Təhsil
Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyasının əsasını onun sosial-iqtisadi tərəqqisinin və elmi-texniki potensialının yüksək səviyyədə olması, dünya mədəni irsinə verdiyi sanballı töhfələr təşkil edir. İndiyədək qazanılan bütün uğurların əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu il Azərbaycan tarixində dönüş nöqtəsi, yeni epoxanın başlanğıcı hesab olunur. Bu gün haqlı olaraq həmin dövrü Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibahı dövrü kimi qiymətləndirirlər.
Hakimiyyətə gəlişinin ilk günlərindən Heydər Əliyev Azərbaycan təhsilinin inkişafına böyük qayğı göstərmiş, ölkənin sosial-iqtisadi inkişafında təhsilin həlledici rola malik olduğunu nəzərə alaraq, onun tərəqqisinə nail olmaq üçün bütün potensial imkanlardan istifadə etmişdir.
Məlumdur ki, XX əsrin 50-60-cı illərində Azərbaycan neft sənayesi istisna olmaqla, bütün sahələrdə geridə qalmış aqrar respublika hesab olunurdu. Məhz Heydər Əliyevin titanik fəaliyyəti sayəsində Azərbaycan hərtərəfli inkişaf yoluna qədəm qoydu. Azərbaycan sənayenin və kənd təsərrüfatının sürətli inkişafı ilə yanaşı, elm, təhsil və mədəniyyətin inkişafında böyük tərəqqi əldə edildi. Onun rəhbərliyi altında təhsilin müxtəlif pillələri üzrə islahatlar ardıcıl surətdə həyata keçirildi.
Azərbaycanda ümumi orta təhsilə keçidə 60-cı illərin ortalarında başlansa da bu ideyanın gerçəkləşməsi 70-ci illərdə mümkün oldu.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində həmin illərdə 350 mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi birtipli layihə üzrə tikilib istifadəyə verilmişdi. Bu illərdə məktəblərin texniki və elmi-metodiki vasitələrlə təminatı əsaslı şəkildə yaxşılaşmışdır. Heydər Əliyevin gərgin əməyi və qayğısı nəticəsində ümumtəhsil məktəblərinin tədris-maddi bazası və kadrlarla təminatı daha da möhkəmləndirilmişdi. 1978-ci ildən ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərlə pulsuz təminatına keçilmişdi. 70-80-ci illərdə respublikada 5 yeni ali məktəb acımışdı. Həmin illərdə respublikada ali təhsil alanların sayı 70 mindən 100 minə yüksəlmişdi.
Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəlləri Azərbaycan tarixinin hərc-mərclik dövrü, təhsil sahəsində isə depressiya və tənəzzül illəridir. Bu dövrdə məktəb tikintisi tamamilə dayanmış, təhsilə qayğı arxa plana keçmiş, təhsilin maliyyələşməsi minimuma enmiş, təhsil sistemindən kadr axını başlanmışdı. Bu illərdə Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində 242 uşaq bağçası, 616 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 3 orta ixtisas məktəbi dağıdıldı ki, bu da təhsil sistemində çoxlu problemlər yaratdı.
1993-cü ilin iyununda ölkəni bürüyən xaos və vətəndaş müharibəsindən xilas etmək üçün xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyi bərqərar etdikdən sonra təhsilin inkişafına qayğı göstərdi. Onun sayəsində ümumi təhsildə 11 illik icbari ümumi orta təhsilə keçildi. «Təhsil haqqında» qanunun yeni layihəsi ümumxalq müzakirəsinə çıxarıldı. Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ilin martında müstəqil Azərbaycanda milli təhsil quruculuğunun konsepsiya və strategiyasını hazırlamaq məqsədilə Dövlət Komissiyası yaradıldı. Beləliklə, müstəqil Azərbaycanda 3 mərhələni əhatə edən təhsil quruculuğu konsepsiyası və strategiyası hazırlanaraq onun ardıcıl olaraq icrasına 1999-cu ildən start verildi.
Təhsilin məzmununun müstəqil Azərbaycanın dövlətçilik prinsipləri əsasında qurulması ideyası Heydər Əliyevin başlıca məqsədlərindən biri idi. Ümumtəhsil məktəbləri üçün yeni dərsliklərin hazırlanması məsələsi həmişə Heydər Əliyevin diqqət mərkəzində olmuş, bu sahədə aparılan
işlərlə müntəzəm maraqlanmış, daim Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi dərsliklərinin təhsil sistemində müstəsna əhəmiyyətə malik olduğunu vurğulamışdır. Hazırda ümumtəhsil məktəblərində istifadə edilən dərslik və dərs vəsaitləri bütünlüklə yeniləşdirilmişdir. Heydər Əliyevin imzaladığı «Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməsinə keçmək haqqında» qərarı yerinə yetirilmişdir
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən ölkəmizin davamlı sosial-iqtisadi inkişafı strategiyası çərçivəsində uğurla davam və inkişaf etdirilməkdədir. Son illərdə Prezident İlham Əliyevin təhsil sisteminə diqqət və qayğısı sayəsində ciddi nailiyyətlər qazanılmış, milli təhsil sisteminin aydın sabahını təmin edəcək bir sıra İnkişaf Proqramları təsdiq olunaraq reallaşdırılmasına başlanılmış, təhsilin davamlı inkişafına yönəlik əsaslı tədbirlər görülmüşdür. Bu tədbirlər içərisində təhsilin məzmununun yeniləşdirilməsi, yeni proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması, nəşri və təhsil müəssisələrinin onlarla fasiləsiz təmin edilməsi, təhsilin idarə olunmasının təkmilləşdirilməsi, təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirüməsi, tədrisdə müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə olunması, təhsildə beynəlxalq əlaqələrin genişləndirilməsi, təhsil sistemində məqsədli Proqramların həyata keçirilməsi yolu ilə təhsilin keyfiyyətinin yüksəldilməsi və bu kimi prioritet sahələr üstünlük təşkil etmişdir.
Ölkəmizin müxtəlif maliyyə mənbələrindən, xüsusilə yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində əldə edilən gəlirlər sayəsində təhsilə ayrılan vəsait hər il davamlı olaraq artır. Bu gün dövlət büdcəsinin maddələri arasında təhsil sahəsinə ayrılan vəsait həcminə görə ikinci yer tutur.
Prezident İlham Əliyevin gündəlik qayğısı sayəsində təhsilin ayrı-ayrı sahələri üzrə elmi təhlillərə əsaslanmış inkişaf proqramları təsdiq olunaraq reallaşdırılmağa başlanmış, təhsilin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər həyata keçirilmiş, irimiqyaslı islahatlar prosesi dönməz xarakter almışdır.
Qloballaşan dünyada insan inkişafının qiymətləndirilməsində təhsil göstəriciləri xüsusi əhəmiyyət daşıyır. BMT ekspertlərinin insan inkişafı üzrə apardıqları araşdırmaların nəticəsinə görə , Azərbaycanda əhalinin savadlılıq indeksi 99 faiz təşkil edir.
Təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qiymətləndirən Prezident İlham Əliyevin təhsil sistemi qarşısında qoyduğu vəzifələrə uyğun olaraq Təhsil Nazirliyi müxtəlif sahələr üzrə qəbul edilmiş proqramları həyata keçirir. Bu proqramlar təhsilin məzmununun yeniləşdirilməsi ,yeni proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması, təhsilin idarə olunmasının təkmilləşdirilməsi, təhsil müəssisələrinin maddi-texniki və tədris bazalarının möhkəmləndirilməsi, tədris prosesində informasiya texnologiyalarının istifadə olunması, kadrlarla təminat, məktəbəqədər təhsilin yeniləşdirilməsi, texniki peşə təhsilinin təkmilləşdirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, istedadlı uşaq və gənclərin yaradıcılıq potensialının inkişafı və digər sahələri əhatə edir.
Dövlətimizin başçısının sərəncamları ilə təsdiq edilmiş Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadı inkişafı üzrə dövlət proqramları digər sahələrlə yanaşı, təhsil sektorunun inkişafına, o cümlədən yeni məktəblərin tikintisinə, əsaslı təmirinə və maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə yönəldilmişdir.
2005-2007 və 2008-2013-cü illəri əhatə edən iki Dövlət Proqramının həyata keçirilməsi nəticəsində təhsilin informasiyalaşdırılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Ölkənin ümumtəhsil məktəbləri İKT ilə təmin edilmiş, hər 18 şagirdə bir kompüter nisbəti təmin olunmuşdur. 2351 məktəb genişzolaqlı sürətli internetlə təmin olunmuş, internetə qoşulmuş məktəblərin nisbəti 2004-cü ildəki 1,5 faizdən 2016-cı ildə 52 faizə yüksəlmişdir.
2008-2012-ci illəri əhatə edən “Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramında” nəzərdə tutulan təhsil sisteminin bütün pillələrinin şəbəkə infrastrukturunun inkişafı və sürətli internetlə təmin olunması, İKT-nin inteqrasiyasını təmin etmək üçün metodiki, texniki və digər növ xidmətləri göstərmək məqsədilə məlumat və resurs mərkəzləri, şəbəkənin yaradılması, pedaqoji və texniki heyətə İKT-dən istifadə bacarıqlarının aşılanması, innovativ və yaradıcı müəllimlər üçün qiymətləndirmə və motivasiya sisteminin yaradılması, bütün fənlər üzrə müasir elektron elmi-metodik vəsaitlərin və elektron tədris resursları bazasının yaradılması, təhsilin idarə olunmasının məlumat sistemlərinin inkişaf etdirilməsi, vahid təhsil portalının hazırlanması istiqamətində xeyli işlər görülmüşdür.
Ümumi orta təhsilin məzmununun dövrün tələbatına uyğun müəyyənləşdirilməsi aktual problem kimi qalır. Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində “Ümumi təhsilin konsepsiyası (Milli Kurikulum)” sənədi hazırlanaraq hökumət tərəfindən təsdiq edilmişdir. “Kurikulum islahatı” alt komponenti üzrə icra planında nəzərdə tutulan tədbirlər ardıcıllıqla həyata keçirilmişdir. I-IV siniflərdə yeni təlim metodunun tətbiqi başa çatdırılmış, ibtidai təhsil pilləsi üçün fənn kurikulumları hazırlanmışdır. Fənn kurikulumlarının tətbiq edildiyi I-IV siniflər üçün yeni nəsil dərslik komplektləri-dərslik, müəllim üçün vəsait, şagird üçün iş dəftəri çap edilmişdir.
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihəyə əsasən kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək alt-komponenti üzrə icra planına uyğun olaraq məktəbəqədər təhsilin kurikulumunun hazırlanmasını təmin etmək üçün Təhsil Nazirliyinin işçi qrupu fəaliyyət göstərir. İkinci Layihəyə əsasən ”Beş yaşlıların qısa müddətli təlim qruplarında məktəbə hazırlanması üçün proqram” və “Valideynlərin maarifləndirilməsi proqramı”nın həyat keçirilməsi ilə bağlı ibtidai sinif müəllimləri və tərbiyəçilər üçün treninqlər keçirilmişdir.
Yeni məzmun şagirdlərin qiymətləndirilməsi sistemində də yeniliklərin tətbiq edilməsini, gündəlik qiymətləndirmədən məktəbdaxili qiymətləndirmə modelinə keçilməsini zəruri etmişdir. Orta təhsil kursu üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına, təhsilə münasibətdə şagird və müəllimlərin, məktəb rəhbərliklərinin, eləcə də valideynlərin məsuliyyətinin artırılmasına, bu sahədə illərdən bəri yığılıb qalan neqativ halların aradan qaldırılmasına xidmət edir.
Ümumi orta təhsil sahəsində aparılan islahatların nəticəsidir ki, son illərdə ali məktəblərə qəbul imtahanlarında məzunların nəticələri xeyli dərəcədə yüksəlmişdir.
“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın icrası nəticəsində lisey və gimnaziyaların maddi texniki bazası möhkəmləndirilmiş, istedadlı uşaqlar barədə məlumat bankı yaradılmış, yeni tipli təhsil müəssisələrinin şəbəkəsi genişləndirilmiş, bir sıra ümumtəhsil və internat məktəbləri liseylərə çevrilmişdir.
Orta məktəblərdə məzunlara qızıl və gümüş medalların verilməsinin bərpası, beynəlxalq olimpiadalarda yüksək yer tutan şagirdlərin göstəricilərinin tələbə qəbulu imtahanlarında nəzərə alınması şagirdlərin əməyinin stimullaşdırılmasına xidmət edir.
Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı rekord miqdarda - 34475 nəfər (43,9%) təşkil edib ki, bu da ötən ilki göstəricidən 3,9%, 2014-cü ildəki göstəricidən isə 9,2% artıqdır.
Təhsil sahəsində qazanılan uğurlardan biri də, xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramının icra edilməsidir. Proqrama müvafiq olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı müəssisələrin maddi texniki və tədris bazası əsaslı şəkildə təkmilləşdirilmiş, həmin sahədə təhsilin məzmunu yeniləşdirilmiş, ölkəmizdə ilk dəfə olaraq inklüziv təhsil üzrə pilot layihələri həyata keçirilmişdir.
Maddi kapitalın insan kapitalına çevrilməsinin təməlinin qoyulduğu məktəbəqədər təhsil uşaqların erkən yaş dövründən fiziki və psixoloji inkişafında, istedad və qabiliyyətinin üzə çıxarılmasında, məktəb həyatına hazırlanmasında mühüm rol oynayır.
Məktəbəqədər təhsilin inkişafı sahəsində son illərdə bir sıra ciddi addımlar atılmışdır. “Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-ci illər)” çərçivəsində müəssisələrin maddi texniki bazasının möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlb edilməsi, kadr təminatının yaxşılaşdırılması, yeni kurrikulumun hazırlanması sahəsində uğurlar əldə edilmişdir. Respublikamızda 112 min 892 uşağın cəlb olunduğu 1638 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ayrı-ayrı uşaq bağçalarında əsaslı təmir işləri aparılmış, məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan uşaqların sayı artmışdır. Özəl bağçaların sayı 24-ə çatmışdır.
Ölkə üzrə uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi 2009-cu ildə 15,8 faiz olduğu halda, hazırda bu rəqəm 17,6 faiz təşkil edir. Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmuş uşaqların sayı 2009-cu ildəki 31.102 nəfərdən 2010-cu ildə 34.369 nəfərə çatmış, əhatə səviyyəsi 26 faizi ötmüşdür.
Ölkəmizin iqtisadi potensialı gücləndikcə məktəbdənkənar təhsil müəssisələrinin maddi texniki bazası daha da zənginləşir. Məktəbdənkənar təhsil şagirdlərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şərait yaradır, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilini təmin edir.
Uşaq yaradıcılıq, texniki yaradıcılıq və məktəbdənkənar tərbiyə işi, gənc turistlər və diyarşünaslıq, ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində, bədii yaradıcılıq evində, uşaq - gənclər idman və şahmat məktəblərində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmaları, onların fiziki tərbiyəsinin, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür.
Qabaqcıl pedaqoji kollektivlərin və müəllimlərin əməyinin stimullaşdırılması daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin 4 sentyabr 2008-ci il tarixində imzaladığı “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatının təsis edilməsi haqqında” sərəncamı məktəb həyatında mühüm hadisə olmuşdur. Sərəncama əsasən “Ən yaxşı məktəb” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi qaydaları təsdiq edilmişdir. Cəmiyyətdə müəllimin statusunun və nüfuzunun yüksəldilməsində, dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artırılmasında, yaradıcı pedaqoji kollektivlərin qabaqcıl təcrübəsinin respublika miqyasında geniş yayılmasında ən yaxşı müəllim mükafatlarının təqdim edilməsinin uğurlu nəticələri göz önündədir.
2015-2016-cı tədris ilində ölkənin 5 regionunda yerləşən 58 məktəbdə 176 sinif komplektində təxminən 3700 nəfərə yaxın şagird X sinifdə təmayüllər üzrə tədrisə cəlb olunub.
Məktəblərin tikintisi və yenidən qurulması sahəsində Heydər Əliyev Fondunun böyük dəstəyi vardır. Fəaliyyətə başladığı müddətdən 2010-cu ilin sonuna kimi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" və digər proqramlar çərçivəsində 300-dək məktəb və uşaq bağçası tikilib istifadəyə verilib, yaxud əsaslı təmir edilib. Ən yüksək tələblərə cavab verən bu təhsil ocaqları müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompyuterlərlə təchiz olunub.
Hazırda ölkəmizdə 4469 (23-ü qeyri-dövlət) ümumi təhsil müəssisələri mövcuddur. Son 13 ildə məktəblərin 70 faizi yenidən tikilib və ya əsaslı təmir olunub. 2015-2016-cı tədris ilində Təhsil Nazirliyi tərəfindən 12 ümumi təhsil məktəbi tikilib istifadəyə verilib, 2 internat, 3 orta ixtisas təhsili müəssisəsi əsaslı təmir edilib. Təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının təkmilləşdirilməsi tədbirləri çərçivəsində 60 məktəbdə müasir laboratoriya otaqları yaradılıb.
2016-2017-ci tədris ili üzrə ümumtəhsil məktəbləri üçün 261 adda 6 623 135 nüsxə dərslik və metodik vəsaitlər hazırlanmış və çap edilərək şagirdlərə verilmişdir.
Texniki peşə təhsili ümumi təhsilin tərkib hissəsi olmaqla ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı qüvvələrindən biri hesab olunur. Dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənmiş tədbirlər əhalinin fəal hissəsinin yerli və beynəlxalq əmək bazarındakı dəyişikliklərə müvafiq reaksiya verməsinə imkan yaradır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” qəbul edilib. Təhsil Nazirliyi Dövlət Proqramının icrası ilə əlaqədar Fəaliyyət Planı təsdiq etmişdir.
İlk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə 2016-cı ildə Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmışdır. Hazırda Azərbaycanda 108 peşə təhsili müəssisəsi, o cümlədən 45 peşə liseyi, 2 peşə tədris mərkəzi və 61 peşə məktəbi fəaliyyət göstərir. Onlardan 8-i cəzaçəkmə müəssisələrinin nəzdindədir.
Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həllində, bazar münasibətləri şəraitində şəxsiyyətin və cəmiyyətin peşə-ixtisas təhsilinə olan tələbatının ödənilməsində orta ixtisas təhsilinin özünəməxsus yeri var. Hazırda 61 (1-i qeyri-dövlət) orta ixtisas təhsili müəssisələri mövcuddur. Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması tədbirləri davam etdirilmiş, Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli 30 nömrəli qərarına əsasən 14 kollec birləşdirilərək 7 kollec, o cümlədən 3 regional kollec yaradılmışdır. 3 kollec profillərinə uyğun ali təhsil müəssisələrinin nəzdinə verilmişdir.
Təhsilin bu pilləsi iqtisadiyyatın müxtəlif səhələrinin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. Orta ixtisas təhsili fasiləsiz təhsil sisteminin tərkib hissəsi olmaqla bir-biri ilə bağlı iki məsələni - gənclərin müxtəlif peşələrə yiyələnməsini və onların ümumi icbari təhsil almalarını həll edir. Son illərdə orta ixtisas təhsili müəssisələrində kadr hazırlığının strukturunda zəruri dəyişikliklər aparılıb. Belə ki, yeni şəraitdə əmək bazarının tələbatına və gənclərin marağına uyğun olaraq neft və energetika, maşınqayırma, informasiya, nəqliyyat və kommunikasiya, sosial-mədəni servis, iqtisadiyyat, biznesin təşkili, marketinq və menecment, iqtisadi və humanitar profilli ixtisaslar üzrə mütəxəssis hazırlığı əhəmiyyətli dərəcədə artıb.
Orta ixtisas təhsilinin məzmununda da dəyişikliklər aparılıb. Belə ki, orta ixtisas təhsili müəssisələrində kadr hazırlığı aparılan ixtisaslar və istiqamətlər üzrə kiçik mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum tələblərə cavab verən orta ixtisas təhsilinin dövlət standartları tətbiq olunub və buna müvafiq yeni tədris plan və proqramları hazırlanıb.
Respublikada yeni tipli orta ixtisas təhsili müəssisələrinin - kolleclərin yaradılması istiqamətində mühüm addımlar atılır. Bir sıra texnikumların birləşdirilməsi nəticəsində onların maddi texniki bazası, pedaqoji kadr potensialı və bu sahədə olan beynəlxalq təcrübə nəzərə alınmaqla yeni tipli orta ixtisas təhsil müəssisələri - kolleclər yaradılıb.
Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında ali təhsilin rolu heç vaxt indiki qədər aktual olmayıb. Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da insan kapitalının formalaşmasında ali təhsilin rolu danılmazdır. Hazırda 56 (13-ü qeyri-dövlət) ali təhsili müəssisələri mövcuddur.
1993-cü ildə ölkədə ikipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə başlanılması Azərbaycanın təhsil tarixində mühüm hadisələrdən biridir. İkipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə ilk dəfə olaraq 23 ali təhsil ocağında 80 istiqamət, 300-dən çox ixtisas üzrə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin 24.10.2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ali təhsilin bakalavriat səviyyəsində hüquqi-normativ baza təkmilləşdirilir. “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın icrası istiqamətində ölkə Prezidenti tərəfindən 10 fevral 2010-cu il tarixli “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, 2010-2011-ci tədris ilindən başlayaraq ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqinə başlanmışdır.
2005-ci ildən magistraturaya tələbə qəbulu TQDK tərəfindən həyata keçirilir. Hazırda respublikamızın əksər ali təhsil müəssisələrində magistr hazırlığı həyata keçirilir. 2013-cü ildən həkim hazırlığı aparılan ali təhsil müəssisələrində rezidentura təhsili üzrə də kadr hazırlığı aparılır.
Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Bolonya prosesi önəmli yer tutur. Azərbaycan 2005-ci ildə Bolonya prosesinə qoşulub və bununla da faktiki olaraq ali təhsildə aparılacaq islahatların konturları müəyyənləşdirilib. Bu sistemin tətbiqi ilə bağlı hüquqi-normativ bazanın yaradılması istiqamətində bir çox xarici ölkələrin təcrübəsi öyrənilib, “Ali təhsil müəsissələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə” təsdiq olunub, ilkin mərhələdə bir neçə ali məktəbdə eksperiment şəklində kredit sisteminin tətbiqi qərara alınıb. 2006-2007-ci tədris ilində 10 ali məktəbdə başlanan eksperiment 2009-2010-cu tədris ilindən 27 dövlət ali məktəbinin bütün ixtisaslarını əhatə edir.
Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulmuş, Müəllimlər İnstitutunun Sumqayıt, Salyan, Mingəçevir filialları ləğv edilmişdir. Regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, yeni istehsalat və xidmət sahələrinin ixtisaslı kadrlara ehtiyacını təmin etmək məqsədilə Qazaxda Bakı Dövlət Universitetinin, Zaqatalada isə Azərbaycan Dövlət İqtisad Universitetinin filialları təsis olunmuşdur. Cari tədris ilində Azərbaycan-Fransız Universiteti (UFAZ) ilk tələbələrini qəbul etmişdir.
Ölkəmizdə təhsilin dünya təhsil sisteminə, xüsusən ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesini və Boloniya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” 31 yanvar 2008-ci il tarixli sərəncam imzalanıb. Həmin sərəncamın birinci bəndinə əsasən «2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı» hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən fəaliyyət planı hazırlanıb.
Müvafiq qərara əsasən, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 19 dövlət, 5 özəl ali təhsil müəssisəsində, Təhsil Problemləri İnstitutunda doktorantura yaradılmışdır.
2015-2016-ci tədris ilinin əvvəlinə 4439 dövlət və 23 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1356,1 min nəfər şagird təhsil almışdır.
Ölkədə gənclərin ali və orta ixtisas təhsilə kifayət qədər yiyələnməsinə imkan verən dövlət və qeyri-dövlət təhsil müəssisələrinin çox şaxəli şəbəkəsi yaradılmışdır. 2015-2016-cı tədris ilinin əvvəlinə Azərbaycanın təhsil sistemində 56 ali və 61 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərmiş, onlarda müvafiq olaraq 161,2 min tələbə ali ixtisas və 53,5 min tələbə orta ixtisas təhsili almışdır.
Məhz dövlət başçısının təhsilə diqqət və qayğısının nəticəsidir ki, təhsil sektorunun ayrı-ayrı sahələri üzrə son illər 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir.
Son 20 il ərzində 397,8 min şagird yerinə malik yeni ümumtəhsil məktəb binaları tikilmiş və ya mövcud məktəblərdə əlavə şagird yerləri yaradılmışdır. Bundan əlavə, 17,6 min yerlik məktəbəqədər təhsil müəssisəsi tikilib istifadəyə verilmişdir. Son 10 ildə təhsil infrastrukturunun inkişafı sahəsində 2708 məktəb tikilmiş və ya əsaslı təmir olunmuşdur.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində son qəbul ili olan 2015-2016-cı tədris ili üzrə, bununla da ümumilikdə, Dövlət Proqramı üzrə tələbələrin seçimi başa çatıb. Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir.
2016-cı ildə Maarifçı Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Fond dövlət ali təhsil müəssisələri tərəfindən təsis olunub. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.
2016-2017-ci tədris ilində Azərbaycan-Fransız Universiteti (UFAZ) yaradılmışdır. Azərbaycanda ən çox tələbat olan 4 ixtisas (kimya, geofizika, neft-qaz mühəndisliyi və kompüter elmləri) üzrə kardlar hazırlayacaq UFAZ-ın məzunları ikili diplom (Strasburq Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) əldə edirlər. 2016-2017-ci tədris ilində İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının təntənəli açılış mərasimi olub.
Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik Hesabatına (2016) əsasən, Azərbaycan 144 ölkə arasında ali təhsil və təlimin keyfiyyəti göstəricisinə görə 78-ci yerdə, ali təhsilə cəlb olunma üzrə 94-cü yerdə, işçi heyətinin təlimi üzrə 82-ci yerdə, ibtidai təhsilin keyfiyyəti göstəricisi üzrə isə 81-ci yerdədir.
“Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu təhsil işçiləri önündə dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək vəzifəsini qoymuşdur.
16 noyabr 2018-ci ildə Prezident İlham Əliyev “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırıldı.
İşğaldan azad edilən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb. Sənəddə qeyd edilib ki, Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.
Prezident İlham Əliyev 28 noyabr 2023-cü ildə "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncam imzalayıb.
Müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələri əsasında, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji kursla inkişaf edir.