Neft strategiyası
Müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümummilli lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirdi. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşıma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş - “Əsrin müqaviləsi” imzalanıb. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. Onlar tezliklə işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Saziş 1994-cü il dekabrın 12-də Azərbaycan parlamentində ratifikasiya olunub.
İlkin hesablamalara görə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib.
“Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb.
Bu nəhəng yataqlar blokunun istismarı üç mərhələdə nəzərdə tutulmuşdu. 1997-ci il noyabrın 7-də “Çıraq” platformasından ilk neft hasil edildi və növbəti mərhələlər uğurla həyata keçirildi. Müqavilənin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib istifadəyə verildi:
- 1997-ci ilin sonlarında neft Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlanıb;
- 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verilib. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb;
- 2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəməri - Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb.
Ümumilikdə, Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarılması üçün Yer planetinin ekvatorunun uzunluğunun 1/10-i həddində neft kəmərləri tikilib: Bakı-Novorossiysk (1330 kilometr), Bakı-Supsa (833 kilometr) və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (1768 kilometr).
2020-ci ilin əvvəlinədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinə 36 milyard dollardan çox sərmayə qoyulub və bu blok üzrə 500 milyon ton neft hasil edilib, 40 milyard kubmetrdən artıq səmt qazı hasil edilərək Azərbaycan hökumətinə verilib.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1999-cu il dekabrın 29-da imzaladığı Fərman ilə karbohidrogen gəlirlərinin səmərəli idarə edilməsi, nəsillərarası ədalətli bölgünün təmin olunması və həmin vəsaitlərin prioritet sahələrin inkişafına yönəldilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılıb. Qısa müddət ərzində dünyanın ən şəffaf fondlarından birinə çevrilən Dövlət Neft Fondu vəsaitlərin səmərəli və şəffaf idarə olunması sayəsində hazırkı və gələcək nəsillər üçün uzunmüddətli maliyyə gəlirliliyini təmin edir.
2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında yeni Saziş imzalanıb. Bununla da, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yataqları blokunun işlənilməsində yeni dövr başlanıb. Sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, BP, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzalayıblar. Hasilatın Pay Bölgüsü haqqında yenidən işlənmiş və 2050-ci ilə qədər uzadılmış sazişə əsasən, BP fəaliyyətini layihənin operatoru kimi davam etdirir, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır, mənfəət neftinin isə 75 faizi Azərbaycana qalır. Bu Sazişin ardınca 2019-cu ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun müqavilə ərazisində əlavə bir hasilat platformasının tikintisi üzrə razılaşma əldə olunub.
“Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsasını qoyur. Bu, müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir.
“Azəri-Çıraq-Günəşli”nin neft potensialı əvvəllər 500 milyon ton ehtimal edirdisə, hazırda bu gözlənti 1 milyard tondan çoxdur.
2018-ci il oktyabrın 18-də Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər. “Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton olmaqla, müxtəlif həcmlərdə dizel yanacağı, təyyarə yanacağı, yüngül nafta və digər emal məhsullarını istehsal etmək imkanına malikdir. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatının böyük hissəsini ödəmək iqtidarındadır.
Azərbaycan ötən müddət ərzində təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə çevrilib. Xəzərin şərq sahillərində yerləşən ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən nəql edirlər. Həmçinin Rusiya şirkətləri bu ölkənin Xəzər dənizi sektorundan çıxarılan nefti Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql etməyə üstünlük verir. Xəzərdəki ən böyük donanma da Azərbaycana məxsusdur.
Azərbaycanın beynəlxalq bazarlarda iştirakının genişləndirilməsi ölkənin qüdrətini daha da artırır.
2020-ci ildə “Qarabağ” yatağı isə müstəqilliyimiz dövründə kəşf edilmiş ilk neft yatağı olaraq tarixə düşüb. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır.
Qaz sektoru
Dünyanın ən zəngin qaz yataqlarından biri olan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib, lakin müvafiq texnologiyaların olmamasına görə istismarı dayandırılıb, yatağın potensial imkanları müəyyən edilməyib.
1996-cı ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin beynəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olmasını aşkar edib və nəticə gözləniləndən böyük olub. Yataqda 1,2 trilyon kubmetr qazın olması ehtimal edilir. Bu, dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunur.
Sonrakı illərdə “Ümid” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq edib. Bununla da, Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açılıb.
2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb və bu, həmin layihənin icrasının başlanğıc mərhələsi olub.
“Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi üçün konsorsium üzvləri 2013-cü il dekabrın 17-də Bakıda növbəti tarixi qərara imza atıb. İmzalanma mərasimi Heydər Əliyev Mərkəzində müxtəlif ölkələrin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilib. Müqaviləyə əsasən, layihəyə 28 milyard dollar sərmayənin cəlb edilməsi nəzərdə tutulub.
Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il oktyabrın 29-da imzaladığı Sərəncam ilə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Azərbaycanın mənafeyini qorumaq və layihə iştirakçılarına dövlət dəstəyinin təmin edilməsi məqsədilə Dövlət Komissiyası yaradılıb.
2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” layihəsinin təməlqoyma mərasimi keçirilib.
Azərbaycan strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibinə çevrilib. Bu təşəbbüsə ilk olaraq Türkiyə və Gürcüstan, sonrakı dövrdə İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya qoşulub. Hazırda yeni və potensial tərəfdaşlar arasında Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da yer alıb.
Artıq Azərbaycan hasil etdiyi qazı qonşu dövlətlərə ixrac edir və Avropa bazarına ixraca başlamaq üçün yeni kəmərlər tikilib:
- 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri (Cənubi Qafqaz qaz boru kəməri) istifadəyə verilib və “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanıstana ixrac edilməyə başlanıb;
- 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş Naziri Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP (Trans-Anadolu təbii qaz boru kəməri) layihəsinə imza atılıb;
- 2013-cü ildə “Şahdəniz” konsorsiumu TANAP qaz kəməri ilə daşınacaq Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Türkiyə sərhədini İtaliyanın cənubuna birləşdirən TAP (Trans Adriatic Pipeline) layihəsini seçib və hazırda kəmərin çəkilməsi istiqamətində işlər tamamlanmaq üzrədir.
Bu layihələr “Şahdəniz” yatağını İtaliyanın cənubuna birləşdirməklə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına imkan verir.
2018-ci il mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizinin önəmli hissəsi olan TANAP enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.
“Cənub Qaz Dəhlizi” layihəsinin əsas elementlərindən biri olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi başa çatdıqdan sonra, 2018-ci il iyunun 30-dan “Şahdəniz-2” çərçivəsində Türkiyəyə kommersiya təyinatlı qaz həcmlərinin nəqlinə başlanılıb.
2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin rəsmi açılışı olub və bununla da onun tikintisi tamamlanıb.
2015-ci ildən başlayaraq hər il Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri keçirilir.
2020-ci ildə TAP layihəsi də tamamlanacaq. Beləliklə, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılacaq.
Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Yalnız “Ümid” yatağının potensialı 200 milyard kubmetrdən çoxdur. Bu isə qarşıdakı 100 ildə də Azərbaycanın karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi tanınmasına imkan verir.
2018-ci ildən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” konsorsiumlarına rəhbərlik edən BP ilə icrasına başlanan “D 230” layihəsi çərçivəsində hazırda “Şəfəq- Asiman” qaz yatağı üzərində iş gedir. 2021-ci ildən “Total”la 300 milyard kubmetrdən artıq qaz potensialı olan “Abşeron” yatağından da qaz hasilatına başlanacaq.
2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Memorandumda nəzərdə tutulan əsas əməkdaşlıq istiqamətlərindən biri də ölkəmizdən Avropaya nəql edilən təbii qaz həcmlərinin 2 dəfə artırılmasıdır.
2023-cü il aprelin 25-də Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın qaz nəqli operatorları ilə SOCAR arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanıb. “Həmrəylik həlqəsi” adlanan bu təşəbbüs Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş qaz ötürücü sistemləri şəbəkəsi vasitəsilə Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlığın inkişafı baxımından yeni imkanlar açır.
Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Yalnız “Ümid” yatağının potensialı 200 milyard kubmetrə yaxındır. Bu isə qarşıdakı 100 ildə də Azərbaycanın karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi tanınmasına imkan verir.
“Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə “AÇG Gələcək Qaz” layihəsi və “Şəfəq- Asiman” qaz yatağının işlənilməsi üzərində işlər davam etdirilir.
2023-cü ilin iyul ayından etibarən 300 milyard kubmetrdən artıq qaz potensialı olan “Abşeron” yatağından ilk qaz və kondensat əldə edilmişdir.
Bu layihə Xəzər dənizinin ilk məsafədən idarə olunan platforması kimi tarixə düşüb. 2023-cü ilin avqust ayında “Abşeron” qaz-kondensat yatağında 30 faiz iştirak payının Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkətinə satılması ilə bağlı müqavilə imzalanıb. Bu şirkətin ölkə hüdudlarından kənarda apstrim layihəsində ilk investisiyasıdır.
2023-cü ilin avqust ayında “Şahdəniz” yatağından 200 milyardıncı kubmetr qaz hasil edilib.
2023-cü il sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib. 2024-cü ildə istismara verilməsi nəzərdə tutulan bu kəmər Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə töhfə verəcək.
Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə çevirir.