İdman
Azərbaycan zəngin idman ənənələrinə malik olan bir dövlətdir. Bu ənənələrin minillik tarixi, enişli-yoxuşlu inkişaf yolu vardır.
1991-ci ilin 18 oktyabrında Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də müstəqilliyin ilk illərində ölkədə anarxiya hökm sürürdü. Həm bu, həm də ölkənin Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində müharibəyə cəlb olunması, onun torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi respublika idmanına ciddi zərbələr vurmuş, onun inkişafına kəskin şəkildə maneçilik törətmişdi. 1990-1993-cü illərdə bir çox idman bazaları baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüşdü. Onlardan təyinatı üzrə istifadə olunmur, idman avadanlıq və ləvazimatları dağıdılırdı. Yüksək idman ustalığına malik və perspektivli idmançılar, bacarıqlı idman mütəxəssisləri, məşqçilər ölkəni tərk etməyə başlamışdılar. İdman dövlət qayğısından kənarda qalmışdı. 1992-ci ildə Azərbaycanda milli federasiyaların və Milli Olimpiya Komitəsinin yaranması zərurəti də dövlətin suverenliyinin atributlarını yaratmaq tələbi kimi meydana çıxmışdı.
Milli Olimpiya Komitəsi 1992-ci il yanvarın 14-də keçirilən ümumrespublika konfransında təsis edilmişdir. 1992-ci ildə Barselonada Olimpiya Oyunları başlananda Azərbaycan Milli Olimpiya Komitəsi hələ Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmamışdı. Ona görə də Azərbaycanın yalnız beş idmançısı Müstəqil Dövlətlər Birliyinin yığma komandasının tərkibində Barselona Oyunlarında iştirak edə bilmişdi.
1992-ci ilin noyabrında Avropa Olimpiya Komitəsinin Akapulkoda keçirilmiş Baş Assambleyasında Azərbaycan Milli Olimpiya Komitəsinin qitə təşkilatına daxil olması haqqında qərar qəbul edildi. 1993-cü ilin sentyabrında isə Beynəlxalq Olimpiya Komitəsinin Monakoda keçirilmiş Baş Assambleyasında Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan Milli Olimpiya Komitəsini tanıdı. Beləliklə, Milli Olimpiya Komitəsinin fəaliyyəti üçün hər cür əsas yaranmış oldu. Təəssüf ki, Olimpiya Komitəsi fəaliyyətə başladığı ilk dövrdə işini tələb olunan səviyyədə qura bilmədi.
1993-cü ilin oktyabrında Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ölkədə idmana münasibət dəyişdi. Azərbaycan Prezidenti Respublikada Olimpiya hərəkatının və idmanın inkişafına həmişə böyük diqqətlə yanaşırdı. Ümummilli lider Heydər Əliyevin idmançılarla, idman xadimləri ilə çoxsaylı görüşlərində ön plana çəkilən əsas məsələlərdən biri Azərbaycan idmanının, olimpiya hərəkatının inkişafı ilə bağlı olmuşdur.
Müstəqil Azərbaycan idman sahəsində əsas beynəlxalq konvensiyalara qoşulmuşdur..
1994-cü ilin aprelində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin prezidenti Cak Roq Azərbaycanı ziyarət etdilər. Səfər zamanı Azərbaycanda Olimpiya Hərəkatının real vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.
1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Nazirliyin qarşısında qoyulan vəzifələr ölkədə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məsələlərini tam əhatə edirdi.
23 dekabr 1997-ci ildə Milli Məclis “Bədən tərbiyəsi və idman haqqında” Qanun qəbul etmişdir. 18 aprel 2001-ci ildə Azərbaycan Respublikası gənclər, idman və turizm nazirliyi yarandı.
1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin növbəti sessiyası keçirilmişdir. Sessiyada Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev MOK-un prezidenti seçilmişdir. 1997-ci il Milli Olimpiya Komitəsinin fəaliyyətində əsas dönüş ili kimi tarixə düşüb.
Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.
Azərbaycan Prezidentinin 2005-ci il 4 mart tarixli sərəncamı ilə hər il martın 5-i ölkəmizdə Bədən tərbiyəsi və idman günü kimi qeyd olunur.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 10 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı (2005-2015-ci illər)” icra edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə “2009-2014-cü illərdə “Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” icra edilmişdir.
30 iyun 2009-cu ildə “Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu” təsdiq edilmişdir.
Olimpiya oyunlarında iştirakımızın bu günə qədərki tarixinin ən parlaq səhifələri 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilmiş XXVII Yay Olimpiya oyunlarından etibarən yazıldı. Sidney olimpiadasında Azərbaycan komandası, 199 ölkə arasında 34-cü yeri tutdu. Olimpiyaçılarımız Avropa ölkələri arasında 23-cü oldular. Daha sonra idmançılarımız 2004-cü ildə keçirilmiş Afina olimpiya oyunlarında 202 ölkə sırasında 50-ci yeri, 2008-ci ildə Pekində keçirilən 29-cu Olimpiya oyunlarında komanda hesabında 39-cu yeri, 2012-ci ildə keçirilən XXX London Yay Olimpiya oyunlarında 204 iştirakçı ölkə arasında 30-cu yeri, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya 39-cu yeri tutdular.
2015-ci il iyunun 12-də Bakı Olimpiya Stadionunda “Bakı-2015” birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi keçirildi. 17 gün davam edən bu möhtəşəm idman tədbirində 20 idman növü üzrə, 6000-dən çox idmançı öz xalqlarını təmsil etdilər. İlk dəfə olaraq Avropa Oyunları 50 ölkəni yarış meydanlarında bir araya gətirdi. Azərbaycan atletləri birinci Avropa Oyunlarında ümumilikdə 56, o cümlədən 21 qızıl medal, 15 gümüş və 20 bürünc medal qazanaraq qitə üzrə ikinci yeri tutmaqla, idman ölkəsi olduğunu bir daha sübuta yetirdi.
12-22 may 2017-ci il tarixlərində Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirildi. Azərbaycan idmançıları 40 ölkənin idmançılarının iştirak etdiyi yarışlarda xalqımızı parlaq qələbələri ilə sevindirərək, yarışları birinci pillədə başa vurdular. Atletlərimiz 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldular.
İkinci Avropa Oyunları 2019-cu il iyunun 21-dən 30-dək Belarusun paytaxtı Minsk şəhərində keçirilib. 85 atletimiz II Avropa Oyunlarına lisenziya qazanmışdı. Onlardan 52 nəfəri kişi, 33 nəfəri qadın idmançılar idi. Azərbaycan idmançıları sözügedən yarışı 28 medalla başa vurdular. İdmançılarımız 5 qızıl, 10 gümüş, 13 bürünc medal qazandılar. Medal sayına görə, Azərbaycan millisi iştirakçı dövlətlər arasında 10-cu pillədə qərarlaşdı.
2019-cu ilin iyul ayında Bakıda təşkil olunmuş XV Avropa Gənclər Yay Olimpiya Festivalı gələcəyin idman ulduzlarının növbəti zəfər meydanı oldu. 48 ölkəni təmsil edən 3600-dən çox idmançı qalib adı uğrunda mübarizə apardı. Azərbaycan komandası Avropanın Rusiya, Böyük Britaniya və Türkiyə istisna olmaqla, bütün ölkələrini, o cümlədən Fransa, Almaniya, İtaliya, Ukrayna, İspaniya, Çexiya, Hollandiya, Belarus, İsveçrə, Avstriya və başqalarını qabaqlayaraq festivalda 23 medal qazanmış və ümumi komanda hesabında 4-cü olmuşdur.
Tokio 2020 Yay Olimpiya Oyunları bütün dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayında keçirildi. Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarında 3 gümüş və 4 bürünc medal qazanan Azərbaycan idmançıları yarışı 67-ci, medalların sayına görə 31-ci sırada tamamladılar.
İdmanın kütləviliyinə nail olmaq, gənclərin sağlam böyüməsini təmin etmək və onları zərərli vərdişlərdən uzaqlaşmalarını təmin etmək məqəsdilə ölkədə 48 olimpiya idman kompleksləri istifadəyə verilmişdir.
Azərbaycanda idmanın müxtəlif sahələrini inkişaf etdirmək məqsədilə Avarçəkmə, Ağırlıqqaldırma, Atçılıq, Atıcılıq, Atletika, Basketbol, Badminton, Boks, Cüdo, Dağ Xizəyi, Güləş, Gimnastika, Otüstü Hokkey, Stolüstü Tennis, Kamandan Oxatma, Taekvondo, Voleybol, Həndbol, Qılıncoynatma, Konkisürmə, Triatlon, Velosiped İdmanı, Yelkənli İdman, Reqbi, Qolf federasiyaları və Futbol Federasiyaları Assosiasiyası fəaliyyət göstərir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda, Azərbaycan gənclərini sağlam və fəal həyat tərzinə təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə 2013–2023-cü illəri əhatə edən İnkişaf Strategiyası həyata keçirilir.
2020-ci ildə rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı 44 gün ərzində düşmən əsarətindən azad etdi. Vətən müharibəsində 988 nəfər idmançı döyüşlərdə iştirak edib. Onlardan 320 nəfər Vətən müharibəsində şəhidlik zirvəsinə ucaldı. Azad olunmuş torpaqlarda artıq idman tədbirləri təşkil olunur. 2022-ci il martın 20-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı oldu. Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə “Prezident kuboku-2022” reqatası start götürdü.
2022-ci ilin fevral ayında Bakıda batut gimnastikası üzrə Dünya Kuboku təşkil edilib. Azərbaycan təmsilçisi Selcan Mahsudova yarışda gümüş medal qazanıb. Bu, Azərbaycanın batut gimnastikası tarixində qadınlar arasında fərdi növdə qazanılan ilk medal kimi əlamətdar olub. 2022-ci ilin aprel ayında Bakıda idman gimnastikası və bədii gimnastika üzrə Dünya Kuboku keçirilib. Cüdo üzrə Azərbaycan millisi isə Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Kubokunda ümumi hesabda çempion olub. 25 ölkədən 257 idmançının qatıldığı turnirdə 10 cüdoçudan 4-ü qızıl, 1-i bürünc əldə edib. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində keçirilən ənənəvi "Norway Chess" şahmat superturnirində ikinci yeri tutub.
2023-cü il mayın 4-də Suqovuşan su anbarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasının açılış mərasimi keçirildi. Yarışda bu dəfə 20 ölkədən 100-dək idmançı qalib adı uğrunda mübarizə apardı.
Beynəlxalq Şahmat Federasiyasında mövcud normativlərə cavab verən İlahə Qədimova A kateqoriyalı hakimlik lisenziyası əldə edib.
2023-cü il ərzində respublikada 318 ölkə miqyaslı, 91 beynəlxalq miqyaslı turnir təşkil olunub.
2023-cü ildə Azərbaycan idmanında, ümumilikdə isə Azərbaycanın müasir tarixində əlamətdar hadisə baş verdi - son 30 ildə ilk dəfə olaraq Xankəndində rəsmi futbol matçı baş tutdu. Dekabrın 21-də Xankəndi şəhər stadionunda Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK matçı keçirilib. Dövlətimizin başçısı oyundan əvvəl stadionda çıxış edib.
Azad edilmiş ərazilərdə idman qurğularının yaradılması nəzərdə tutulur. Ağdamın məşhur “İmarət”stadionunun yeni layihəsi işlənir.