Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə sahəsindəki inkişaf səviyyəsinə görə iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafını, yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişlənməsi ilə səciyyələndirmək olar.

Bu gün Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsindəki fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. Onun 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olmuşdur.

XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması və intelektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahə hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz etmişdir. Müasir dövrdə və gələcək perspektivdə İKT-nin əhəmiyyəti ön plana keçir. Müasir rabitə və informasiya texnologiyaları, ölkənin hərtərəfli inkişafı, əhalinin intellektinin yüksəldilməsi, həmçinin dünyada baş verən inteqrasiya proseslərinə daha aktiv cəlb olunması istiqamətində respublikamızın qarşısında yeni imkanlar açır. Rabitə Nazirliyi ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaradılması bu sahənin gələcək inkişafı, hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsi imkanları baxımından diqqətəlayiq oldu. Qısa müddət ərzində bu istiqamətdə bir çox işlər görüldü və mühüm addımlar atıldı.

2003-cü il dekabrın 10-12-də Cenevrədə BMT və Beynəlxalq Telekommunikasiya ittifaqı tərəfindən İnformasiya Cəmiyyəti üzrə keçirilən Ümumdünya Sammitində Prezident İlham Əliyev nitq söyləmiş, Azərbaycanda İKT-nin inkişaf etdirilməsi sahəsində dövlət siyasətinin əsas prinsipləri və Milli fəaliyyət Proqramının başlıca istiqamətlərindən bəhs etmişdir.

Son illər ərzində respublikada rabitə və informasiya texnologiyaları sahəsinin inkişafının sürətləndirilməsi, bu sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilərək Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılması, telekommunikasiya və poçt xidmətləri bazarının daha da liberallaşdırılması və özəl sektorun inkişafı məqsədilə mühüm işlər görülmüşdür. 2004-cü ildə «Poçt rabitəsi haqqında», «Elektron imza və elektron sənəd haqqında», 2005-ci ildə «Telekommunikasiya haqqında», «Elektron ticarət haqqında» Azərbaycan Respublikasının Qanunları qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı» («Elektron Azərbaycan») təsdiq edilmişdir. Gənclərin yüksək intellektə sahib olması, dünyada baş verən yeniliklərə və elmə malik olması üçün ümumtəhsil məktəblərinin kompyuterləşməsi layihəsi həyata keçirilməkdədir.

Mövcud potensialdan səmərəli istifadə edilməsi və onun inkişaf etdirilməsi, rabitə və informasiya texnologiyaları sahəsinin təşkilati, hüquqi, texniki, kadr baxımından modernləşdirilməsi, İKT sənayesinin formalaşdırılması, bu sahəyə yeni investisiyaların cəlb edilməsi və sahibkarlığın genişləndirilməsi, azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsi, sosial əhəmiyyətli layihələrin həyata keçirilməsi və nəticədə Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin edilməsinə yönəlmiş mühitin formalaşdırılması İKT sektorunda aparılan fəaliyyətin ana xəttini təşkil etdi.

Ölkə həyatına 1994-cü ildə daxil olmuş mobil telefon rabitəsi artıq ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayır. Mobil abunəçilərin sayı artaraq 9 111 000 nəfər təşkil etmişdir ki, bu da hər 100 nəfərə 100 mobil abunəçinin düşməsi deməkdir

Respublikanın rayon və kəndlərində əhalinin rabitə və informasiya xidmətlərinə olan tələbatını ödəmək, paytaxtla regionlar arasında mövcud olan fərqi aradan qaldırmaq məqsədilə “AztelekomNet” İnternet xidmətinin təşkili nəticəsində respublikanın 34 rayon mərkəzində İnternetə yüksəksürətli qoşulma, digər rayonlarda və telefonlaşdırılmış kəndlərdə isə parolsuz qoşulma xidmətindən və kartla qoşulma üsulundan istifadə etməklə İnternetə çıxış imkanı yaradılmışdır. Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompyuter istehsal edən ilk kompyuter zavodu (KÜR) Mingəçevir şəhərində istifadəyə verilmişdir.

Ölkəmizdə enerji sahəsindən sonra informasiya texnologiyaları daha çox inkişaf etmiş qeyri-neft sektorudur. Ölkəmizdə İKT sahəsində uğurla həyata keçirilən dövlət siyasəti və xüsusən də bu sahəyə Prezident İlham Əliyevin diqqət göstərməsi dünyanın aparıcı İKT şirkətlərinin Azərbaycana böyük maraq göstərməsinə səbəb olur. Bu şirkətlərin rəhbərlərinin ölkəmizə səfərləri və 2007-2008-ci illərdə Davos İqtisadi Forumunda “Microsoft”, “Cisco” və “İntel” kimi dünyamiqyaslı şirkətlərin prezidentlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşləri bir daha göstərir ki, Azərbaycanın İKT sektoru potensial investorların diqqət mərkəzindədir və bu sahədə geniş əməkdaşlıq imkanları mövcuddur.

Regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan bu gün İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz bu imkanlardan maksimum bəhrələnərək, dünya birliyinə inteqrasiyanı özünün ən başlıca vəzifəsi kimi görür.

2005-ci ildən Azərbaycan hökuməti ilə Dünya Bankı “Maliyyə xidmətlərinin inkişafı” birgə layihəsini həyata keçirir. Bu layihə müasir informasiya texnologiyalarının tətbiqi ilə poçt sisteminin yenidən qurulmasını və qeyri-ənənəvi və yeni tipli elektron xidmətlərin göstərilməsini nəzərdə tutur.

Respublika ərazisində TV və radio proqramlarının yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2010-cu il ərzində “Teleradio” İB tərəfindən 44 ədəd müxtəlif təyinatlı avadanlıqlar qurularaq istismara verilmişdir.

Bakı şəhəri və ətraf qəsəbələr, Sumqayıt şəhəri və Abşeron yarımadası ilə yanaşı, Gəncə şəhəri və ətraf rayonlarda rəqəmsal televiziyanın yayımına başlanılmışdır. Artıq respublika əhalisinin 50%-nin yaşadığı ərazilərdə rəqəmsal televiziya yayımının göstərilməsi imkanlığı yaradılmışdır.

Azərbaycan Respublikasının informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması strateji məqsədləri ilə əlaqədar “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 04.11.2008-ci il tarixli Sərəncamının, habelə 17 avqust 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülmüşdür. Ölkəmizdə kosmik sənayenin inkişafı üçün iki telekommunikasiya süni peykinin orbitə çıxarılması üçün texniki-iqtisadi əsaslandırma və kontraktlar tərtib edilmişdir. Hər iki layihə kommersiya tipli və rentabellidir. 2012-ci ilin sonunda birinci süni peykin orbitə çıxarılacağı gözlənilir.

Azərbaycan Respublikasının Prezidenti ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismarı işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 2010-cu il 3 may tarixli Sərəncam imzalamışdır. Nazirlər Kabinetinin 23 dekabr 2010-cu il tarixli qərarı ilə “Azərkosmos” ASC-nin Nizamnaməsi təsdiq edilmişdir.

Ölkəmizdə yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması, e-imzanın tətbiqi üçün Milli Sertifikat Xidməti Mərkəzinin və Milli Superkompyuter Mərkəzinin yaradılması, e-hökumətin formalaşdırılması üçün müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcək daha bir neçə perspektiv layihəyə də hazırda baxılmaqdadır. Onların sırasında olan milli süni peyk layihəsi ölkəmizin telekommunikasiya və teleradio yayımı tələbatını ödəməklə yanaşı, region ölkələrinə xidmətlər göstərməyə imkan verərək, ölkəmizdə kosmik sənayenin inkişafı üçün əlverişli şərait yarada bilər. Qazaxıstan və ya Türkmənistan ilə Xəzəraltı optik kabel əlaqəsinin yaradılması Trans-Asiya-Avropa (TAE) magistralını ən qısa yolla qapamağa və ölkəmizin tranzit məkana çevrilməsinə xidmət edə bilər. Əhalinin İKT-nin imkanlarından istifadəsi məqsədilə “Microsoft” və “İntel” şirkətləri ilə birgə həyata keçirilməsi planlaşdırılan “Xalq kompyuteri” layihəsi əhalinin güzəştli kreditlə kompyuter əldə etməsinə imkan verəcəkdir.

Tarixi İpək yolunun keçdiyi Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrini birləşdirən “Qərb-Şərq yüksəksürətli informasiya magistralı”nın texniki-iqtisadi əsaslandırılması layihəsi üzərində də iş aparılır. Bu magistral İKT-nin ən çox inkişaf etdiyi dünyanın iki nəhəng regionunu – Qərbi Avropanı və Şərqi Asiyanı birləşdirərək, magistral üzərində yerləşən, qonşu olan və həmin regionlarla müqayisədə zəif inkişaf etmiş təxminən 20 ölkəni əhatə edəcəkdir. Layihə Azərbaycanın coğrafi mövqeyindən, inkişaf səviyyəsindən və başlıcası, onun regionda aparıcı iqtisadi potensiala malik olmasından asılı olaraq ölkəmizdə beynəlxalq kommutasiya mərkəzinin və qlobal informasiya bankının yaradılmasını nəzərdə tutur. Mütəxəssislərin fikrincə, bu layihənin reallaşması dünya miqyasında informasiya texnologiyalarının genişmiqyaslı tətbiqinə və ümumiyyətlə, regional iqtisadi inkişafa yeni təkan verəcəkdir. İnanırıq ki, Azərbaycanın siyasi və iqtisadi nüfuzunu yüksəldən nəhəng enerji və nəqliyyat layihələrinin sırasına dövlətimizin başçısının təşəbbüsü ilə yeni bir layihə – “Qərb-Şərq yüksəksürətli informasiya magistralı” da daxil olacaqdır.

Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsi, əhali, biznes qurumları ilə, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsi məqsədi ilə informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi dünya təcrübəsində «elektron hökumət» («e-hökumət») anlayışı ilə adlandırılmışdır.

«E-hökumət» ideyası son 10-15 ildə bütün dünyada geniş vüsət tapmış və özünü təcrübədə tam doğrultmuşdur. Müxtəlif ölkələrdə «e-hökumət» üzrə strategiya, metodika və fəaliyyət planları qəbul edilmiş və icra edilməkdədir, beynəlxalq qurumlar bu prosesə ciddi diqqət yetirir, maliyyə yardımları edir, hətta qlobal xarakter almış bu prosesi bir qədər də sürətləndirmək üçün ümumdünya tədbirləri, o cümlədən reytinqlərin tərtibatını həyata keçirir.

«E-hökumət» daha geniş olan elektron dövlət ideyasının tərkib hissəsidir və əsasən hökumət sektorunu əhatə edir. Ancaq hökumət orqanlarının fəaliyyətinin hər bir vətəndaş üçün zəruriliyi, ictimai əhəmiyyətli informasiya mənbələrinin əsasən burada cəmləşdiyi nəzərə alınarsa, ümumən cəmiyyət üçün əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasında müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin ümumi səviyyəsi qənaətbəxşdir və «e-hökumət»in formalaşdırılması üçün zəmin mövcuddur. «E-hökumət»in formalaşdırılması üzrə respublikada aparılan fəaliyyətin əsası 2003-cü ildə təsdiq edilmiş «Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)» ilə qoyulmuşdur. Həmin dövrdən sonrakı illərdə müxtəlif sahələrin inkişaf etdirilməsi üzrə qəbul edilmiş çoxsaylı Dövlət Proqramlarında İKT-nin tətbiqinə, sahədə idarəetmənin səmərəliliyinin, göstərilən xidmətlərin daha keyfiyyətli təşkilinə yönəlmiş məqsədyönlü tədbirlər nəzərdə tutulmuşdur. Bu işlər kompleks şəkildə bir-birini tamamlayaraq, az bir vaxtda dünyanın inkişaf etmiş dövlətləri səviyyəsinə yüksəlmək üçün müəyyənləşdirilmiş strategiyanı təşkil edir.

Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin təşkilinə və vətəndaşların dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən “bir pəncərə” prinsipi əsasında istifadəsinə şərait yaratmaq məqsədilə www.e-gov.az “elektron hökumət” portalı yaradılaraq istifadəyə verilmişdir. Hazırda “elektron hökumət” portalına 39 dövlət orqanının informasiya sistemləri qoşulmuş və bu qurumların 200-dən artıq elektron xidmətinin portal vasitəsilə həyata keçirilməsi təmin olunmuşdur. “Elektron hökumət” şlüzü dövlət orqanlarında mövcud olan informasiya sistemlərindən səmərəli istifadəni təşkil etməyə, onların arasında təhlükəsiz əlaqələrin yaradılması, sorğuların verilməsi, cavablandırılması və elektron xidmətlərin göstərilməsi zamanı informasiya sistemlərində mövcud olan sənədlərin vətəndaşlardan istənilməməsinə imkan verir.

«Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət orqanları üçün internet şəbəkəsi seqmentinin yaradılması, saxlanılması və inkişafının təmin edilməsi dövlət orqanlarında internet informasiya resurslarından istifadəyə diqqəti artırmış və daha yüksək səviyyəyə yüksəltməyə imkan vermişdir. Mərkəzi icra hakimiyyəti orqanlarının təqribən hamısı, yerli icra hakimiyyətləri əsasən, yerli özünüidarəetmə orqanlarının isə bəziləri internet informasiya resurslarına malikdirlər və onlardan əhalini məlumatlandırmaq, xidmətlər göstərmək üçün istifadə edirlər. 2000-ci ildən dövlət qurumları «gov.az» domenindən istifadə edirlər və bu informasiya resurslarının sistemli qaydada təşkilinə və istifadəsinə şərait yaradır.

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi respublikada İKT-nin inkişafı üzrə dövlət siyasətinin icrasına məsul qurum və Milli Strategiyanın həyata keçirilməsi üzrə görülən işlərin əlaqələndiricisi olaraq, bu istiqamətdə görülən işlərdə şəffaflıq prinsipini həyata keçirməyə, istifadəçiləri informasiya ilə təmin etməyə imkan verən rəsmi informasiya portalı hazırlamış, onu rus və ingilis dillərində istifadəyə vermişdir. Burada təqdim olunan normativ hüquqi aktlar, xidmətlərin qiymətləri, standart sənədlərin elektron nümunələri, fəaliyyət xəbərləri, video-qrafik və digər materiallar hər bir dövlət orqanının internet informasiya resursu üçün əyani misaldır.

Artıq elektron vergi bəyannamələrinin təqdim edilməsi, abituriyentlərin və magistrlərin qəbul imtahanlarına, dövlət qulluğuna qəbul ərizələrinin verilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi, elektron sağlamlıq kartlarının tətbiqi, elektron məktubla müxtəlif dövlət orqanlarına müraciətlərin edilməsi, məlumatların alınması həyatımızın reallığıdır.

Mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafı, yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişlənməsi ilə səciyyələnir. XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahələrdən biri hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz etmişdir. Son 10 ildə regionlarda 1400-dək ATS, 1000-ə yaxın poçt binası tikilmiş və ya əsaslı təmir edilmişdir. Hər 100 ailəyə düşən telefon aparatlarının sayı 1,6 dəfə, mobil telefon abunəçilərinin sayı 9,6 dəfə artmış, hər 100 nəfərdən 70-i internet istifadəçisi olmuşdur. 2013-cü il ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmiş və fevral ayının 8-də ölkəmizin ilk telekommunikasiya peyki orbitə çıxarılmışdır.

Hazırda ölkəmizdə 1790 ATS, 281 radio-televiziya stansiyası mövcuddur. Əhalinin hər 1000 nəfərinə 1123 mobil telefon nömrəsi, hər 100 ailəyə 67 telefon aparatı düşür.

Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir, ölkə ərazisində rəqəmsal yayımın tətbiqinə başlanılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır. Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Hazırda ölkədə 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.

2005-ci ilin iyulundan həyata keçirilməsinə başlanmış və Azərbaycan hökumətinin və BMT-nin İnkişaf Proqramının birgə layihəsi olan «Milli E-İdarəçilik Şəbəkəsi Təşəbbüsü»nün (AzDataCom) ilkin mərhələsi başa çatmışdır, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Gəncə şəhəri istiqamətində olan 8 bölgə üzrə informasiya xidmətləri göstərilməkdədir. Bu layihənin tam başa çatması nəticəsində respublikanın bütün bölgələrini əhatə edəcək şəbəkə infrastrukturu yaradılacaq və regionlarda İKT-dən istifadə imkanları daha da artacaqdır.

Respublikada beynəlxalq təcrübə əsasında və yerli şərait nəzərə alınmaqla, «e-hökumət»in fəaliyyəti üçün xüsusi əhəmiyyət kəsb edən dövlət reyestrləri yaradılmaqdadır. Əhalinin reyestri, daşınmaz və daşınan əmlakın reyestrləri, normativ aktların reyestri, ünvan reyestri, inzibati-ərazi bölgü reyestri, hüquqi şəxslərin reyestri və digər bir çox vacib olan reyestrlərin formalaşdırılması respublikada dövlət orqanlarının fəaliyyətində keyfiyyət yüksəlişinə səbəb olacaqdır. Bu reyestrlərdə hər bir şəxsə aid olan məlumatların ümumi qaydada qeydiyyatının aparılması gələcəkdə onların fəaliyyətinin əlaqəli təşkilinə, vətəndaşlara xidmət göstərilməsində «bir pəncərə» prinsipinin tətbiqinə, əhalinin dövlət orqanları ilə təmaslarının sadələşdirilməsinə, daha münasib formaya çevrilməsinə və daha çevik həyata keçirilməsinə şərait yaradacaqdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində məqsədi qabaqcıl texnologiyaları Azərbaycana gətirmək, elm tutumlu sənayenin inkişafına xidmət edən Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi yaradılıb. Mərkəz XXI əsr konverqensiya texnologiyasını həyata keçirir, bu da “nanotexnologiya”, “biotexnologiya”, “neyroelektronika” və “süni intellektin” birləşərək gələcəyin təkamül sənayesini formalaşdırır və özünəməxsus qanunauyğunluqla avtomatlaşdırılmış formada təşəkkül tapır. Burada qurulan və Almaniya, ABŞ istehsalı olan avadanlıqların müasirliyi, eyni məkanda toplanması qarşıya qoyulan məqsədə nail olmağa zəmin yaradır. Mərkəzdə sonuncu nəsil zəngin laboratoriyalar qurulub, o cümlədən Fotometrik laboratoriya, Bio-kimya nanotexnoloji laboratoriya, A-CVD karbon nanotexnologiyalar laboratoriyası, Optik spektrometriya laboratoriyası, Elektron mikroskop laboratoriyası (AFM-Atom Qüvvət Mikroskopu, SEM- Skanedici Elektron Mikroskopu). Həmçinin Avropa standartlarına uyğun müasir “Clean room” yaradılıb ki, burada yüksək texnoloji məhsullar alınır.

Azərbaycanda İKT-nin inkişaf dinamikası, uğurla həyata keçirilən neft strategiyası nəticəsində ölkəyə olan inamın artması, beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq nümunələri, yüksək texnologiyaya əsaslanan iqtisadiyyatın formalaşması üzrə qarşıya qoyulan vəzifələr, dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsinə göstərilən böyük diqqət və qayğı, ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində böyük uğurlar qazanacağına zəmanət verir.