1991-ci ilin 18 oktyabrında Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edənlər respublikada siyasi sabitlik yarada bilmədilər. Həm bu, həm də ölkənin müharibəyə cəlb olunması, onun torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi respublika idmanını xeyli geriyə atdı, onun irəli getməsinə kəskin şəkildə maneçilik törətdi. 1990-1993-cü illərdə idmanımız ətalət məngənəsində idi. Bir çox idman bazaları baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüşdü. Onlardan təyinatı üzrə istifadə olunmur, idman avadanlıq və ləvazimatları dağıdılırdı. Yüksək idman ustalığına malik və perspektivli idmançılar, bacarıqlı idman mütəxəssisləri, məşqçilər ölkəni tərk etməyə başlamışdılar. İdman dövlət qayğısından kənarda qalmışdı. 1992-ci ildə Azərbaycanda milli federasiyaların və Milli Olimpiya Komitəsinin yaranması zərurəti də dövlətin suverenliyinin atributlarını yaratmaq tələbi kimi meydana çıxdı və həll olundu.

Milli Olimpiya Komitəsi 1992-ci il yanvarın 14-də keçirilən ümumrespublika konfransında təsis edilmişdir. Komitə Olimpiada ilində yaranmışdır. 1992-ci ildə Barselonada Olimpiya Oyunları başlananda Azərbaycan Milli Olimpiya Komitəsi hələ Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmamışdı. Ona görə də Azərbaycanın yalnız beş idmançısı Müstəqil Dövlətlər Birliyinin yığma komandasının tərkibində Barselona Oyunlarında iştirak edə bildi.

1992-ci ilin noyabrında Avropa Olimpiya Komitəsinin Akapulkoda keçirilmiş Baş Assambleyasında Azərbaycan Milli Olimpiya Komitəsinin qitə təşkilatına daxil olması haqqında qərar qəbul edildi. 1993-cü ilin sentyabrında isə Beynəlxalq Olimpiya Komitəsinin Monakoda keçirilmiş Baş Assambleyasında Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan Milli Olimpiya Komitəsini tanıdı. Beləliklə, Milli Olimpiya Komitəsinin fəaliyyəti üçün hər cür əsas yaranmış oldu. Komitə ilk növbədə Olimpiya Hərəkatının öyrənilməsi və təbliğinə diqqət yetirməli, müstəqil dövlətin bu hərəkatda iştirakı üçün zəruri olan əsasları müəyyənləşdirməli, respublikada idmanın inkişafına qayğı göstərməli, MOK-un beynəlxalq əlaqələrini qurmalı, komitənin maddi-texniki bazasını yaratmalı, Azərbaycanda Olimpiya Hərəkatının tarixi, Azərbaycan olimpiyaçıları ilə bağlı materialları toplamalı və təhlil etməli idi. Onun fəaliyyəti çox zaman bir sıra tədbirlərdə rəhbər işçilərin iştirakı, 1992-1997-ci illər ərzində respublikanın iki dəfə beynəlxalq qaçış gününə qatılması ilə məhdudlaşdı.

Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ölkədə idmana münasibət dəyişdi. Azərbaycan Prezidenti Respublikada Olimpiya hərəkatının və idmanın inkişafına həmişə böyük diqqətlə yanaşırdı. Ümummilli lider Heydər Əliyevin idmançılarla, idman xadimləri ilə çoxsaylı görüşlərində ön plana çəkilən əsas məsələlərdən biri Azərbaycan idmanının, olimpiya hərəkatının inkişafı ilə bağlı olmuşdur.

1994-cü ilin aprelində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin prezidenti Cak Roq Azərbaycanı ziyarət etmişlər. Respublika Prezidenti Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələrini qəbul etmişdir. Bu qəbulda Azərbaycanda Olimpiya Hərəkatının real vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.

1994-cü ildə Respublika Prezidentinin fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Nazirliyin qarşısında qoyulan vəzifələr ölkədə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məsələlərini tam əhatə edirdi. Bu vəzifələr Azərbaycanda bədən tərbiyəsi sahəsində milli proqramın həyata keçirilməsini, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə əsaslanan sağlam həyat tərzinin təmin edilməsini, bədən tərbiyəsinin geniş təbliğinin təşkil edilməsini, əhali, xüsusilə böyüməkdə olan gənc nəsil arasında idmanın və bədən tərbiyəsinin kütləviliyinə nail olmaq məqsədi ilə digər dövlət orqanları və ictimai təşkilatlarla birlikdə idmanın maddi-texniki bazasının inkişaf etdirilməsini, Azərbaycanın beynəlxalq idman əlaqələrinin genişləndirilməsini özündə birləşdirirdi. Gənclər və İdman Nazirliyi yarandığı gündən qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində geniş fəaliyyətə başladı.

Ölkə Prezidenti 1995-ci ilin 26 fevralında XXVI Yay Olimpiya oyunlarına hazırlıq haqqında xüsusi Sərəncam verdi. Sərəncama əsasən Atlanta oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. Beləliklə, 1996-cı ildə Atlantada keçiriləcək Olimpiya oyunlarına hazırlıq, bu oyunlarda respublikanın təmsil olunması istiqamətində işlərin həyata keçirilməsinə dövlət strukturları cəlb olundu. Azərbaycan idmançıları Atlantadan bir gümüş medalla qayıtdılar. Olimpiya oyunlarında sadəcə iştirak etməyi böyük nailiyyət kimi qiymətləndirən Respublika Prezidenti olimpiyaçıları, onların məşqçilərini, bütün idmansevərləri bu nailiyyətin qazanılması münasibətilə təbrik etdi.

Milli Olimpiya Komitəsinin fəaliyyəti respublika idman ictimaiyyətini, idmançıları qane etmirdi. Bu sahədə köklü dəyişikliklər edilməsi zərurəti yaranmışdı. Milli Olimpiya Komitəsinin 1997-ci il iyulun 31-də keçirilmiş Baş Məclisində yaranmış vəziyyət geniş müzakirə olundu. Baş Məclis Milli Olimpiya Komitəsinin yeni İcraiyyə Komitəsini və İlham Əliyevi Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçdi.

Yeni heyət fəaliyyətinin ilk günlərində Azərbaycan Olimpiya Hərəkatının real vəziyyətini öyrəndi, mövcud problemləri aşkara çıxardı, işə əngəl törədən amilləri müəyyənləşdirdi və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görməyə başladı. Bütün bunlar nə qədər çətin olsa da, qarşıya qoyulan vəzifələr yerinə yetirildi, Milli Olimpiya Komitəsinin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yaradıldı. Hazırda Azərbaycan Milli Olimpiya Komitəsinin adı beynəlxalq olimpiya ailəsində hörmətlə çəkilir, onun işi nümunə göstərilir. Bu, bir tərəfdən Olimpiya Komitəsinin ardıcıl, məqsədyönlü işindən irəli gəlirsə, digər tərəfdən, dövlətimizin Olimpiya hərəkatına, idmana diqqət və qayğısının, idmançılarımızın beynəlxalq miqyasda uğurlarının nəticəsidir.

Hər bir Milli Olimpiya Komitəsinin əsas vəzifəsi, təbii ki, ölkəsinin Olimpiya oyunlarında təmsil olunmasını təmin etməkdir. Ona görə də Milli Olimpiya Komitəsinin fəaliyyətini əsas qiymətləndirmə meyarı, şübhəsiz ki, Olimpiya oyunlarında iştirak və bu oyunlarda göstərilən nəticələr sayılır. İdmançılarımız Azərbaycan bayrağı altında ilk dəfə 1996-cı ildə Atlanta-96 yay Olimpiya oyunlarındai ştirak etdilər. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı.

Azərbaycan cənub ölkəsidir. Ona görə də qış idman növlərinin inkişaf etdirilməsi üçün tələb olunan təbii şərait yoxdur. Buna baxmayaraq, hələ sovet dövründə respublikada fiqurlu konkisürmə və buzüstü xokkeylə məşğul olmaq üçün nəzərdə tutulmuş böyük idman kompleksi tikilmişdir. Həmin idman kompleksində fiqurlu konkisürmə və buzüstü xokkey bölmələri fəaliyyət göstərmişdir. Ölkədə dağ xizəyi idman növü ilə məşğul olan idmançılar da vardır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1996-cı ildə olimpiyaçılarla görüşündə demişdir: "Olimpiya oyunlarında sadəcə olaraq iştirak etmək özü böyük hadisədir. İştirak edib hansısa bir yeri tutmaq bundan da böyük hadisədir və nailiyyətdir." Olimpiya idealını və respublika Prezidentinin fikrini rəhbər tutaraq 1998-ci ildə Azərbaycanın ilk dəfə Qış Olimpiya Oyunlarında təmsil olunması təmin edildi. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya oyunlarında respublikamız 5 idmançı ilə iştirak etdi.

Milli Olimpiya Komitəsi bu ənənəni davam etdirərək 2002-ci ildə ABŞ-ın Solt Leyk Siti şəhərində keçirilən Qış Olimpiya oyunlarında iştirak etmişdir.

Olimpiya oyunlarında iştirakımızın bu günə qədərki tarixinin ən parlaq səhifələri 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilmiş XXVII Yay Olimpiya oyunlarında yazıldı. Ötən dəfə 198 ölkə arasında 61-ci olan Azərbaycan komandası, bu dəfə 199 ölkə arasında 34-cü yeri tutdu. Olimpiyaçılarımız Avropa ölkələri arasında 23-cü oldular. Bu, çox yüksək nəticə idi. Təsadüfi deyil ki, Sidney oyunlarının bağlanış mərasimində dünyanın ən böyük olimpiya stadionunda Azərbaycanın qazandığı nailiyyət ayrıca vurğulandı. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç idmançılarımızın bu qələbəsi münasibətilə respublika Prezidentinə təbrik teleqramı vurdu.

İdmançılarımız 2004-cü ilin yayında keçirilmiş Afina olimpiya oyunlarında 1 qızıl, 4 bürünc medal qazanaraq 202 ölkə sırasında 50-ci yeri tutmuşdular. 2008-ci ilin avqust ayında Pekində keçirilən 29-cu Yay Olimpiya oyunları Azərbaycan idmançıları üçün daha uğurlu olmuşdur. Təmsilçilərimiz Pekində 7 medal (1 qızıl, 2 gümüş və 4 bürünc) qazanaraq komanda hesabında 39-cu yeri tutdular. Medalların sayına görə isə son Olimpiada Azərbaycan tarixində ən uğurlusudur. Bu göstəriciyə görə Azərbaycan 204 ölkə arasında 27-ci yeri tutmuşdur. Azərbaycan postsovet ölkələri arasında 6-cı yeri, Avropa ölkələri arasında 20-ci, islam ölkələri arasında isə 3-cü olmuşdur.

Pekin Paralimpiya Oyunlarında müstəqil Azərbaycanın tarixində ilk dəfə paralimpiyaçılarımız 10 medal qazanmışlar. Onlardan 2-si qızıl, 3-ü gümüş və 5-i bürünc medaldır.

2010-cu ilin avqust ayında Sinqapurda Yeniyetmələr arasında keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 5 qızıl, 3 gümüş medal qazandılar.

2011-ci ilin sentyabrınadək qədər ölkəmizdə 31 Olimpiya İdman Kompleksi istifadəyə verilib və 9 Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir. Hazırda isə Tofiq Bəhramov adına stadionun əsaslı təmiri və yenidən qurulması üçün 10 milyon manat, Bakı şəhərində müasir idman-konsert kompleksinin tikilməsi uçun isə 6 milyon manat vəsait ayrılıb. Metronun Əzizbəyov stansiyasının yaxınlığında Böyükşorda 65 minlik stadionun təməli qoyulub. Onun yaxınlığında isə üzgüçülük kompleksi tikiləcək.

2015-ci il iyunun 12-də Bakı Olimpiya Stadionunda “Bakı-2015” birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi keçirildi. 17 gün davam edən bu möhtəşəm idman tədbirində 20 idman növü üzrə, 6000-dən çox idmançı öz xalqlarını təmsil etdilər. İlk dəfə olaraq Avropa Oyunları 50 ölkəni yarış meydanlarında bir araya gətirdi. Azərbaycan atletləri birinci Avropa Oyunlarında ümumilikdə 56, o cümlədən 21 qızıl medal, 15 gümüş və 20 bürünc medal qazanaraq qitə üzrə ikinci yeri tutmaqla, idman ölkəsi olduğunu bir daha sübuta yetirdi.

5-21 avqust 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan olimpiya yığması 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazandı. Medal sıralamasında Azərbaycan 39-cu oldu.

Bu gün ölkəmizdə 64 idman növü inkişaf edir. Respublikamızda 53 idman Federasiyası, 66 idman təşkilatı, 60 idman klubu, 170 idman məktəbi fəaliyyət göstərir. Federasiyalardan 23-ü olimpiya idman növünü, 36-sı qeyri-olimpiya idman növünü inkişaf etdirir.

İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün son 10 il ərzində ölkənin müxtəlif bölgələrində 41 olimpiya idman kompleksləri istifadəyə verilmiş, ümumilikdə 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya yenidən qurulmuşdur.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2014-cü ildə Göyçay şəhərində Şahmat Məktəbi, 2015-ci ildə Ağsu şəhərində idman kompleksi, 2016-cı ildə Tərtərdə Uşaq-Gənclər Şahmat Məktəbi istifadəyə verilmişdir.

Azərbaycan 2020-ci il Yay Olimpiadasına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Azərbaycan zəngin idman ənənələrinə malik olan bir dövlətdir. Bu ənənələrin minillik tarixi, enişli-yoxuşlu inkişaf yolu vardır. Bu gün Azərbaycan idmanı özünün inkişaf mərhələsini yaşayır.