Səhiyyə
Müstəqil Azərbaycan səhiyyəsinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Azərbaycanın müstəqilliyini əldə etməsindən keçən qısa müddət ərzində səhiyyə sahəsində ciddi uğurların əldə edilməsi həm də onunla izah edilir ki, hələ 1969-1982-ci illərdə respublikamıza rəhbərlik edərkən, eləcə də 1982-1987-ci illərdə SSRİ rəhbərlərindən biri olarkən Heydər Əliyev respublika həyatının bütün sahələri kimi, səhiyyəmizin də yüksəlişini təmin etmiş, onun hərtərəfli inkişafı üçün bütün mümkün tədbirləri həyata keçirmişdir.
Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi, diqqəti və dəstəyi ilə səhiyyə sistemində ardıcıl və məqsədyönlü iş görülmüş, islahatlar aparılmışdır. Bu işdə ilk əvvəl səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində olmuşdur. Həmin məqsədlə bir sıra qanunlar ("Əczaçılıq fəaliyyəti haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Tibbi sığorta haqqında" və s.) işlənib hazırlanmış və Milli Məclis tərəfindən təsdiq edilmişdir. Azərbaycan Prezidentinin respublikada "Səhiyyə sahəsində İslahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə" 13 mart 1998-ci il tarixli sərəncamı səhiyyənin bütün sahələrini əhatə edən islahatların daha geniş miqyasda və sürətlə aparılması üçün şərait yaratmışdır.
Keçid dövründə səhiyyədə mütərəqqi dəyişikliklərin aparılması və yeni səhiyyə sistemini qurmaq məqsədilə 1994-cü ilin dekabrında Azərbaycan Respublikası Prezidenti ilə BMT-nin YUNİSEF təşkilatının rəhbərliyi "Əməkdaşlıq proqramı" imzalamışlar.
Səhiyyədə aparılan islahatlar çərçivəsində əsas nailiyyətlərdən biri də özəl səhiyyə sisteminin tətbiq edilməsidir. Bu istiqamətdə hüquqi-normativ baza yaradılmış, "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir.
Səhiyyə islahatları çərçivəsində əsas istiqamətlərdən biri də sığorta sisteminin tətbiqidir. 1999-cu ildə "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
İslahatlar nəticəsində respublikada bir sıra yoluxucu xəstəliklərə qarşı mübarizə işi müvəffəqiyyətlə təşkil edilmişdir.
Əsas nailiyyətlərdən biri də qızılca ilə xəstələnmənin kəskin surətdə azalmasıdır.
Malyariya xəstəliyinə qarşı irihəcmli təşkilati, müalicə-profilaktik və əks-epidemik tədbirlərin aparılması tez bir zamanda öz müsbət nəticəsini vermişdir.
Vərəmlə mübarizə problemi Səhiyyə Nazirliyi tərəfindən əsas prioritet sahə kimi irəli çəkilmiş, həyata keçirilmiş bir sıra mühüm tədbirlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Səhiyyənin prioritet sahələrindən biri olan ana və uşaqların sağlamlığının mühafizəsi sahəsində də xeyli işlər görülmüşdür. 1996-cı ildə Səhiyyə Nazirliyi tərəfindən BMT-nin Əhali fondunun təşəbbüsü və birbaşa maliyyə dəstəyi ilə "Azərbaycanda reproduktiv sağlamlıq və ailə planlanması sahəsində xidmətlərin keyfiyyətinin planlaşdırılması və yaxşılaşdırılması üzrə" Milli Proqram işlənib hazırlanmışdır. Ana və uşaq ölümünün, abortların sayının azaldılmasına yönəldilmiş proqram çərçivəsində Bakı, Gəncə, Naxçıvan, Masallı, Şəki və Qusarda yaxşı maddi-texniki bazası olan 15 regional mərkəz təşkil edilmişdir.
Əsrin "bəlası" sayılan narkomaniya ilə mübarizə səhiyyə işçiləri qarşısında mühüm vəzifələr qoyur. Bu məqsədlə Azərbaycan Respublikasında narkomanlığa, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqramın tələblərinə uyğun olaraq narkomaniya və xroniki alkoqolizmlə mübarizədə bir sıra konkret tədbirlər həyata keçirilmişdir.
Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarının fəaliyyətində, elmi tədqiqatların aparılması və tibbi kadrların hazırlanması sahəsində geniş islahatlar aparılmışdır.
Müstəqil dövlətimizin hərbi həkimlərə olan ehtiyacını nəzərə alaraq Tibb Universitetində Hərbi-tibbi fakültə açılmışdır.
İslahatların gedişində səhiyyə obyektlərinin genişləndirilməsi və yenidən qurulması istiqamətində xeyli işlər görülmüşdür. Azərbaycan Prezidentinin iştirakı ilə ilk özəl tibb xidməti şirkəti - "Medi Klub", "Respublika Artroloji Mərkəzi", "Ailə Sağlamlıq Mərkəzi", Azərbaycan Tibb Universitetinin tədris korpusu istifadəyə verilmiş, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun binası müasir səviyyədə təmir edilərək yenidən qurulmuş, ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuşdurr. 2000-ci ilin dekabr ayında dünya standartlarına cavab verən Mərkəzi Klinik Xəstəxanasının açılışı, Azərbaycan səhiyyəsi tarixində əlamətdar hadisə olmuşdur.
Səhiyyənin statistik və məlumat xidməti bazasının təkmilləşdirilməsi sahəsində də müəyyən işlər görülmüş və Azərbaycan Respublikası əhalisinin sağlamlığının Milli monitorinq sistemi konsepsiyası hazırlanmış və hazırda uğurla həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü siyasətin təzahürü kimi, səhiyyənin inkişafında son illər əldə edilmiş dinamik inkişaf tendensiyası daha sürətlə davam etdirilmişdir.
İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaiti artırılır. Hökumətin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yaxşılaşmış, ölüm hallarının sayı azalmışdır.
Şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata götürülən xəstələrin sayı 2 dəfədən çox artmışdır.
Hazırda respublikanın şəhər və rayonlarında 559 xəstəxana mövcuddur. Bütün ixtisaslardan olan həkimlərin sayı 32,5 min nəfərdir. Bu gün ölkəmizdə hər on min nəfərə 33,9 həkim düşür. Hazırda 1688 ambulator-poliklinika müəssisəsi, 72 təcili tibbi yardım stansiyası (şöbəsi), 387 qadın məsləhətxanası, uşaq poliklinika və ambulatoriyaları, 75 sanatoriya-istirahət müəssisələri əhaliyə tibbi, müalicəvi və sağlamlığın qorunması üçün xidmət göstərir.
Ana və uşaqların sağlamlığının qorunması dövlət proqramı ilə nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 5-i (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba) artıq fəaliyyət göstərir.
Son illər ərzində tədarük olunan qan və onun komponentlərinin miqdarı artmış, əhalinin donorluğa cəlb edilməsi işi aktivləşmişdir. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir. Respublikanın şəhər və rayonlarında Mərkəzi Qan Bankının 3 bölməsindən (Gəncə, Şəki və Quba) əlavə daha 5 (Sumqayıt, Mingəçevir, Şirvan, Bərdə və Lənkəran) bölməsi yaradılmışdır. Qısa müddət ərzində bütün qan bölmələri lazımi cihaz və avadanlıqlarla təmin olunmuşlar.
Cərrahiyyə xidmətinin fəaliyyətini xarakterizə edən statistik rəqəmlərin təhlili göstərir ki, son illər ərzində bu sahədə nəzərə çarpan müsbət dinamika mövcuddur. Belə ki, ümumi cərrahi profilli stasionarlara daxil olan xəstələrin, eləcə də keçirilən cərrahi əməliyyatların sayı artmışdır. Bununla yanaşı, diaqnostik və taktiki səhvlər xeyli azalmışdır. Müasir müalicə üsulu hesab edilən miniinvaziv cərrahiyyə əməliyyatlarının, mürəkkəb və rekonstruktiv xarakterli əməliyyatların sayı da ilbəil artır. Əməliyyatların sayının artmasına baxmayaraq, istər planlı, istərsə də təcili əməliyyatlardan sonra ölüm halları azalmışdır.
Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən stasionar cərrahiyyə xidmətinin, eləcə də uşaq cərrahiyyəsinin vəziyyətinin təhlili aparılmış, mövcud nöqsanların aradan qaldırılması və xidmətin yaxşılaşdırılması istiqamətində tədbirlər müəyyənləşdirilmişdir.
Uşaqlara cərrahi yardımın yaxşılaşdırılması məqsədilə K.Fərəcova adına ET Pediatriya İnstitutunda sutka ərzində fəaliyyət göstərən erkən yaşlı uşaqların cərrahiyyəsi şöbəsi yaradılmışdır.
Yoluxucu xəstəliklərlə mübarizə işində də müsbət nəticələr əldə edilmişdir. Respublikada aparılmış geniş miqyaslı tədbirlər nəticəsində epidemioloji sabitlik yaranmış, idarəolunan xəstəliklərdən poliomielit, difteriya, qızılca, məxmərək qeydə alınmamış, epidemik parotit 2 dəfə azalmış, digər infeksiyalar üzrə də azalma qeyd olunmuşdur. Yoluxucu xəstəliklər üzərində epidemioloji monitorinqin təmin edilməsi məqsədilə Elektron Müşahidə Sisteminin tətbiqinə başlanılmışdır.
Profilaktik peyvənd təqviminə əsasən respublika üzrə uşaqların immunlaşdırılması yüksək səviyyədə həyata keçirilmişdir.
Malyariya xəstəliyinə qarşı 2008-2013-cü illər üçün qəbul olunmuş Milli Strategiyaya və Milli Fəaliyyət Planına uyğun olaraq profilaktik tədbirlər həyata keçirilməsi nəticəsində ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunmuşdur.
Hazırda Respublikada vərəmlə mübarizə sahəsində də əhəmiyyətli işlər görülür. Vərəmlə mübarizə üzrə Dövlət Proqramı və Milli Strategiya qəbul edilmişdir. Nazirlik tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Vərəmin multirezistent formaları ilə xəstələrin müalicəsi üçün Bakı şəhərində Xüsusiləşdirilmiş xəstəxana istifadəyə verilmişdir. Bundan əlavə Quba, Zaqatala, Masallı rayonlarında da bu məqsədlə xəstəxanaların tikintisi və təmiri həyata keçirilmiş, onların nəzdində mikrobioloji laboratoriyalar da yaxın günlərdə fəaliyyətə başlayacaqdır.
Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış Milli Referens Laboratoriyası artıq tam gücü ilə fəaliyyətə başlayıb və 2010-cu ilin aprel ayında Ümumdünya Səhiyyə Təşkilatının sertifikatını almışdır. Bu laboratoriyada respublikanın bütün şəhər və rayonlarından mərkəzləşdirilmiş qaydada gətirilən bəlğəm nümunələrin bakterioloji müayinəsi təşkil edilmişdir. Bütün bunların nəticəsində vərəm xəstəliyinin əsas epidemioloji göstəriciləri yaxşılaşmış, vərəmdən ölüm səviyyəsi də azalmışdır.
Azərbaycan səhiyyəsinin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatıdır. Nazirlik tərəfindən cari ildə bu sahədə müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Tibb işçilərinin bilik və peşə bacarıqlarının artırılmasına Səhiyyə Nazirliyi tərəfindən xüsusi diqqət yetirilir. Bir neçə ildir ki, problemin həlli yollarından biri olan, bütün dünyada qəbul edilən, tibb işçilərinin sertifikasiyanın tətbiqi üzrə gərgin iş aparılır. Artıq bu istiqamətdə hazırlıq işləri başa çatdırılmış və 2011-ci ildən sertifikasiya prosesi başlanmışdır.
Tibbi təhsilin müasir səviyyədə təşkili prinsiplərinə uyğun olaraq 2011-ci ildən rezidentura sisteminə keçid başlanmışdır.
Respublikada 518 xəstəxana, 1723 ambulator-poliklinika müəssisəsi, 72 təcili tibbi yardım stansiyası (şöbəsi), 387 qadın məsləhətxanası, uşaq poliklinika və ambulatoriyaları, 75 sanatoriya-istirahət müəssisələri əhaliyə tibbi, müalicəvi və sağlamlığın qorunması üçün xidmət göstərir. Son 30 il ərzində ölkənin müxtəlif rayonlarında müasir tipli avadanlıqlarla təchiz olunmuş xəstəxanalar, diaqnostika mərkəzləri, ambulatoriya-poliklinika müəssisələri tikilib istifadəyə verilmiş, bir sıra tibb müəssisələrində yenidənqurma və bərpa işləri aparılmışdır.
Son illər ərzində ölkəmizdə 500-dən artıq səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Bakıda Oftalmologiya Mərkəzi, Urologiya Mərkəzi, Talassemiya Mərkəzi tikilmişdir, Elmi Cərrahiyyə Mərkəzi yaradılmışdır. Ölkəmizdə Perinatal mərkəzlər yaradılır. 14 şəhərdə ən müasir standartlara cavab verən Müalicə-Diaqnostika mərkəzləri tikilmişdir və orada hemodializ qurğuları quraşdırılmışdır.
Səhiyyə sahəsində son illər ərzində qazanılmış nailiyyətlər Azərbaycan səhiyyəsinin beynəlxalq aləmdə nüfuzunun xeyli artmasına səbəb olmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Komitəsinin 61-ci Sessiyası 2011-ci il sentyabrın 13-15-də Bakıda keçirilmişdir.
Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən ən nüfuzlu beynəlxalq qurumlardan biri Ümumdünya Səhiyyə Təşkilatıdır (ÜST). Azərbaycan 1993-cü ildən bu təşkilatın üzvü, 2005-ci ildən isə onun İcraiyyə Komitəsinin üzvüdür.
ÜST Azərbaycanda bir sıra proqramlar həyata keçirir. Bunlar ilkin səhiyyə xidmətinin imkanlarının gücləndirilməsinə, səhiyyənin maliyyələşdirilməsi və əczaçılıq siyasətində islahatlar prosesinin layihələşdirilməsi və həyata keçirilməsində Səhiyyə Nazirliyinin rolunun gücləndirilməsinə, tibb təhsili, planlaşdırma və keyfiyyətin təminatı sahəsində islahatlar yolu ilə insan resurslarının mütənasibliyi və keyfiyyətinin təkmilləşdirilməsinə, səhiyyə xidmətlərinin səmərəliliyinin artırılmasına və fövqəladə vəziyyətlərə hazırlığın gücləndirilməsinə, eləcə də səhiyyəyə dair məlumatların keyfiyyətinin yüksəldilməsi və yoluxucu xəstəliklərin müşahidəsinin gücləndirilməsinə yönəldilmişdir.
29 yanvar 2007-ci ildə ÜST İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan Respublikasının birinci xanımı, millət vəkili, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva “Ana, uşaq və ailə sağlamlığının qorunmasında və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə” mükafatı ilə təltif edilmişdir.
Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlardan biri də BMT-nin Əhali Fondudur. Təşkilatın səhiyyədə əsas əhatə sahələri reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ailə təbabətinin inkişafı, ilkin səhiyyə xidmətlərində ailə həkimlərinin rolunun artırılması, cinsi yolla yayılan xəstəliklərin qarşısının alınmasıdır. BMT-nin Əhali Fondunun Azərbaycanda həyata keçirdiyi layihələr Bakı, Gəncə, Şəki, Masallı, Qusar, Naxçıvan və digər regionları əhatə edir.
Müstəqilliyimizin ilk günlərindən BMT-nin Uşaq Fondu Azərbaycanda səhiyyə, təhsil və sosial sferanın digər sahələrində uğurla fəaliyyət göstərir. Səhiyyə sahəsində aparılan layihələrdən uşaqların immunizasiyası, duzun yodlaşdırılması, qidalanma və sağlamlıq, “Gənclərin dostu” klinikaları və digərlərini misal göstərmək olar. Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əlil uşaqların reabilitasiyası proqramı da fəaliyyət göstərir.
HİV/AİDS və vərəmə qarşı mübarizə tədbirləri Azərbaycanda səhiyyə islahatlarının əsas prioritetlərindəndir. AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda bu xəstəliklərin qarşısının alınmasına yönəldilmiş layihələr həyata keçirir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 dekabr tarixli Sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanına əsasən bu qurum fəaliyyətə başlamış, 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə onun əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən qurumdur.
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 3000-ə yaxın müxtəlif tibbi xidmət daxildir. Xidmətlər Zərfi ilə ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış ambulator və stasionar tibbi yardım üzrə xidmətlər, habelə laboratoriya, fizioterapiya, və invaziv radiologiya xidmətləri təminata alınıb.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli Fərmanına əsasən Mingəçevir şəhəri və Yevlax rayonunda, 2018-ci il 16 fevral tarixli 1830 Fərmanına əsasən isə habelə Ağdaş rayonunda icbari tibbi sığorta pilot layihə şəklində 1829 tibbi xidməti əhatə edən baza zərfi əsasında həyata keçirilib. 1 aprel 2021-ci ildən icbari tibbi sığorta bütün ölkə ərazisini əhatə edir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli Fərmanına əsasən Agentlik tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs yaradılmışdır və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (müəyyən istisnalarla) 2020-ci ilin yanvar ayından TƏBİB-in tabeliyinə verilmişdir.
TƏBİB-in tabeliyinə verilmiş tibb müəssisələrinin zəruri şərait və avadanlıqlar ilə təminatı 2020-ci ildə davam etdirilmişdir. Belə ki, tibb müəssisələri 5300 kompüter, 2260 printer və 6100 barkod aparatlar və digər texniki avadanlıqlar ilə təmin olunmuşlar. Bununla yanaşı, 14 tibb müəssisəsi optik internetlə təmin edilmişdir.
2019-cu ilin dekabr ayında yeni koronavirusun törətdiyi xəstəliklərin aşkar olunması ilə əlaqədar səhiyyənin mühafizəsi sahəsində fəaliyyət göstərən həkimlər və mütəxəssislər qarşısında xəstələrin kliniki müayinəsi və təcili diaqnostikası ilə bağlı məsələlər meydana çıxmışdır.
Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının sayı 10 mindən artıqdır.
Bununla yanaşı, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq edir. Ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır.
Bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir. Bununla yanaşı, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilmişdir.
Koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə qısa müddət ərzində qeydiyyat proqramı yaradılmışdır. Pandemiya ilə mübarizə çərçivəsində ölkədə qurulmuş koronavirus testlərinin qəbul məntəqələri və modul tipli xəstəxanalar, habelə xüsusi olaraq ayrılmış tibb müəssisələri kompüterlər, printerlər, bar kod aparatlar və digər texniki avadanlıqlar, habelə proqram təminatı ilə təmin edilmişlər. 61 tibb müəssisəsində elektron qeydiyyat postları qurulmuşdur. Koronavirus testlərinin yoxlanılması üçün 42 laboratoriya tam avtomatlaşdırılmış və nəticələrin elektron qaydada işlənməsi təmin edilmişdir. Vətəndaşların koronavirus testlərinin nəticələri ilə tanış olmaları üçün sms məlumatlandırma sistemi qurulmuşdur.
Vətən müharibəsi Azərbaycan Ordusunun tibbi təminatının yüksək səviyyədə olduğunu, Azərbaycan həkiminin fədakarlığını təsdiqlədi. Döyüşlərin davam etdiyi dövrdə qoşunlarımız irəlilədikcə işğaldan azad edilən ərazilərdə mobil hospitallar yaradılırdı. Vətən müharibəsində tibb işçiləri böyük qəhrəmanlıq və şücaət göstərdilər. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb. Ümumilikdə 44 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 11-i həkim, 7-si feldşer, 26-ı sanitar-təlimatçıdır.
Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzində müharibə veteranlarına və şəhidlərin ailə üzvlərinə istirahət, psixoloji və müalicə-bərpa xidmətlərinin göstərilməsi bu gün də davam etdirilir. 2020-2023 illər ərzində Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzində 550 şəhid valideyni, 137 şəhid övladı, 1577 müharibə iştirakçısı müalicə alıb.
16 noyabr 2023-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB), İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM)“, “Sağlam Ailə” Tibb Mərkəzi və “Facemark” şirkətinin ortaq təşkilatçılığı, ölkəmizdə ilk dəfə Səhiyyə Menecmenti Zirvəsi keçirilib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində azad edilmiş ərazilərdə yeni xəstəxanalar və tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı layihələr icra edilməkdədir.
Ölkə həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də yeni iqtisadi sistemə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf və tərəqqi yeni vüsət almaqdadır.