Sloveniyanın paytaxtı Lyublyanada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş sərgi açılıb.

Azərbaycanın Sloveniyadakı səfirliyindən SalamNews-a verilən məlumata görə, Azərbaycan səfirliyi, Sloveniyanın təhsil və mədəniyyət nazirliklərinin dəstəyi, "Sloveniya məktəb muzeyi“ və Lahıc məktəbinin iştirakı ilə təşkil edilən sərgidə Sloveniyanın tanınmış incəsənət professoru, ölkəmizin dostu xanım Vesna Çrnivets tərəfindən çəkilmiş fotolar nümayiş etdirilir.

Muzeyin kitabxanasında təşkil edilən tədbiri muzeyin direktoru Stanko Okoliş açaraq, Sloveniyada Azərbaycanın tarixi və mədəniyyətinə böyük maraq olduğunu bildirib, iki ölkə arasında ikitərəfli mədəni əlaqələrin genişləndirilməsi məqsədilə bu cür sərgilərin keçirilməsinin vacibliyini xüsusi qeyd edilib.

Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Emil Həsənov ölkəmizin dövlətçilik tarixi, inkişaf yolu, əldə edilmiş nailiyyətlər və regionda artan nüfuzu haqqında danışıb. Bundan əlavə, ölkənin tarix boyu üzləşdiyi problemlər, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri haqqında tədbir iştirakçlarına məlumat verilib.

E.Həsənov keçirilən sərginin ölkələrimiz arasında mədəni dialoqun genişləndirilməsinə və Azərbaycan xalqının zəngin mədəniyyəti haqqında biliklərin artırılmasına böyük töhfə verəcəyini bildirib.

Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndəsi görülən işlər haqqında məlumat verib.

Sərginin müəllifi xanım Vesna Çrnivets sərgi haqqında bildirib ki, “Lahıca xoş gəlmisiniz” layihəsinin davamı olan “Azərbaycan məktəbi” adlı fotosərgi Lahıc məktəbi şagirdlərinin həyatı, Azərbaycanın füsunkar mənzərələri, milli adət-ənənələrini əks etdirir. Xanım Çrnivets həmçinin Azərbaycana səfərləri bağlı xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

Mərasim Azərbaycanın tanınmış muğam ustalarının ifasında xalq musiqisi ilə müşayiət olunub. Bundan əlavə, tədbir çərçivəsində muzeyin gənc bələdçilərindən ibarət musiqi qrupu qonaqlar qarşısında qısa musiqi proqramı ilə çıxış ediblər.

Sonda qonaqlar üçün ziyafət verilib.

Noyabrın 4-dək davam edəcək sərgi çərçivəsində xanım Vesna Çrnivets və Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Emil Həsənov oktyabrın 13-də və 27-də mühazirə oxuyacaqlar.

Tədbirdə Sloveniyanın xarici işlər nazirliyinin nümayəndələri və digər dövlət rəsmiləri, bir sıra ölkələrin səfirləri və diplomatları, Lyublyana və Nova Qoritsa şəhər meriyalarının nümayəndələri, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, mədəniyyət və incəsənət xadimləri, məktəblilər, təhsil işçiləri və iş adamları iştirak etmişlər. Böyük marağa səbəb olmuş sərgiyə qatılanlar tədbirin təşkilinə görə minnətarlıqlarını deyib, Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olmaq üçün gələcəkdə də yeni imkanların əldə edə biləcəklərinə ümidvar olduqlarını bildiriblər.


SalamNews