Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək,

1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək,

Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında konstitusiya qanunlarına əsaslanaraq,

Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün məsuliyyətini dərk edərək,

Milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulan bütün insan hüquqlarına və əsas azadlıqlarına təminat verərək,

Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa çalışaraq, Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq,

Respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək,

Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək, SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu edərək,

Beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğunu bildirərək,

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olduğunu elan edir.

Bəyannamə 1991-ci il avqustun 30-daAzərbaycan Respublikası
Ali Sovetinin növbədənkənar sessiyasında qəbul edilmişdir.