Müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan, xaotik sosial-iqtisadi və siyasi vəziyyətdən dinamik sosial-iqtisadi inkişaf mərhələsinə qədər çətin və şərəfli yol keçərək böyük nailiyyətlərə imza atmışdır. Bu müddət ərzində tamamilə yeni siyasi və iqtisadi sistem qurulmuş və sürətli inkişaf təmin olunmuşdur. Müstəqilliyin ilk illərində obyektiv və subyektiv səbəblərdən yaranmış dərin böhran, xüsusilə də ölkənin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirərək ölkə iqtisadiyyatını idarəolunmaz vəziyyətə gətirmişdi. Sənaye məhsulunun istehsalı bu dövrün ilk illərində sürətlə aşağı düşməyə başladı. Sənayedəki tənəzzül planlı sovet təsərrüfatçılıq sistemindən yeni bazar münasibətləri sisteminə keçidlə əlaqədar çətinliklərlə bağlı idi. Müəssisələr arasında istehsal-təsərrüfat əlaqələrinin qırılması, əsas satış bazarlarının itirilməsi, istehsal fondlarının və maliyyə ehtiyatlarının mərkəzləşdirilmiş qaydada formalaşdırılması və bölüşdürülməsi mexanizmindən imtina edilməsi, qiymətlərin liberallaşdırılması, bir sözlə, sənaye müəssisələrində istehsalın bazar münasibətləri əsasında qurulmasına və idarə edilməsinə keçilməsi zərurəti sənayeni ağır tənəzzülə gətirib çıxardı.

Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə aparılan köklü islahatlar qısa müddətdə öz səmərəsini verdi. Yeni qanunvericiliyin, büdcə, vergi, bank-maliyyə sisteminin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, əlverişli biznes mühitinin yaradılması, neft strategiyası, ixrac marşrutlarının diversifikasiyası, neft gəlirlərindən səmərəli istifadə, dünya iqtisadiyyatına inteqrasiya və digər sahələrdə islahatlar məhz bu dövrdə aparılmışdır.

Sənaye istehsalının aşağı düşməsini ləngitmək və tədricən aradan qaldırmaq üçün makroiqtisadi proseslərə təsir edə bilən tədbirlərin həyata keçirilməsinə başlandı. Əsas diqqət bazar münasibətlərinə söykənən təsərrüfatçılıq sisteminin yaradılmasına, sənaye müəssisələrinin özəlləşdirilməsinə yönəldildi və nəticədə sənayenin bir çox sahələrində irəliləyişlər müşahidə olundu.

Sənayedə dövlət müəssisələrinin özəlləşdirilməsi prosesi 1996-cı ildə kiçik özəlləşdirmədən başladı. Sonrakı illərdə özəlləşdirmə sürətləndi və 2006-cı il yanvarın 1-inədək 842 kiçik sənaye müəssisəsi satılaraq 9 mln. manat vəsait əldə edildi, eyni zamanda nizamnamə kapitalının ümumi həcmi 405,4 mln. manat olan 359 sayda orta və iri sənaye müəssisəsi səhmdar cəmiyyətinə çevrildi.

Lakin özəlləşdirilən dövlət müəssisələrinin fəaliyyətinin bərpa edilməsi və dirçəldilməsi prosesində qarşıya bir çox təşkilati və iqtisadi xarakterli problemlər çıxdı. Bunlardan ən başlıcası sənaye müəssisələrinin istehsal bazasının bazar konyunkturuna uyğun olaraq yenidən qurulması və modernizə edilməsi üçün lazım olan maliyyə resurslarının çatışmazlığı idi. Buna görə ölkədə sənaye müəssisələrinin investisiya resurslarına olan tələbatını ödəmək üçün müvafiq investisiya mühitinin yaradılması istiqamətində tədbirlər həyata keçirildi.

1990-cı ildən 1996-cı ilədək sənaye istehsalının səviyyəsi 3,8 dəfə aşağı düşmüş, mühüm məhsul növlərinin buraxılışı kəskin azalmış (neft 30,8%, qaz 43,3%, dəmir filizi 178 dəfə, alüminium-oksid 380 dəfə, dizel yanacağı 50,2%, avtomobil benzini 52,7%o, sürtkü yağları 86,3%o, yanacaq mazutu 47,6%, elektrik enerjisi 26,7%, sement 78,9%, pambıq mahlıcı 64,4% və s.), bir sıra müəssisələrin işi dayanmış, fəhlə və mütəxəssislərin hər üç nəfərindən biri işdən çıxdığı üçün sənaye müəssisələrində işləyənlərin sayı 426,8 min nəfərdən 289,4 min nəfərədək əskilmişdi.

Azərbaycan Respublikası hökuməti iqtisadi böhrandan çıxmağı, yeni iqtisadi mexanizmlər əsasında bazar münasibətlərinin dərinləşməsini, bazar infrastrukturunun yaradılmasının sürətləndirilməsini strateji məqsəd kimi qarşıya qoydu. Lakin sənayeni dirçəltmək onun əsasını təşkil edən neft sənayesində dünya texnologiyalarına əsaslanan irimiqyaslı layihələri həyata keçirmədən mümkün deyildi. Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsi üçün "Əsrin müqaviləsi" imzalandı (1994), Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradıldı (1999).

Hökumət sərt pul və fiskal siyasəti həyata keçirməyə başladı, qiymətlər və xarici ticarət liberallaşdırıldı, kütləvi özəlləşdirməyə başlamaq üçün ciddi hazırlıq işləri aparıldı, kiçik sahibkarlığa dövlət dəstəyi haqqında qanun qəbul olundu, kiçik biznes üçün vergi sistemi sadələşdirildi, özəl sektorun inkişafına mane olan bir sıra məhdudiyyətlər götürüldü, lisenziyalaşdırılan fəaliyyət növlərinin çox hissəsi ixtisara salındı.

Aparılan tədbirlər sənayenin inkişafında irəliləyişlərlə nəticələndi, bazar iqtisadiyyatının ən zəruri əsasları formalaşdı, bazar institutlarının təşəkkülü sürətləndi, əsas bazar mexanizmləri işləməyə başladı. Sənaye istehsalının ilbəil aşağı düşməsi 1997-ci ildə dayandırıldı və sonrakı illərdə sənaye yüksələn xətt üzrə inkişaf etdi. 1995-ci illə müqayisədə sənaye məhsulu istehsalı 2005-ci ildə 72,6%, o cümlədən mədənçıxarma sənayesində 2,3 dəfə, dəri, dəri məmulatları və ayaqqabı istehsalında 26,9%, kimya sənayesində 2,3 dəfə, digər qeyri-metal mineral maddələrin istehsalında 10 dəfə, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalında 5,5 dəfə, nəqliyyat avadanlıqlarının istehsalında 9,4 dəfə, mebel istehsalında 2,4 dəfə və s. sahələrdə əhəmiyyətli dərəcədə çoxaldı, neft hasilatı 2,4 dəfə, dəmir filizi istehsalı 4,9 dəfə, alüminium-oksid 12,1 dəfə, ağ neft 25,7%, avtomobil benzini 14,5%, elektrik enerjisi 34,7%, sement 7,8 dəfə, əsas sənaye-istehsal fondları 3,3 dəfə artdı, orta aylıq əməkhaqqı 10,7 dəfə yüksələrək 213,2 manata çatdı. 2005-ci ilin fevralında mərkəzi "Azəri" yatağından ilk neftin alınmasından sonra sənayenin ölkə iqtisadiyyatı üçün əhəmiyyəti daha da gücləndi. ÜDM-in 47,5%-i, əsas fondların 50,8%-i, əsas kapitala yönəldilmiş investisiyaların 72,3%-i sənayenin payına düşdü (2005).

Sabitliyin bərqərar olunması, ardıcıl həyata keçirilən iqtisadi islahatlar, ölkənin zəngin karbohidrogen ehtiyatları, zəruri normativ-hüquqi bazanın yaradılması Azərbaycana xarici kapital axınını şərtləndirdi. Müstəqillik dövrünün ilk illərində Azərbaycanda qeyri-sabitliyin hökm sürməsi xarici iş adamlarını ölkə iqtisadiyyatına kapital qoymaqdan çəkindirirdisə, sonrakı illərdə sahibkarlığın dinamik inkişafını təmin etmək məqsədilə əlverişli mühit yaradılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın müxtəlif sahələrinə investisiya yönəldən sahibkarların sayı sürətlə artdı.

2005-ci ildə ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların 91,4%-i və ya 3,3 mlrd. manatı sənayenin istehsal potensialının inkişafına yönəldildi. Sənayedə əsas kapitala yönəldilmiş investisiyaların ümumi həcmində neft və qaz sənayesinin payı 95,8% təşkil etdi (2005). Mədənçıxarma sənayesində 649, emal sənayesində 8585, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində 731 nəfərlik yeni iş yerləri açıldı.

2006-cı ilin 1 yanvarına ölkədə 796, o cümlədən sənaye sahəsində 208 xarici və müştərək müəssisə fəaliyyət göstərir, onlarda 58 min nəfər, o cümlədən sənaye müəssisələrində 23,6 min nəfər işləyirdi. 2000-2005-ci illərdə işə salınmış yeni xarici və müştərək sənaye müəssisəsinin əksəriyyəti Türkiyə, İran, Rusiya, İngiltərə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Çin, Birləşmiş Ərəb Əmirlikləri və b. ölkələrin şirkətləri tərəfindən yaradılmışdır.

Azərbaycanda yaradılan iqtisadi sabitlik və əlverişli iqtisadi şəraitdən məqsədyönlü istifadə edən yerli və xarici sərmayəçilər 1995-2005-ci illərdə sənaye sektoruna 16,8 mlrd. manat (18 mlrd. ABŞ dolları) və ya iqtisadiyyatın bütün sahələrinə qoyulan investisiyaların 74,6%-ini yönəltdilər. Sərmayələr mövcud güclərin işlək vəziyyətdə saxlanmasına, yeni texnologiyaların, maşın və avadanlıqların alınmasına, obyektlərin inşası və genişləndirilməsinə sərf edildi. Nəticədə sənayenin əsas fondlarının dəyəri 19,4 mlrd. manata çatdı və istehsal potensialı 3 dəfə artdı. 2004-cü ildə Xaçmazda illik gücü 50 mln. şərti banka olan "Qafqaz" konserv zavodu, Siyəzəndə istehsal gücü sutkada 15 min şərti kərpic olan kərpic zavodu, Abşeronda istehsal gücü sutkada 60 t bentonit olan "Azbentonit" zavodu, Şamaxıda elektrik-məişət texnikası istehsal edən "Star Ltd" zavodu, Lənkəranda ildə 1,2 min t tomat istehsalı gücünə malik "Vita" MMC və illik gücü 12,5 min dkl pivə olan "S.MARİ" MMC, Masallıda növbədə 7 t şəkər istehsal edən "Şəkər-şirniyyat" müəssisəsi, Sədərək, Şərur və Tərtərdə transformator yarımstansiyaları, Şəkidə ildə 7,3 mln. şərti banka istehsalı gücünə malik meyvə şirəsi zavodu və s. sənaye obyektləri fəaliyyətə başladı.

Son illər sənayenin əksər sahələrində yeni məhsul və xidmət növlərinin, habelə onların istehsalı metodla-rının tədqiqi və işlənib hazırlanması (innovasiya cəhətdən fəal sənaye müəssisələrinin 31%-i bununla məşğul olmuşdur), habelə yeni texnologiyaların alınması (müvafiq olaraq 29%-i) innovasiya fəaliyyətinin prioritet istiqamətləri olmuşdur. 2004-cü ildən başlayaraq innovasiya xərclərinin maliyyə mənbələrinin strukturunda dəyişikliklər baş verdi. Belə ki, 2002-ci ildə bütün innovasiya xərclərinin 76,5%-i xarici investisiyalar və yalnız 23,5%-i yerli müəssisələrin öz vəsaitləri olmuş, 2005-ci ildə bu məqsədlər üçün xarici investisiyalardan tamamilə istifadə edilməmiş, qoyulan investisiyaların əksər hissəsi (80,8%) dövlət büdcəsindən ayrılmısdı. Qabaqcıl istehsal texnologiyalarından istifadə səviyyəsi də yüksəlmiş, onların sayı 2001-ci ildə 111 olmuş, 2005-ci ildə 131-ədək artmışdı.

İqtisadi islahatlar və özəlləşdirmə müəssisələrə müəyyən sərbəstlik verərək, əsas vəsaitlərin yeniləşdirilməsi, onlardan istifadənin yaxşılaşdırılması üçün əlverişli şərait yaratdı. Bu proses əsas fondların yeniləşmə sürətinin artmasında müşahidə olunur. Əsas fondların yeniləşmə əmsalı 1995-ci ildə 1,061, 2000-ci ildə 1,048, 2005-ci ildə isə 1,207 təşkil edirdi.

Lakin qida məhsulları və içkilər, toxuculuq məmulatları, maşın və avadanlıqlar və s. istehsal edən bir sıra müəssisələrdə əsas fondların yeniləşməsi ölkə sənayesi üzrə olan orta göstəricidən aşağı səviyyədə idi. Yeniləşmə prosesi xam neft və təbii qaz hasilatı (27,2%), neft məhsullarının (7,8%), tütün məmulatlarının (13,8%), sellüloz-kağız, karton və onlardan hazırlanan məmulatların (14,8%) istehsalı, nəşriyyat və poliqrafiya fəaliyyəti (8,9%) müəssisələrində yüksək sürətlə getmişdir.

Ənənəvi məhsullarla yanaşı, yeni məhsul növlərinin istehsalı da mənimsənilir. 2004-2005-ci illərdə rəngli televizorlar, minik avtomobilləri, heyvanlar üçün yem hazırlayan maşınlar, paslanmayan polad külçələr, odsöndürənlər, elektrik naqilləri, odadavamlı keramika məmulatları və s. kimi yeni məhsulların istehsalına başlanmışdır. Əvvəllər xarici ölkələrdən idxal olunan malların böyük qisminin ölkədə istehsalına başlanmışdır. "Ваkı yağ və qida sənaye" ASC (bitki yağları), "Coca-Cola Bottlers Ltd" (alkoqolsuz içkilər), "SUN-Tea Azərbaycan" (qablaşdırılmış çay), "Bakı-Kastel" MMC (pivə), "European Tobacco Baku" (papiros və siqaretlər), "DAD", "Bərəkət" (süd məhsulları), "Azər-Pen BM", "Türk-Baycan" (plastikdən qapı və pəncərə), "EUPEC Pire Coatings Azerbaijan" (neftin nəqli üçün xüsusi borular) və digər müəssisələrin dünya standartlarına cavab verən məhsulları daxili bazarı zənginləşdirdi, bu məhsullar üzrə idxaldan asılılığı xeyli azaltdı.

Sənaye sahələrinin mülkiyyət formalarının quruluşunda əsaslı dəyişikliklər baş vermişdir. Özəlləşdirilmiş dövlət müəssisələrinin, habelə yeni yaradılan qeyri-dövlət müəssisələrinin, konsorsiumların tədricən genişlənən fəaliyyəti nəticəsində dövlət mülkiyyətində olan sənaye müəssisələri məhsulunun xüsusi çəkisi getdikcə aşağı düşmüşdür.

Sahibkarlığın keyfiyyətcə yeni mərhələyə çatdırılması qeyri-neft sektorunun inkişaf etdirilməsinin güclü vasitələrdən birinə çevrildi. Ölkədə sahibkarlığın gücləndirilməsi üçün "Sahibkarlığa Kömək Milli Fondu" yaradıldı və güzəştli kreditlər verilməsinə başlandı. Ölkədə azad sahibkarlıq mühitinin formalaşması yeni təsərrüfatçılıq formalarının yaranmasına təkan verdi. Bunlardan biri olan fərdi sahibkarlıqda çalışanların sayı 2005-ci ildə 7 min nəfərdən çox olmuşdur. Ölkədə istehsal olunan qəndin 51%-ini, kişi kostyumlarının 94%-ini, taxta pəncərələrin 63%-ini, taxta taranın, demək olar ki, hamısını fiziki şəxslər istehsal etmişlər. Fərdi sahibkarların sayı, habelə ölkə sənayesinin digər iqtisadi göstəriciləri 7-ci cədvəldə verilmişdir.

Həyata keçirilən islahatlar və quruculuq işləri energetika sistemində də uğurla davam etdirilir. İstehlakçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində qarşıya qoyulmuş prioritet vəzifələrin uğurla həyata keçirilməsi nəticəsində 2003-cü ildən etibarən 2000 MVt-dan artıq yeni generasiya gücləri istismara verilmişdir. 

2008-ci ildə 105 MVt-luq “Şahdağ”, 525 MVt-lıq “Sumqayıt” elektrik stansiyalarının istismara verilməsi, həmçinin, Azərbaycan İstilik Elektrik Stansiyasının üçüncü və dördüncü bloklarının yenidən qurulması nəticəsində 200 meqavatdan artıq əlavə gücün əldə edilməsi ölkəmizin iqtisadi həyatının çox mühüm hadisələrindən olmuşdur. Hazırda respublikanın elektrik enerjisi sisteminin tərkibinə 13 istilik elektrik stansiyası və 6 su elektrik stansiyası daxildir. Onların ümumi qoyuluş gücü 6400 meqavata yaxındır. 

Ölkədə istehsal edilən elektrik enerjisinin 90 faizindən çox hissəsi istilik elektrik stansiyalarının, qalan hissəsi isə su elektrik stansiyalarının payına düşür. Mövcud hasilat respublikamızın tələbatını tam həcmdə ödəməklə yanaşı, qonşu ölkələrə də elektrik enerjisi ixrac etməyə imkan verir. 

Şirvan şəhərində inşa edilən, 780 MVt gücündə “Cənub” Elektrik Stansiyası işə düşdükdən sonra ildə orta hesabla 1 milyon ton yanacağa qənaət ediləcəkdir. 2011-ci ildə istismara verilməsi nəzərdə tutulan stansiyanın respublikanın cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində böyük rolu olacaqdır.

25 MVt gücündə Füzuli Su Elektrik Stansiyasının tikintisi Aran bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi ilə yanaşı, pik güclərinin artırılmasına da kömək edəcəkdir. 

Uzun illərdən bəri istismarda olan Mingəçevir və Varvara su elektrik stansiyalarının yenidən qurulması layihələri üzrə işlər müəyyən edilmiş qrafikə uyğun davam etdirilir. Yenidənqurma işləri nəticəsində bu stansiyalarda 90 MVt əlavə generasiya gücü əldə ediləcəkdir. 

Müvafiq dövlət proqramına uyğun olaraq, Kür çayı üzərində ümumi gücü 550 MVt-a yaxın olan Tovuz, Şıxlı və Poylu su elektrik stansiyalarının tikintisi nəzərdə tutulmuşdur. Eyni zamanda, respublikanın müxtəlif bölgələrində külək elektrik stansiyalarının və dağ çayları üzərində isə kiçik su elektrik stansiyalarının tikintisi istiqamətində işlərə başlanmışdır. 

Qobustanda 10 meqavat gücündə külək elektrik stansiyasının və İsmayıllı, Göyçay, Balakən və Qusar rayonlarında isə kiçik su elektrik stansiyalarının tikintisi nəzərdə tutulmuşdur.

Enerjisistemin dayanıqlılığını və təhlükəsizliyini xarakterizə edən amillərdən biri də enerjiötürücü sistemin səmərəliliyinin təmin edilməsidir. Bu sistemin inkişafı istiqamətində nəzərdə tutulmuş işlər 2009-cu ildə də davam etdirilmişdir. 

İran dövləti ilə enerji mübadiləsinin həcminin 200 meqavatdan 700 meqavata çatdırılmasına xidmət edəcək 220 kilovoltluq “Salyan” yarımstansiyasında sınaq-sazlama işləri aparılır. Layihənin tərkib hissəsi olan müvafiq yüksək gərginlikli xətlərin tikintisi üzrə işlər davam etdirilir. Obyektin cari ildə istifadəyə verilməsi planlaşdırılır.

Ağdaş rayonunda yerləşən respublikanın aran və şimal-qərb bölgələrinin elektrik enerjisinə artan tələbatının ödənilməsində, eyni zamanda, enerjisistemin dayanıqlılığının artırılmasında müstəsna əhəmiyyət kəsb edəcək 220 kV-luq “Ağdaş” yarımstansiyasının tikintisinə yaxın vaxtlarda başlanılması planlaşdırılır. 

Eyni zamanda, 500 kV-luq “Samux”, 220 kV-luq “Zabrat”, 110 kV-luq “Ləzə” və digər yarımstansiyaların tikintisi, bu layihələrlə paralel olaraq, 500 kV-luq “Muxranis-Vəli” hava xəttinin 70 km-lik hissəsinin, 220 kV-luq ikidövrəli 1-ci və 2-ci Mingəçevir və digər hava xətlərinin yenidən qurulması da planlaşdırılır.

Ümumiyyətlə, 2010-2015-ci illərdə nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi nəticəsində elektrik enerjisi sistemində əlavə 3000 meqavata yaxın güc əldə edilmişdir. Həmçinin respublika üzrə iri və kiçik su elektrik stansiyalarının tikintisi layihələrinin həyata keçirilməsi 2 milyon tondan artıq şərti yanacağa qənaət olunmasına, eyni zamanda atmosferə atılan karbon qazının miqdarının təqribən 10 milyon ton azaldılmasına imkan vermişdir.

Ümumilikdə, ölkənin elektroenergetika sisteminin ümumi generasiya gücü 6 min meqavatı üstələmiş, ölkənin elektrik enerjisinə olan tələbatı tam ödənilmiş və Azərbaycan enerji idxalçısından onun ixracatçısına çevrilmişdir. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinin fəal iştirakçısıdır.

Müdafiə sənayesinin ölkənin təhlükəsizliyinə töhfəsi artır

Keçmiş SSRİ-nin Hərbi Sənaye Kompleksi ücün fəaliyyət göstərən (indiki Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan) müəssisələr İttifaqın dağılmasından sonra bir sıra ciddi problemlərlə rastlaşdılar. Belə ki, mövcud xammal və satış bazarının itirilməsi, qarşılıqlı əlaqələrin kəsilməsi, regionda qeyri-sabitlik və digər problemlər müəssisələrin tənəzzülə uğramasına səbəb olmuşdu. Əsasən müdafiə təyinatlı məmulatların istehsalı üzrə ixtisaslaşmış bu müəssisələrin fəaliyyətlərini bərpa etmək və respublikada müdafiə sənayesi kompleksinin inkişafına nail olmaq məqsədilə 1993-cü ildə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi yaradıldı.

2003-cü ildə ordumuzun hərbi-texniki bazasını gücləndirmək və bu sahədə kənardan asılılığı azaltmaq məqsədilə ümummilli lider tərəfindən “Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi ilə respublikanın müdafiə sənayesinin inkişafında yeni mərhələyə qədəm qoyuldu.

Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında yaradılıb. Silahlı Qüvvələri müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün nazirliyin müəssisələrində xeyli sayda istehsal sahələri formalaşdırılıb. Ötən müddət ərzində nazirliyin bir neçə müəssisəsi əsaslı tikinti və yenidənqurmadan sonra isifadəyə verilmişdir: “İqlim”, “Dalğa” Elmi İstehsalat müəssisələrinin, “Telemexanika”, “Peyk”, “Alov”, Elektron Hesablayıcı Maşınlar və “Radioquraşdırma”,  Şirvan “Araz” zavodlarının, “İqlim” Elmi İstehsalat Müəssisəsi və “Telemexanika” zavodunda yeni istehsal sexlərinin, eləcə də Elmi-Tədqiqat İnstitutunun açılışı olmuşdur. Təkcə bu il  nazirliyin “Şərq” İstehsalat Birliyinin “AZAD Systems Co.” müəssisəsi, “Cihaz” İstehsalat Birliyinin “Sənayecihaz” Elmi İstehsalat Müəssisəsi, Bakı “Cihazqayırma” zavodu, Optika-Mexanika İstehsalat Birliyinin Xaçmaz “Kondensator” zavodunun əsaslı tikinti və yenidənqurmadan sonra açılışı olmuşdur. İstifadəyə verilən müəssisələrdə Silahlı Qüvvələri müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün onlarca yeni istehsalat sahələri yaradılmış və bu sahələr beynəlxalq standartlara cavab verən avadanlıq və texnologiyalarla təmin edilmişdir.

Beləliklə, bir çox xarici dövlətlərdən fərqli olaraq Azərbaycan Silahlı Qüvvələrin maddi-texniki təminatının artıq xeyli hissəsini öz potensialı hesabına ödəməkdədir. Yaxın perspektivdə isə ölkənin müdafiə sənayesinin buraxdığı məhsullarının çeşidinin daha da çoxalacağı gözlənir. Bu, silahlı qüvvələrin texniki ehtiyacının əsas etibarlı ilə yerli istehsal hesabına ödəniləcəyindən xəbər verir. Hazırda Ermənistan tərəfini narahat edən əsas məqamlardan biri Azərbaycanın məhz yerli istehsal hesabına ordunun texniki ehtiyaclarını təmin etməsidir. Çünki Ermənistan ordusu Azərbaycandan fərqli olaraq, texniki ehtiyacların ödənilməsi baxımından da sırf xarici dövlətlərdən asılıdır. Azərbaycanın hərbi-sənaye potensialını bundan sonra da gücləndirmək istiqamətində məqsədyönlü siyasətini davam etdirməsi isə görünür, ermənilərin bu sahədə yaşadıqları narahatlığı daha da artıracaq. Artıq ölkənin hərbi-sənaye kompleksində yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal olunur və onların növlərinin daha da artırılması nəzərdə tutulur. 

Azərbaycan ölkədə hərbi təyinatlı məhsulların istehsalını təmin etmək məqsədilə bu sahədə məşhur şirkətlərlə, eləcə də dünyada müdafiə texnikasının ən yaxşı istehsalçısı kimi tanınan dövlətlərlə sıx əməkdaşlıq qurur. Məsələn, ölkəmizdə zirehli avtomobil istehsalını təşkil etmək üçün Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə razılaşmalar əldə olunub və artıq belə maşınlar istehsalı həyata keçirilir. "Matador" adlanan bu zirehli maşının göstəriciləri olduqca yüksəkdir. Belə ki, bu maşınlar hazırlanmasına və texniki göstəricilərinə görə dünya standartlarına cavab verir və Azərbaycan MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə ölkədir. 14 nəfərlik tutumu olan "Matador"un yükgötürmə qabiliyyəti 4500 kiloqramdır. 

Bundan başqa, ölkəmizdə PDM (piyadaların döyüş maşını) və ZTR-lərin (zirehli transportyor) modernləşdirilməsi də həyata keçirilir. Həmçinin müxtəlif qoşun növlərində istismar müddəti başa çatan hərbi maşınlar təhvil alınaraq modernləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində də mühüm addımlar atılır. Bu isə külli miqdarda vəsaitə qənaət deməkdir. Perspektivdə Azərbaycan istehsalı olan hərbi vertolyotların istifadəyə verilməsi də planlaşdırılır. Bu isə silahlı qüvvələrin maddi-texniki imkanlarının daha da böyüməsi deməkdir. 

Azərbaycanın maliyyə imkanlarının genişlənməsi inkişaf strategiyasında nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi üçün, o cümlədən rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması üçün yeni imkanlar yaratmışdır. Müstəqilliyin bərpasından sonra iqtisadiyyatın modernləşdirilməsi məqsədilə əsas kapitala yönəldilmiş vəsaitlər 23,3 dəfə artmışdır. Bu dövrdə daxili investisiyaların həcmi isə 28,9 dəfə artmışdır. Eyni zamanda, iqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlər sistemli və ardıcıl olaraq reallaşdırılmışdır.

Transmilli nəqliyyat proqramları və layihələri çərçivəsində, o cümlədən TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi və yenidən qurulması, ölkənin bütün regionlarında yol şəbəkəsinin bərpası və təkmilləşdirilməsi işləri həyata keçirilmişdir.

Sənayenin belə inkişafı Azərbaycanda ümumi daxili məhsulun artımında əhəmiyyətli rol oynamaqla yanaşı, işsizlik probleminin aradan qaldırılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə də öz töhfəsini verirdi. Burada mühüm bir statistik göstəricini qeyd etmək vacibdir ki, 1993-2003-cü illər ərzində 3 mindən artıq yeni sənaye müəssisəsi açılmış və 2004-cü ilin yanvarın 1-nə olan məlumata görə, onların sayı 5536-ya çatmışdı. Əsası ümummilli lider tərəfindən qoyulan və indi də uğurla həyata keçirilməkdə olan "açıq qapı" siyasəti nəticəsində isə 1993-cü ildən etibarən Azərbaycanda xarici və müştərək müəssisələrin sayı çoxalmaqdadır. 

2015-ci ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi (ümumi buraxılış) 26.2 milyard manat təşkil etmişdir ki, bu da 2014-cü ilə nisbətən 2,4% artım deməkdir. Qeyri-neft sənayesi isə 7.7 milyard manat təşkil etmiş və 2014-cü illə müqayisədə 8,4% artmışdır. 

Neft sənayesi 18.5 milyard manat təşkil etmişdir ki, istehsal 2014-cü ilin eyni səviyəsində qalmışdır.

Qeyri-neft emal sənayesi ötən  2014-cü illə müqayisədə 15,6% artmışdır.

Respublikanın iqtisadi və sosial sahələrinin inkişafına 2015-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 16.0 milyard manat vəsait yönəldilmişdir.

Sənayedə neft sektoruna yönəldilmiş əsas kapitalın həcmi 7,2 milyard manat, qeyri-neft sektoruna yönəldilmiş əsas kapitalın həcmi isə 1,2 milyard manat təşkil etmişdir.

Ümumi vəsaitin 52,6% sənaye sahələrinin inkişafına yönəlmiş, bu da 8.4 milyard manat təşkil etmişdir.

Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi və yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” və bu proqramın həyata keçirilməsi üzrə müvafiq Tədbirlər Planı təsdiq edilib. Həmin Tədbirlər Planı sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, sənaye zonaları və klasterlərinin qurulması, sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi və sənaye sahəsində qanunvericiliyin təkmilləşdirilməsi kimi 5 istiqamət üzrə 61 tədbiri əhatə edir.Dövlət Proqramının əsas istiqamətlərindən biri də sənaye və texnologiyalar parklarının, eləcə də sənaye məhəllələrinin yaradılmasıdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə 2011-ci ildə Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı, 2012-ci ildə Yüksək Texnologiyalar Parkı yaradılıb. Görülən işlərin davamı kimi 2015-ci ildə də ölkədə yeni sənaye zonalarının yaradılması ilə bağlı tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən, Mingəçevir Sənaye Parkı, Mingəçevir Yüksək Texnologiyalar Parkı, Qaradağ Sənaye Parkı və Neftçala Sənaye Məhəlləsi yaradılır. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda Gəncə şəhərində sənaye parkının yaradılması, infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkili ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur.

2015-ci ildə 250-dən çox sənaye müəssisəsi, o cümlədən Bakıda və Abşeron rayonunda tikinti materialları, elektrotexniki avadanlıqlar, PVC tərkibli yarımfabrikatlar, metal konstruksiyalar və geyim istehsalı müəssisələri, elektrik yarımstansiyaları fəaliyyətə başlayıb. Sumqayıtda beton məmulatları, tekstil, plastik qablar, karton və texniki avadanlıqlar istehsalı müəssisələri istifadəyə verilib.

2016-cı ildn yanvar-oktyabr aylarında Ümumi daxili məhsul 54 433,1 milyon manat təşkil etmişdir 

2017-ci ildə ölkədə istehsal edilmiş ümumi daxili məhsul 70.135,1 milyon manata çatmışdır. Sənaye məhsulunun 69,9% mədənçıxarma, 24,7% emal, 4,6% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur. Ümumi vəsaitin 63,9% sənaye sahələrinin inkişafına yönəlmiş, bu da 9 942,2 milyon manat təşkil etmişdir.

2018-ci ildə Ümumi daxili məhsul 2017-ci ilə nisbətən 1,4% artaraq 79 797,3 milyon manat təşkil etmişdir. Sənaye məhsulunun 73,0% mədənçıxarma, 22,2% emal, 4,1% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur.

2019-cu ildə Ümumi daxili məhsul 2018-ci ilə nisbətən 2,2% artaraq 81 681,0 milyon manat təşkil etmişdir. Mədənçıxarma bölməsində istehsalın həcmi əvvəlki illə müqayisədə 0,4% artaraq 32,7 milyard manat olmuşdur. Emal bölməsinin müəssisələri və fərdi sahibkarları tərəfindən istehsalın həcmi əvvəlki illə müqayisədə 11,5% artaraq 11,8 milyard manat olunmuşdur. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən istehsal əvvəlki ilə nisbətən 3,5% artaraq 2,0 milyard manat olmuşdur. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində ötən illə müqayisədə 6,0% artaraq 0,3 milyard manat olmuşdur.

2020-ci ildə sənayedə 24.400,5 milyon manatlıq əlavə dəyər istehsal edilmiş, bu da ümumi daxili məhsulun 33,7%-ni təşkil etmişdir. Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin 62,4%-i mədənçıxarma sənayesi, 28,8%-i emal sənayesi, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,9%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sənayesinə yönəldilmişdir.

2021-ci ilin yanvar-iyun aylarında sənayedə 15.931,0 milyon manatlıq əlavə dəyər istehsal edilmiş, bu da ümumi daxili məhsulun 39,9%-ni təşkil etmişdir. Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin 73,3% mədənçıxarma sənayesi, 23,2% emal sənayesi, 3,0% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5% su təchizatı, tullantıların təmizlənməsi və emalı sənayesinə yönəldilmişdir.

Sənayenin inkişafına yönəlmiş əhəmiyyətli mexanizmlərdən biri dövlət başçısının təşəbbüsü ilə sənaye zonalarının - sənaye parkları və məhəllələrinin yaradılmasıdır. Ölkədə 7 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları, 5 sənaye məhəlləsi - Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələri yaradılıb. Azərbaycanda sənaye zonalarında ümumilikdə 10,23 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,35 milyard manatlıq hissəsi ixrac olunub.

2023-ci ilin birinci yarısında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,4 milyard manatlıq məhsul satılıb ki, bunun da 33,2 %-i, yəni 470,6 milyon manatlıq hissəsi ixracın payına düşür. 2023-cü ilin birinci yarısında sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 16,5 %, qeyri-neft sənaye məhsullarının ixracında isə 20,7 % (470,6 milyon manat) olub. Sənaye zonalarında istehsal edilən məhsullar 50-dən artıq ölkəyə ixrac olunur.

Qeyd edilənlər onu göstərir ki, indi ölkəmizdə böyük imkanlara malik istehsal müəssisələri, sənaye obyektləri mövcuddur. Həmin obyektlərin istehsal potensialından səmərəli istifadə etməklə istər daxili, istərsə də xarici bazarda rəqabət qabiliyyətli, beynəlxalq standartlara uyğun məhsul realizə olunur. İqtisadi sferada islahatların davam etdirilməsi və həyata keçirilən digər tədbirlər sənayenin inkişafına müsbət təsir göstərməkdədir. Bu səbəbdən Azərbaycan dünyada həm də sənayenin inkişaf tempi baxımından seçilən dövlətlərdən biri kimi qəbul olunmaqdadır.