Əziz vətəndaşlar, bacılar və qardaşlar!
Sizi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü münasibətilə ürəkdən təbrik edir və hər birinizə xoş arzularımı yetirirəm.
Azərbaycan xalqı yola salmaqda olduğumuz XX əsrdə iki dəfə dövlət müstəqilliyi qazanmışdır. Əsrin əvvəllərində əldə edilmiş müstəqillik nəticəsində 1918-ci ildə xalqımız Şərqin ilk demokratik dövləti hesab olunan Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdır. Lakin o zaman mövcud olan xarici müdaxilə, daxili çəkişmələr, lazımi beynəlxalq təminatın olmaması üzündən bu dövlət cəmi iyirmi üç ay fəaliyyət göstərə bildi. Sonrakı dövrdə xalqımız dövlət müstəqilliyindən məhrum olsa da, öz iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmiş, milli azadlıq, müstəqillik üçün zəruri olan ciddi əsaslar yaratmışdır.
Əsrin sonunda beynəlxalq aləmdə və Sovetlər İttifaqında yaranan əlverişli vəziyyət xalqımıza qəlbinin dərinliklərində hifz etdiyi müstəqillik arzularını yenidən reallaşdırmaq imkanı verdi. 1991-ci il oktyabrın 18-də respublika Ali Soveti Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul etdi. Həmin ilin 30 dekabrında keçirilən ümumxalq səsverməsi – referendum bu sənədə hüquqi təminat verdi və Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.
Səkkiz ildir ki, xalqımız müstəqil yaşayır. Bu müddətdə müstəqilliyimizi bütün dünya tanımış, ölkəmiz dövlətlərarası bərabərhüquqlu əlaqələrə qoşulmuş, beynəlxalq və bölgə təşkilatlarına üzv qəbul edilmişdir. Bu illərdə müxtəlif daxili və xarici qüvvələrin müstəqilliyimizə qarşı ciddi təxribatlar törətməsinə və maneələr yaratmasına baxmayaraq dövlət müstəqilliyimiz qətiyyətlə qorunmuş və onun yaşaması üçün vacib olan bütün zəruri tədbirlər görülmüşdür. Mən qətiyyətlə bildirirəm ki, əldə olunan uğurlar bundan sonra da inkişaf etdiriləcək və Azərbaycanın dövlət müstəqilliyini heç kim, heç zaman xalqımızın əlindən ala bilməyəcəkdir.
Müstəqil Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifə Ermənistan-Azərbaycan münaqişəsinin və Dağlıq Qarabağ probleminin həll edilməsi, işğal olunmuş torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası, didərgin düşmüş vətəndaşlarımızın öz yurdlarına qaytarılması, respublikamızın iqtisadi tərəqqisinə nail olunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, iqtisadi islahatların və demokratik proseslərin daha da dərinləşdirilməsidir. Bu sahədə biz əlimizdən gələn hər şeyi edirik və bundan sonra da edəcəyik.
Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir və hər birimizin borcu onu qorumaq, yaşatmaq, inkişaf etdirmək və dünyanın qabaqcıl dövlətləri səviyyəsinə qaldırmaqdan ibarətdir.
Bütün Azərbaycan xalqına səadət, əmin-amanlıq arzulayır, müstəqilliyimizin əbədiliyi uğrunda apardığımız müqəddəs mübarizədə vətəndaşlarımızı dönməz iradə və qətiyyət nümayiş etdirməyə çağırıram.

Bakı şəhəri, 17 oktyabr 1999-cu il