Mədəniyyət
1991-ci il oktyabrın 18-də müstəqil Azərbaycan dövlətinin bərqərar olması xalqımızın həm iqtisadi, həm də mənəvi qələbəsi olmuşdur. Bu gün Azərbaycanın təhsili, mədəniyyəti, ümumiyyətlə, iqtisadi, sosial, mədəni, mənəvi və siyasi həyatının bütün sahələri dünya standartlarına cavab verən səviyyədədir.
Soykökə qayıdış, millətimizin özünü dərk etməsi, xalqımızın və dövlətimizin sivil bəşəriyyətin birgəyaşayış qaydalarını mənimsəmək prosesi gücləndikcə Azərbaycan xalqının malik olduğu ümumbəşəri mədəniyyətin təntənəsi daha aydın nəzərə çarpır. Müstəqilliyimizin otuz ili ərzində mədəniyyət sahəsində qazanılan uğurlar belə deməyə əsas verir ki, müstəqillik illəri tariximizə mədəniyyətimizin təntənəsi illəri kimi daxil olmuşdur.
Müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş verən dəyişikliklər, gərgin proseslər, zamanın yeni özəllikləri musiqiyə də böyük təsir göstərmiş, onu yeni mövzularla zənginləşdirmişdir. Bu dövr Azərbaycan musiqisinin inkişafında ümummilli lider Heydər Əliyevin rolu böyük olmuşdur. Onun himayə və qayğısı, məqsədyönlü siyasəti nəticəsində ölkənin ağır ictimai-iqtisadi durumu şəraitində Azərbaycan mədəniyyəti və incəsənəti inkişaf etdirilmişdir.
Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü hesab edilən kino xalqımızın həyatına nüfuz etmiş və onun ayrılmaz hissəsinə çevrilmişdir. Milli kinomuz ildən-ilə zəngin təcrübə toplamış, xalqımızın həyatını və problemlərini əks etdirən müxtəlif növ və janrda xeyli əsər yaradılmışdır. Bu filmlər gələcək nəsillər üçün saxlanılmış, xalqımızın mənəvi sərvətinə çevrilmişdir.
Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tədqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir.
18 dekabr 2014-cü il tarixində Mədəniyyət və Turizm Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılmışdır.
Ölkəmizdə həyata keçirilən ən mühüm layihələrin əksəriyyəti Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılır. Bu layihələrin sırasında mədəniyyət, incəsənət sahəsini əhatə edənlər də çoxluq təşkil edir. Son illərdə Heydər Əliyev Fondu tərəfindən mədəni sərvətlərimizin təbliği istiqamətində mühüm işlər görülmüşdür.
Muğam Sərgin ən qədim musiqi janrlarından biri olduğu üçün dünya musiqişünaslarının, sənətsevərlərin daim diqqətini cəlb etmişdir. Qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilmişdir.
Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan muğamının müasir tarixində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir. Həm Heydər Əliyev Fondu, həm də Azərbaycan Mədəniyyət Fondu bu sahəyə öz layiqli töhfələrini vermişlər. Son illər ölkəmizdə bir sıra irimiqyaslı layihələr həyata keçirilmiş, muğam müsabiqələri təşkil olunmuş, “Qarabağ xanəndələri” albomu buraxılmış, “Muğam” jurnalı, “Muğam ensiklopediyası” nəşr edilmişdir. Muğama dair müasir texnologiyalara əsaslanan “Azərbaycan muğamı” multimedia toplusu ilk tədris vəsaiti kimi hazırlanmışdır.
Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının kamera-instrumental əsərləri məzmun rəngarəngliyi, forma və üslub müxtəlifliyi, alətlərin tərkibinin orijinallığı ilə fərqlənir. Yeni mövzuların, müasir ifadə vasitələrinin, yeni yazı texnikasının sınanması üçün şərait yarandığından, bəstəkarlar bu janra daha çox müraciət edirlər. Bəstəkarların əsərlərində milli musiqidən, xalq çalğı alətlərindən istifadə prinsipləri yeniləşir, xalq musiqisi ilə müasir musiqi sintezinin yeni, rəngarəng formaları yaranır.
Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar Sarayı və Qız Qalası daxil olmaqla İçəri Şəhər Dövlət Tarix Memarlıq Kompleksi UNESCO-nun "Dünya mədəni irs siyahısına daxil edilmişdir.
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
2015-ci il mayın 18-də Bakıda keçirilən “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini təsdiqləyən sənəd Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim olunub.
Kəlağayıdan başqa Azərbaycanın muğam ifaçılıq sənəti, aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası, tar ifaçılıq sənəti, Lahıc misgərlik sənəti də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
2016-cı il noyabrın 28-dən dekabrın 2-dən Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyanda Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən "Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına salınıb.
2017-ci ilin 4-9 dekabr tarixində Cənubi Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Həmçinin həmin sessiyada Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Həmçinin Hökumətlərarası Komitənin həmin sessiyasında qəbul edilmiş qərarla Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
2019-cu il iyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib
Ötən illər ərzində Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən bir çox görkəmli mədəniyyət və incəsənət xadiminin yubileyləri qeyd olunmuşdur.
2013-cü ildə Azərbaycan peşəkar teatrının 140 illiyi geniş qeyd olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin «Üzeyir Musiqi Gününün keçirilməsi haqqında» 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir.
Azərbaycanın Qəbələ şəhərində 2009-cu ildən başlayaraq ənənəvi olaraq hər il yay aylarında Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilir.
Azərbaycan Respublikasında yaşayan azsaylı xalqların, milli azlıqların, etnik qrupların mədəniyyətlərinin inkişafına xüsusi qayğı göstərilir. Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi “Bir günəş altında” sənədli filmini çəkib. Filmdə Azərbaycanda yaşayan 17 etnik qrupun 134 nümayəndəsinin müsahibəsi lentə alınıb. Filmin tamaşaçıya ötürdüyü əsas mesaj Azərbaycanda tolerant bir mühitin olması və burada dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hamının bərabər yaşamasıdır.
Ölkəmizin qədim şəhərlərindən olan Naxçıvan da 2018-ci il üçün “İslam mədəniyyəti paytaxtı” elan olunmuşdur.
Ötən müddətdə incəsənətlə bağlı qəbul edilən bir sıra dövlət sənədləri - “Teatr və teatr fəaliyyəti haqqında” qanun, “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam, “2009-2019-cu illərdə Azərbaycan teatrı”, “2008-2019-cu illərdə Azərbaycan kinosunun inkişafı haqqında” Dövlət Proqramları bu sahələrin inkişafına geniş zəmin yaratmışdır.
Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasəti ümumi dövlət siyasətinin tərkib hissəsidir. 21 dekabr 2012-ci ildə “Mədəniyyət haqqında” Azərbaycan Qanunu qəbul edilmişdir.
“Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” həyata keçirilmişdir. Azərbaycan mədəniyyətinin inkişafını, daxili və xarici təhdidlərdən qorunmasını, dünya mədəniyyətinə uğurlu inteqrasiyasını, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilmişdir.
“Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət proqramı”, "Azərbaycan kinosu 2008-2018-ci illərdə", "Azərbaycan teatrı 2009-2019-cu illərdə", "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə" Dövlət Proqramları icra edilmişdir.
Hazırda Azərbaycanda 240 muzey, o cümlədən 76 tarix, 42 memorial, 69 diyarşünaslıq, 41 sənətşünaslıq və 12 digər profilli muzeylər mövcuddur Azərbaycanda 29 teatr, o cümlədən 1 opera və balet teatrı, 19 dram, komediya və musiqili teatr, 9 uşaq və gənc tamaşaçılar teatrı mövcuddur. Azərbaycanda 2922 kitabxana, o cümlədən şəhərlərdə 410, kəndlərdə 2512 kitabxana fəaliyyət göstərir. Bu gün ölkədə 2231 klub müəssisəsi, o cümlədən şəhərlərdə 335, kəndlərdə 1896 klub mövcuddur. (01.01.2021).
Azərbaycanın mədəniyyət mərkəzi Şuşanın 2020-ci il noyabrın 8-də Ermənistanın işğalçı qoşunlarından azad edilməsindən sonra şəhərdə çoxşaxəli mədəni quruculuq işlərin həyata keçirilmişdir. 12-13 may 2021-ci ildə Şuşada “Xarıbülbül” festivalı, 30-31 avqust 2021-ci ildə Vaqif Poeziya Günləri, 18-24 sentyabr 2021-ci ildə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı, keçirilmişdir.
29 avqust 2021-ci ildə Şuşa şəhərində Üzeyir Hacıbəylinin heykəli, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi açılmışdır.
5 yanvar 2022-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalamışdır. “Şuşa İli” çərçivəsində və görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə həm də Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisi bərpa edilmişdir. Bundan başqa, Mədəniyyət nazirliyi tərəfindən “Şuşa – 270” xatirə nişanı da təsis edilmişdir.
2022-ci ildə ilk dəfə qeyri-maddi mədəni irsimizlə bağlı 4 nominasiya faylı ilk dəfə bir mərhələdə UNESCO-da qeydiyyata alındı. “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” milli nominasiyası, habelə ölkəmizin iştirakı ilə hazırlanan 3 çoxmillətli nominasiya – “Baramaçılıq və toxuculuq üçün ənənəvi ipək istehsalı”, “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan) və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” (Azərbaycan, Türkiyə) UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edildi.
Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib.
2023-cü il fevralın 3-də Prezident İlham Əliyev Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçirilib.
Beynəlxalq Türk mədəniyyəti Təşkilatının – TÜRKSOY-un yaranmasının 30-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir.
Azərbaycanın sosial və iqtisadi sahələrdə uğurları, beynəlxalq aləmdə daim artan nüfuzu ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş mədəni hüquqlarının həyata keçirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Bu gün Azərbaycan Respublikasında hər kəsin mədəniyyət sahəsində hüquq və azadlıqları, beynəlxalq hüququn prinsip və normaları rəhbər tutulmaqla təmin edilir.