Müstəqil Azərbaycan səhiyyəsinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Azərbaycanın müstəqilliyini əldə etməsindən keçən qısa müddət ərzində səhiyyə sahəsində ciddi uğurların əldə edilməsi həm də onunla izah edilir ki, hələ 1969-1982-ci illərdə respublikamıza rəhbərlik edərkən, eləcə də 1982-1987-ci illərdə SSRİ rəhbərlərindən biri olarkən Heydər Əliyev respublika həyatının bütün sahələri kimi, səhiyyəmizin də yüksəlişini təmin etmiş, onun hərtərəfli inkişafı üçün bütün mümkün tədbirləri həyata keçirmişdir. Həmin dövrdə yüzlərlə müasir səhiyyə obyektləri inşa edilmiş, mövcud tibb müəssisələrinin yarıdan çoxu yenidən qurulmuş, Bakıda və respublikanın digər şəhərlərində ittifaq əhəmiyyətli ixtisaslaşdırılmış mərkəzlər açılmış və bunlar saysız-hesabsız miqdarda ən yeni cihaz və avadanlıqlarla, tibbi ləvazimatlarla təmin olunmuş, ittifaqda və xarici ölkələrdə çoxsaylı yüksək ixtisaslı elmi-tibbi kadrlar hazırlanmışdır. Beləliklə, səhiyyəmiz indiki mövcud ağır iqtisadi şəraitdə, ilk növbədə həmin möhkəm təməlin əsasında inamla yaşamış, uğurla tərəqqi etmiş və xalqımızın sağlamlığının keşiyində dayanmışdır.

Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi, diqqəti və dəstəyi ilə səhiyyə sistemində ardıcıl və məqsədyönlü iş görülmüş, islahatlar aparılmışdır. Bu işdə ilk əvvəl səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində olmuşdur. Həmin məqsədlə bir sıra qanunlar ("Əczaçılıq fəaliyyəti haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Tibbi sığorta haqqında" və s.) işlənib hazırlanmış və Milli Məclis tərəfindən təsdiq edilmişdir. Azərbaycan Prezidentinin respublikada "Səhiyyə sahəsində İslahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə" 13 mart 1998-ci il tarixli sərəncamı səhiyyənin bütün sahələrini əhatə edən islahatların daha geniş miqyasda və sürətlə aparılması üçün şərait yaratmışdır.

Səhiyyə orqanlarının idarəetmə aparatlarında bir-birini təkrarlayan struktur bölmələrin ixtisar edilməsi; müalicə-profilaktika müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin genişləndirilməsi; özəl, qismən və tam təsərrüfat hesabı ilə işləyən tibb müəssisələri yaradılması yolu ilə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyət və səmərəsinin artırılması və s. həmin islahatların əsasını təşkil edir. Ölkə Prezidentinin tövsiyəsinə uyğun olaraq, səhiyyə sistemində islahatlara yuxarıdan, yəni Səhiyyə Nazirliyinin aparatından başlanılmışdır.

Keçid dövründə səhiyyədə mütərəqqi dəyişikliklərin aparılması və yeni səhiyyə sistemini qurmaq məqsədilə 1994-cü ilin dekabrında Azərbaycan Respublikası Prezidenti ilə BMT-nin YUNİSEF təşkilatının rəhbərliyi "Əməkdaşlıq proqramı" imzalamışlar. Əməkdaşlıq proqramına uyğun olaraq YUNİSEF təşkilatı Quba rayonunda səhiyyə islahatlarının aparılması üçün baza yaratmaq məqsədilə əvəzsiz olaraq ümumi dəyəri 200 min ABŞ dollarından artıq olan dərman preparatları, ləvazimat və avadanlıq verdi. Aparılmış islahatlar rayonun əhalisinin tibbi xidmətə olan ehtiyacının 60 faizinin, dərmanlara olan ehtiyacının isə 40 faizinin pulsuz ödənilməsinə imkan verdi. Bir qədər sonra Masallı, Lənkəran, Cəlilabad və Salyan rayonlarında da bu proqramın icrasında uğurlar əldə edildi.

Səhiyyədə aparılan islahatlar çərçivəsində əsas nailiyyətlərdən biri də özəl səhiyyə sisteminin tətbiq edilməsidir. Bu istiqamətdə hüquqi-normativ baza yaradılmış, "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir.

Səhiyyə islahatları çərçivəsində əsas istiqamətlərdən biri də sığorta sisteminin tətbiqidir. 1999-cu ildə "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Hazırda 10-dək könüllü tibbi sığorta kompaniyaları yaradılmış və fəaliyyət göstərir.

İslahatlar nəticəsində son illər respublikada bir sıra yoluxucu xəstəliklərə qarşı mübarizə işi müvəffəqiyyətlə təşkil edilmişdir. Məsələn, 1994-cü ilin ikinci yarısından difteriya xəstəliyinin kəskin şəkildə artması (841 hadisə qeydə alınmışdı) 1995-ci ildə ən yüksək səviyyəyə (883 hadisə) çatmışdı. Xəstələrin 50 faizini 14 yaşa qədər uşaqların təşkil etməsi vəziyyəti daha da təhlükəli edirdi. Ümumdünya Səhiyyə Təşkilatının və YUNİSEF-in xətti ilə respublikamıza humanitar yardım kimi vaksin preparatlarının vaxtında çatdırılması ilk növbədə uşaqların kütləvi peyvəndə cəlb olunmasına imkan verdi. Artıq 1994-cü ilin dekabr və 1995-ci ilin may aylarında bütün məktəblilərin 97-98 faizi, 1995-ci ilin noyabr-dekabr aylarında Milli İmmunlaşdırma Aylığında respublika əhalisinin 55 yaşa qədər 5 milyon 905 min nəfəri (94,2 faizi), 1996-cı ildə isə 40 yaşa qədər əhalinin 95,9 faizi difteriyaya qarşı peyvəndə cəlb edildi. Nəticədə 1996-cı ildə 1995-ci illə müqayisədə xəstəlik 6 dəfə azaldı, sonrakı illərdə isə ən minimum səviyyəyə endirildi (1999-2000-ci illərdə cəmisi 24 hadisə).

1996-cı ildə həmçinin 1990-1995-ci illərdə respublikada geniş yayılmış poliomielit xəstəliyinin aradan qaldırılması sahəsində uğurlu nəticələr əldə edildi.

Əsas nailiyyətlərdən biri də qızılca ilə xəstələnmənin kəskin surətdə azalmasıdır.

Malyariya xəstəliyinə qarşı irihəcmli təşkilati, müalicə-profilaktik və əks-epidemik tədbirlərin aparılması tez bir zamanda öz müsbət nəticəsini vermişdir.

Vərəmlə mübarizə problemi Səhiyyə Nazirliyi tərəfindən əsas prioritet sahə kimi irəli çəkilmiş, həyata keçirilmiş bir sıra mühüm tədbirlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir.

2011-cilin sentyabr ayında Dünya Səhiyyə Təşkilatı (DST) dünyada vərəmin yayılması barədə növbəti hesabatını dərc etmişdir. Hesabatın Azərbaycana aid hissəsində qeyd edilir ki, müalicəyə davamlı vərəm xəstəliyinə tutulanların sayı əvvəlki illərlə müqayisədə 22 faiz azalmışdır. Əvvəllər Azərbaycan vərəmlə əlaqədar ciddi problemləri olan 22 ölkənin siyahısına daxil edilmişdi. 2011-ci ildəl Azərbaycan həmin siyahıdan çıxarılmışdır.

Səhiyyənin prioritet sahələrindən biri olan ana və uşaqların sağlamlığının mühafizəsi sahəsində də xeyli işlər görülmüşdür. 1996-cı ildə Səhiyyə Nazirliyi tərəfindən BMT-nin Əhali fondunun təşəbbüsü və birbaşa maliyyə dəstəyi ilə "Azərbaycanda reproduktiv sağlamlıq və ailə planlanması sahəsində xidmətlərin keyfiyyətinin planlaşdırılması və yaxşılaşdırılması üzrə" Milli Proqram işlənib hazırlanmışdır. Ana və uşaq ölümünün, abortların sayının azaldılmasına yönəldilmiş proqram çərçivəsində Bakı, Gəncə, Naxçıvan, Masallı, Şəki və Qusarda yaxşı maddi-texniki bazası olan 15 regional mərkəz təşkil edilmişdir.

Əsrin "bəlası" sayılan narkomaniya ilə mübarizə səhiyyə işçiləri qarşısında mühüm vəzifələr qoyur. Bu məqsədlə Azərbaycan Respublikasında narkomanlığa, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqramın tələblərinə uyğun olaraq narkomaniya və xroniki alkoqolizmlə mübarizədə bir sıra konkret tədbirlər həyata keçirilmişdir.

Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarının fəaliyyətində, elmi tədqiqatların aparılması və tibbi kadrların hazırlanması sahəsində geniş islahatlar aparılmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyası Səhiyyə Nazirliyi arasında əldə olunmuş razılaşmaya uyğun olaraq respublikanın 13-dən çox elmi-tədqiqat institutları və mərkəzləri elmi-praktik və xəstə mübadiləsi üzrə Rusiyanın müvafiq elmi mərkəzləri ilə müqavilələr bağlamışlar. Analoji müqavilələr MDB dövlətləri və bir sıra xarici dövlətlərlə də imzalanmışdır. Bu müqavilələr elmi- tədqiqat işlərinin yerinə yetirilməsi müddətlərinin qısaldılmasına və elmi işlərin praktik tələblərə daha çox cavab verməsinə şərait yaratmışdır.

Müstəqil dövlətimizin hərbi həkimlərə olan ehtiyacını nəzərə alaraq Tibb Universitetində Hərbi-tibbi fakültə açılmışdır.

İslahatların gedişində səhiyyə obyektlərinin genişləndirilməsi və yenidən qurulması istiqamətində xeyli işlər görülmüşdür. Azərbaycan Prezidentinin iştirakı ilə ilk özəl tibb xidməti şirkəti- "Medi Klub", "Respublika Artroloji Mərkəzi", "Ailə Sağlamlıq Mərkəzi", Azərbaycan Tibb Universitetinin tədris korpusu və akt zalı açılaraq istifadəyə verilmiş, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun binası müasir səviyyədə təmir edilərək yenidən qurulmuş, ən müasir cihaz və avadanlıqlarla təchiz olunaraq əhalinin xidmətinə verilmişdir. 2000-ci ilin dekabr ayında dünya standartlarına cavab verən Mərkəzi Klinik Xəstəxanasının açılışı, Azərbaycan səhiyyəsi tarixində əlamətdar hadisə oldu.

Hələ SSRI dövründə regional əhəmiyyət kəsb edən obyektlər kimi tikintisinə başlanmış Respublika Milli Onkologiya Mərkəzinin və Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun tikintisi başa çatdırılmışdır.

Səhiyyənin statistik və məlumat xidməti bazasının təkmilləşdirilməsi sahəsində də müəyyən işlər görülmüş və Azərbaycan Respublikası əhalisinin sağlamlığının Milli monitorinq sistemi konsepsiyası hazırlanmış və hazırda uğurla həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü siyasətin təzahürü kimi, səhiyyənin inkişafında son illər əldə edilmiş dinamik inkişaf tendensiyası daha sürətlə davam etdirilmiş, bu da öz növbəsində səhiyyənin bütün göstəricilərinin yaxşılaşması üçün zəmin yaratmışdır.

İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaiti artırılır. Hökumətin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yaxşılaşmış, ölüm hallarının sayı azalmışdır.

Şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata götürülən xəstələrin sayı 2 dəfədən çox artmışdır. Şəkərli diabet xəstəliyi üzrə ölkəmizdə bir neçə il əvvəl 55 min xəstə dövlət hesabına dərman vasitələri ilə təmin olunurdu. Bu gün bu rəqəm 213 minə çatıb. Nəticədə şəkərli diabetdən ölüm göstəricisi 15,8-dən 8,2-yə düşüb.

Hazırda respublikanın şəhər və rayonlarında 559 xəstəxana mövcuddur. Bütün ixtisaslardan olan həkimlərin sayı 32,5 min nəfərdir. Bu gün ölkəmizdə hər on min nəfərə 33,9 həkim düşür. Hazırda 1688 ambulator-poliklinika müəssisəsi, 72 təcili tibbi yardım stansiyası (şöbəsi), 387 qadın məsləhətxanası, uşaq poliklinika və ambulatoriyaları, 75 sanatoriya-istirahət müəssisələri əhaliyə tibbi, müalicəvi və sağlamlığın qorunması üçün xidmət göstərir.

Ana və uşaqların sağlamlığının qorunması dövlət proqramı ilə nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 5-i (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba) artıq fəaliyyət göstərir.

Son illər ərzində tədarük olunan qan və onun komponentlərinin miqdarı artmış, əhalinin donorluğa cəlb edilməsi işi aktivləşmişdir. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir. Respublikanın şəhər və rayonlarında Mərkəzi Qan Bankının 3 bölməsindən (Gəncə, Şəki və Quba) əlavə daha 5 (Sumqayıt, Mingəçevir, Şirvan, Bərdə və Lənkəran) bölməsi yaradılmışdır. Qısa müddət ərzində bütün qan bölmələri lazımi cihaz və avadanlıqlarla təmin olunmuşlar.

Cərrahiyyə xidmətinin fəaliyyətini xarakterizə edən statistik rəqəmlərin təhlili göstərir ki, son illər ərzində bu sahədə nəzərə çarpan müsbət dinamika mövcuddur. Belə ki, ümumi cərrahi profilli stasionarlara daxil olan xəstələrin, eləcə də keçirilən cərrahi əməliyyatların sayı artmışdır. Bununla yanaşı, diaqnostik və taktiki səhvlər xeyli azalmışdır. Müasir müalicə üsulu hesab edilən miniinvaziv cərrahiyyə əməliyyatlarının, mürəkkəb və rekonstruktiv xarakterli əməliyyatların sayı da ilbəil artır. Əməliyyatların sayının artmasına baxmayaraq, istər planlı, istərsə də təcili əməliyyatlardan sonra ölüm halları azalmışdır.

Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən stasionar cərrahiyyə xidmətinin, eləcə də uşaq cərrahiyyəsinin vəziyyətinin təhlili aparılmış, mövcud nöqsanların aradan qaldırılması və xidmətin yaxşılaşdırılması istiqamətində tədbirlər müəyyənləşdirilmişdir.

Uşaqlara cərrahi yardımın yaxşılaşdırılması məqsədilə K.Fərəcova adına ET Pediatriya İnstitutunda sutka ərzində fəaliyyət göstərən erkən yaşlı uşaqların cərrahiyyəsi şöbəsi yaradılmışdır.

Yoluxucu xəstəliklərlə mübarizə işində də müsbət nəticələr əldə edilmişdir. Respublikada aparılmış geniş miqyaslı tədbirlər nəticəsində epidemioloji sabitlik yaranmış, idarəolunan xəstəliklərdən poliomielit, difteriya, qızılca, məxmərək qeydə alınmamış, epidemik parotit 2 dəfə azalmış, digər infeksiyalar üzrə də azalma qeyd olunmuşdur. Yoluxucu xəstəliklər üzərində epidemioloji monitorinqin təmin edilməsi məqsədilə Elektron Müşahidə Sisteminin tətbiqinə başlanılmışdır.

Profilaktik peyvənd təqviminə əsasən respublika üzrə uşaqların immunlaşdırılması yüksək səviyyədə həyata keçirilmişdir.

Malyariya xəstəliyinə qarşı 2008-2013-cü illər üçün qəbul olunmuş Milli Strategiyaya və Milli Fəaliyyət Planına uyğun olaraq profilaktik tədbirlər həyata keçirilməsi nəticəsində ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunmuşdur.

Hazırda Respublikada vərəmlə mübarizə sahəsində də əhəmiyyətli işlər görülür. Vərəmlə mübarizə üzrə Dövlət Proqramı və Milli Strategiya qəbul edilmişdir. Nazirlik tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Vərəmin multirezistent formaları ilə xəstələrin müalicəsi üçün Bakı şəhərində Xüsusiləşdirilmiş xəstəxana istifadəyə verilmişdir. Bundan əlavə Quba, Zaqatala, Masallı rayonlarında da bu məqsədlə xəstəxanaların tikintisi və təmiri həyata keçirilmiş, onların nəzdində mikrobioloji laboratoriyalar da yaxın günlərdə fəaliyyətə başlayacaqdır.

Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış Milli Referens Laboratoriyası artıq tam gücü ilə fəaliyyətə başlayıb və 2010-cu ilin aprel ayında Ümumdünya Səhiyyə Təşkilatının sertifikatını almışdır. Bu laboratoriyada respublikanın bütün şəhər və rayonlarından mərkəzləşdirilmiş qaydada gətirilən bəlğəm nümunələrin bakterioloji müayinəsi təşkil edilmişdir. Bütün bunların nəticəsində vərəm xəstəliyinin əsas epidemioloji göstəriciləri yaxşılaşmış, vərəmdən ölüm səviyyəsi də azalmışdır.

Azərbaycan səhiyyəsinin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatıdır. Nazirlik tərəfindən cari ildə bu sahədə müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Tibb işçilərinin bilik və peşə bacarıqlarının artırılmasına Səhiyyə Nazirliyi tərəfindən xüsusi diqqət yetirilir. Bir neçə ildir ki, problemin həlli yollarından biri olan, bütün dünyada qəbul edilən, tibb işçilərinin sertifikasiyanın tətbiqi üzrə gərgin iş aparılır. Artıq bu istiqamətdə hazırlıq işləri başa çatdırılmış və 2011-ci ildən sertifikasiya prosesi başlanmışdır.

Tibbi təhsilin müasir səviyyədə təşkili prinsiplərinə uyğun olaraq 2011-ci ildən rezidentura sisteminə keçid başlanmışdır.

Respublikanın kənd yerlərində kadrların çatışmazlığını nəzərə alaraq Azərbaycan Tibb Universitetinin məzunlarının bilavasitə vakant yerlərə təyinatla göndərilməsi işi də davam etdirilmişdir.

1688 ambulator-poliklinika müəssisəsi, 72 təcili tibbi yardım stansiyası (şöbəsi), 387 qadın məsləhətxanası, uşaq poliklinika və ambulatoriyaları, 75 sanatoriya-istirahət müəssisələri əhaliyə tibbi, müalicəvi və sağlamlığın qorunması üçün xidmət göstərmişdir. Son 20 il ərzində ölkənin müxtəlif rayonlarında müasir tipli avadanlıqlarla təchiz olunmuş xəstəxanalar, diaqnostika mərkəzləri, ambulatoriya-poliklinika müəssisələri tikilib istifadəyə verilmiş, bir sıra tibb müəssisələrində yenidənqurma və bərpa işləri aparılmışdır.

Son illər ərzində ölkəmizdə 400-dən artıq səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Son bir neçə il ərzində Bakıda Oftalmologiya Mərkəzi, Urologiya Mərkəzi, Talassemiya Mərkəzi tikilmişdir, Elmi Cərrahiyyə Mərkəzi yaradılmışdır. Ölkəmizdə Perinatal mərkəzlər yaradılır. Demək olar ki, bütün şəhərlərdə xəstəxanalar təmir olunur və tikilir. 14 şəhərdə ən müasir standartlara cavab verən Müalicə-Diaqnostika mərkəzləri tikilmişdir və orada hemodializ qurğuları quraşdırılmışdır.

Son 10 ildə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində 500-dən çox səhiyyə müəssisəsi istifadəyə verilmişdir.

Səhiyyə sahəsində son illər ərzində qazanılmış nailiyyətlər Azərbaycan səhiyyəsinin beynəlxalq aləmdə nüfuzunun xeyli artmasına səbəb olmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Komitəsinin 61-ci Sessiyası 2011-ci il sentyabrın 13-15-də Bakıda keçirilmişdir.

Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən ən nüfuzlu beynəlxalq qurumlardan biri Ümumdünya Səhiyyə Təşkilatıdır (ÜST). Azərbaycan 1993-cü ildən bu təşkilatın üzvü, 2005-ci ildən isə onun İcraiyyə Komitəsinin üzvüdür.

ÜST Azərbaycanda bir sıra proqramlar həyata keçirir. Bunlar ilkin səhiyyə xidmətinin imkanlarının gücləndirilməsinə, səhiyyənin maliyyələşdirilməsi və əczaçılıq siyasətində islahatlar prosesinin layihələşdirilməsi və həyata keçirilməsində Səhiyyə Nazirliyinin rolunun gücləndirilməsinə, tibb təhsili, planlaşdırma və keyfiyyətin təminatı sahəsində islahatlar yolu ilə insan resurslarının mütənasibliyi və keyfiyyətinin təkmilləşdirilməsinə, səhiyyə xidmətlərinin səmərəliliyinin artırılmasına və fövqəladə vəziyyətlərə hazırlığın gücləndirilməsinə, eləcə də səhiyyəyə dair məlumatların keyfiyyətinin yüksəldilməsi və yoluxucu xəstəliklərin müşahidəsinin gücləndirilməsinə yönəldilmişdir.

29 yanvar 2007-ci ildə ÜST İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan Respublikasının birinci xanımı, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva “Ana, uşaq və ailə sağlamlığının qorunmasında və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə” mükafatı ilə təltif edilmişdir.

Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlardan biri də BMT-nin Əhali Fondudur. Təşkilatın səhiyyədə əsas əhatə sahələri reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ailə təbabətinin inkişafı, ilkin səhiyyə xidmətlərində ailə həkimlərinin rolunun artırılması, cinsi yolla yayılan xəstəliklərin qarşısının alınmasıdır. BMT-nin Əhali Fondunun Azərbaycanda həyata keçirdiyi layihələr Bakı, Gəncə, Şəki, Masallı, Qusar, Naxçıvan və s. regionları əhatə edir.

Müstəqilliyimizin ilk günlərindən BMT-nin Uşaq Fondu Azərbaycanda səhiyyə, təhsil və sosial sferanın digər sahələrində uğurla fəaliyyət göstərir. Səhiyyə sahəsində aparılan layihələrdən uşaqların immunizasiyası, duzun yodlaşdırılması, qidalanma və sağlamlıq, “Gənclərin dostu” klinikaları və digərlərini misal göstərmək olar. Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əlil uşaqların reabilitasiyası proqramı da fəaliyyət göstərir.

Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlardan biri də Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyidir. Təşkilat Azərbaycanda digər tərəfdaş qurumlarla birgə reproduktiv sağlamlıq və ailə planlaşdırılması, demoqrafik səhiyyə sorğusu, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, HİV/AİDS-lə mübarizə tədbirləri, quş qripinin aradan qaldırılması, sağlam həyat tərzinin təşviqi, ana və uşaq sağlamlığı və təcili təxirəsalınmaz tibbi yardımın təkmilləşdirilməsi layihələrini həyata keçirir. 2007-ci ilin fevralında ABŞ və Azərbaycan hökumətləri arasında səhiyyəyə aid “Amerika Birləşmiş Ştatları hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi haqqında” və “Amerika Birləşmiş Ştatları hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında təxirəsalınmaz tibbi yardımın təkmilləşdirilməsi haqqında” Anlaşma Memorandumları imzalanmışdır.

Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən təşkilatlardan biri də Türkiyə Cümhuriyyəti Baş Nazirliyi Türk Əməkdaşlıq və İnkişaf Agentliyidir (TİKA). Təşkilat Azərbaycanda “Sümük iliyinin transplantasiyası və Talassemiya Mərkəzinin inşası” layihəsini həyata keçirir. Hemoqlobinopatiyaların müalicəsi və profilaktikası üzrə azərbaycanlı mütəxəssislərin Türkiyədə təkmilləşdirmə kurslarına göndərilməsi sözügedən layihənin əsas komponentlərindəndir.

HİV/AİDS və vərəmə qarşı mübarizə tədbirləri Azərbaycanda səhiyyə islahatlarının əsas prioritetlərindəndir. AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda bu xəstəliklərin qarşısının alınmasına yönəldilmiş layihələr həyata keçirir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bir sıra ölkələrin səhiyyə nazirlikləri ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq edir. Bunlardan Türkiyə, İran, Rusiya, Belarus, ABŞ, Yaponiya, Misir, İordaniya, BƏƏ, Litva, Estoniya, Niderland və digərlərini misal göstərmək olar.

Səhiyyənin son illərdə tərəqqisini müxtəlif beynəlxalq qurumlar da təsdiqləyir. Böyük Britaniyanın tanınmış “The Legatum Institute” tədqiqat mərkəzi 142 ölkənin monitorinqi nəticəsində son iki ildə Azərbaycan səhiyyəsini 91-ci pillədən 68-ci pilləyə qaldırıb.

Ölkə həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də yeni iqtisadi sistemə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf və tərəqqi XXI əsrin əvvəlindən yeni vüsət almaqdadır.