyd edib.

Azərbaycana qarşı ifrat qərəzi ilə tanınan “Freedom House” təşkilatının keçmiş direktoru David Kramerin sualına cavab verən səfir D.Kramerin uzun zamandan bəri səsləndirdiyi bu ritorikanın bolşevik dövrünün propaqandasına bənzədiyini deyib. Eyni zamanda, bütün cəmiyyətlərdə, o cümlədən ABŞ-da da olduğu və son seçki kampaniyasının göstərdiyi kimi, Azərbaycan cəmiyyətinin də öz çağırış və çətinlikləri var. Son illərin göstərdiyi kimi Azərbaycan həmin çağırışların tədricən və uğurla öhdəsindən gəlməkdədir. Azərbaycan demokratik, inklüziv cəmiyyətin inkişafını təmin edir. Səfir, həmçinin Azərbaycanın öz tərəfdaşları ilə hər zaman səmimi, obyektiv və konstruktiv dialoqa hazır olduğunu vurğulayıb.

Bundan başqa, iştirakçılar tərəfindən Rusiya ilə Türkiyə arasında “Türk Axını”nın Azərbaycanın layihələrinə təsiri, habelə Rusiya-ABŞ arasındakı gərginliyin regiona mümkün təsiri barədə sual veriblər. “Türk Axını”nın Azərbaycan layihələrinə təsir etmədiyini söyləyən səfir E.Süleymanov regional sabitlik üçün Rusiya ilə Türkiyə arasında işlək münasibətlərin vacibliyini önə çəkib. İkinci suala dair E.Süleymanov bildirmişdir ki, Rusiya ilə ABŞ arasındakı gərginliyin regiona mənfi təsir göstərə bilər. Bu iki dövlət arasında əməkdaşlığın sabitləşməsi ümumi marağa xidmət edər.

Həmçinin konfrans çərçivəsində iştirakçılara Azərbaycanın milli mətbəxinin nümunələrindən ibarət ziyafət verilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton