İnformasiya-kommunikasiya texnologiyaları
Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə sahəsindəki inkişaf səviyyəsinə görə iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafını, yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişlənməsi ilə səciyyələndirmək olar.
Bu gün Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsindəki fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. Onun 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olmuşdur.
XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahə hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz etmişdir. Müasir dövrdə və gələcək perspektivdə İKT-nin əhəmiyyəti ön plana keçir. Müasir rabitə və informasiya texnologiyaları, ölkənin hərtərəfli inkişafı, əhalinin intellektinin yüksəldilməsi, həmçinin dünyada baş verən inteqrasiya proseslərinə daha aktiv cəlb olunması istiqamətində respublikamızın qarşısında yeni imkanlar açır. Rabitə Nazirliyi ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması bu sahənin gələcək inkişafı, hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsi imkanları baxımından diqqətəlayiq oldu. Qısa müddət ərzində bu istiqamətdə bir çox işlər görüldü və mühüm addımlar atıldı.
2003-cü il dekabrın 10-12-də Cenevrədə BMT və Beynəlxalq Telekommunikasiya ittifaqı tərəfindən İnformasiya Cəmiyyəti üzrə keçirilən Ümumdünya Sammitində Prezident İlham Əliyev nitq söyləmiş, Azərbaycanda İKT-nin inkişaf etdirilməsi sahəsində dövlət siyasətinin əsas prinsipləri və Milli fəaliyyət Proqramının başlıca istiqamətlərindən bəhs etmişdir.
Respublikada rabitə və informasiya texnologiyaları sahəsinin inkişafının sürətləndirilməsi, bu sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilərək Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılması, telekommunikasiya və poçt xidmətləri bazarının daha da liberallaşdırılması və özəl sektorun inkişafı məqsədilə mühüm işlər görülmüşdür. 2004-cü ildə «Poçt rabitəsi haqqında», «Elektron imza və elektron sənəd haqqında», 2005-ci ildə «Telekommunikasiya haqqında», «Elektron ticarət haqqında» Azərbaycan Respublikasının Qanunları qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı» («Elektron Azərbaycan») təsdiq edilmişdir. Gənclərin yüksək intellektə sahib olması, dünyada baş verən yeniliklərə və elmə malik olması üçün ümumtəhsil məktəblərinin kompüterləşməsi layihəsi həyata keçirilməkdədir.
Ölkə həyatına 1994-cü ildə daxil olmuş mobil telefon rabitəsi artıq ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayır. 2020-ci ildə Azərbaycanda mobil telefon abunəçilərinin sayı 11 milyonu ötmüşdür.
Ölkəmizdə enerji sahəsindən sonra informasiya texnologiyaları daha çox inkişaf etmiş qeyri-neft sektorudur. Regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan bu gün İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz bu imkanlardan maksimum bəhrələnərək, dünya birliyinə inteqrasiyanı özünün ən başlıca vəzifəsi kimi görür.
İnformasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması strateji məqsədləri ilə əlaqədar “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 04.11.2008-ci il tarixli Sərəncamının, habelə 17 avqust 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismarı işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 2010-cu il 3 may tarixli Sərəncam imzalamışdır.
Azərbaycanın ilk rabitə peyki, Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunmuşdur. Azerspace-1 peyki orbitə 2013-ci il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılmışdır. Azersky/Spot 7 – Azərbaycanın ilk yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki, Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində 2014-cu ilin iyun ayında orbitə çıxarılıb. 2014-cu ilin dekabr ayında, Azərbaycanın milli peyk operatoru Azərkosmos ASC və Fransanın Airbus Defence and Space şirkəti arasında imzalanmış müqaviləyə əsasən Azərkosmos ASC-yə təhvil verilib. Azerspace-2 Azərbaycan Respublikasının sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peykidir. "Azerspace-2" ABŞ-ın Space Systems Loral (SSL) şirkəti tərəfindən inşa olunmuşdur. Azerspace-2 25 sentyabr 2018-ci il tarixində Fransız Qvineyasının (Cənubi Amerika) Kuru kosmodromundan orbitə buraxılmışdır.
Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsi, əhali, biznes qurumları ilə, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsi məqsədi ilə informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi dünya təcrübəsində «elektron hökumət» («e-hökumət») anlayışı ilə adlandırılmışdır.
Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin təşkilinə və vətəndaşların dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən “bir pəncərə” prinsipi əsasında istifadəsinə şərait yaratmaq məqsədilə www.e-gov.az “elektron hökumət” portalı yaradılaraq istifadəyə verilmişdir. Hazırda “elektron hökumət” portalına 39 dövlət orqanının informasiya sistemləri qoşulmuş və bu qurumların 200-dən artıq elektron xidmətinin portal vasitəsilə həyata keçirilməsi təmin olunmuşdur. “Elektron hökumət” şlüzü dövlət orqanlarında mövcud olan informasiya sistemlərindən səmərəli istifadəni təşkil etməyə, onların arasında təhlükəsiz əlaqələrin yaradılması, sorğuların verilməsi, cavablandırılması və elektron xidmətlərin göstərilməsi zamanı informasiya sistemlərində mövcud olan sənədlərin vətəndaşlardan istənilməməsinə imkan verir.
«Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət orqanları üçün internet şəbəkəsi seqmentinin yaradılması, saxlanılması və inkişafının təmin edilməsi dövlət orqanlarında internet informasiya resurslarından istifadəyə diqqəti artırmış və daha yüksək səviyyəyə yüksəltməyə imkan vermişdir. Mərkəzi icra hakimiyyəti orqanlarının təqribən hamısı, yerli icra hakimiyyətləri əsasən, yerli özünüidarəetmə orqanlarının isə bəziləri internet informasiya resurslarına malikdirlər və onlardan əhalini məlumatlandırmaq, xidmətlər göstərmək üçün istifadə edirlər. 2000-ci ildən dövlət qurumları «gov.az» domenindən istifadə edirlər və bu informasiya resurslarının sistemli qaydada təşkilinə və istifadəsinə şərait yaradır.
Artıq elektron vergi bəyannamələrinin təqdim edilməsi, abituriyentlərin və magistrlərin qəbul imtahanlarına, dövlət qulluğuna qəbul ərizələrinin verilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi, elektron sağlamlıq kartlarının tətbiqi, elektron məktubla müxtəlif dövlət orqanlarına müraciətlərin edilməsi, məlumatların alınması həyatımızın reallığıdır.
Mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafı, yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişlənməsi ilə səciyyələnir. XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahələrdən biri hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz etmişdir. Son 10 ildə regionlarda 1400-dək ATS, 1000-ə yaxın poçt binası tikilmiş və ya əsaslı təmir edilmişdir. Hər 100 ailəyə düşən telefon aparatlarının sayı 1,6 dəfə, mobil telefon abunəçilərinin sayı 9,6 dəfə artmış, hər 100 nəfərdən 70-i internet istifadəçisi olmuşdur. 2013-cü il ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmiş və fevral ayının 8-də ölkəmizin ilk telekommunikasiya peyki orbitə çıxarılmışdır.
Hazırda ölkəmizdə əhalinin hər 1000 nəfərinə 1123 mobil telefon nömrəsi, hər 100 ailəyə 67 telefon aparatı düşür.
Hazırda Azərbaycanda 9 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir, ölkə ərazisində rəqəmsal yayımın tətbiqinə başlanılıb.
İşğaldan azad olunan ərazilərdə radio və televiziya yayımı məqsədi ilə 2121-ci ilin yanvarında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin mütəxəssisləri Şuşa Radio-Televiziya Yayım Stansiyasının işini bərpa ediblər. Respublika üzrə yayımı həyata keçirilən “AzTV”, “Mədəniyyət” TV, “İdman Azərbaycan” TV, “İctimai” TV, “CBC” TV, “CBC Sport”, “Real” TV, “Xəzər” TV, “Azad Azərbaycan” TV və “ARB-24” telekanalları Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən yaradılmışdır. Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Ölkədə 21 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. (01.10.2021)
Respublikada beynəlxalq təcrübə əsasında və yerli şərait nəzərə alınmaqla, «e-hökumət»in fəaliyyəti üçün xüsusi əhəmiyyət kəsb edən dövlət reyestrləri yaradılmaqdadır. Əhalinin reyestri, daşınmaz və daşınan əmlakın reyestrləri, normativ aktların reyestri, ünvan reyestri, inzibati-ərazi bölgü reyestri, hüquqi şəxslərin reyestri və digər bir çox vacib olan reyestrlərin formalaşdırılması respublikada dövlət orqanlarının fəaliyyətində keyfiyyət yüksəlişinə səbəb olacaqdır. Bu reyestrlərdə hər bir şəxsə aid olan məlumatların ümumi qaydada qeydiyyatının aparılması gələcəkdə onların fəaliyyətinin əlaqəli təşkilinə, vətəndaşlara xidmət göstərilməsində «bir pəncərə» prinsipinin tətbiqinə, əhalinin dövlət orqanları ilə təmaslarının sadələşdirilməsinə, daha münasib formaya çevrilməsinə və daha çevik həyata keçirilməsinə şərait yaradacaqdır.
Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003- 2012)”nın və onun icrası ilə bağlı qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artmışdır. Ölkədə ən son texnoloji yeniliklər tətbiq edilmiş, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılmışdır.Bunun sayəsində əhalinin 75 faizi internet, onların 65 faizi isə genişzolaqlı internet istifadəçisinə çevrilmişdir. Evlərdə, iş yerlərində istifadə edilən kompüterlərin sayı artmışdır. Mobil sektor sürətlə inkişaf etmiş, 3G və 4G xidmətləri tətbiq olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli fərmanı dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyinin və şəffaflığının artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasında elektron xidmətlərin təşkilinin əhəmiyyətini önə çəkərək bu istiqamətdə işlərin sürətləndirilməsinə ciddi təkan vermişdir.
“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.
Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin təşkilinə və vətəndaşların dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən “bir pəncərə” prinsipi əsasında istifadəsinə şərait yaratmaq məqsədilə www.e-gov.az “elektron hökumət” portalı yaradılaraq istifadəyə verilmişdir. Hazırda “elektron hökumət” portalına 42 dövlət orqanının informasiya sistemləri qoşulmuş və bu qurumların 442-dən artıq elektron xidmətinin portal vasitəsilə həyata keçirilməsi təmin olunmuşdur.
“Onlayn Azərbaycan” layihəsi çərçivəsində regionlarda genişzolaqlı internetə çıxış imkanları daha da artırıldı, ölkə üzrə genişzolaqlı internetə çıxışı olan ev təsərrüfatlarının xüsusi çəkisi 60 %-ə çatdırıldı. 2024-cü ilin sonuna bu rəqəmin 100 % olacağı proqnozlaşdırılır.
2023-cü ildə RİNN yanında Kosmik Agentliklə ("Azərkosmos") “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalandı. Müqaviləyə əsasən, ABŞ şirkətinin “Starlink” adlı genişzolaqlı peyk internet xidməti bu ildən Azərbaycan bazarına çıxarılacaq.
74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “Azərkosmos” və ”Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peykinin ("Azersky-2") hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. 2023-cü ildə Azərbaycanda ilk dəfə “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçirildi.
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətə başlaması da mühüm hadisələrindən biridir.
Azərbaycanda İKT-nin inkişaf dinamikası, uğurla həyata keçirilən neft strategiyası nəticəsində ölkəyə olan inamın artması, beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq nümunələri, yüksək texnologiyaya əsaslanan iqtisadiyyatın formalaşması üzrə qarşıya qoyulan vəzifələr, dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsinə göstərilən böyük diqqət və qayğı, ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində böyük uğurlar qazanacağına zəmanət verir.