Regionların sosial-iqtisadi inkişafı
Azərbaycan Respublikası XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. 1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açmışdır.
Keçən əsrin 90-cı illərinin ortalarından başlanmış demokratik dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edilmiş, beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulmuşdur. Həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olmuşdur. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlmişdir.
1994-cü ildə imzalanmış və Azərbaycan Respublikasının tarixində yeni mərhələnin əsasını qoyan “Əsrin müqaviləsi”nin icrasına başlanılması xarici investisiyaların ölkəyə cəlb olunmasına güclü təkan vermişdir. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir.
Uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır
Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.
Azərbaycan əraziləruinin Erməniostan silahlı qüvvələrinin işğalı altında olan dövrdə qəbul olunmuş dövlət proqramlarında Azərbaycan 10 iqtisadi rayona bölünmüşdü.
Dövlət Proqramı ölkənin aşağıda qeyd olunan regionlarını əhatə edirdi:
- Bakı şəhəri və qəsəbələri;
- Abşeron iqtisadi rayonu (Abşeron və Xızı rayonları, Sumqayıt şəhəri);
- Aran iqtisadi rayonu (Yevlax, Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Şirvan və Mingəçevir şəhərləri);
- Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);
- Gəncə-Qazax iqtisadi rayonu (Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri);
- Quba-Xaçmaz iqtisadi rayonu (Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonları);
- Lənkəran iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);
- Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonları);
- Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);
- Yuxarı Qarabağ iqtisadi rayonu (Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları və Xankəndi şəhəri);
- Kəlbəcər-Laçın iqtisadi rayonu (Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonları).
Dövlət Proqramının Tədbirlər Planı aşağıdakı bölmələrdən ibarətdir:
- Ölkə əhəmiyyətli tədbirlər;
- Bakı şəhəri və qəsəbələri üzrə tədbirlər;
- Ölkənin inzibati rayonları üzrə tədbirlər;
- Naxçıvan iqtisadi rayonu üzrə tədbirlər.
Dövlət Proqramları çərçivəsində görülmüş işlər ölkədə həyata keçirilən ümumi sosial-iqtisadi inkişaf siyasətinə ciddi dəstək vermiş və nəticədə 2004-2018-ci illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə artmışdır. Bu dövrdə sənaye real ifadədə 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,4 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmışdır. Strateji valyuta ehtiyatları 2004-cü ilə nisbətən 24,3 dəfə artaraq 1 yanvar 2019-cu il tarixinə 45 milyard ABŞ dolları səviyyəsini keçmişdir. Dövlət proqramlarının icrası dövründə xarici ticarətin coğrafiyası daha da genişlənmiş, onun əmtəə strukturu təkmilləşmişdir. Bu dövrdə Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparmış, qeyri- neft ixracı 4,2 dəfə artmışdır.
Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da öz müsbət əksini tapmışdır. Təsadüfi deyildir ki, Dünya Bankının “Doing Business 2019” hesabatına görə Azərbaycan əvvəlki illə müqayisədə reytinqdə 32 pillə irəliləyərək, 57-ci yerdən 25-ci pilləyə yüksəlib. Sənədə əsasən, 10 indikatordan 8-i üzrə öz mövqeyini daha da yaxşılaşdıran Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. . 2004-2018-ci illər ərzində orta aylıq əmək haqqı 7 dəfə, orta aylıq pensiyalar 9,4 dəfə artmış, yoxsulluğun səviyyəsi 2004-cü ildəki 44,7 faizdən 2018-ci ildə 5,1 faizə düşmüşdür.
Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının təşviqi və stimullaşdırılması həyata keçirilən iqtisadi siyasət strategiyasının ana xəttinə çevrilmiş, ölkə iqtisadiyyatına 2004-2018-ci illər ərzində 244,9 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur.
Dövlətin sosialyönümlü iqtisadiyyat quruculuğu və insanların layiqli iş yerləri ilə təmin edilməsi istiqamətində apardığı siyasət öz müsbət tövhəsini vermiş, ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2004-2018-ci illər ərzində 1,5 milyonu daimi olmaqla, 2 milyondan artıq yeni iş yeri yaradılmışdır ki, bu iş yerlərinin də 75 faizi regionların payına düşmüşdür.
Sənayenin maşınqayırma, metallurgiya, kimya, mebel, toxuculuq, qida və digər sahələrində dinamik artım baş vermiş, dünya iqtisadiyyatının böhranla üzləşdiyi dövrdə belə Azərbaycan sənayesinin qeyri-neft sektorunda inkişafa nail olunmuşdur. Regional inkişafla bağlı dövlət proqramları çərçivəsində qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə regionlarda sənaye parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində xeyli işlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Sumqayıt Kimya Sənaye Parkı və Mingəçevir Sənaye Parkı, həmçinin Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri yaradılmışdır ki, bu da regionlarda sənaye sahəsində fəaliyyət göstərən sahibkarların, o cümlədən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, əlverişli biznes və investisiya mühitinin yaradılması, yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyətə malikdir.
Dövlət Proqramları çərçivəsində aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər də əsas prioritet istiqamətlərdəndir. Aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, bu sahədə infrastrukturun yaxşılaşdırılması, dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələrin reallaşdırılması, həyata keçirilən meliorativ tədbirlər, aqrotexniki xidmət işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltmək üçün “Aqrolizinq” ASC-nin yaradılması kimi tədbirlər bu sahənin inkişafına təkan vermişdir. Bunun nəticəsidir ki, ötən dövrdə ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılmışdır. Ötən müddət ərzində iri fermer təsərrüfatları, aqroparklar, intensiv bağçılıq təsərrüfatları, müasir istixanalar, logistik mərkəzlər yaradılmış, kənd təsərrüfatı məhsulları istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazası möhkəmləndirilmişdir.
Regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı zəruri tədbirlər davam etdirilmiş, insan amili daim diqqət mərkəzində saxlanılmış, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələrin miqyası minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar açmışdır. Son 15 ildə regionlarda 2980 məktəbdə, 360 məktəbəqədər təhsil müəssisəsində və 477 səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmiş, regionlarda 34 olimpiya idman kompleksi, 34 gənclər evi inşa olunmuşdur.
2004-cü ildən etibarən icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları hesabına ölkə əhalisinin 77 faizinin yaşadığı regionların sosial infrastrukturu köklü şəkildə yaxşılaşdırılmış, əhalinin rifah halı yüksəlmişdir.
Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir.
Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır.
Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanına əsasən iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilmişdir. Yeni bölgü 14 iqtisadi rayonu əhatə edir.
- Bakı iqtisadi rayonu (Bakı şəhəri);
- Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);
- Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);
- Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);
- Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);
- Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);
- Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);
- Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);
- Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);
- Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);
- Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);
- Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);
- Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);
- Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).
Dövlət Proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.