Azərbaycan Respublikasının milli təhlükəsizliyi dedikdə, onun müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunması başa düşülür. Ölkə qanunvericiliyinə uyğun olaraq, milli təhlükəsizliyin obyektləri insan - onun hüquq və azadlıqları, cəmiyyət - onun maddi və mənəvi dəyərləri, dövlət - onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyüdür. Milli təhlükəsizliyin subyektləri isə insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyi maraqlarının və tələbatlarının təmin edilməsi məqsədilə yaradılmış dövlət hakimiyyəti orqanlarıdır. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı sistemi (MTTS) ölkə Konstitusiyası və qanunları əsasında qarşılıqlı fəaliyyət göstərən və öz səlahiyyətləri çərçivəsində milli təhlükəsizliyin təmin olunmasına cavabdeh olan qüvvələrin və digər dövlət orqanlarının məcmusudur. Bu qüvvələr və dövlət orqanları milli təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət daşıyırlar. MTTS vahid dövlət siyasətinin hazırlanması, siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekoloji, elm, mədəniyyət və mənəviyyat, habelə digər sahələrdə milli maraqların qorunması prosesinin kompleks fəaliyyət şəklində səmərəli tətbiqi üçün şərait yaradır.

MTTS-in məqsədləri:

- insanın təhlükəsizliyi - insanın hərtərəfli inkişafı üçün əlverişli şəraitin mövcudluğu, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ümumdövlət tədbirlərinin həyata keçirilməsi;

- cəmiyyətin təhlükəsizliyi - Azərbaycan xalqının həyati əhəmiyyətli maraq və tələbatlarının, habelə ictimai dəyərlər sisteminin təhlükə və təhdidlərdən qorunması;

- dövlətin təhlükəsizliyi - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun və həyati əhəmiyyətli digər maraqlarının təhdidlərdən qorunmasıdır.

MTTS-in əsas vəzifələri - milli təhlükəsizliyə təhdidlərin aşkarlanması, təhlili və proqnozlaşdırılması; həmin təhdidlərin qabaqlanması və qarşısının alınması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi; milli təhlükəsizliyi təmin edən qüvvə və vasitələrin formalaşdırılması və hazırlığının təmin edilməsi; milli təhlükəsizliyə bilavasitə təhdid və qəsdlərin yarandığı təqdirdə bütün qüvvə və vasitələrin səfərbər edilməsi, müvafiq əks tədbirlər kompleksinin həyata keçirilməsi, yaranmış vəziyyətin mümkün nəticələrinin lokallaşdırılması və aradan qaldırılması; ölkənin beynəlxalq öhdəliklərinə müvafiq olaraq ümumi və regional təhlükəsizliyin təmin olunmasında iştirakdır. MTTS-in hüquqi əsasını Azərbaycan Respublikası Konstitusiyası (1995), «Milli təhlükəsizlik haqqında" (2004), "Kəşfiyyat və əks-kəşfiyyat haqqında" (2004), "Dövlət sirri haqqında" (2004), "Fövqəladə vəziyyət haqqında" (2004), "Hərbi vəziyyət haqqında" (1994), "Müdafiə haqqında" (1993), "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" (1991), "Mülki müdafiə haqqında" (1997), "Əməliyyat-axtarış fəaliyyəti haqqında" (2001), "Terrorçuluğa qarşı mübarizə haqqında" (1999), "Yanğın təhlükəsizliyi haqqında" (1997) və s. Azərbaycan Respublikası qanunları, digər normativ-hüquqi aktları, habelə respublikanın tərəfdar çıxdığı dünyada sülhün və beynəlxalq təhlükəsizliyin qorunması sahəsində dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq müqavilələr təşkil edir. MTTS-in fəaliyyətini tənzimləyəcək Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının, xarici siyasət strategiyasının, hərbi doktrinasının və təhlükəsizlik sahəsində digər konseptual sənədlərin işlənib hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 17 sentyabr tarixli sərəncamı ilə işçi qrup yaradılmışdır.

Azərbaycan Respublikasının qanunvericiliyində milli təhlükəsizliyin təminatının aşağıdakı əsas prinsipləri təsbit olunmuşdur:

- Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edilməsi;

- milli təhlükəsizliyin vahid dövlət siyasətinə əsaslanması və onun təmin olunması istiqamətlərinin tarazlaşdırılması və əlaqələndirilməsi;

- milli təhlükəsizliyi təmin edən orqanlar arasında səlahiyyətlərin dəqiq müəyyən edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi və həmin orqanların bir-birini qarşılıqlı surətdə operativ məlumatlandırması;

- milli təhlükəsizliyin təminatı ilə əlaqədar fəaliyyətin həyata keçirilməsinə nəzarət;

- beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiya;

- insan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanılması və onların qarşılıqlı məsuliyyəti.

Azərbaycan Respublikasının milli maraqları. Milli təhlükəsizlik haqqında qanunvericilikdə ölkənin milli maraqları və onların sahəvi strukturu da əksini tapmışdır. Qanunvericiliyə görə respublikanın milli maraqları Azərbaycan xalqının fundamental dəyər və məqsədlərinin, habelə insanın, cəmiyyətin və dövlətin inkişaf və tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur.

Siyasi sahədə əsas milli maraqlar dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü; konstitusiya quruluşunun qorunması, demokratik, hüquqi, dünyəvi dövlətin mövcudluğu; Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması; vətəndaş cəmiyyətinin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması; ictimai-siyasi sabitliyin təmin edilməsi; kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması; dünya azərbaycanlılarının həmrəyliyi; xaricdə yaşayan həmvətənlərin hüquqlarının müdafiəsi; Azərbaycanın dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşaması, bərabər tərəfdaşlıq əsasında beynəlxalq əməkdaşlığın inkişafı, Avropa və dünya birliyinə inteqrasiya; beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunun artırılmasıdır. İqtisadi sahədə əsas milli maraqlar iqtisadi potensialın artırılması; bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi; iqtisadi sabitliyin təmin olunması; iqtisadiyyatın inkişafı üçün daxili və xarici investisiyalardan ötrü əlverişli şəraitin yaradılması; təbii və maddi sərvətlərin qorunması və səmərəli istifadə edilməsi; regional və dünya bazarlarının formalaşdırılmasında və fəaliyyət göstərməsində azad və bərabər hüquqlu iştirakın təmin edilməsidir.

Sosial sahədə əsas milli maraqlar Azərbaycan xalqının genofondunun qorunması, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi məqsədilə səhiyyə və sosial müdafiə sisteminin səmərəli fəaliyyət göstərməsidir.

Azərbaycan Respublikasının hərbi sahədə əsas milli maraqları dövlətin müdafiə qüdrətinin, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin komplektləşdirilməsinin, döyüşə və səfərbərliyə hazırlığının, hərbi-texniki təchizatının təmin edilməsidir.

Milli təhlükəsizliyə təhdidlər. Ölkə qanunvericiliyində milli təhlükəsizliyə təhdidlərin də anlayışı, növləri və təsnifatı verilmişdir. Belə ki, milli təhlükəsizliyə təhdidlər - Azərbaycan Respublikası milli maraqlarının həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait, proses və amillərdir. Təhdidlər mümkünlüyündən asılı olaraq potensial və real olur. Mənbələrindən asılı olaraq isə onlar xarici və daxili təhdidlərdən ibarətdir. Milli təhlükəsizliyə potensial və real, daxili və xarici təhdidlər əsasən ictimai həyatın siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekologiya, elm, mədəniyyət və mənəviyyat sahələrində təzahür edir.

Məsələn, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə siyasi sahədə əsas təhdidlər ölkənin dövlət müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər; ictimai-siyasi sabitliyin pozulması; insan və vətəndaş hüquq və azadlıqlarının pozulması, demokratik təsisatlara qarşı daxili və xarici təzyiqlər; dövlət orqanlarının təşkilat strukturunun dağıdılması, onların fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsi; milli və dini münasibətlərin kəskinləşməsi, separatçılıq, etnik, dini və siyasi ekstremizm hallarının yayılması; ictimai təhlükəsizliyin pozulması, hüquqpozmaların sosial profilaktikasının səmərəsizliyi, cinayətkarlığın, xüsusən onun mütəşəkkil, transmilli formalarının artması; qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılması, silahlı qiyamın təşkil edilməsi; xarici xüsusi xidmət orqanlarının və başqa təşkilatların, həmçinin ayrı-ayrı şəxslərin respublikaya qarşı kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyəti; digər dövlətlər tərəfindən Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə və s.-dir.

Dövlətin iqtisadi potensialının tükənməsi, yaxud qeyri-səmərəli istifadəsi, milli iqtisadiyyatın digər ölkələrdən maliyyə və texnoloji asılılığının yaranması, boru kəmərlərinin, digər kommunikasiyaların və nəqliyyat dəhlizlərinin fəaliyyətinin pozulması; iqtisadi əlaqələri nizamlayan dövlət sisteminin pərakəndəliyi, iqtisadiyyatın qeyri-mütənasib inkişafı; ölkənin dünya iqtisadiyyatından təcrid olunması; təbii və maddi sərvətlərin talan edilməsi və səmərəsiz istifadəsi; investisiya aktivliyinin zəifləməsi və s. milli təhlükəsizliyə iqtisadi sahədə əsas təhdidlər, Azərbaycan Respublikasına qarşı təcavüz və gücün tətbiqi və ya tətbiq edilməsi hədəsi, ölkənin müdafiə qabiliyyətinin zəifləməsi; digər ölkələr tərəfindən respublikanın hərbi konfliktlərə, regional münaqişələrə cəlb edilməsi; xarici ölkələrin Azərbaycan ilə sərhədlərinin yaxınlılıqlarında yaranmış qüvvələr nisbətini pozan qoşun qruplaşmalarının artırılması; ölkəmiz ilə qonşu olan dövlətlərdə hərbi-siyasi vəziyyətin qeyri-sabit olması, həmsərhəd dövlətlərin ərazisində ölkəmizə qarşı düşmənçilik siyasətini yeridən digər dövlətlərin qoşunlarının yerləşdirilməsi; Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş fəaliyyət; dövlət sərhədlərindəki ərazilərə, obyektlərə və qurğulara basqın edilməsi, sərhəd münaqişələri və silahlı fitnəkarlıq və s. isə hərbi sahədə əsas təhdidlərdir.

Azərbaycan Respublikası milli təhlükəsizliyinin prioritetləri beynəlxalq hüquq, BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktının prinsipləri əsasında sülh yolu ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli; qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması; Avropa və Transatlantika təhlükəsizlik, siyasi və iqtisadi institutlarına inteqrasiya; Xəzər dənizinin milli sektorlara bölünmə prinsipi əsasında hüquqi statusunun müəyyən edilməsi; Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi iqtidarında olan, NATO standartlarına uyğun və beynəlxalq sülhməramlı əməliyyatlara töhfə verə bilən milli müdafiə sisteminin qurulması; Xəzər dənizinin Azərbaycan sektorunda olan neft yataqları və neft platformalarının təhlükəsizliyinin təmin edilməsi, ölkənin karbohidrogen resurslarının dünya bazarlarına ixrac edilməsi; Avropa-Cənubi Qafqaz-Mərkəzi Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi; beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı yönələn beynəlxalq əməkdaşlıq tədbirlərində iştirak; siyasi sistemin təkmilləşdirilməsi və hüquqi islahatların dərinləşdirilməsi yolu ilə Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etdirilməsi; açıq bazar iqtisadiyyatının qurulması, işsizlik və yoxsulluğun azaldılmasıdır.

Milli təhlükəsizliyi təmin edən orqanlar. Dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər, hüquqi və fiziki şəxslər siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələrdə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilən tədbirlərdə ölkə qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada iştirak edirlər.

Ölkə Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Prezidenti dövlət müstəqilliyinin, ərazi bütövlüyünün təminatçısıdır. Dövlət başçısı Təhlükəsizlik Şurasını, eləcə də özünün konstitusiya səlahiyyətləri çərçivəsində milli təhlükəsizliyi təmin edən qüvvələri və dövlət orqanlarmı yaradır, həmin qurumlara rəhbərlik edir. Prezident ordu quruculuğuna, hərbi əməliyyatların aparılmasına rəhbərlik edir, hərbi doktrinanı parlamentin təsdiqinə verir, Silahlı Qüvvələrin (SQ) Ali Baş Komandanının funksiyalarmı həyata keçirir, SQ-nin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir, ali hərbi və ali xüsusi rütbələr verir. Dövlət başçısı ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırışları tərxis edir. O, həmçinin SQ-nin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə ölkə parlamentinə təqdimat verir və sonuncunun razılığı ilə müharibə elan edir və sülh bağlayır. Prezident Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, respublikaya qarşı real silahlı hücum təhlükəsi yarandıqda, ölkənin ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə fərmanı 24 saat müddətində parlamentin təsdiqinə verir. Dövlət başçısı təbii fəlakətlər, epidemiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə ölkənin ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində parlamentin təsdiqinə verir.

Təhlükəsizlik Şurası Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir. Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılmışdır. Fərmana əsasən, Şuranın tərkibinə aşağıdakı vəzifəli şəxslər daxil edilmişdir:

  • Milli Məclisin sədri
  • Baş nazir
  • Prezidentin Administrasiyasının rəhbəri
  • Xarici siyasət məsələləri üzrə dövlət müşaviri
  • Hərbi işlər üzrə dövlət müşaviri
  • Baş prokuror
  • Xarici işlər naziri
  • Müdafiə naziri
  • Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
  • Daxili işlər naziri

Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. Şuranın Katibi funksiyalarını Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirir. Administrasiyanın rəhbəri Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası Administrasiya rəhbərinin təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.

Ölkə Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Milli Məclisi (MM) fövqəladə və hərbi vəziyyət rejimləri, müdafiə və hərbi qulluq, təhlükəsizliyin əsasları, ərazi quruluşu və dövlət sərhəd rejimi məsələlərinə dair ümumi qaydaları müəyyən edir, ölkə prezidentinin təqdimatına əsasən respublikanın hərbi doktrinasını təsdiqləyir, dövlət başçısının təqdimatına əsasən SQ-nin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə, eləcə də prezidentin müraciətinə əsasən müharibə elan edilməsi və sülh bağlanmasına razılıq verir. Parlament həmçinin hərbi və fövqəladə vəziyyətin tətbiqi barədə, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda Azərbaycan Prezidentinin fərmanlarmı təsdiq edir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti (NK) ölkə hökuməti olaraq, mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir; müxtəlif sahələrə dair məqsədli proqramların həyata keçiril-məsini, eləcə də milli təhlükəsizliyi təmin edən qüvvələri və orqanları maddi və maliyyə resursları ilə təmin edir. Nazirlər Kabineti SQ-nin vəziyyətinə görə məsuliyyət daşıyır. NK SQ-nin silah, hərbi texnika, döyüş sursatı və s. başqa resurs və xidmətlərlə təchiz olunmasını təşkil edir. Hökumət həmçinin ölkə iqtisadiyyatının səfərbərlik hazırlığına və səfərbərlik üzrə işə başlamasına, onun hərbi vəziyyət şəraiti rejiminə keçirilməsinə rəhbərlik edir, mülki və ərazi müdafiəsinin ümumi planlaşdırılmasını təşkil edir, silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil edir, hərbi qulluqçuların, hərbi qulluqdan ehtiyata və ya istefaya buraxılmış şəxslərin, onların ailələrinin sosial və hüquqi təminatlarına dair qanunvericiliyin icrasını təmin edir.

Qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasında məhkəmələr ədalət mühakiməsini həyata keçirir və bu zaman ölkə Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarmı və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarmı və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir.

Azərbaycan Respublikasında məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla prokurorluq cinayət işi başlayır və ibtidai istintaq aparır; cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir; təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir; məhkəmədə mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir; məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələr; xüsusi xidmət orqanları; polis, prokurorluq, gömrük, vergi və digər hüquq-mühafizə orqanları; sənaye, energetika, nəqliyyat sahəsində işlərin təhlükəsiz görülməsi qaydalarına görə məsuliyyət daşıyan, rabitə və informasiya təhlükəsizliyini, ətraf mühitin mühafizəsini və əhalinin sağlamlığının qorunmasını təmin edən dövlət orqanları və milli təhlükəsizliyinin təmin olunmasında iştirak edən digər dövlət orqanları - dövlət tərəfindən yaradılan, qanunvericilik çərçivəsində fəaliyyət göstərən və ölkənin milli təhlükəsizliyini bilavasitə təminetmə qabiliyyətinə malik olan qurumlardır.

Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları öz səlahiyyətləri daxilində milli təhlükəsizliyin təmin olunması ilə əlaqədar tədbirlər planlaşdırır və həyata keçirirlər; milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər verirlər; milli təhlükəsizlik sahəsində qanunlara və digər normativ-hüquqi aktlara riayət olunmasını təmin edirlər; milli təhlükəsizliyi təhdid edən, milli maraqlara zərər vura bilən fəaliyyətin qarşısının alınması üçün müvafiq tədbirlər görürlər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Daxili İşlər Nazirliyi milli təhlükəsizliyi təmin edən əsas dövlət orqanlarıdır.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (MN) - Azərbaycan Respublikası SQ-ə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət orqanıdır və onların inkişafına, həmçinin müdafiə vəzifələrinin yerinə yetirilməsinə hazırlıq üçün tam məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) - ölkənin milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə əlverişli şəraitin yaradılması üçün tədbirlər görən, bu məqsədlə kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini təşkil edən və həyata keçirən, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparan, eləcə də cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirir.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) - dövlət sərhədinin mühafizəsi sahəsində ölkə qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirir.

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafızə Xidməti (XDMX) -Azərbaycan Respublikasının Prezidentinin, digər dövlət mühafizə obyektlərinin, həmçinin xarici ölkələrin dövlət və hökumət başçılarının ölkədə olduqları vaxt onların təhlükəsizliyinin təmin edilməsi, dövlət başçısının iqamətgahının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkilini, göstərilən obyektlərdə buraxılış rejimini həyata keçirir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) - ölkədə ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirir. Digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti bu və ya digər dərəcədə milli təhlükəsizliyin təmin olunması ilə bağlıdır.

Azərbaycan Respublikasının vətəndaşları ölkə qanunvericiliyinə əsasən milli təhlükəsizliyin təmin olunmasında iştirak edirlər. Bu, seçki, referendum və qanunla müəyyən olunmuş digər demokratik vasitələrlə Azərbaycan Respublikasının milli maraqları və onların müdafiəsinin yolları haqda öz fikir və təkliflərini ifadə və icra etmək; qanunvericiliklə nəzərdə tutulmuş qaydada respublikanın milli təhlükəsizliyinin təmin olunması məqsədilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərə-findən hazırlanmış tədbirləri könüllü və ya konstitusiya vəzifələrinin yerinə yetirilməsi şəklində həyata keçirmək; ölkə həyatının müxtəlif sahələrində təzahür edən təhlükəli hallara dövlət və ictimai təsisatların diqqətini cəlb etmək, bütün qanuni vasitələrlə dövlətin təhlükəsizliyi, habelə hüquq və maraqlarının müdafiə olunmasına çalışmaq yolu ilə təmin olunur.

Milli təhlükəsizliyin təminatının vasitə və metodları. Azərbaycan Respublikası öz milli təhlükəsizliyini sərəncamında olan bütün siyasi, iqtisadi, hərbi, hüquqi və digər vasitə və metodlarla birtərəfli qaydada və yaxud beynəlxalq müqavilələrə müvafiq olaraq təmin edir.

Milli təhlükəsizliyin təminatı ilə bağlı beynəlxalq əməkdaşlıq ölkənin Avro-Atlantika institutlarına inteqrasiyasını, ATƏT-in Minsk qrupunun mandatına uyğun olaraq Ermənistan-Azərbaycan münaqişəsinin həllini, qonşu dövlətlərlə ikitərəfli, eləcə də Cənubi Qafqaz və GUAM qrupu çərçivəsində regional əməkdaşlığın genişləndirilməsini, Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə antiterror koalisiyasının üzvü qismində iştirakmı ehtiva edir. Avro-Atlantika məkanında təhlükəsizlik və sabitliyin güclənməsinə töhfə verən Sülh Naminə Tərəfdaşlıq (SNT) Proqramının iştirakçısı kimi, bu məkanda əməkdaşlığın dərinləşdirilməsi, SNT və Avro-Atlantika Təhlükəsizlik Şurası çərçivəsində NATO-ya üzv və tərəfdaş dövlətlərlə siyasi, hərbi, mədəni əməkdaşlığın genişləndirilməsi, Avro-Atlantika siyasi, iqtisadi və təhlükəsizlik strukturlarına inteqrasiya Azərbaycanın strateji məqsədlərindən biridir. Azərbaycan Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində, hər iki dövlətin ərazi bütövlüyü, Dağlıq Qarabağın (DQ) bütün əhalisi üçün təhlükəsizlik təminatı, DQ-a ölkə tərkibində geniş muxtariyyət verilməsi, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılması prinsipləri əsasında sülh yolu ilə həllinin tərəfdarıdır. Eyni zamanda, Azərbaycan Respublikasının suveren hüquqlarını məhdudlaşdıran, dövlət müstəqilliyinin itirilməsinə yönələn, yaxud Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura bilən beynəlxalq müqavilələrin bağlanılmasına yol verilmir.