1991-ci ildə dövlət müsəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasında demokratik dövlət quruculuğunun həyata keçirilməsi və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması obyektiv zərurətə çevrildi. Belə ki, dünya ölkələrinin inkişaf təcrübəsinə əsasən istənilən cəmiyyətdə davamlı sosial-iqtisadi inkişafa və yeniləşməyə yalnız çoxmülkiyyətli iqtisadiyyat, azad rəqabət və liberal qiymətlər şəraitində nail olmaq mümkündür. İqtisadi transformasiya prosesi adətən təkamül yolu ilə baş verir və bir qayda olaraq iqtisadi münasibətlərin bütün səviyyələrini əhatə edir. Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrünü iki əsas mərhələyə ayırmaq olar: 1991-1994-cü illəri əhatə edən tənəzzül və 1995-ci ildən başlayaraq bərpa və dinamik inkişaf dövrləri.

Birinci dövr üçün olduqca mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyət səciyyəvi idi. Belə ki, 90-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında xaosa gətirib çıxarmışdı.

Bu mərhələnin iqtisadi mənzərəsi həmin illərin makroiqtisadi göstəricilərində daha aydın nəzərə çarpır. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5% azalmışdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10%, 1992-ci ildə 37%, 1993-cü ildə isə 50%-ə qədər azalmışdı. Ölkə istehsal potensialının demək olar ki, 2/3-ni itirmişdi. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmışdır.

1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3% təşkil etmiş, 1994-cü ildə isə özünün ən yüksək həddinə, hiperinflyasiya mərhələsinə – 1763,5%-ə çatmışdı.

Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1991-ci ildəki 0,1%-dən 1994-cü ildə 13%-ə qədər artmışdı və büdcə kəsiri bütövlükdə Milli Bank tərəfindən maliyyələşdirilirdi. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42% azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun belə xarici sərmayə qoyulmamışdı. 1994-cü ildə Milli Bankın uçot dərəcəsi 250%-ə çatmışdı. Əslində ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü.

Qeyd olunan proseslər əhalinin güzəranının ağırlaşmasına səbəb olmuşdu. 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əmək haqqı isə 5,7 dəfə azalmışdı.

Yalnız Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ilin iynunda yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

1994-cü ilin sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Ölkə prezidentinin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir. Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünü tətbiq edən və namizəd statusuna malik 26 ölkədən tamhüquqlu üzv statusunu almış ilk və yeganə ölkədir.

Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomativ rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın kəndlilərə paylanması kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı.

Aqrar sektorda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmini məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, onlara müddətli vergi tətillərinin verilməsinə başlandı. Bununla yanaşı, kənd təsərrüfatı məhsulu istehsalçıları torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azad edildilər.

Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi. Bütün qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində aqrar bölmədə özəl sektorun xüsusi çəkisi bu gün demək olar ki, 100%-ə çatmışdır.

Bununla yanaşı, dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və müvafiq dövlət proqramları təsdiq olundu.

Özəlləşdirmənin başlıca məqsədlərini, dövlət proqramlarında təsbit olunduğu kimi, təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, iqtisadiyyata investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması təşkil etmişdir.

Keçid mərhələsində həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsinə başlanıldı.

Eyni zamanda, ölkədə sahibkarlığın inkişafı üçün zəruri tədbirlər görüldü.

Sosial sahədə mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə əhaliyə göstərilən xidmətlərin, xüsusilə təhsil və səhiyyə xidmətlərinin həcminin, keyfiyyətinin və ünvanlılığının artırılması istiqamətində köklü islahatlara başlandı.

Qeyd olunanlarla bərabər, Azərbaycanın dünya iqtisadi sistemində layiqli yer tutması, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunması məqsədilə investisiyaların qorunması üçün qanunvericilik bazası formalaşdırılmış, 40-a yaxın ölkə ilə ikitərəfli sazişlər imzalanmış, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətləri qurulmuşdur.

1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi – bərpa və dinamik inkişaf dövrü başlandı.

Kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına buğda istehsalının stimullaşdırılması məqsədilə yardım verilməsi, toxumçuluq və damazlıq işləri üzrə müəyyən işlərin görülməsi, aqroservis xidmətlərindən güzəştli qiymətlərlə istifadə, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olmuşdur.

Aqrar sektorda emalçılar ilə istehsalçılar arasında kooperasiya münasibətlərinin möhkəmləndirilməsi, fermerlərin dövlətin dəstək mexanizmlərindən daha səmərəli istifadə etməsi məqsədilə regionlarda 50 başlıq südlük cins iribuynuzlu təsərrüfatların yaradılmasına başlanılmışdır.

Yerli istehsal sahələrinin yenidən qurulması və uğurla həyata keçirilən aqrar islahatların aparılması bir sıra yerli qida məhsullarının istehsalının artmasına və ölkəmizə idxalının azalmasına səbəb olmuşdur. Yerli məhsullar daxili bazarımızı zənginləşdirmiş, əsas qida məhsullarına idxaldan asılılığımızı azaltmışdır.

Ölkənin sahibkarlıq sektorunun inkişafı göstəricilərinin dinamikası həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrinin əyani təsdiqidir.

Ötən müddət ərzində ölkənin müxtəlif bögələrində müntəzəm olaraq təşkil edilmiş biznes forumlar yerli və müxtəlif ölkələrdən olan iş adamları, sahibkarlar arasında maarifləndirmə işinin təşkilinə, onların məlumat əldə etmə imkanlarının genişləndirilməsinə, ölkə regionlarının mövcud təbii və əmək resurslarından səmərəli istifadə edilməsi, habelə xarici investisiyaların cəlb edilməsi prosesinin dəstəklənməsinə müsbət təsir göstərmişdir.Ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunmasını, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə uğurla icra olunan dövlət proqramları ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olmaqla, regionların kompleks inkişafına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə səbəb olmuşdur.

Ölkəmizin informasiya-kommunikasiya texnologiyaları sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması məqsədilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”) icra olunmuş, ölkəmizin ümumdünya elektron informasiya məkanına inteqrasiyası təmin edilmişdir. Ölkə rəhbərliyi tərəfindən informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı prioritet sahələrdən biri kimi müəyyən edilmişdir. Bu baxımdan, müasir standartlara cavab verən informasiya-kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya-kommunikasiya xidmətlərinin genişləndirilməsi istiqamətində önəmli işlər görülmüşdür.

Transmilli nəqliyyat proqramları və layihələri çərçivəsində, o cümlədən TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi və yenidənqurulması, regionlarda, xüsusən dağ rayonlarında yol şəbəkəsinin bərpası və təkmilləşdirilməsi işləri həyata keçirilmişdir. Azərbaycanda hasil edilmiş karbohidrogenin dünya bazarlarına nəql edilməsi üçün illik layihə gücü 50 mln. ton olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas Neft İxrac Kəməri, eləcə də Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri istismara verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı çevik və ardıcıl siyasət Azərbaycanı Xəzər regionunda əsas multimodal nəqliyyat qovşağına və beynəlxalq aləmdə əhəmiyyət kəsb edən neft və qaz tranziti ölkəsinə çevirmişdir.

Azərbaycan, Gürcüstan və Türkiyə dövlətləri arasında imzalanmış “Bakı-Tbilisi-Qars yeni dəmiryol xətti haqqında” Sazişə müvafiq olaraq Türkiyə və Gürcüstanın ərazilərində dəmir yolu xətlərinin inşası və yenidənqurulması işlərinin aparılması nəticəsində Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması və Qara dəniz və Xəzəryanı ölkələrinin Avropanın dəmir yolu şəbəkəsinə qoşulması mümkün olacaqdır.

Elektrik enerjisi istehsalının generasiya gücləri artırılmış, bu məqsədlə müasir tipli yeni elektrik stansiyaları tikilib istifadəyə verilmiş, həmçinin alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi üçün qanunvericilik bazası təkmilləşdirilmiş və zəruri institusional tədbirlər həyata keçirilmişdir. Ümumilikdə, ölkənin elektroenergetika sisteminin ümumi generasiya gücü 6 min meqavatı üstələmiş, ölkənin elektrik enerjisinə olan tələbatı tam ödənilmiş və Azərbaycan enerji idxalçısından onun ixracatçısına çevrilmişdir. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinin fəal iştirakçısıdır.

Elektrik enerjisi, qaz, su, kanalizasiya və digər kommunal təsərrüfatı sektorlarının idarəetmə strukturunun bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırılması, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, maliyyə intizamının gücləndirilməsi və investisiyaların cəlb olunması istiqamətində bir sıra əsaslı tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, əhalinin su ilə fasiləsiz təmin edilməsi üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi başa çatdırılmışdır.

Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq, bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindəndir.

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır. Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması məqsədilə fərdi sahibkarlara tətbiq edilən gəlir vergisi 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisi 22 faizdən 20 faizə, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmiş, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının illik həcmi 90 min manatdan 150 min manatadək artırılmış, ƏDV və aksizlər üzrə elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmışdır.

Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması “bir pəncərə” prinsipinə uyğun təşkil edilmişdir. Özəl sektorun inkişafının sürətləndirilməsi, bu sahəyə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə dövlət vəsaitləri hesabına sahibkarların investisiya layihələrinin gözəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizmi formalaşdırılmışdır. 2015-ci ildə 5230-dan çox sahibkara 248,5 milyon manat güzəştli kredit verilmişdir. 2004-2015-ci illər ərzində ölkəmizdə 71 mindən çox müəssisə fəaliyyətə başlayıb. Bunun nəticəsində 1,5 milyon vətəndaş işləmək imkanı qazanmışdır.

İnvestisiyaların cəlb edilməsi sahəsində dövlət tərəfindən aparılan məqsədyönlü tədbirlər çərçivəsində Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti genişləndirilmiş, qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması və ixracın təşviqi məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yaradılmışdır. AZPROMO tərəfindən rabitə və informasiya texnologiyaları, maliyyə, kənd təsərrüfatı, tikinti, mebel istehsalı, nəqliyyat, səhiyyə kimi sektorlar üzrə Azərbaycanda və xaricdə biznes forumlar təşkil edilmişdir.

Sahibkarlığın inkişafında əhəmiyyətli dövlət dəstəyi mexanizmi olan xüsusi iqtisadi zonaların yaradılmasının qanunvericilik bazası formalaşdırılmışdır.

Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılmışdır.

Formalaşdırılmış və beynəlxalq standartlara cavab verən qanunvericilik bazası sürətli iqtisadi inkişafı dəstəkləmiş, konkret proqramlar vasitəsilə əsas sosial-iqtisadi inkişaf məqsədlərinə nail olunmuşdur. Ümumilikdə, müxtəlif sahələr üzrə 100-dən çox konsepsiya, dövlət proqramı və digər irimiqyaslı sənədlər qəbul edilmişdir.

Yaradılmış əlverişli biznes mühiti nəticəsində iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 70 milyard dolları ötmüşdür ki, bunun da yarısı xarici investisiyaların payına düşür.

Xalqın sosial rifahının daha da yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir. Göstərilmiş məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində yoxsulluq səviyyəsi 2015-ci ildə 4,9 faizə enmişdir. Son 6 ildə 840 min yeni iş yeri yaradılmışdır. 2015-ci ildə yüz mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan 84 mini daimi iş yeridir. Bununla bərabər, 40 min iş yeri bağlanmışdır. Yenə də burada müsbət dinamika özünü göstərir.

2015-ci ildə qeyri-neft sahələrinin inkişaf dinamikası ümumilikdə bu sahənin real ifadədə 1.1% artması ilə nəticələnmişdir. Belə ki, 2014-cü ilə nisbətən 2015-ci ildə rabitə sahəsi 6.8%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi 14.0%, ticarət sahəsi 10.9%, kənd təsərrüfatı isə 6.6% artmışdır.

2015-ci ildə ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 15957.0 mln. manat əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 56.0%-ni daxili investisiyalar, 44.0%-ni isə xarici investisiyalar təşkil etmişdir. 2015-ci ildə əsas kapitala yönəldilmiş ümumi investisiyaların 8796.3 milyon manatı (55.1%-i) qeyri-neft bölməsinin, 7160.7 milyon manatı (44.9%-i) isə neft bölməsinin inkişafında istifadə edilmişdir.

2015-ci ildə ÜDM-in real artım tempi 1.1% təşkil etmiş və cari qiymətlərlə 54.4 milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 5703.7 manat təşkil etmişdir.

Son illərdə inkişaf edən infrastruktur sahələrindən biri də nəqliyyat sektorudur ki, bu sahəyə davamlı və iri həcmli investisiyaların yönəldilməsi nəticəsində nəqliyyatın hərəkət heyətinin yeniləşməsi, körpülərin tikilməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və s. işlər davam etdirilmiş, strateji əhəmiyyətli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına öz müsbət təsirini göstərmiş, ümumilikdə bu sahədə 2,5 dəfə artıma nail olunmuşdur.

2016-cı il oktyabrın 6-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” fərman imzalamışdır. Şuranın yaradılmasında məqsəd 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstərişləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən ibarətdir.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2004–2010-cu illər ərzində iqtisadi artım tempi orta hesabla 16,9 faiz təşkil edirdisə, 2011–2014-cü illərdə bu göstərici 2,7 faiz olmuşdur. 2010–2014-cü illərdə iqtisadi artım sürəti yavaşlayaraq ildə orta hesabla 2,7 faiz olmuşdur. 2014-cü ilin sonlarından etibarən dünya əmtəə bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasının mənfi təsirləri 2015-ci ilin ikinci yarısından etibarən Azərbaycan iqtisadiyyatında müşahidə edilməyə başlamışdır. 2015-ci ildə ixracın həcmi və dövlət büdcəsinin gəlirlərinin azalması işsizlik səviyyəsinin əvvəlki ilə nisbətən 2 faiz artmasına səbəb olmuşdur. Aşağı neft qiymətləri səbəbindən cari hesablar balansında yaranmış gərginlik manatın məzənnəsinə təzyiqi artırmış və 2015-ci ildə milli valyuta iki dəfə devalvasiyaya uğramışdır

“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Bu hədəflərin və 11 sektor üzrə strateji yol xəritələrinin həyata keçirilməsi nəticəsində real və maliyyə sektorları arasında tarazlığın təmin edilməsi yolu ilə davamlı iqtisadi inkişaf mümkün olacaqdır.

Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət bütövlükdə insan kapitalının inkişafına, ölkədə yoxsulluğun azaldılmasına və işsizliyin minimuma endirilməsinə, dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin daha da artırılmasına, sosial infrastrukturun inkişafına, nəticə etibarı ilə əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə xidmət edir.