1991-ci il oktyabrın 18-də "Müstəqillik haqqında" Konstitusiya aktının qəbul edilməsi ilə XX əsr Azərbaycan tarixinin yeni mərhələsi başlandı. Demokratik, müstəqil Azərbaycan dövlətinin bərqərar olması xalqımızın həm iqtisadi, həm də mənəvi qələbəsi olmuşdur. Bu gün Azərbaycanın təhsili, mədəniyyəti, ümumiyyətlə, iqtisadi, sosial, mədəni, mənəvi və siyasi həyatının bütün sahələri dünya standartlarına cavab verən səviyyədədir.

Soykökə qayıdış, millətimizin özünü dərk etməsi, xalqımızın və dövlətimizin sivil bəşəriyyətin birgəyaşayış qaydalarını mənimsəmək prosesi gücləndikcə Azərbaycan xalqının malik olduğu ümumbəşəri mədəniyyətin təntənəsi daha aydın nəzərə çarpır. Müstəqilliyimizin iyirmi ili ərzində mədəniyyət sahəsində qazanılan uğurlar, bütövlükdə mədəni həyatımız belə deməyə əsas verir ki, müstəqillik illəri tariximizə mədəniyyətimizin təntənəsi illəri kimi daxil olmuşdur.

Müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş verən dəyişikliklər, gərgin proseslər, zamanın yeni özəllikləri musiqiyə də böyük təsir göstərmiş, onu yeni mövzularla zənginləşdirmişdir. Bu dövr Azərbaycan musiqisinin inkişafında ümummilli lider Heydər Əliyevin rolu böyük olmuşdur. Onun himayə və qayğısı, məqsədyönlü siyasəti nəticəsində ölkənin ağır ictimai-iqtisadi durumu şəraitində Azərbaycan mədəniyyəti və incəsənəti inkişaf etdirilmişdir.

Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü hesab edilən kino xalqımızın həyatına nüfuz etmiş və onun ayrılmaz hissəsinə çevrilmişdir. Milli kinomuz ildən-ilə zəngin təcrübə toplamış, xalqımızın həyatını və problemlərini əks etdirən müxtəlif növ və janrda xeyli əsər yaradılmışdır. Bu filmlər gələcək nəsillər üçün saxlanılmış, xalqımızın mənəvi sərvətinə çevrilmişdir.

Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tədqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir.

Bakı şəhərində Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinin çox görkəmli nümayəndələri-dahi bəstəkar Üzeyir Hacıbəylinin, xalq şairi Səməd Vurğunun, böyük dramaturq Cəfər Cabbarlının, yazıçı və ictimai xadim Nəriman Nərimanovun, Azərbaycanda professional vokal sənətinin banisi Bülbülün, böyük yazıçı, "Molla Nəsrəddin" jurnalının naşiri Cəlil Məmmədquluzadənin, böyük bəstəkar və dirijor Niyazinin, Naxçıvanda böyük ədib və dramaturq Hüseyn Cavidin xatirə muzeyləri açılmışdır.

Son illərdə ölkədə keçirilən müxtəlif müsabiqələr, mahnı bayramları xalq yaradıcılığına əsl baxış olmuşdur. Ölkə Prezidenti tərəfindən təsis edilmiş "Qızıl Kitab"a adları düşən və hər biri xüsusi təqaüdə layiq görülmüş gənc sənətçilərə milli mədəniyyətimizi XXI əsrdə inkişaf etdirmək nəsib olacaqdır.

Prezident İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. 2006-cı ildən indiyədək dövlət rəhbərliyi tərəfindən mədəniyyət və turizmlə bağlı qəbul edilən qərarlar bu sahənin ahəngdar inkişafına, qazanılan nailiyyətlərə mühüm zəmin yaratmışdır. Ötən illər ərzində imzalanmış Prezident fərmanları və sərəncamları, qəbul olunmuş qanunlar və dövlət proqramları bunun bariz təsdiqidir.

Son illərdə mədəniyyət ocaqlarında maddi-texniki bazanın tamamilə yenidən qurulması prosesinə start verilmiş, teatr, kino, kitabxana işi, abidələrin qorunması, bərpası, inşası istiqamətində mühüm layihələr həyata keçirilmişdir. Bu müddətdə ölkəmizdə 49 muzey yaradılaraq istifadəyə verilmişdir. Nazirlik tərəfindən ötən müddətdə 200 adda yeni çap məhsulları nəşr olunmuş və nəşrlərin ümumi tirajı 1 milyonu ötmüşdür.

Hazırda Azərbaycanda 28 professional, 50-dək xalq və özəl teatrlar, 13 konsert təşkilatı fəaliyyət göstərir. Mədəniyyət Nazirliyi sistemində 2 böyük simfonik orkestr, xalq çalğı alətləri orkestri, bir neçə kamera və estrada kollektivi var.

Bu gün Mədəniyyət Nazirliyi sistemində 3275 klub müəssisəsi, 4313 kitabxana, 61 mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Xalqımızın mənəvi sərvətlərinin qoruyucusu, tədqiqatçısı və təbliğatçısı olan 137 muzey, 27 dövlət şəkil qalereyası və 2 bədii sərgi salonunda əsrin nailiyyətləri öz əksini tapır. Bakı Musiqi Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti, Bakı Xoreoqrafiya Məktəbi, musiqi, rəssamlıq texnikumları, 300-ə yaxın uşaq musiqi, rəssamlıq və incəsənət məktəbləri Azərbaycan mədəniyyətinin gələcəyini yaşadacaq kadrlar hazırlayır.

Azərbaycan Xoreoqrafiya Akademiyasının yaradılması mühüm əhəmiyyət kəsb edir.

18 dekabr 2014-cü il tarixində imzalanmış Fərmanla Mədəniyyət və Turizm Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması əhəmiyyətli addımlardan biridir.

Hazırda ölkəmizdə həyata keçirilən ən mühüm layihələrin əksəriyyəti Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılır. Bu layihələrin sırasında mədəniyyət, incəsənət sahəsini əhatə edənlər də çoxluq təşkil edir. Son illərdə Heydər Əliyev Fondu tərəfindən mədəni sərvətlərimizin təbliği istiqamətində mühüm işlər görülmüşdür.

Muğam Sərgin ən qədim musiqi janrlarından biri olduğu üçün dünya musiqişünaslarının, sənətsevərlərin daim diqqətini cəlb etmişdir. Qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilmişdir.

Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Yüzilliklərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyəti zənginləşən Azərbaycan muğamının müasir tarixində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. YUNESKO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir. Həm Heydər Əliyev Fondu, həm də Azərbaycan Mədəniyyət Fondu bu sahəyə öz layiqli töhfələrini vermişlər. Son illər ölkəmizdə bir sıra irimiqyaslı layihələr həyata keçirilmiş, muğam müsabiqələri təşkil olunmuş, “Qarabağ xanəndələri” albomu buraxılmış, “Muğam” jurnalı, “Muğam ensiklopediyası” nəşr edilmişdir. Muğama dair müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu ilk tədris vəsaiti kimi hazırlanmışdır.

Müstəqilliyin bərpa olunması ilə Azərbaycan musiqisinin dünyada baş verən müasir mədəni proseslərə inteqrasiya etmək imkanları daha da genişlənir. Dünyada gedən ümumi qloballaşma prosesinin axınına düşən Azərbaycan bəstəkarları bu şəraitdə milli ənənələrin və irsin qorunmasına xüsusi fikir verir, milli musiqi ilə müasir tendensiyaları yeni səviyyədə, yeni formalarda sintezləşdirməyə çalışırlar. Ölkənin hazırkı siyasi durumu, daim müharibə təhlükəsi, Vətəni tərənnüm edən, Vətəni müdafiəyə çağıran, Qarabağ müharibəsinə, 20 Yanvar faciəsinə həsr edilən əsərlər bəstəkar yaradıcılığının mühüm hissəsini təşkil edir. V.Adıgözəlovun "Qarabağ şikəstəsi" və "Qəm karvanı" (1999) oratoriyaları; T.Bakıxanovun "Qarabağ harayı" (2001) simfoniyası; A.Əlizadənin "Ana torpaq" (1993) odası; Sevda İbrahimovanın tar və simfonik orkestr üçün "Sənin üçün darıxmışam, Şuşam" (1999) və başqaları.

Bu dövrdə bəstəkarlar tarixi-ədəbi yazılı abidələrə, folklor motivlərinə müraciət etmiş, klassik ədəbiyyat nümunələrindən bəhrələnmişlər.

Müstəqillik dövründə bəstəkarları maraqlandıran yeni mövzulardan biri də uzun illərin qadağasından çıxan islam dini, onun tarixi və "Quran"dır. F.Qarayevin ansambl və maqnitofon yazısı üçün "Xütbə, muğam və surə", R.Həsənovanın orqan üçün "Qəsidə" (1991), R.Mirişlinin solist, xor və simfonik orkestr üçün "Peyğəmbərin tərifi" vokal poeması (1997), A.Ağasıyevin solist və xor üçün "Ən ulu eşqim" (1997) bu mövzuya həsr edilmişdir. Azərbaycan bəstəkarlarının müstəqillik dövrü yaradıcılığı janr baxımından zəngindir. Son illərdə ən çox müraciət olunan sahələrdən biri xor musiqisidir. R.Mustafayevin "Salatın" (1990), V.Adıgözəlovun "Çanaqqala" (1998), F.Əlizadənin "Əbədiyyətə səyahət" oratoriyaları, X.Mirzəzadənin a capella xoru üçün 2 miniatürü, S.İbrahimovanın "Əziziyəm" vokal silsiləsi bu dövrə mənsubdur. Janrın müxtəlif interpretasiya formaları qeyd edilir: kantata-plakat, kantata-and, kantata-apofeoz, kantata-epitafiya. Daha çox kiçik həcmli əsərlərə meyl duyulur. Xor əsərləri üslub baxımından çoxşaxəlidir.

Simfonik musiqi sahəsində həm irihəcmli monumental mövzulu simfoniyalar, həm də nisbətən kiçikhəcmli əsərlər yazılmışdır. Üstünlük miniatür, yığcam formalara verilmiş, düzüm və üslub baxımından fərqli əsərlər-simfonik lövhələr, simfonik rəqslər, simfonik muğamlar, simfonik süitalar, müxtəlif alətlər və orkestr üçün konsertlər və s. yaradılmışdır [A.Məlikov, 7 və 8 saylı simfoniyalar (1995, 2001); X.Mirzəzadə, "Orkestr üçün xatirə"; T.Bakıxanov, simfonik orkestr üçün "Türk eskizləri" (1999) və "Şərqdən gələn sədalar" (2000) süitaları; Aqşin Əlizadə, simfonik rəqslər (1994); A.Dadaşov, "Katarsis", simfonik orkestr və səs üçün 10 saylı simfoniya (1996); F.Qarayev, simfonik orkestr üçün 4 postlüdiya (1990); C.Quliyev, simli orkestr üçün "Dastan" (2001); F.Hüseynov, simfonik orkestr üçün "Quarani kapriççiosu" (2000)]. H.Xanməmmədov (kamança və simfonik orkestr üçün konsert, 1991; tar və simfonik orkestr üçün 5 saylı konsert, 1993); T.Bakıxanov (tar və simfonik orkestr üçün 4 saylı konsert, 1993); A.Rzayev (tar və kamera orkestri üçün "Düşüncə" və "Qaytağı", 1995); N.Əzimov (tar və xalq çalğı alətləri orkestri üçün "Xatirə", 1991); S.İbrahimova (səs, tar və simli orkestr üçün "Qurbansız qalan tarım", "Elegiya-xatirə") və başqaları xalq çalğı alətləri orkestri üçün müxtəlif səpgili əsərlər yazmışlar.

Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının kamera-instrumental əsərləri məzmun rəngarəngliyi, forma və üslub müxtəlifliyi, alətlərin tərkibinin orijinallığı ilə fərqlənir. Yeni mövzuların, müasir ifadə vasitələrinin, yeni yazı texnikasının sınanması üçün şərait yarandığından, bəstəkarlar bu janra daha çox müraciət edirlər. Bəstəkarların əsərlərində milli musiqidən, xalq çalğı alətlərindən istifadə prinsipləri yeniləşir, xalq musiqisi ilə müasir musiqi sintezinin yeni, rəngarəng formaları yaranır. Çalğı alətlərinin tərkibi keçmiş illərlə müqayisədə genişlənir, orijinal ansambl tərkibləri yaranır [F.Əlizadənin "Merac" (1998) əsəri (ud və kamera ansamblı üçün), "Oazis" (1999) simli kvartet və maqnit yazısı, "Deyişmə" (2001, arfa və maqnit yazısı üçün); C.Quliyevin "Karvan" (2000) əsəri (fleyta, saz və violonçel üçün); F.Qarayevin "Forst şəhəri üçün musiqi" (1997, royal, vibrafon və marimba üçün)].

Kamera-vokal musiqisi sahəsində A.Məlikov, Ş.Axundova, T.Bakıxanov, H.Nəcəfova, S.İbrahimova, İ.Hacıbəyov, R.Mirişli, F.Əlizadə, A.Dadaşov, E.Dadaşova, Aydın Əzimov, R.Həsənova, F.Sücəddinov, A.Yusifova kimi bəstəkarlar əsərlər yazmışlar.

Balet janrı bir sıra yeni əsərlərlə zənginləşir (X.Mirzəzadə, "Ağlar və Qaralar", 2000; A.Əlizadə, "Qafqaza səyahət", 2002; P.Bülbüloğlu, "Eşq və ölüm", 2005).

Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə keçirilən müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan musiqisini dünyada təmsil edib, onu daha da yaxşı tanıtdırmaq imkanları genişlənmişdir.

A.Məlikovun, V.Adıgözəlovun, X.Mirzəzadənin, A.Əlizadənin, T.Bakıxanovun, F.Qarayevin, İ.Hacıbəyovun, F.Əlizadənin, C.Quliyevin, E.Dadaşovanın, R.Həsənovanın, Q.Məmmədovun, F.Hüseynovun əsərləri Türkiyə, Norveç, Hollandiya, Kipr, ABŞ, İsveçrə, Almaniya, Tailand və s. ölkələrdə səslənmiş, nüfuzlu müsabiqələrin qalibləri olmuşdur. A.Qasımov 1999-cu ildə muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda nailiyyətlərinə görə YUNESKO-nun qızıl medalı ilə təltif edilmişdir. Fransada keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və dirijor xalq artisti R.Abdullayev) tərəfindən Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. Almaniyada "Ekspo-2000" Beynəlxalq sərgisində Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Mahnı Teatrının, Dövlət Rəqs Ansamblının və bir qrup incəsənət xadiminin çıxışı da bu dövrün musiqi həyatının diqqət mərkəzində olmuşdur.

Nazirlik fəaliyyətə başladığı vaxtdan etibarən respublikamızda mədəniyyətin və turizmin inkişafı istiqamətində mühüm xidmətlər göstərməkdədir. Fəaliyyət göstərdiyi müddətdə nazirlik tərəfindən beynəlxalq və ölkə əhəmiyyətli 800-dən çox tədbir keçirilmişdir. Görülmüş işlərin əyani sübutudur ki, bu gün Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilmişdir.YUNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə YUNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Bu sırada 2006-cı ildə Azərbaycanda Rusiya İli, Şostakoviç Festivalı, 2007-ci ildə ”Karvan” Beynəlxalq musiqi layihəsi, 2007-2010-cu illərdə I, II, III, IV Beynəlxalq Mstislav Rostropoviç festivalları, Vokalçıların Bülbül adına IV və V beynəlxalq müsabiqələri, 2009-cu ildə Beynəlxalq Muğam Festivalı və müsabiqəsi, Beynəlxalq Elmi Simpozium, 2009-2010-cu illərdə Bakı beynəlxalq caz festivalları, Ü. Hacıbəyliyə həsr olunmuş I və II beynəlxalq musiqi festivalları, 2009-2010-cu illərdə I və II Qəbələ beynəlxalq musiqi festivalları, 2010-cu ildə Beynəlxalq Teatr Konfransı, Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi kimi beynəlxalq səviyyəli tədbirləri xüsusi qeyd etmək olar.

Azərbaycan ədəbiyyatının, söz xəzinəsinin geniş təbliği, bədii qiraət ifaçılarının yeni nəslinin üzə çıxarılması məqsədilə 2006-cı ildə Gəncədə Nizami Gəncəvinin 865, 2007-ci ildə Ağdaşda Hüseyn Cavidin 125, 2008-ci ildə Şəkidə Mikayıl Müşfiqin 100, 2009-cu ildə Lənkəranda Cəfər Cabbarlının 110, 2010-cu ildə Göyçayda Rəsul Rzanın 100 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” adlı Respublika bədii qiraət müsabiqələri keçirilmişdir.

10 İyun 2015-ci ildə Heydər Əliyev Sarayında keçirilən Folklor rəqs festivalında Azərbaycan, Rusiya, İran və Gürcüstanın tanınmış rəqs kollektivləri iştirak ediblər.

2016-cı il 14-16 mart tarixlərində Ağsu rayonunun Gəgəli kəndində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Sarılı şirkətinin təşkilatçılığı ilə II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilib.

Ötən illər ərzində Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən bir çox görkəmli mədəniyyət və incəsənət xadiminin yubileyləri qeyd olunmuşdur.

Yaxın və uzaq xariclə mədəni əlaqələr son illərdə geniş vüsət almışdır. Hər il Azərbaycan mədəniyyəti və incəsənəti dünyanın bir çox ölkələrində geniş nümayiş etdirilir və özünə hər dəfə çoxlu təzə pərəstişkarlar tapır.

Ötən illərdə bir sıra xarici ölkələrdə - Səudiyyə Ərəbistanı, Almaniya, Ukrayna, Misir, Tatarıstan, Tacikistan, Türkmənistan, Rusiya, Qətər, Mərakeş, İordaniya, Gürcüstan, İran, Belarus və Moldovada Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir. Eləcə də Azərbaycanda Tatarıstan (Rusiya), Türkmənistan, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Tacikistan, Moldova, Belarus, Rusiya, Misir, Mərakeş və İordaniyanın Mədəniyyət Günləri təşkil edilmişdir.

Azərbaycan teatrları 2006 -2010-cu illər ərzində Rusiya, Türkiyə, Misir, Bolqarıstan, Tacikistan, Gürcüstan, Ukrayna, Belarus, İran, Mərakeş, Avstriya, Fransa, Almaniya, Hollandiya və İsveçrədə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə iştirak etmişlər.

2008-ci ildə Azərbaycanda Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının 100 illik yubileyi Akademik Opera və Balet Teatrında təntənəli şəkildə keçirilmişdir.

2009-cu ildə Azərbaycan milli opera sənətinin şah əsəri olan Ü.Hacıbəylinin “Koroğlu” əsəri TÜRKSOY-un təşəbbüsü ilə Beynəlxalq layihə əsasında tamaşaya qoyulmuşdur. Layihədə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan musiqiçiləri iştirak etmişlər. Tamaşa Ankara, İstanbul, Bakı, Bişkek və Astanada böyük uğurla göstərilmişdir.

2013-cü ildə Azərbaycan peşəkar teatrının 140 illiyi geniş qeyd olunmuşdur.

2006-2010-cu illər dünya şöhrətli bədii kollektivlər, teatrlar, musiqiçilər, dirijorlar Azərbaycanda qastrol səfərlərində olmuşlar. Ü.Hacıbəylinin 125 illiyi münasibətilə “Arşın mal alan” operettası Türkiyə, Çin, Belarus, Türkmənistan, Ukrayna və Qazaxıstanda səhnəyə qoyulmuşdur.

2007-ci ildə İsveçrədə keçirilən 41-ci Montrö Caz Festivalında Azərbaycan ilk dəfə iştirakçı olmuş, gənc musiqiçi Şahin Növrəsli respublikamızı layiqincə təmsil edərək, ikinci yerə layiq görülmüşdür. 2009-cu ildə 43-cü Montrö Caz Festivalında gənc pianoçu İsfar Rzayev-Sarabski I yerə layiq görülmüşdür. 11 ölkə arasında birinci yeri qazanan Azərbaycan, həmçinin festival tarixində bu mükafata layiq görülən ilk müsəlman ölkəsi olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin «Üzeyir Musiqi Gününün keçirilməsi haqqında» 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir.

Azərbaycanın Qəbələ şəhərində 2009-cu ildən başlayaraq ənənəvi olaraq hər il yay aylarında Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilir.

2016-cı il sentyabrın 14-dən 17-dək Fransanın Alzas regionunda yerləşən Müluz şəhərində Azərbaycan musiqisinə həsr edilmiş “İki dünya” adlı musiqi festivalı keçirilib.

Milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi nailiyyətlər qazanan şəxslərin bədii axtarışlarını dəstəkləmək və daha böyük yaradıcılıq uğurlarına ruhlandırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi respublikamızda ilk dəfə olaraq 2007-2010-cu illərdə «Zirvə» mükafatı təsis etmişdir.

Bakının 2009-cu ildə “İslam Mədəniyyəti Paytaxtı” elan olunması ilə əlaqədar tədbirlər planı çərçivəsində həmin ilin martında Muzey Mərkəzində «Qadın portretləri» adlı sərgi, «Şərq və Qərb moda təqdimatı», habelə Azərbaycan qadın bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil edilmişdir.

Ölkəmizin qədim şəhərlərindən olan Naxçıvan da 2018-ci il üçün “İslam mədəniyyəti paytaxtı” elan olunmuşdur.

2010-cu ildən etibarən Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ Əfsanələr Paytaxtı, Qazax, Lənkəran, Masallı, Zaqatala, Balakən Folklor Paytaxtı, Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron müvafiq olaraq Sənətkarlıq Paytaxtı olmuşdur. 2015-ci ildə Şamaxı Ədəbiyyat Paytaxtı, Qax isə Milli Mətbəx Paytaxtı elan edilmişdir.

Ötən müddətdə incəsənətlə bağlı qəbul edilən bir sıra dövlət sənədləri - “Teatr və teatr fəaliyyəti haqqında” qanun, “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam, “2009-2019-cu illərdə Azərbaycan teatrı”, “2008-2019-ci illərdə Azərbaycan kinosunun inkişafı haqqında” Dövlət Proqramları bu sahələrin inkişafına geniş zəmin yaratmışdır.

Heydər Əliyev adına Sarayın, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Akademik Dövlət Milli Dram Teatrının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılmışdır.

Ölkə prezidentinin təşəbbüsü ilə dahi rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyinin YUNESKO səviyyəsində qeyd edilməsi, SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, dövlət mükafatları laureatı Tahir Salahovun 2008-ci ilin noyabrında Bakıda, 2009-cu ilin yanvarında isə Moskvada 80 illik yubiley tədbirləri keçirilmişdir. 2010-cu ildə ölkə prezidenti tərəfindən daha bir görkəmli fırça ustamızın - SSRİ Xalq rəssamı, Dövlət Mükafatı laureatı Toğrul Nərimanbəyovun 80 illik yubileyinin keçirilməsi barədə müvafiq sərəncamlar imzalanmışdır.

Nazirliyin tabeliyində fəaliyyət göstərən 33 dövlət rəsm qalereyasının fəaliyyətinin, maddi-texniki bazasının və bina təchizatının yaxşılaşdırılması istiqamətində lazımi işlər görülmüşdür.

Azərbaycan mədəniyyəti bu gün möhtəşəm bir dövrünü yaşayır. Müstəqillik dövründə tarixi şəxsiyyətlərimizin, milli mədəniyyətimizin görkəmli nümayəndələrinin yubileylərinin, habelə ayrı-ayrı milli bayramların və tarixi günlərin qeyd edilməsi ilə bağlı tədbirlər dövlət başçımızın imzaladığı fərman və sərəncamları ilə həyata keçirilir.

Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasəti ümumi dövlət siyasətinin tərkib hissəsidir. 21 dekabr 2012-ci ildə “Mədəniyyət haqqında” Azərbaycan Qanunu qəbul edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə daşınmaz tarix və mədəniyyət abidələrinin, qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilinə, daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.

Azərbaycan mədəniyyətinin inkişafını, daxili və xarici təhdidlərdən qorunmasını, dünya mədəniyyətinə uğurlu inteqrasiyasını, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilmişdir.

«Eurovision - 2012» nüfuzlu mahnı müsabiqəsinin Azərbaycanın paytaxtında keçirilməsi bütün dünyadan turistlərin ölkəmizə axışması üçün şərait yaratdı və ölkənin turizm sənayesinin inkişafına güclü təkan verdi.

Hazırda “Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət proqramı” və "2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət proqramı” artıq yekunlaşmış, "Azərbaycan kinosu 2008-2018-ci illərdə", "Azərbaycan teatrı 2009-2019-cu illərdə", "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə" Dövlət Proqramları isə icra edilməkdədir.

Heydər Əliyev Fondu Azərbaycanı, onun mədəniyyətini, ənənələrini və həyat tərzini Fransada təbliğ etmək, müxtəlif mədəniyyətlərə və həyat tərzinə malik xalqların bir-birini daha yaxından tanıması və iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi məqsədilə Parisdə “Azərbaycan şəhərciyi” təşkil edib.

“Azərbaycan Parisin ürəyində” adlanan şəhərcik Luvr muzeyinin qarşısındakı məşhur Pale Royal meydanında avqustun 29-dan sentyabrın 8-dək fəaliyyət göstərib. Sentyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərbaycan şəhərciyi”nin rəsmi açılışında iştirak ediblər. Sentyabrın 3-də “Parisin ürəyində Azərbaycan etno-caz musiqisi” adlı konsert proqramı təşkil edilib. Konsertdə tanınmış gənc tarzən Şəhriyar İmanovun ifasında, pianoçu Etibar Əsədli, zərb alətlərində Elvin Bəşirov və gitarada Ruslan Hüseynovun müşayiəti ilə Azərbaycan xalq mahnıları, bəstəkar Səid Rüstəmovun və Şəhriyar İmanovun əsərləri təqdim edilib. Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” Parisdə ilk dəfə 2014-cü il sentyabrın 19-dan 28-dək San Sülpis meydanında təşkil edilib.

15 – 31 iyul 2016-cı ildə Kannın Festivallar sarayında Azərbaycanın tarixini və mədəniyyətini, Fransa ilə Azərbaycan arasında əlaqələri əks etdirən sərgilər açılıb. Sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların adət-ənənələrindən bəhs edən “Bir günəş altında” filmi də təqdim olunub. Filmdə Azərbaycanda müxtəlif xalqların və millətlərin nümayəndələrinin bir ailə kimi yaşaması, ölkəmizdəki tolerantlıq mühitinin qədim və zəngin tarixə malik olması aydın şəkildə əks etdirilib.

2016-cı il sentyabrın 17-dən 25-dək Heydər Əliyev Fondu Parisdə “Azərbaycan şəhərciyi” təşkil edib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Azərbaycan şəhərciyi”nin rəsmi açılışında iştirak edib. Şəhərcik Eyfel qülləsinin yanındakı Jofr meydanında fəaliyyət göstərib. Şəhərçikdə təşkil olunan xalq sənətkarlıq emalatxanalarında ziyarətçilər xalçaçılıq, misgərlik və şəbəkə, taxta üzərində oyma, dulusçuluq, kəlağayı və digər sənət nümunələrinin yaradılması prosesi ilə yaxından tanış olublar. Muzey bölməsində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar, o cümlədən misgərlik məmulatları, milli geyimlər, musiqi alətləri, xalçalarımız və digər sənət nümunələri sərgilənib.

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi “Bir günəş altında” sənədli filmini çəkib. 2016-cı il dekabrın 5-də filmin təqdimatı olub. Layihənin rəhbəri, filmin baş prodüseri Arzu Əliyevadır. Filmdə Azərbaycanda yaşayan 17 etnik qrupun 134 nümayəndəsinin müsahibəsi lentə alınıb. Filmin tamaşaçıya ötürdüyü əsas mesaj Azərbaycanda tolerant bir mühitin olması və burada dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hamının bərabər yaşamasıdır.


Azərbaycanın sosial və iqtisadi sahələrdə uğurları, beynəlxalq aləmdə daim artan nüfuzu ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş mədəni hüquqlarının həyata keçirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Bu gün Azərbaycan Respublikasında hər kəsin mədəniyyət sahəsində hüquq və azadlıqları, beynəlxalq hüququn prinsip və normaları rəhbər tutulmaqla təmin edilir.