Azərbaycan Respublikasının Ali Soveti SSR İttifaqının suveren respublikalarının öz müqəddəratını və dövlət quruluşunu kənardan müdaxilə olmadan sərbəst təyin etmək, onların siyasi, iqtisadi, sosial və mədəni inkişafını öz arzusu ilə həyata keçirmək hüququnu təsdiq edərək öz müstəqilliyini elan etmiş Latviya, Litva, Estoniya, Moldova, Gürcüstan, Ukrayna və Belarusiya respublikalarının bu bəyannamələrinə tərəfdar olduğunu bildirir və onların müstəqilliyini tanıyır. Azərbaycan Respublikası Ali Soveti respublikalarımız arasında səmərəli iqtisadi və mədəni əlaqələrin uzun illər toplanmış təcrübəsini, bu respublikaların dost xalqlarına rəğbət hissini əsas tutaraq Azərbaycanla müstəqil Latviya, Litva, Estoniya, Moldova, Gürcüstan, Ukrayna və Belarusiya respublikaları arasında qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirir.
Ali Sovet öz dövlət müstəqilliyini elan etmiş respublikaları müstəqil Azərbaycan Respublikasını tanımağa və onunla hərtərəfli əlaqələr yaratmağa çağırır. Müstəqil Azərbaycan Respublikası indiyədək SSRİ-nin tərkibində olan bütün respublikalarla bir-birinin suverenliyini tanımaq, qarşılıqlı hörmət və bir-birinin işlərinə qarışmamaq şərti ilə iqtisadi əlaqələri bərpa etmək və özünün bütün öhdəliklərini ardıcıl surətdə yerinə yetirmək əzmində olduğunu və bu istiqamətdə danışıqlar aparmağa hazır olduğunu bildirir.

Azərbaycan Respublikası Ali Sovetinin sədri
E.QAFAROVA

Bakı şəhəri, 30 avqust 1991-ci il
№ 181-XII