Qədim dövrdən müstəqilliyə qədər
Azərbaycan ərazisinin Avropanı Asiya ilə, Rusiyanı Yaxın və Orta Şərqlə əlaqələndirən çox mühüm hərbi-strateji mövqedə yerləşməsi, həm də zəngin yeraltı və yerüstü sərvətlərə malik olması Azərbaycan xalqının tarixi müqəddəratında dərin iz buraxmışdır. Ayrı-ayrı tarixi dövrlərdə Azərbaycan torpaqlarını işğal etməyə və burada möhkəmlənməyə çalışan böyük dövlətlərin azərbaycanlıları assimilyasiyaya uğradıb yox etmək və Qafqazı azərbaycanlılardan «təmizləmək» siyasəti nəticəsində daim təqiblərə, repressiyalara, sürgünlərə, soyqırımlarına məruz qalan azərbaycanlılar müxtəlif dövrlərdə doğma yurdlarını tərk etməyə məcbur olmuş, dünyanın müxtəlif ölkələrinə səpələnmişlər.
Hazırda azərbaycanlılar doğma vətənləri olan Azərbaycan Respublikası (Şimali Azərbaycan) və Cənubi Azərbaycanla yanaşı, aborigen əhali kimi toplu halda, ən qədim zamanlardan başlayaraq İranın müxtəlif bölgələrində, Iraq, Şərqi Anadolu, Gürcüstan (əsasən ölkənin cənub-şərqindəki tarixi Borçalı mahalı ərazisində), Dağıstan və başqa yerlərdə də yaşayırlar.
XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazda apardığı işğalçılıq müharibələri və müstəmləkəçilik siyasəti nəticəsində azərbaycanlılar öz ata-baba torpaqlarından - Türkiyə və İran ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarından zorla sürgün olunmuş, həmin ərazidə 1828-ci ildə «Erməni vilayəti», 1918-ci ildə isə erməni dövləti yaradılmışdır.
Müxtəlif tarixi dövrlərdə doğma Vətəndən didərgin salınmış azərbaycanlılar, həmçinin Türkiyə, Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Ukrayna, Belarus, Litva, Latviya, Estoniya və başqa ölkələrdə də yaşayırlar. Ayrı-seçkilik siyasəti və ağır təqiblər nəticəsində Cənubi Azərbaycan və İranın digər bölgələrində yaşayan azərbaycanlılar daha böyük kütlələrlə Avropa, Amerika, Yaxın və Orta Şərq ölkələrinə, habelə müxtəlif Afrika ölkələrinə və Avstraliyaya mühacirət etməyə məcbur olmuşlar. Hazırda bir çox Avropa, Asiya və Amerika ölkələrində çoxsaylı azərbaycanlı diasporları fəaliyyət göstərir.
Azərbaycanlılar dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk tayfa birlikləri, dövlət qurumları hələ e.ə. IV minilliyin sonu - III minilliyin əvvəllərində yaranmışdır. Eramızdan əvvəl I minillikdə və bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarmda Manna, İskit (Skit, Skif) və Massaget şahlıqları, Albaniya və Atropatena kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanın etnik-siyasi tarixində, ölkə ərazisində vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.
III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. Ərəb mənbələrinin məlumatları «Azərbaycanın qədimdən türklər ölkəsi olduğunu» təsdiq edir.
Bizim eranın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayırdılar. Azərbaycanın türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər. Qədim türklər, o cümlədən ilk oğuzlar ümumtürk məkanının tərkib hissəsi olan Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə qədim türklərin «Dəmir qapı» adlandırdıqları Dərbənd keçidi vasitəsilə, habelə Böyük Qafqazın başqa dağ aşırımlarından keçərək yayılmışdılar.
Oğuz türklərindən olan ağqoyunluların ən qüdrətli hökmdarı Uzun Həsənin (1453-1478) hökmü ilə Əbu Bəkr əl-Tehrani əl-İsfahaninin yazdığı «Kitabi-Diyarbəkriyyə» adlanan oğuznamədə verilən faktlar da oğuz türklərinin, o cümlədən xalqımızın soykökündə duran ağqoyunlu və qaraqoyunluların Azərbaycanın, həmçinin Cənubi Qafqazın və Ön Asiyanın ən qədim sakinlərindən biri olduğunu sübut edir
Azərbaycanın Oğuz xaqanın başçılıq etdiyi dövlətin tərkibinə daxil olması və böyük xaqanın özünün də burada - Göyçə dənizi ətrafında vəfat etməsi bu diyarın ən qədim oğuz məskənlərindən biri olduğunu sübut edir.
Türk tayfaları, başqa xalqlar və etnik qruplardan fərqli olaraq, Azərbaycanın bütün ərazisinə - həm şimalına, həm də cənubuna yayılmışdılar və çoxluq təşkil edirdilər. Buna görə də türk dili Azərbaycan ərazisində yaşayan azsaylı xalqlar və etnik qruplar arasında başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də Azərbaycanın şimal və cənub torpaqları arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amylin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş - təkallahlı din hələ yox idi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Qədim türklərin tək Allahı olan Tanrıya sitayiş - tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Ölkənin şimalında – Albaniya ərazisinin bəzi yerlərində xristianlıq yayılmaqda idi.
VII əsrdə Azərbaycanda İslam dininin qəbul olunması vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu.
Xilafət tənəzzülə uğradıqdan sonra - IX əsrin ortalarından başlayaraq Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər və Şəki hakimliyi kimi yerli dövlətlər yarandı. Azərbaycan türk dili bütün ölkə ərazisində əsas ünsiyyət vasitəsinə çevrildi.
IX əsrin 70-ci illərinin sonlarından başlayaraq yarım əsrdən çox davam edən bir tarixi dövr ərzində (879-941) Azərbaycan torpaqlarının hamısının vahid Azərbaycan türk dövlətinin - Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, etnik fərqlərin aradan qalxmasına və vahid Azərbaycan türk xalqının formalaşması prosesinin sürətlənməsinə müsbət təsir göstərdi. Sacilər dövləti özünün ən qüdrətli çağlarında Zəncandan Dərbəndə, Xəzər sahillərindən Ani və Dəbil şəhərlərinə qədər geniş əraziləri əhatə edirdi. Bütün Azərbaycan torpaqları Sacilər dövlətinin tərkibinə daxil idi. Sacilərin Bizans imperiyası tərəfindən himayə olunan və şərqə - Azərbaycana doğru istiqamətləndirilən erməni və gürcü feodallarını məğlub edərək özlərindən asılı hala salmaları Azərbaycanın ərazi bütövlüyünün, dövlətçiliyinin qorunub saxlanılmasında, ölkə ərazisində etnik-siyasi birliyin daha da möhkəmlənməsində mühüm rol oynadı. Məhz bu dövrdə Azərbaycan və ümumtürk ədəbiyyatının şah əsəri olan «Kitabi-Dədə Qorqud» dastanlarının, demək olar ki, bütün Azərbaycan torpaqlarında yayılması prosesi başa çatdı.
Beləliklə, 600 ilə qədər davam edən Sasani-İran və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, bütün ölkə ərazisində İslam dininin rəsmi dövlət dini olması Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.
Ərəb xilafətinin tənəzzülündən sonra yaranmış Azərbaycan dövlətlərindən heç birinin uzun tarixi dövr ərzində ölkənin bütün ərazisini əhatə edən vahid, davamlı və qüdrətli dövlətə çevrilə bilməməsi nəticəsində ölkədə uzun sürən siyasi sabitlik də yaranmadı. Məhz bu dövrdə - XI əsrin ortalarında Yaxın və Orta Şərq tarixində mühüm dönüş dövrü başlandı. Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğu yarandı. Azərbaycan növbəti oğuz-türk dövlətinin - Böyük Səlcuq imperatorluğunun tərkibinə daxil edildi.
Səlcuq dövrü Azərbaycanın və Azərbaycan xalqının tarixi müqəddəratında həlledici rol oynadı. Sultan Alp Arslanın Məlazgird vuruşmasında (26 avqust 1071-ci il) Bizans imperiyasının hərbi qüvvələrini darmadağın etməsilə türk-islam birliyi Azərbaycanı ələ keçirməyə çalışan Bizans imperiyası və onun müdafiə etdiyi ermənigürcü feodallan üzərində qəti qələbə çaldı.
Səlcuq axınları zamanı oğuz türklərinin yeni-yeni toplumları Azərbaycanda məskən saldılar. Eyni kökdən olan və İslamı qəbul etmiş oğuz-səlcuq türkləri ilə Azərbaycan türkləri tez bir zamanda qaynayıb qarışdılar. Azərbaycan xalqının təşəkkülü prosesi başa çatdı. Azərbaycan türk dili bütün Cənubi Qafqazda, o cümlədən Azərbaycan ərazisində başlıca ünsiyyət vasitəsinə çevrildi
Böyük Səlcuq imperatorluğunun süqutundan sonra dirçələn və qüvvətlənən yerli Azərbaycan dövlətləri - Şirvanşahlar və Eldənizlər (Atabəylər) dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsində mühüm rol oynadılar.
Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər dövləti Azərbaycan xalqının etnik-siyasi tarixində, Azərbaycan dilinin təsir dairəsinin daha da genişlənməsində xüsusilə böyük rol oynadı. Azərbaycan türklərinin, Azərbaycan türk dili və mədəniyyətinin yayıldığı ərazi daha da genişləndi.
Beləliklə, Ərəb xilafətinin tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam dövlətlərinin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər (Hülakular), Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və s.) rolu artdı. Azərbaycan uzun zaman bu dövlətlərin əksəriyyətinin mərkəzi vilayəti, Təbriz isə paytaxtı oldu.
XV-XVIII əsrlərdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Əfşar imperiyaları bilavasitə Azərbaycan-türk sülalələri tərəfindən idarə olunurdu. XVIII əsrin sonlarından etibarən İranı da Azərbaycan sülaləsi olan Qacarlar idarə etməyə başladılar. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, azərbaycanlıların hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin tərəqqisinə əlverişli şərait yaradırdı.
XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü başladı. Bundan istifadə edən Qacarlar İranı və Rusiya imperiyası Azərbaycanı öz aralarında qanlı müharibələr meydanına çevirdilər. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Ölkənin şimalı (Şimali Azərbaycan) Rusiyaya, cənubu (Cənubi Azərbaycan) isə Qacarlar İranına qatıldı. Bununla Azərbaycan torpaqları kimi, Azərbaycan xalqı da iki hissəyə parçalandı. Nəticədə Azərbaycan xalqının şimalda ruslaşdırılması, cənubda isə farslaşdırılması dövrü başlandı. Xalq həm şimalda, həm də cənubda işğalçılara qarşı azadlıq mübarizəsi tarixinə qədəm qoydu.
Rusiya imperiyası Türkmənçay müqaviləsindən (1828) sonra Şərqə doğru daha da irəliləmək, isti dənizlərə yol açmaq üçün azərbaycanlıları Qafqazdan sıxışdırıb çıxarmaq siyasəti yeritməyə başladı. Bunun üçün ilk növbədə Cənubi Qafqazın xristian əhalisinə - Azərbaycandakı xristian albanlara və gürcülərə arxalandı. İşğalçılar Azərbaycanda möhkəmlənmək üçün ölkənin xristian-alban əhalisindən istifadə etdi.
Beləliklə, Cənubi Qafqazda, İslam dininin yayılmasından təqribən 1200 il keçdikdən sonra xristian amili yenidən dirçəldildi. Rusiyadan Azərbaycan ərazisinə xristian əhalinin köçürülüb gətirilməsinə cəhd göstərildi. İlk zamanlar bu siyasət baş tutmadıqda Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanhqlarının ərazisinə qonşu ölkələrdən kütləvi sur erməni əhalisi köçürdü. Türkiyə və İran ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında - keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində «Erməni vilayəti» yaradıldı (1828). Bununla Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.
Rusiya, yuxarıda göstərilənlərlə yanaşı, 1836-cı ildə müstəqil Alban kilsəsini də ləğv etdi və onu erməni qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı.
Rusiya imperiyasının məqsədli surətdə həyata keçirdiyi bu tədbirlər nəticəsində ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu. Bütün bunlarla kifayətlənməyən çar Rusiyası daha çirkin siyasətə də əl atdı: ermənilər silahlandırılaraq türk-müsəlman əhali üzərinə qaldırıldı və azərbaycanlılara qarşı kütləvi soyqırımları törədilməsinə başlandı. Eyni zamanda, Rusiyadan Azərbaycana xristian əhalisinin köçürülməsi prosesi də sürətləndirildi.
Mahiyyətcə eyni cür siyasət Qacarlar İranı tərəfindən Azərbaycanın cənubunda da həyata keçirilirdi.
Nəticədə Azərbaycan xalqının həm şimalda, həm də cənubda azadlıq mübarizəsi gücləndi. Əvvəllər Azərbaycana yiyələnmək üçün öz aralarında qanlı müharibələr aparmış tarixi düşmənlər olan Rusiya və İran dövlətləri azərbaycanlıların azadlıq mübarizəsinə qarşı bir-birinin etibarlı müttəfiqinə çevrildilər. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı Rusiya və İran işğalçılarına qarşı istiqlal mücadiləsini dayandırmadı, özünün müstəqil dövlətini dirçəltmək üçün dəfələrlə üsyan qaldırdı, şəhidlər dalınca şəhidlər verdi.
Birinci Dünya müharibəsi dövründə (1914-1918) azərbaycanlılar həm şimalda, həm də cənubda öz milli dövlətçilik ənənələrini dirçəltmək üçün ayağa qalxdılar. Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Bakıda hakimiyyəti ələ keçirən S. Şaumyanın daşnak-bolşevik hökuməti 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı dəhşətli soyqırımı həyata keçirdi. Qardaş Türkiyə Azərbaycana kömək əlini yetirdi. Azadlıq hərəkatı qalib gəldi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Cənubi Azərbaycanda isə müstəqil Azadıstan dövləti quruldu. Lakin bolşevik Rusiyası və İran şahlığı hər iki Azərbaycan dövlətini qan içərisində boğdu. Ölkədə Rusiya və İran əsarəti yenidən bərpa olundu. Sovet Rusiyası tərəfindən işğal olunan Şimali Azərbaycan torpaqlarının bir hissəsində - şərqində Azərbaycan Sovet Sosialist Respublikası (1920), Şimali Azərbaycanın qərb torpaqlarında isə əvvəlcə Ermənistan Respublikası (1918), sonra isə Ermənistan Sovet Sosialist Respublikası (1920) yaradıldı. Beləliklə, bolşeviklərin hakimiyyəti dövründə Rusiya Türkiyə ilə həmsərhəd olan əzəli Azərbaycan torpaqlarında ermənilərin möhkəmləndirilməsi - bufer xristian dövləti yaradılması yolunda daha bir addım atdı.
Sovet hakimiyyəti dövründə Şimali Azərbaycanda bolşevik əsarətinə qarşı müqavimət hərəkatı yeni mərhələyə qədəm qoydu. Gəncə, Qarabağ, Şəmkir, Zaqatala, Şəki və başqa yerlərdə xalq bolşevik işğalçılarına qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Sovet-müstəmləkə rejiminə qarşı xalq üsyanları sonraları da davam etdiş Bolşeviklərə qarşı silahlı üsyana qalxmış Göynük (Şəki) üsyançıları kütləvı surətdə vəhşicəsinə gülləbaran edildilər (1930). Azadlığa can atan xalq qanlı qırğınlara, repressiyalara, sürgünlərə məruz qaldı. 1945-ci ildə Azərbaycanın cənubunda yaradılmış Milli Hökumət də mürtəce İran rejimi tərəfindən devrildi. Azərbaycanlılarm şimallı-cənublu öz doğma vətənlərindən kütləvi surətdə zorla köçürülməsi dövrü başlandı. 1948-1953-cü illərdə azərbaycanlıların öz ulu vətənlərindən - Şimali Azərbaycanın qərb rayonlarından (Ermənistan Sovet Sosialist Respublikası ərazisindən) kütləvi surətdə sürgün olunmasına başlandı. Ermənilər Şimali Azərbaycanın qərb torpaqlarında (indiki Ermənistan Respublikası ərazisində) daha da möhkəmləndilər. Onların həmin ərazidə sayca üstünlüyü təmin olundu.
1969-cu il iyulun 14-də Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi Azərbaycanın qarşısında duran bir çox taleyüklü suallara aydın cavablar tapılması və onların ardıcıllıqla həll edilməsi baxımından tarixi hadisə oldu.
1970-1980-ci illərin əvvəllərində respublika iqtisadiyyatının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər, o cümlədən çoxsaylı sənaye müəssisələrinin, həmin dövr üçün ən müasir texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması iqtisadi infrastrukturu köklü surətdə dəyişdirdi, onun aqrar respublikadan daha çox sənaye yönümlü respublikaya çevrilməsinə zəmin hazırladı.
Beləliklə, bütün məhrumiyyətlərə baxmayaraq, sovet hakimiyyəti illərində, xüsusilə 1969-1982-ci illərdə əldə olunmuş nəhəng potensial XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşmuş dövlətimiz üçün çox gərəkli oldu.
SSRİ-nin dağılması prosesində Şimali Azərbaycan keçmiş sovet məkanının ən qüvvətli xalq azadlıq hərəkatı mərkəzlərindən birinə çevrildi.