Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) respublikanın əsas elmi qurumudur. AMEA 1945-ci ildə Bakı şəhərində təsis edilmişdir.

Müstəqilliyin ilk illərində Elmlər Akademiyasını ləğv etmək barədə təkliflər səslənmişdir. 

Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət ölkəmizdə sabitliyin yaranması, dövlətimizin suverenliyinin bərqərar olunması, onun iqtisadi müstəqillik yoluna qədəm qoyması, cəmiyyət həyatının bütün sahələrində, o cümlədən elm sahəsində islahatların aparılması üçün böyük zəmin yaratmışdır. 

1997-ci ilin 31 yanvarında Heydər Əliyevin akademiyanın bir qrup aparıcı alimi ilə keçirdiyi tarixi görüşdən sonra Elmlər Akademiyasının inkişafında yeni mərhələ başlanmışdır. Həmin görüş zamanı Heydər Əliyev Azərbaycan elmi qarşısında dayanmış əsaslı problemlərə toxunub onların aktuallığını əsaslandıraraq alimlərə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyə etmiş, elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına "Azərbaycan Milli Elmlər Akademiyası" statusu verilmişdir. 

AMEA-nın hazırda 6 bölməsi vardır: -   Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi; Kimya Elmləri Bölməsi; Yer Elmləri Bölməsi; Biologiya və Tibb Elmləri Bölməsi; Humanitar Elmlər Bölməsi; İctimai Elmlər Bölməsi.

Elmin inkişafını daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin yaradılması haqqında sərəncam imzalamışdır. Qeyd olunan sərəncama müvafiq olaraq, AMEA Naxçıvan Bölməsində 6 elmi tədqiqat institutu, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılmışdır. 

Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2012-ci il tarixli Sərəncamı ilə Gəncə Regional Elm Mərkəzinin nəzdində AMEA Gəncə Bölməsi yaradılmışdır. AMEA Gəncə Bölməsində 6 elmi tədqiqat institutu, Nəbatat bağı yaradılmışdır.

Akademiya digər xarici ölkələrin elmi müəssisələri ilə əlaqə saxlayır. Elmin müasir problemlərinə dair fikir mübadiləsi aparmaq, elmi-tədqiqat təcrübəsini öyrənmək, elmin təşkili ilə tanış olmaq məqsədi ilə hər il akademiyaya çoxlu əcnəbi alim gəlir. Akademiyanın alimləri beynəlxalq elmi qurultay, konqres və simpoziumlarda elm və texnikanın aktual problemlərinə dair məruzələrlə çıxış edirlər. AMEA-nın təşəbbüsü və təşkilatçılığı ilə tez-tez beynəlxalq elmi müşavirə və konfranslar keçirilir. 

Elmi əməkdaşlığın xarakteri də əhəmiyyətli dərəcədə dəyişmişdir. Keçmişdən fərqli olaraq Elmlər Akademiyasının Elmi müəssisələrində xarici elmi mərkəzlərlə əməkdaşlıq haqqında 30-dan çox ikitərəfli müqavilə və protokollar imzalanmışdır.

Milli Elmlər Akademiyası bütün çətinliklərə baxmayaraq öz fəaliyyətini uğurla davam etdirmişdir. Riyaziyyat, fizika, neft kimyası, geologiya və biologiyanın müasir sahələri üzrə yaradılmış elmi məktəblər daha da inkişaf etdirilmişdir. Keçmiş ideologiyadan azad olmuş tarix, ədəbiyyat, dil, iqtisadiyyat, fəlsəfə və hüquq elmləri sahəsində çalışan alimlərimiz yeni, demokratik dövlətin möhkəmlənməsinə, Azərbaycan xalqının mədəniyyətinin və incəsənətinin inkişafına öz töhfələrini vermişlər. 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2002-ci il tarixli qərarına əsasən AMEA-da struktur dəyişikliyi edilmişdir. İnformasiya Telekommunikasiya Elmi Mərkəzinin (İTEM) bazasında İnformasiya Texnologiyaları İnstitutu (İTİ), Radiasiya Tədqiqatları sektorunun (RTS) bazasında Radiasiya Problemləri İnstitutu (RPİ) yaradılmışdır. İTİ-nin əsas fəaliyyət istiqamətləri yeni informasiya texnologiyaları əsasında müxtəlif sahələrin informasiyalaşdırılması, intellektual kompüter şəbəkələri və sistemlərinin yaradılması, informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Radiasiya Problemləri İnstitutunun əsas fəaliyyət istiqamətləri radiasiya texnologiyası, radiasiya təhlükəsizliyi, qeyri-ənənəvi enerji çevrilmə problemləri, ekologiya, radioekologiyadır.

2004-cü ildə AMEA ölkədə aparılan irimiqyaslı islahatların elmi bazasını möhkəmləndirmək, onların intensiv həyata keçirilməsində dövlətə yardımçı olmaq, mövcud elmi-texniki potensialı qoruyub saxlamaq və inkişaf etdirmək, yüksək ixtisaslı kadrlar hazırlamaq, respublikadakı nazirliklərin, elmi müəssələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirmək və digər istiqamətlərdə fəaliyyətini davam etdirmiş, bir sıra elmi və elmi-təşkilati işləri həyata keçirmişdir. 

Dövlət başçısının 2009-cu il oktyabrın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması da tədqiqatların stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi diqqəti çəkir. Fondun yaradılması fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədinə xidmət edir.

Prezident İlham Əliyevin 14 mart 2014-cü il tarixli sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuşdur. 

Rəyasət Heyəti Akademiyada islahatların aparılması, onun idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi-tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, kadr hazırlığının yaxşılaşdırılması, elmi işçilərin məsuliyyətinin artırılması, elmi və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yüksəldilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirmişdir. Belə ki, ötən müddət ərzində Akademiyanın elmi istiqamətləri və elmi-tədqiqat işlərinin planları ekspertizadan keçirilmiş, onun strukturunun təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər görülmüşdür. Aktuallığını itirmiş bəzi elmi-tədqiqat işləri dayandırılmış, bir sıra şöbə və laboratoriyalar ləğv edilmiş, bəziləri birləşdirilmiş, yeniləri yaradılmış, Akademiyanın fəaliyyətini tənzimləyən əsas normativ sənədlər yenidən işlənib hazırlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" 2010-cu il 9 fevral tarixli sərəncamı respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi daşıyır. Bu, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində elmi tədqiqatların Avropa səviyyəsinə çatdırılmasını, gənc alimlərin dünya elminə inteqrasiyasını nəzərdə tutur. 

Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi təsis edilmişdir. Həmin sərəncama əsasən bölmənin tərkibinə daxil edilmək məqsədi ilə Humanitar Tədqiqatlar İnstitutunun, Diyarşünaslıq İnstitutunun, Nizami Gəncəvi Mərkəzinin, Bioresurslar İnstitutunun, Nəbatat Bağının, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun və Aqrar Problemlər İnstitutunun yaradılması qərara alınmışdır.

Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli Qanunu ilə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təsdiq edilmişdir. Nizami Gəncəvi adına Qızıl medal Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər.

2014-cü ilin iyun ayında AMEA-da üç yeni institut - Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu və Qafqazşünaslıq İnstitutu yaradılmışdır.

Akademiyanın inkişaf tarixində ilk dəfə olaraq 2014-cü ildə Bakı Elm festivalının təşkil edilməsi elmin nailiyyətlərinin geniş ictimaiyyətə çatdırılmasında böyük rol oynayıb. Azərbaycan alimlərinin Birinci Qurultayının keçirilməsi elm tariximizin mühüm hadisəsi olmaqla yanaşı, həm də müasir dövrdə elmin inkişafının yeni üfüqlərinə işıq salıb.

14 iyun 2016-cı il də “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir. Bu qanun Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir. Prezident İlham Əliyevin 2016-cı il avqustun 9-da təsdiq etdiyi “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda elmi-tədqiqat qurumlarının və elmi işçilərin innovativ təşəbbüslərinin və sahibkarlıq fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsinə dair konkret müddəaların öz əksini tapması həmin prosesin bundan sonra daha da genişləndirilməsinə real təminat verir.

Azərbaycan Respublikasında elmin müxtəlif sahələri üzrə 2495 elmlər doktoru, 11874 elmlər namizədi çalışmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasına keçirilmiş seçkilərdə akademiklərin və müxbir üzvlərin də yeni nəsli yaranıb. İndi Azərbaycan Milli Elmlər Akademiyasının 63 həqiqi üzvü və 113 müxbir üzvü müxtəlif elm sahələrində uğurla fəaliyyətlərini davam etdirirlər.

Azərbaycan Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə “Elm günü” təsis edilmiş və hər il martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilir.

Akademiyanın Rəyasət Heyətinin 11 iyul 2018-ci il tarixli qərarı ilə AMEA Rəyasət Heyətinin nəzdində strateji əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi məqsədilə Strateji Elmi Tədqiqatlar Mərkəzi yaradılmışdır.

Akademiyanın Rəyasət Heyətinin 3 aprel 2019-cu il tarixli qərarı ilə elmin müxtəlif sahələri üzrə AMEA-nın xatirə nişanları təsis edilmiş, Rəyasət Heyətinin 24 aprel 2019-cu il tarixli qərarı ilə isə Azərbaycanın görkəmli alimlərinin adına 9 nominasiyada AMEA-nın mükafatları təsis edilmişdir.

Akademiyanın Rəyasət Heyətinin 25 sentyabr 2019-cu il tarixli qərarı ilə “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”nın hazırlanması haqqında qərar qəbul etmişdir. 

2020-ci ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 75 ili tamam olmuşdur. AMEA 75 illik tarixi ərzində zəngin elmi ənənələri olan Azərbaycan xalqının intellektual potensialının formalaşdırılmasında, elmin müasir zamanın tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında, respublikada peşəkar elmi kadrlar nəslinin yetişdirilməsində müstəsna rol oynamışdır.

Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 5 fevral 2020-ci il tarixli qərarı ilə xaricdə fəaliyyət göstərən Azərbaycan Əsilli Alimlərin Assosiasiyası yaradılmışdır. 

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırıldı. AMEA ilə Elm və Təhsil Nazirliyi ölkəmizdə elm siyasətinin həyata keçirilməsində birgə fəaliyyət göstərməyə başladı.

Dövlətimizin başçısının 2022-ci il 15 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” (AEF) publik hüquqi şəxs yaradılıb. Hazırda Azərbaycan Elm Fondu dünyanın bir sıra innovativ müəssisələri, elmi fondları (TÜBİTAK, Özbəkistanın Elmin Maliyyələşdirilməsi və İnnovasiyaların Dəstəklənməsi Fondu və s.) ilə elm, təhsil, innovasiya sahəsində əməkdaşlıq əlaqələrini davam etdirir, birgə layihələrin həyata keçirilməsində yaxından iştirak edir.

2023-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə qarşılıqlı olaraq elmi əsərlərin nəşri, ortaq konfrans və simpoziumların keçirilməsi, hər iki qurumda nəşr olunan jurnalların mübadilə edilməsi və sair məsələlər öz əksini tapıb.

AMEA Rəyasət Heyətinin Akademiyada apardığı islahatlar, elmin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.