Turizm
Turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi nəzərdən keçirilir. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu potensialı düzgün qiymətləndirərək kifayət qədər investisiya tələb edən turizmin tənəzzüldən çıxarılması və inkişafı üçün kompleks tədbirlər həyata keçirmişdir. Ulu öndərimizin möhkəm təməl üzərində əsasını qoyduğu sosial-iqtisadi siyasət strategiyası nəticəsində Azərbaycanın maliyyə imkanlarının ildən-ilə yaxşılaşması turizm sahəsində uğurlu islahatların aparılmasına imkan yaratmışdır. Turizmin inkişaf tendensiyası ilk növbədə ölkənin ali qanunvericilik aktlarında öz əksini tapmışdı. 1999-cu ildə Milli Məclisdə “Turizm haqqında” qanun qəbul edilmiş, 27 iyul 1999-cu ildə ulu öndər Heydər Əliyev “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərman imzalamışdır.
2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turist təşkilatına üzv qəbul olunmuşdur.
Hər il Azərbaycanda da 27 sentyabr Turizm Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən Dünya Turizm Günü ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunur. Bununla bağlı müxtəlif tədbirlər, ümumrespublika daxili turizm konfransları, turizm sahəsinə aid layihələr həyata keçirilir.
Respublikada turizm sahəsində dövlət siyasətini 2018-ci ilin may ayınadək Mədəniyyət və Turizm Nazirliyinin müvafiq strukturları həyata keçirmişdir.
Hazırda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi turizm sahəsində, habelə tabeliyindəki dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirir. Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mövcud strukturu əsasında yaradılmışdır.
Müstəqil Azərbaycanda turizm sahəsinin infrastrukturu ciddi şəkildə inkişaf etmişdir.
Azərbaycanda turizm müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir forması kimi inkişaf etdirilir. Ölkədə "Turizm haqqında" qanun 4 iyun 1999-cu ildə qəbul edilmişdir. Gənclər, İdman və Turizm Nazirliyi 18 aprel 2001-ci ildə yaradılmışdı. Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006 il tarixli Fərmanı ilə Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv olunaraq Mədəniyyət və Turizm Nazirliyi təşkil edilmişdir.
"Azərbaycan Respublikasında 2002-2005 illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq edildikdən sonra ölkədə turizm ehtiyatlarından səmərəli istifadə olunur. Respublika ərazisində turizmin inkişafını təmin etmək məqsədilə 2002-ci ildə beynəlxalq standartlara cavab verən 7 əsas (Bakı-Xaçmaz, Bakı-Astara, Bakı-Balakən, Bakı-Qazax, Bakı-Abşeron yarımadası - Qobustan, Bakı-Naxçıvan, Bakı-Şuşa) turist marşrutu müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikasının turizm sənayesi üçün müasir beynəlxalq tələbələrə cavab verən mütəxəssislərin hazırlanması; müxtəlif təhsil formalarını tətbiq etməklə yüksək mədəni və vətəndaş fəallığı ilə dərin peşə biliyini özündə birləşdirən yüksək ixtisaslı mütəxəssislər hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı Qərarına əsasən Azərbaycan Turizm İnstitutu yaradılmışdır. Azәrbaycan Respublikasında turizm, menecment vә digәr xidmәt sahәlәrindә müşahidә olunan sürәtli inkişafı, “Azәrbaycan 2020: gәlәcәyә baxış” İnkişaf Konsepsiyasını, Azәrbaycan Respublikasında tәhsilin inkişafı üzrә Dövlәt Strategiyasını nәzәrә alaraq 22 dekabr 2014-cü ildə Azәrbaycan Respublikası Prezidentinin Sәrәncamı ilə Azәrbaycan Turizm vә Menecment Universiteti yaradılməşdır.
Azərbaycanda turizmin inkişafında vacib amillərdən sayılan qida sektoru formalaşmış, Milli Kulinariya Mərkəzi yaradılmışdır (1991). Respublikada fəaliyyət göstərən milli, Avropa, türk, hind və Çin mətbəxli restoranların əksəriyyəti Bakıda yerləşir.
Bakıda dünyanın ən böyük mehmanxana şəbəkələrinə daxil olan beşulduzlu "Hyatt Regency" (1995), "Grand Hotel Europe" (1997), "Radisson SAS Plaza Hotel" (1998), "Park Hyatt Hotel" (1999), "Excelsior Hotel Baku" (2005) və b. fəaliyyət göstərir. Yalnız dünyanın ən inkişaf etmiş ölkələrində rast gəlinən bu cür obyektlər iş adamları, turistlər və qonaqlar üçün maksimum xidmətlər təklif edir.
Azərbaycanın regionlarında da mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bunlara misal olaraq, Qafqaz mehmanxanalar şəbəkəsini, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkını, «Tufandağ» qış turizm kompleksini, Qusar rayonundakı möhtəşəm «Şahdağ» turizm mərkəzini göstərmək olar.
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı”nın tələbləri çərçivəsində hesabat dövrü ərzində Quba, Şamaxı, Şəki, Lənkəran, Gəncə, Zaqatala, Xaçmaz və Naxçıvan turizm informasiya mərkəzləri fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”na uyğun olaraq, Azərbaycan Respublikasında dövlət təsnifatından keçmiş mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 655-ə çatmışdır.
Daxili turizmin inkişaf etdirilməsi istiqamətində Yanardağ və Nardaran qalası turist marşrutuna salınıb. «Qala» Dövlət Tarixi Etnoqrafik Muzeyi yaradılıb. “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun mədəni, tarixi və etnoqrafik məkan olaraq qorunması və turizm imkanlarının inkişaf etdirilməsi üçün “Xınalığın inkişaf proqramı” layihəsi işlənib hazırlanıb.
Turizm şirkətlərinin fəaliyyətinin inkişaf etdirilməsi, onların işində mövcud olan problemlərin aradan qaldırılması və turizm şirkətlərinin mənafeyinin qorunması, vahid şəkildə yerli və beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə 2009-cu ildə Azərbaycan Turizm Şirkətləri Assosiasiyası yaradılmışdır. 250-dən artıq turizm şirkətinin fəaliyyət göstərdiyi Azərbaycanda da bu assosiasiyanın təsis edilməsi mühüm addım hesab olunur..
6600-dən artıq mədəniyyət abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısı qəbul edilmişdir. 65-i dünya, 2034-ü ölkə, qalanı isə yerli əhəmiyyətlidir. UNESCO-nun Dünya İrs Siyahısına Azərbaycandan İçərişəhər Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə salınmışdır (2000). "İçərişəhər" Tarix-Memarlıq Qoruğunun ərazisindəki 10 dünya, 27 ölkə əhəmiyyətli abidə maraqlı turizm obyektləridir.
Əlverişli iqlim şəraiti (Lənkəran-Astara, Nabran-Yalama, Abşeron və b.), müalicəvi mineral sular, neft və palçıqlar (Lənkəran, Kəlbəcər, Naxçıvan, Naftalan, Abşeron və b.) sağlamlıq turizminin inkişafına geniş imkan yaradır. Respublikada dövlət təbiət qoruqlarının və milli parkların sayının artması təbiət, ekoloji və ekzotik turizm növlərinin inkişafını sürətləndirmişdir.
2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsi, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması turizm sahəsinin inkişafı üçün görülən çoxşaxəli işlərdəndir.
1 iyul 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Turizm sahəsində ixtisaslı kadr hazırlığı xidmət keyfiyyətinin artırılması baxımından önəm kəsb edir. Bu baxımdan Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.
Azərbaycan Hotel Assosiasiyası, Bələdçilər Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və bu kimi ictimai birliklərin yaradılması turizm sənayesinin ümumi məqsəd ətrafında birləşdirilməsinə önəmli təkandır.
2020-ci ilin payızında Azərbaycanın 20 faiz ərazisinin Ermənistan ordusunun işğalından azad edilməsindən sonra yeni yolların çəkilməsi, hava limanlarının istifadəyə verilməsi, “ağllı” şəhər və kəndlərin salınması həmin regionda turizmin inkişafına xeyli dərəcədə təkan verəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb.
Ölkədə turizmin dayanıqlı inkişafını təmin etmək, beynəlxalq turizm bazarında Azərbaycanın etibarlı və cəlbedici imicini formalaşdırmaq və rəqabət qabiliyyətini artırmaq məqsədilə hazırlanmış 2021-ci il 27 dekabr tarixli 448-VIQ nömrəli “Turizm haqqında” qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti 18 fevral tarixli fərman imzalayıb.
Son iki il ərzində (2021-2022-ci illər) Dövlət Turizm Agentliyi tərəfindən Qarabağın və Şərqi Zəngəzurun turizm potensialının öyrənilməsi, müvafiq olaraq konsepsiya sənədləri və layihələrin hazırlanması həyata keçirilib.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Turizm Sammiti 2023” tədbiri keçirilib. Bu tədbir çərçivəsində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan turizmi” sənədli filmi və kitabının təqdimatı baş tutub.
Regionların turizm potensialının effektiv istifadəsi üzrə 8 regional turizm idarəsi, o cümlədən Qarabağ Regional Turizm İdarəsinin yaradılıb.