Turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi nəzərdən keçirilir. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu potensialı düzgün qiymətləndirərək kifayət qədər investisiya tələb edən turizmin tənəzzüldən çıxarılması və inkişafı üçün kompleks tədbirlər həyata keçirmişdir. Ulu öndərimizin möhkəm təməl üzərində əsasını qoyduğu sosial-iqtisadi siyasət strategiyası nəticəsində Azərbaycanın maliyyə imkanlarının ildən-ilə yaxşılaşması turizm sahəsində uğurlu islahatların aparılmasına imkan yaratmışdır. Turizmin inkişaf tendensiyası ilk növbədə ölkənin ali qanunvericilik aktlarında öz əksini tapmışdı. 1999-cu ildə Milli Məclisdə “Turizm haqqında” qanun qəbul edilmiş, 27 iyul 1999-cu ildə ulu öndər Heydər Əliyev “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərman imzalamışdır.

2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turist təşkilatına üzv olmuşdur.

Respublikamızda turizm sahəsində dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, normativ-hüquqi aktların qəbul edilməsi, turizm sahəsində kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülmüşdür. Bu müddətdə həm daxili turizmin inkişafı, həm də Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası, ölkəmizə daha geniş miqyasda xarici turist səfərlərinin təşviq edilməsi diqqət mərkəzində olmuşdur.

Azərbaycanda turizm müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir forması kimi inkişaf etdirilir. Ölkədə "Turizm haqqında" qanun 4 iyun 1999-cu ildə qəbul edilmişdir. Gənclər, İdman və Turizm Nazirliyi 18 aprel 2001-ci ildə yaradılmışdı. Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006 il tarixli Fərmanı ilə Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv olunaraq Mədəniyyət və Turizm Nazirliyi təşkil edilmişdir.

"Azərbaycan Respublikasında 2002-2005 illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq edildikdən sonra ölkədə turizm ehtiyatlarından səmərəli istifadə olunur. Respublika ərazisində turizmin inkişafını təmin etmək məqsədilə 2002-ci ildə beynəlxalq standartlara cavab verən 7 əsas (Bakı-Xaçmaz, Bakı-Astara, Bakı-Balakən, Bakı-Qazax, Bakı-Abşeron yarımadası - Qobustan, Bakı-Naxçıvan, Bakı-Şuşa) turist marşrutu müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının turizm sənayesi üçün müasir beynəlxalq tələbələrə cavab verən mütəxəssislərin hazırlanması; müxtəlif təhsil formalarını tətbiq etməklə yüksək mədəni və vətəndaş fəallığı ilə dərin peşə biliyini özündə birləşdirən yüksək ixtisaslı mütəxəssislər hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı Qərarına əsasən Azərbaycan Turizm İnstitutu yaradılmışdır. Azәrbaycan Respublikasında turizm, menecment vә digәr xidmәt sahәlәrindә müşahidә olunan sürәtli inkişafı, “Azәrbaycan 2020: gәlәcәyә baxış” İnkişaf Konsepsiyasını, Azәrbaycan Respublikasında tәhsilin inkişafı üzrә Dövlәt Strategiyasını nәzәrә alaraq 22 dekabr 2014-cü ildə Azәrbaycan Respublikası Prezidentinin Sәrәncamı ilə Azәrbaycan Turizm vә Menecment Universiteti yaradılməşdır.

Azərbaycanda turizmin inkişafında vacib amillərdən sayılan qida sektoru formalaşmış, Milli Kulinariya Mərkəzi yaradılmışdır (1991). "Amburan", "Karvansara", "Bəh-bəh klub", "Mc Donald's", "Pizza-nat", "Patio-pizza", "Oyster Fish House", "Dolce Vita", "Dəniz" restoranları və b. həm yerli əhalinin, həm də turistlərin ixtiyarındadır. Respublikada fəaliyyət göstərən milli, Avropa, türk, hind və Çin mətbəxli restoranların əksəriyyəti Bakıda yerləşir.

Bakıda dünyanın ən böyük mehmanxana şəbəkələrinə daxil olan beşulduzlu "Hyatt Regency" (1995), "Grand Hotel Europe" (1997), "Radisson SAS Plaza Hotel" (1998), "Park Hyatt Hotel" (1999), "Excelsior Hotel Baku" (2005) və b. fəaliyyət göstərir. 2011-ci il iyulun 2-də Bakıda beşulduzlu “Kempinski Badamdar” hotel kompleksinin açılışı olub. Yalnız dünyanın ən inkişaf etmiş ölkələrində rast gəlinən bu cür obyektlər iş adamları, turistlər və qonaqlar üçün maksimum xidmətlər təklif edir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı”nın tələbləri çərçivəsində hesabat dövrü ərzində Quba, Şamaxı, Şəki, Lənkəran, Gəncə, Zaqatala, Xaçmaz və Naxçıvan turizm informasiya mərkəzləri fəaliyyətə başlamışdır.

Həyata keçirilən əsas tədbirlərdən biri də beynəlxalq mədəni turizm marşrutları vasitəsilə Azərbaycanın turizm bazarının beynəlxalq turizm bazarına inteqrasiya etməsidir. Bununla bağlı Avropa Şurasının Kiyev təşəbbüsü layihəsi çərçivəsində “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda şərab yolları” və “İpək Yolu” beynəlxalq mədəni turizm marşrutları, “Alman yaşayış məskənləri” adlı beynəlxalq layihələr işlənməkdədır. “Azərbaycanda şərab yolları” layihəsi çərçivəsində Beynəlxalq Mədəniyyət və Turizm Mübadiləsi Assosiasiyası yaradılmışdır.

Eyni zamanda ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması məqsədilə Almaniya, Avstriya və Türkiyə, Misir, Mərakeş, Küveyt, Yunanıstan və başqa ölkələrin turizm şirkətləri və kütləvi informasiya vasitələri üçün infoturlar təşkil edilir. Azərbaycanda fəaliyyət göstərən turoperatorlar və KİV nümayəndələri üçün 2006-cı ildən mütəmadi olaraq respublikamızın müxtəlif rayonlarına infoturlar həyata keçirilmişdir. Bu infoturlar nəticəsində turist şirkətləri ilə mehmanxanalar arasında əməkdaşlıq yaranır.

Hər il Azərbaycanda da 27 sentyabr Turizm Günü kimi qeyd olunur. Bununla bağlı müxtəlif tədbirlər, ümumrespublika daxili turizm konfransları, turizm sahəsinə aid layihələr həyata keçirilir.

Daxili turizmin inkişaf etdirilməsi istiqamətində Yanardağ və Nardaran qalası turist marşrutuna salınıb. «Qala» Dövlət Tarixi Etnoqrafik Muzeyi yaradılıb və bu məkanın turizm marşrutu kimi tanıtdırılması istiqamətində işlər görülüb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”na uyğun olaraq, Azərbaycan Respublikasında dövlət təsnifatından keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 74-ə çatmışdır.

Turizm şirkətlərinin fəaliyyətinin inkişaf etdirilməsi, onların işində mövcud olan problemlərin aradan qaldırılması və turizm şirkətlərinin mənafeyinin qorunması, vahid şəkildə yerli və beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə 2009-cu ildə Azərbaycan Turizm Şirkətləri Assosiasiyası yaradılmışdır. Turizmin inkişaf etdiyi bütün ölkələrdə belə bir qurum fəaliyyət göstərir. 250-yə yaxın turizm şirkətinin fəaliyyət göstərdiyi Azərbaycanda da bu assosiasiyanın təsis edilməsi mühüm addım hesab olunur..

İqtisadiyyatın sürətlə inkişafı, dünya ölkələri arasında nüfuzunun yüksəlməsi ölkəmizə marağın artmasına səbəb olmuş, respublikamıza gələn əcnəbilərin ildən-ilə çoxalmasına, bir sözlə, turizm fəaliyyətinin genişlənməsinə şərait yaratmışdır. Turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-ci il ölkəmizdə "Turizm ili" elan edilmişdir.

Ötən müddətdə Bakı ilə yanaşı, regionlarda da turizm komplekslərinin, otellərin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına, əhalinin istirahətinə geniş imkanlar yaratmışdır.

Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın təsdiq edilməsində məqsəd Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm xidməti sahələrinin formalaşdırılması, turizm sahəsinin ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi, qeyri-neft sektorunda turizmin gəlir gətirən sahə kimi inkişaf etdirilməsi, bu sahədə yüksək keyfiyyətli xidmət səviyyəsinin yaradılması və davamlı inkişafın təmin edilməsidir. Proqramın icra olunması məqsədilə ötən müddətdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən işlər görülmüşdür. Nazirliyin tədbirlər planı təsdiq edilmiş və bir sıra bəndlərin icrası ilə bağlı aidiyyəti üzrə dövlət qurumlarına məktublar ünvanlanmışdır. Bunun nəticəsi olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Dövlət Proqramının icrasına dair Tədbirlər Planı hazırlanmışdır.

Proqramın icrasına uyğun olaraq Azərbaycanda yeni turist marşrutlarının yaradılması çərçivəsində 2010-cu il avqustun 3-dən 5-dək Respublika Atçılıq Mərkəzinin Şəkidəki filialında “Atüstü turizm marşrutları”nın təqdimatı keçirilmiş və tədbirdə 12 turizm şirkəti, KİV nümayəndələri iştirak etmişlər. Eyni zamanda sentyabrın 3-5-də Bakı-Quba-Şamaxı-Bakı istiqamətində dağlıq ərazilərdə avtoturizm və ekstremal turizmin komponentlərini özündə əks etdirən yeni turist marşrutu yaradılmışdır.

Respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi bir sıra tədbirlər həyata keçirir. Nazirliyin sifarişi ilə son on il ərzində ölkəmizin turizm imkanlarını əks etdirən rus, ingilis, fransız, ərəb, yapon, çin, alman, ispan və Ukrayna dillərində 40-dan çox reklam-çap məhsulları, CD və DVD disklər hazırlanmışdır. Bu reklam-çap məhsulları beynəlxalq turizm sərgilərində sərgi iştirakçılarına və ziyarətçilərə, respublikamızın xarici ölkələrdəki səfirlik və nümayəndəliklərinə çatdırılır.

Son on il ərzində Azəərbaycanın təmsil olunduğu beynəlxalq turizm sərgilərinin coğrafiyası genişlənmiş və iştirak edilən sərgilərin sayı 19-a (London, Nyu-York, Moskva, Berlin, Pekin, Milan, Madrid, Dehli, Vyana, Mumbay, İstanbul, Tokio, Əl-Küveyt, Dubay, Kiyev, Tbilisi, Bəhreyn, Daşkənd və s.) çatmışdır.

Turizm sahəsində əməkdaşıq haqqında Hökumətlərarası Sazişlər çərçivəsində də müəyyən işlər görülmüşdür. Belə ki, 2006-cı ildən etibarən Azərbaycanla Yunanıstan, Qazaxıstan, İordaniya, Fransa, Tacikistan, Misir Ərəb Respublikası, Litva, Mərakeş Krallığı, Küveyt, Suriya və Latviya arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər bağlanmışdır. İmzalanmış sazişlərin müddəalarının həyata keçirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq tədbirlər görür və digər ölkələrlə turizm sahəsində ikitərəfli əlaqələrin qurulması istiqamətində müvafiq işlər aparır.

İslam dünyası ilə mədəniyyət və turizm sahələrində çoxtərəfli əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf edir. Bu əməkdaşlıq həm İslam Konfransı Təşkilatı, həm də onun ixtisaslaşmış institutları olan İSESCO, İRCİCA, SESRTCİC, İslam Texnologiyalar Universiteti və s. təşkilatlar çərçivəsində həyata keçirilir. 2006-cı ildə İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin Turizm Nazirlərinin 5-ci Konfransı Bakı şəhərində keçirilmişdir.

Azərbaycan Respublikası ilə 28 ölkə arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş layihələri hazırlanmışdır. Həmçinin çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi Birləşmiş Millətlər Təşkilatı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq təşkilatlarla turizm sahəsində çoxtərəfli əməkdaşlığın təşkil edilməsi, turizm sahələrində mövcud proqramlara qoşulma, beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində səmərəli fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikasında turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli sərəncamı ilə “Turizm ili” elan edilmişdir.

2011-ci ildə Bakıda X Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF-2011) keçirilmişdir. 150-dən çox şirkət iştirak etmiş, habelə 23 ölkə və 55 istiqamət təqdim edilmişdir.

Bu sərgi ilə paralel olaraq II Ümumrespublika Daxili Turizm Sərgisi də keçirilmiş, 18 regiondan təxminən 100 şirkət təmsil olunmuş, Azərbaycanın regional istirahət zonaları, sanatoriyaları və mehmanxanaları nümayiş etdirilmişdir.

Azərbaycanın regionlarında da mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bunlara misal olaraq, Qafqaz mehmanxanalar şəbəkəsini, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkını, Qusar rayonundakı möhtəşəm «Şahdağ» qış-yay turist kompleksini, həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malik 15-dən çox Olimpiya idman kompleksini və digərlərini göstərmək olar.

Bütün bunlar turizmin Azərbaycanda dövlət siyasətinin üstün vəzifələrindən birinə çevrildiyinə və qarşıda ölkənin iqtisadi inkişafına böyük perspektivlər açdığına dəlalət edir.

Respublikanın iqlimi, zəngin təbiəti, maddi-mədəniyyət abidələri turizmin yeni növlərinin inkişafına imkan verir. Turizm ehtiyatları tarixi, ekoloji, ekzotik, təbiət, idman, mədəni turizm növlərinin inkişafı baxımından perspektivlidir.

Azərbaycanda dövlət tərəfindən qorunan 6308 tarix və mədəniyyət abidəsinin 65-i dünya, 2034-ü ölkə, qalanı isə yerli əhəmiyyətlidir. YUNESKO-nun Dünya İrs Siyahısına Azərbaycandan İçərişəhər Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə salınmışdır (2000). "İçərişəhər" Tarix-Memarlıq Qoruğunun ərazisindəki 10 dünya, 27 ölkə əhəmiyyətli abidə maraqlı turizm obyektləridir.

Əlverişli iqlim şəraiti (Lənkəran-Astara, Nabran-Yalama, Abşeron və b.), müalicəvi mineral sular, neft və palçıqlar (Lənkəran, Kəlbəcər, Naxçıvan, Naftalan, Abşeron və b.) sağlamlıq turizminin inkişafına geniş imkan yaradır. Respublikada dövlət təbiət qoruqlarının (DTQ) və milli parkların sayının artması təbiət, ekoloji və ekzotik turizm növlərinin inkişafını sürətləndirmişdir. Soyuq iqlimli bölgələrdə (Kiçik Qafqaz, Naxçıvan, Şəki, Zaqatala, Qusar, Lerik, Şamaxı və b.) turizmin alpinizm, dağ-xizək idmanı növləri inkişaf etdirilir. Bakı, Maştağa, Gəncə, Quba, Naxçıvan, Lənkəran, Bərdə, Şəki və Şamaxıda açılmış Olimpiya idman komplekslərində milli, regional və beynəlxalq miqyaslı idman yarışlarının keçirilməsi turizm əlaqələrini genişləndirir. Şəkidə və Qubada OİK-lərin nəzdində müasir mehmanxanalar tikilmişdir.

Ölkəmizə turist axını ildən-ilə artır. 2015-ci ildə ölkəmizə 2 milyon 300 minə yaxın turist gəlmişdir. Sadə hesablamaya görə, 2015-ci il ərzində turizm xidmətlərindən ölkəmizin maliyyə dövriyyəsinə ən azı 1 milyard manat həcmində vəsaitlər daxil olmuşdur.

Paytaxtda və digər turist zonalarında çoxlu miqdarda yüksək xidmət səviyyəsinə malik mehmanxanalar tikilmişdir. Hazırda onların sayı artıq 550-ni ötmüşdür.

Bakının ən məşhur brend şəbəkəli mehmanxanalarından aşağıdakıları göstərmək olar – Four Seasons Hotel Baku, Hyatt Regency, JW Marriott Absheron Baku Hotel, Jumeirah Bilgah Beach Hotel, Bulvar Hotel, Hilton Baku, Kempinski Hotel Badamdar, Intourist, Fairmont və s.

Azərbaycanın regionlarında da mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bunlara misal olaraq, Qafqaz mehmanxanalar şəbəkəsini, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkını, «Tufandağ» qış turizm kompleksini, Qusar rayonundakı möhtəşəm «Şahdağ» turizm mərkəzini göstərmək olar.