Odessada Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə bağlı tədbir keçirilmişdir (24 oktyabr 2011)
Bakı, 25 oktyabr (). Ukrayna Azərbaycanlı Gənclər Birliyindən (UAGB)
AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, müstəqilliyimizin 20
illiyi münasibəti ilə Ukraynanın Odessa şəhərində bayram konserti təşkil
olunmuşdur.
Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndikdən
sonra bayram tədbirini Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci
katibi Sabir Rzayev açaraq, 1991-ci ildə dövlət müstəqilliyini əldə edən
Azərbaycan Respublikasının ötən 20 ildə qazandığı nailiyyətlərdən
danışmışdır. Müstəqil dövlətimizin sürətlə inkişaf etdirilməsində ulu
öndər Heydər Əliyevin həyata keçirtdiyi neft strategiyasının müstəsna
rolundan bəhs edən Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin
rəhbəri Elçin Məmmədov bu gün ölkəmizdə aparılan uğurlu və məqsədyönlü
siyasət nəticəsində xalqımızın milli mənəvi dəyərlərinə sahib çıxmasının
fərəhləndirici hal olduğunu diqqətə çatdırmışdır. Azərbaycan Xarici
İşlər Nazirliyinin nümayəndəsi Azər Xudiyev çıxışında Azərbaycanın ötən
20 ildə dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox
azərbaycanlını milli məfkurə ətrafında birləşdirməsini müstəqillik
tariximizin ən böyük uğurlarından biri kimi dəyərləndirmişdir. Bu gün
arxalarında qüdrətli Azərbaycan dövlətinin gücünü hiss edən UAGB-nin
döğma vətənimiz naminə həyata keçirdiyi silsilə tədbirləri Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin xaricdə yaşayan və təhsil alan
azərbaycanlı gənclərə göstərdiyi xüsusi diqqətin məntiqi nəticəsi kimi
səciyyələndirmişdir. Tədbirdə Dnepropetrovsk Azərbaycanlıları
Konqresinin sədri Qüdrət Hacıyev, Ukrayna Azərbaycanlı Gənclər
Birliyinin sədri Anar Tahirov, Birliyin Odessa vilayət təşkilatının
sədri Samirə Əliyeva və digər çıxış edənlər təməli ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin inkişaf
etdirilməsində və xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə
çatdırılmasında xaricdə yaşayan soydaşlarımızın üzərinə düşən
vəzifələrdən danışmışlar.
Tədbirdə gənc müğənni Aysel Teymurzadənin,
Dnepropetrovsk şəhərində fəaliyyət göstərən “7 gözəl” rəqs ansamblının
və digər xalqların musiqi kollektivlərinin çıxışları iştirakçılara
xüsusi zövq vermişdir.
Tədbirin sonunda Ukraynada Azərbaycan dövlət
müstəqilliyinin 20-ci ildönümü münasibətilə təşkil olunan ən yaxşı
tədbirə görə UAGB-nin Odessa vilayət təşkilatının sədri Samirə Əliyevaya
fərqlənmə medalı təqdim olunmuşdur.
AzərTAc