Oktyabrın 18-də Azərbaycan səfirliyi və Azərbaycan və Xəzər araşdırmaları mərkəzi müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə “dəyirmi masa” keçirmişlər.
Tədbirdə Azərbaycanın Çexiyadakı səfirliyinin əməkdaşları, Çexiya parlamenti nümayəndələri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Çexiyada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, Gürcüstan, Belarus, Polşa, Moldova, Türkiyə, Ukraynanın bu ölkədəki səfirləri, Çexiya elm və siyasi dairələrinin nümayəndələri, digər rəsmi şəxslər iştirak etmişlər.
Tədbiri açan səfir T.Tağızadə Azərbaycanın 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdiyini bildirmiş, ötən 20 ildə ölkəmizin sürətli inkişaf yolu keçdiyini vurğulamış, müstəqil Azərbaycanın qarşısında duran əsas problemin Ermənistanın işğalı altında olan 20% torpaqlarımızın azad edlməsinin, o cümlədən Dağlıq Qarabağ regionunda suverenliyin bərpasının olduğunu söyləmişdir.
Çexiya parlamentinin deputatı Yan Hamaçek çıxışında Azərbaycan ilə Çexiya arasında əlaqələrin intensiv inkişafını, iki ölkə arasında əlaqələrin təkcə enerji ilə məhdudlaşmadığını, turizm, mədəniyyət, tələbə mübadiləsi sahələrində də inkişafın sürətləndiyini qeyd etmişdir. Y.Hamaçek Azərbaycanı müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə bir daha təbrik etmiş və Karl universitetində yeni açılan Azərbaycan və Xəzər araşdırmaları mərkəzinin fəaliyyətinə uğurlar diləmişdir.
Tədbir Azərbaycan mətbəxinin nümunələrindən ibarət ziyafətlə yekunlaşmışdır. Tədbirdən sonra Azərbaycan səfiri T.Tağızadə “CTK” informasiya agentliyinə və Çexiya radiosuna Azərbaycanın müstəqilliyini bərpasının 20-ci ildönümü və bu münasibətlə keçirilən “dəyirmi masa” barədə müsahibə vermişdir.


Pərvanə Qarayeva
AzərTAc-ın xüsusi müxbiri
Praqa