1991-ci ildə dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan dövləti hərbi təcavüz, daxili çəkişmələr və iqtisadi çətinliklər ilə üzləşmişdir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra qısa müddət ərzində sabitlik bərpa olundu və ölkənin iqtisadi imkanlarının səfərbər olunması, dövlətin malik olduğu təbii sərvətlərinin istismarına xarici investisiyaların cəlb edilməsi məqsədi ilə cəsarətli siyasi addımlar atıldı.

1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə bağlandı. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı.

“Əsrin müqaviləsi” imzalanandan sonra onun iştirakçıları işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi.

"Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyası həyata keçirilməyə başlandı. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi və eyni zamanda Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması bir daha nümayiş etdirildi. "Əsrin müqaviləsi"nin bağlanması Azərbaycanın bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən şirkətlərin dövlətləri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı.

1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

Xəzərin Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının istismarı ildən ilə genişlənir və bunun nəticəsində Azərbaycan özünün enerji təhlükəsizliyini tam şəkildə təmin etmişdir. Dünyanın enerji təminatında da ölkənin xüsusi çəkisi və strateji əhəmiyyəti yüksəlir. Eyni zamanda Şahdəniz yatağında qazın istismarının genişlənməsi ilə əlaqədar Azərbaycan özünün daxili tələbatını tam ödəməklə bərabər, bu mavi yanacaq növünün beynəlxalq bazarlara ixrac etmək imkanını əldə etmişdir. 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu. Qaz nəqliyyat infrastrukturunun, xüsusilə də Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyəti sayəsində Azərbaycan Qərbin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilmişdir .

Neft strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlər ilə birlikdə hasil olunan neftin və qazın iri həcmli nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil etmişdir. Belə ki, neft strategiyasının həyta keçirilməsinin ilk illərində ilk növbədə Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi və bu kəmərlər ilə neftin və qazın nəqlinin ildən ilə genişlənməsi neft strategiyasının mühüm qələbəsi kimi qəbul edilir. Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə coxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlıverişli imkan yarandı, eyni zamanda ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi ilə əlaqədar Azərbaycan, Gürcüstan, Türkiyə ölkələri və Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan verildi.

2010-cu il mart ayının 9-da Çıraq Neft Layihəsinə sanksiya verilməsinə dair qətnamə imzalanmışdır. Bu layihəyə 6 milyard dollar yönəldiləcək. Layihə çərçivəsində Xəzər dənizində yeni platforma - Qərbi Çıraq Hasilat, Qazma və Yaşayış Bloklu platforma inşa olunacaq. 50-dən artıq yerli şirkət ÇNL üzrə tikinti işlərində birbaşa və dolayısı ilə iştirak edəcək. Layihənin bütün tikinti və quraşdırma işləri daxili qüvvələr hesabına icra olunacaq. Azəri-Çıraq-Günəşli” yataqlar blokunun 15 il əvvəl başlanmış işlənməsinin davamı olan Çıraq Neft Layihəsindən ilk neft haslatı 2013-cü ilə planlaşdırılır.

Milli Neft Strategiyasının uğurla reallaşması şəraitində karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı və ixracı ildən ilə genişlənir və bunun sayəsində dövlətimizin valyuta daxilolmaları sürətlə artmaqdadır. Azərbaycan iqtisadi inkişaf tempinə gö¬rə dünyada birincidir, əhəmiyyətli regional və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Dünya iqtisadi sisteminə inteqrasiya olunma nəticəsində neft gəlirlərinin idarə edilməsi sahəsində iqtisadiyyatda ən yaxşı təcrübələrin tətbiqinə yol açıldı. Bununla əlaqədar neft strategiyasının məntiqi davamı olaraq Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması və məqsədyönlü şəkildə istifadəsini təmin etmək məqsədi ilə 1999-cu ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Neft Fondunun yaradılması ilə neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsü, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsi üçün əsaslı təminat quruldu .

Belə ki, 2001-2011-ci illər ərzində Neft Fonduna ümumilikdə 56,5 milyard ABŞ dolları daxil olmuşdur ki, bu vəsaitin 30,4 milyard ABŞ dolları və yaxud 53,8 faizi yığıma yönəldilmişdir və 2001-ci ildə 491,5 milyon ABŞ dolları səviyyəsində olan Neft Fondunun vəsaiti 10 il ərzində 62 dəfə artaraq 30,4 milyard ABŞ dollarına çatmışdır.

Dövlətin artan maliyyə imkanları hesabına ölkədə mühüm investisiya, o cümlədən regional proqramların və infrastruktur layihələrin maliyyələşdirilməsinə şərait yaranmışdır. Son illər ərzində həyata keçirilən dövlət proqramları və tədbirlərin icrası çərçivəsində ölkənin bütün bölgələrində və Bakı şəhərində müxtəlif infrastruktur layihələri həyata keçirilir, təhsil, sosial və digər obyektlərin inşası uğurla davam etdirilir. İnsanların həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması, sosial məsələlərin həlli, yoxsulluğun azaldılması istiqamətində mühüm işlər görülür, əhalinin pul gəlirləri artmaqdadır.

Ölkənin maliyyə potensialının artması nəticəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi üçün əlverişli zəmin yaranmışdır. Bununla əlaqədar Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi kursun prioritet istiqaməti olaraq Azərbaycanda neft sektoru ilə bərabər qeyri-neft sektorunun inkişaf etdirilməsinə bu gün xüsusi diqqət yetirilir. Bu məqsədlə artan neft gəlirləri, o cümlədən Neft Fondunun vəsaiti hesabına ölkədə mühüm infrastruktur və sosial yönümlü layihələrin maliyyələşdirilməsi həyata keçirilir və ölkənin iqtisadi inkişafının stimullaşdırılmasında, strateji əhəmiyyətli dövlət proqramları və layihələrin maliyyələşdirilməsində, eləcə də regiona investisiya qoyuluşunun təmin edilməsində Dövlət Neft Fondunun rolu ildən ilə artır.

İnfrastruktur layihələrin və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsi sayəsində ölkəmizin iqtisadi inkişafı üçün güclü baza formalaşdırılır. Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. Infrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər eyni zamanda insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosial yönümlü tədbirlərin mühüm tərkib hissəsidir.

Artan neft gəlirləri hesabına ilk növbədə sosial siyasət sayəsində, o cümlədən az təminatlı təbəqələrin, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də saysız tədbirlər həyata keçirilir və Dövlət Neft fondundan ilk vəsait məhz bu tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir neçə Sərəncam və Dövlət Proqramları qəbul edilmiş və bu qərarlara uyğun olaraq qaçqın və məcburi köçkünlər üçün Azərbaycanın müxtəlif ərazilərində zəruri infrastrukturu ilə birlikdə yaşayış qəsəbələri tikilərək, istifadəyə verilmiş, 2007-ci ilin sonunda isə Sabirabad rayonunda yerləşən son Qalaqayın çadır düşərgəsi ləğv edilib və burada məskunlaşmış məcburi köçkünlər yeni qəsəbələrə köçürülmüşdür.

Ölkənin artan maliyyə imkanları hesabına eyni zamanda beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri uğurla həyata keçirilir ki, bu layihələr təkcə Azərbaycanın deyil, bötüvlükdə regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə şərait yaradır. Bu layihələrdən biri olan və Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr sırasında mühüm yer tutan Bakı-Tbilisi-Qars yeni dəmir yolunun inşası layihəsi Azərbaycanın regionda siyasi nüfuzunun güclənməsinə təkan verməklə bərabər, respublikamızın Qərbə doğru inteqrasiyasına və Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında mövcud olan siyasi və iqtisadi münasibətlərin inkişafına şərait yaradacaqdır. Bakı-Tbilisi-Qars yeni dəmir yolu artıq regional əhəmiyyətə malik olmaqla bərabər, Asiya ilə Avropanı birləşdirən bir nəqliyyat dəhlizinə çevriləcəkdir. Bu layihə regional inkişafa və regionda təhlükəsizliyin daha da artırılmasına xidmət edəcəkdir.

2001-2011-ci illər ərzində Neft Fondunun büdcəsi çərçivəsində Fondun vəsaiti hesabına qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi, Azərbaycan investisiya şirkətinin nizamnamə kapitalının formalaşması, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, habelə 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsi təmin edilmişdir. Eyni zamanda Fondun vəsaitinin böyük hissəsi dövlət büdcəsinə transfert edilmişdir ki, bu vəsait hesabına ölkədə mühüm infrastruktur və sosial yönümlü layihələrin həyata keçirilməsi təmin edilmişdir.

Proqnozlara əsasən, Fondun xərcləri hazırkı səviyyədə saxlanıldığı təqdirdə, yaxın 5 ildə Fondun aktivləri neftin qiymətindən asılı olaraq 50 milyard ABŞ dollarını keçə bilər.

Eyni zamanda neftdən əldə edilən gəlirlər hesabına bu gün ölkənin kadr potensialının artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri kimi, Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın reallaşması nəticəsində ölkəmizdə müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənc nəslin təhsil səviyyəsinin artırılmasına və beynəlxalq səviyyəyə çatdırılmasına şərait yaranacaqdır. Bu proqramın ilk növbədə Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi "qara qızılın insan kapitalına çevrilməsi" ideyasının reallaşmasına doğru atılmış strateji bir addımdır.

Dünya ölkələri, xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişlənmiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr vermişdir.

2012-ci ildə “Şahdəniz-2” layihəsi üzrə Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi ilə bağlı razılıq əldə edildi. Layihə çərçivəsində hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün mühüm addımlar atıldı, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərlərinin inşasına dair sazişlər imzalandı. 2018-ci ildə istismara veriləcəyi gözlənilən TANAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu qabiliyyətinin 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün Trans-Adriatik qaz boru kəmərinin seçildiyini elan etdi. Uzunluğu 870 kilometr olan və ilkin olaraq 5,2 milyard ABŞ dolları məbləğində qiymətləndirilən TAP layihəsi Cənubi Qafqaz qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu qaz kəmərinin davamıdır. Bu boru kəməri “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.

2014-cü il sentyabrın 20-də isə Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirildi. Mərasimdən sonra təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilən “Cənub” qaz dəhlizinin təməli qoyuldu.

2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri TANAP-ın təməlini qoyular. TANAP Yunanıstan sərhədindək uzanacaq.

“Əsrin müqaviləsi” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranmışdır.