Respublikanın ictimai həyatında baş verən dəyişiklikləri, milli mənlik şüurunun artdığını, Azərbaycanın dövlət quruluşunun inkişafını, habelə rəsmi adların və rəmzlərin mənəvi və siyasi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsini zəruri hesab edirəm.

Bu məqsədlə respublika Ali Sovetinə tövsiyə olunsun ki, Azərbaycan SSR Konstitusiyasında dəyişikliklər edilməsi haqqında qanun qəbul edilsin, həmin qanunla respublikanın adı dəyişdirilsin və o, “Azərbaycan Respublikası” adlandırılsın, dövlət bayrağı eni bərabər, rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklində nəzərdə tutulsun: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdə olsun, qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri verilsin.


Azərbaycan Sovet Sosialist Respublikasının prezidenti

Bakı şəhəri, 29 noyabr 1990-cı il