Hüquqi dövlət quruculuğu
1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyinin elan etsə də SSRİ-dən miras qalmış hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi.
Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin bu dövlət quruculuğu prosesi heç də sadə olmamışdır. Müstəqilliyinin ilk illərində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşamışdır. 1991-1993-cü illərdə Azərbaycanda hökm sürən xaos, özbaşınalıq, siyasi səbatsızlıq və naşı idarəçilik, vətəndaş müharibəsi təhlükəsi, mövcud vəziyyəti daha da ağırlaşdıran aqressiv separatizm və ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması qarşıda duran həyati əhəmiyyətli bu vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Müstəqilliyinin ilk kövrək addımlarını atan Azərbaycanda dövlət quruculuğu prosesinə başlanması ölkədə, ilk növbədə, sabitliyin bərqərar olmasını zəruri edirdi. Məhz belə ağır şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail olur və ölkəmiz qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başlayır. İctimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənən, sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğuna imkan yaradır. Artıq on altı ildən çoxdur ki, ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu prosesi gedir.
Ölkəmizdə sözün əsl mənasında demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması insanların hüquq və azadlıqlarını müdafiə etməyə, azad, müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilməsini zəruri etmişdir. Məhkəmə-hüquq islahatlarının reallaşdırılması isə hər şeydən əvvəl yeni hüquqi dövlət quruculuğu konsepsiyasının işlənib hazırlanmasını şərtləndirmişdir.
Müstəqil Azərbaycanın hüquq sisteminin keçdiyi inkişaf yolu üç mərhələdən ibarət olmuşdur.
1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ilə məhkəmə-hüquq islahatının birinci mərhələsi başlamışdır.
Hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanır və 1995-ci il noyabrın 12-də referendumda xalq tərəfindən qəbul edilir. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunur. İnsan hüquq və azadlıqlarına, habelə onların təminatlarına xüsusi yer ayrılır, onların təmin edilməsi isə dövlət siyasətinin həlledici istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilir. Təsadüfi deyil ki, hüquqi dövlətin ayrılmaz atributu kimi insan hüquq və azadlıqlarının qorunması sonradan ölkədə həyata keçiriləcək hüquqi islahatların əsas istiqamətini müəyyən edir.
Hüquqi islahatların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılır. Bu Komissiya ilkin mərhələdə reallaşdırılacaq hüquqi islahatlarının prioritetlərini müəyyən edir və Sovet İttifaqından miras qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirir. Azərbaycanda aparılan hüquqi islahatların özülünə ümumbəşəri demokratik prinsiplər, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi kimi fundamental dəyərlər, ədalət mühakiməsinin prinsipləri qoyulur. Eyni zamanda xalqımızın dövlətçilik tarixi və ənənələri, inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi nəzərə alınır.
Bundan əlavə, hüquqi islahatların aparılması, habelə ölkəmizin Avropa təsisatlarına inteqrasiyası məqsədilə 1996-cı il iyunun 8-də Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramı qəbul olunur. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası''nın müddəaları nəzərə alınmaqla yeni qanunlar hazırlanır.
Mahiyyət etibarilə hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir.
Komissiya tərəfindən hazırlanmış "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradır, konstitusiya nəzarəti ideyası qəbul edilir.
Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi "Məhkəmələr və hakimlər haqqında" 1997-ci il Qanununda inkişaf etdirilərək öz real təminatını tapır və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinə hüquqi zəmin yaradır.
Qanun yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlir, köhnə hüquq sistemindən miras qalmış korporativ münasibətləri aradan qaldırır.
Qeyd etmək lazımdır ki, sovet məhkəmə sistemi ikipilləli olmaqla, əlavə olaraq işlərə məhkəmədə nəzarət qaydasında baxılmasını da nəzərdə tuturdu. Ali Məhkəmə həm birinci instansiya, həm də kassasiya instansiyası məhkəməsi funksiyalarını həyata keçirməklə yanaşı, həm də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına nəzarət qaydasında yenidən baxmaq hüququna malik idi. Yeni qanunvericilik müxtəlif məhkəmə instansiyalarının səlahiyyətlərinə aid olan bu funksiyaların Ali Məhkəmədə cəmləşməsini aradan qaldırır və Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi məhkəmə piramidasının zirvəsində dayanır. "Məhkəmələr və hakimlər haqqında" Qanun köhnə məhkəmə quruluşundan tamamilə imtina edir və beynəlxalq standartlara cavab verən yeni məhkəmə quruluşunu ehtiva edir.
Bu islahatlardan sonra ölkəmizdə birinci, apelyasiya və kassasiya instansiyalı üçpilləli məhkəmə sistemi formalaşır. Yeni məhkəmə quruluşu işlərə birinci instansiya məhkəmələrində baxılmasına, onların hüquqa və fakta görə apelyasiya qaydasında yenidən baxılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yoxlanılmasına imkan yaradır. Bu isə, öz növbəsində birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual baxımdan düzgün və obyektiv həll edilməsinə, süründürməçiliyin aradan qaldınlmasına, köhnə sistemdən miras qalmış nəzarət instansiyasından imtina edilməsinə zəmin yaradır.
Məhkəmə qərarlarının qanuniliyi üzərində prokuror nəzarətinin aradan qaldırılması, prokurorun məhkəmədə yalnız tərəf kimi iştirak etməsi, ittiham tərəfi ilə müdafiə tərəfi arasındakı tarazlığın bərpa edilməsi və onların məhkəmə prosesində bərabər hüquqlara malik olması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi, məhkəmə aidiyyətinin dəyişdirilməsinin qadağan edilməsi, məhkəmə icraatında qeyri-prosessual münasibətlərə yol verilməməsi və bu kimi yeni müddəalar məhkəmə-hüquq sistemində ilk dəfə tətbiq edilir.
Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə və yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təmin olunur. Hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər kəsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ yaranır.
Qəbul olunmuş qanunlar məhkəmə sistemində əsaslı dəyişikliklərin aparılmasına, bu sistemin daha mütərəqqi olmasına, təkmilləşməsinə və müstəqil fəaliyyət göstərməsinə imkan yaradır.
Ölkəmizdə məhkəmələr ədalət mühakiməsi ilə bərabər həm də yeni səlahiyyətlər kimi məhkəmə nəzarəti funksiyasını həyata keçirirlər. Belə ki, hər kəsin azadlıq, mənzil və şəxsi toxunulmazlıq hüququnu, şəxsi sirrinin saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və kommersiya sirrini özündə əks etdirən məlumatlar ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, həmçinin cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətləri və ya qərarları üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə nəzarəti həyata keçirilir.
İlk dəfə olaraq qanunverici həbs olunmuş və tutulmuş hər bir şəxsin tutulmasının qanuniliyi məsələsinin həll edilməsini məhkəmələrə həvalə edir. Yeni qanunvericilik cinayət təqibi ilə bağlı hər hansı ayrı-seçkiliyi istisna edir, təqsirsizlik prezumpsiyasına təminatlar yaradır.
"Məhkəmələr və hakimlər haqqında" Qanun hakimlərin müstəqilliyinə zəmanət verir. Məhkəmələrin müstəqilliyini təmin etmək məqsədilə qanunvericiliyin tələblərinə görə hər hansı bir şəxs tərəfındən və ya hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanunazidd təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizliyin göstərilməsi yolverilməz hesab edilir və qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olur. Ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunvericiliyə müvafiq şəkildə həyata keçirilir.
Hakimlərin müstəqilliyi, həmçinin onların səlahiyyətləri dövründə siyasətsizləşdirilməsi, dəyişməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, səlahiyyətlərinə xitam verilməsinin və vəzifədən kənarlaşdırılmasının məhdudlaşdırılması ilə, hakimlərin şəxsi təhlükəsizliliyinin təmin edilməsi ilə həyata keçirilir və onlara yüksək hakim adına uyğun maddi və sosial təminatlar verilir. Ədalət mühakiməsinin həyata keçirilməsinin zəruri şərtlərindən biri də məhkəmələrin ədalət mühakiməsini məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirilməlidir. Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
Qanunvericilik hakimlərə geniş hüquqlar verməklə bərabər onların üzərinə mühüm vəzifələr qoyur. Hakimlər ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etməli, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etməli, ədalətli və qərəzsiz olmalı, peşə və digər məlumatları gizli saxlamalı, ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirən hər hansı hərəkətdən çəkinməlidirlər.
Beləliklə, ölkəmizdə məhkəmə hakimiyyəti həm qanunverici, həm də icra hakimiyyəti tərəfindən hüquq normalarının, ilk növbədə konstitusion normaların pozulmasının qarşısını alaraq dövlətlə vətəndaş arasında hüquq münasibətlərinin tənzimlənməsində saxlayıcı, tarazlayıcı rol oynayır.
Başlıca məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə yönəlmiş 1997-ci ildə qəbul edilən "Konstitusiya Məhkəməsi haqqında" Qanun və sonrakı dəyişikliklər Konstitusiya Məhkəməsinə Konstitusiyanın və qanunların şərh edilməsi, qanunların və digər normativ aktların, Ali Məhkəmənin qərarlarının, bələdiyyə aktlarının, dövlətlərarası və hökumətlərarası müqavilələrin Konstitusiyaya uyğunluğunun yoxlanılması, insanların konstitusion hüquqlarının müdafiəsi ilə bağlı fərdi şikayətlərə baxılması, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll edilməsi, Konstitusiyanın müdafiəsinə imkan yaradan digər səlahiyyətlər verilir.
Cəmiyyətin inkişafı, yeni iqtisadi münasibətlərə keçid prokurorluğun funksiyalarına və statusuna da yenidən baxılmasına gətirib çıxarır. Sovet İttifaqı dövründə prokurorluq mahiyyət etibarilə ölkədə demək olar ki, qeyri-məhdud səlahiyyətlərə malik idi və hakimiyyətlər bölgüsü olmadığı bir şəraitdə hətta məhkəməyə, o cümlədən Konstitusiya Məhkəməsinə aid olan bir sıra funksiyaları da həyata keçirirdi.
Prokurorluqda həyata keçirilən islahatların əsas məqsədi ölkənin gələcək inkişafına və demokratik hüquqi dövlət quruculuğu prinsiplərinə uyğun olaraq prokurorluğun səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, kadrların peşəkar səviyyəsinin artırılması idi.
Bu məqsədlə prokurorluq Konstitusiyada məhkəmə hakimiyyəti fəslinə daxil edilir və prokurorluğun demokratik cəmiyyətlərə xas olan funksiyaları müəyyən edilir. 1999-cu ildə qəbul edilən "Prokurorluq haqqında" Qanunla prokurorluğun məhkəmələr üzərində nəzarəti və bazar iqtisadiyyatı münasibətlərinin inkişafına mane olan ümumi nəzarət funksiyaları ləğv olunur, onun mülki və kommersiya işlərinə müdaxilə etməsi məhdudlaşdırılır. İnsan hüquq və azadlıqlarını məhdudlaşdıran prosessual hərəkətlərin prokurorluq tərəfindən həyata keçirilməsinə qanunla müəyyən edilmiş hallarda və qaydada yalnız məhkəmənin qərarına əsasən yol verilir. Prokurorluğun islah-əmək müəssisələrində və nəqliyyatda qanunların icrasına nəzarət funksiyaları aradan qaldırılır.
Hazırda prokurorluğun fəaliyyət istiqamətləri aşağıdakılardır: cinayət işi başlamaq və ibtidai istintaq aparmaq, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik etmək və qanunlara riayət edilməsini təmin etmək, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət etmək, məhkəmədə iddia qaldırmaq, mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak etmək, məhkəmədə dövlət ittihamını müdafiə etmək, məhkəmə qərarlarından protest vermək, məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak etmək.
Hüquqi islahatlar çərçivəsində həyata keçirilən tədbirlərdən biri də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun qəbul olunmasıdır. Bu qanun hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquq və mənafelərinin müdafiəsini həyata keçirmək üçün seçdiyi vəkilə müraciət etməsinə, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etməsinə, fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsinə, onlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsinə imkan yaradır.
Bundan əlavə, qanun vəkillərin hüquqi statusunu müəyyən edir, ittiham və müdafiə tərəflərinin hüquq bərabərliyini təmin edir, hüquqi müdafiə üzrə konstitusion hüquqlara, məhkəmədə ədalətli araşdırma hüququna və vəkilin müstəqilliyinə təminat verir.
İnsan hüquq və azadlıqlarının təmin və polisin fəaliyyətini tənzim etmək məqsədilə hüquq mühafizə orqanları sistemində mühüm yer tutan "Polis haqqında" Qanun qəbul edilir. Qanuna görə polis ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması, habelə yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətlərində fəaliyyət göstərir və polisin səlahiyyətləri qanunda dəqiq müəyyən edilir. Polisin fəaliyyəti üzərində nəzarət mexanizmləri təsis edilir, polis əməkdaşlarının qanunsuz hərəkətlərindən və qərarlarından məhkəməyə müraciət etmək hüququ təsbit olunur.
Penitensiar sistemdə islahatların həyata keçirilməsi üçün hüquqi və təşkilati tədbirlər həyata keçirilir. Cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları Daxili İşlər Nazirliyinin tərkibindən çıxarılaraq Ədliyyə Nazirliyinin tabeçiliyinə verilir. Bu təcrübə keçmiş SSRİ respublikaları arasında ilk dəfə Azərbaycanda tətbiq edilir.
Penitensiar sistemdə aparılan islahatların məqsədi həbs olunmuş şəxslərin humanist şəraitdə saxlanılmasını təmin etmək və məhkum olunmuş şəxslər üçün müasir və mütərəqqi sistem çərçivəsində islah təsiri göstərə bilən ümumi davranış qaydalarını müəyyən etmək idi. Bununla əlaqədar olaraq, islah-əmək qanunvericiliyinin beynəlxalq standartlara və demokratik cəmiyyətin prinsiplərinə uyğunlaşdırılması üçün Cəzaların İcrası Məcəlləsi hazırlanarkən BMT-nin "Məhkumların davranış qaydalarının minimum standartları", Avropa Şurası tərəfindən qəbul olunmuş" Avropa Penitensiar qaydaları" və digər beynəlxalq aktlar nəzərə alınır. Yeni qanunvericiliklə məhbusların hüquqları genişləndirilir, şəxsi təhlükəsizlik, vicdan və din azadlıqlarına təminat verilir, onların sağlamlığı, tibbi xidmət, sanitar-gigiyena məsələləri və qidalanmaları xeyli yaxşılaşdırılır, yeni iş yerləri açılır, ictimai faydalı işlə məşğul olmaq üçün imkan yaradılır və onlara bir sıra yeni imtiyazlar verilir. Penitensiar müəssisələrin islah-təsir sistemində əsaslı dəyişikliklər baş verir.
Qanun məhkum olunmuş şəxsin vəkillə senzura olmadan yazışmasına və görüşməsinə, dini etiqad azadlığına, istirahət, mətbuat vasitələrindən məlumat almaq hüququna təminat verir.
"Beynəlxalq Qızıl Xaç Komitəsinin azadlıqdan məhrum etmə yerlərində səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi barədə" Azərbaycan Respublikası Hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci ildə Saziş imzalanır, hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatlarının penitensiar müəssisələrdə məhbuslarla görüşmələrinə bütün imkanlar yaradılır.
Dövlət adından çıxarılmış məhkəmə qərarlarının icrası isə "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında" Qanuna uyğun olaraq təmin edilir. Məhkəmə qərarlarının, həmçinin cinayət işləri üzrə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrasını təmin edən məhkəmə icraçıları xidməti yaradılır.
Ölkəmizdə aparılan hüquq islahatlarının mühüm tərkib hissəsi olaraq dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi məqsədilə 2001-ci ildə qeyri-məhkəmə müdafiə mexanizmi olan yeni institut Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) institutu yaradılır.
Qanunvericilik tədbirləri çərçivəsində yeni hüquq sisteminin fəaliyyət göstərməsi üçün Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki Prosessual Məcəllələr, Əmək, Ailə, İnzibati Xətalar, Gömrük, Vergi və digər Məcəllələri, "Notariat haqqında", "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında", "Təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında", "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında" və digər qanunlar qəbul edilir.
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı təsdiq olunur. Proqram insan hüquqları sahəsində milli qanunvericiliyin beynəlxalq hüquq öhdəliklərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Belə ki, bu məqsədlə proqram çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilir. Bundan əlavə, ölkəmizin Avropa Şurasına üzvlüyü ərəfəsində milli qanunvericiliyin Avropa İnsan hüquqları Konvensiyası ilə müqayisəli təhlili aparılır.
Bundan əlavə, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, dövlət və yerli idarə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizənin normativ və institusional əsaslarının təkmilləşdirilməsi məqsədilə 2004-cü il yanvarın 13-də "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun, eyni zamanda, dövlətin siyasi iradəsi nümayiş etdirilərək korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı qəbul edilir. Dövlət Proqramı normativ-hüquqi aktların qəbul edilməsi, dövlət qulluğuna qəbul və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsini, o cümlədən iqtisadi və sosial sahədə, dövlət orqanları, o cümlədən hüquq mühafizə orqanlarının fəaliyyəti sahəsində tədbirlərin, maarifləndirmə və beynəlxalq əməkdaşlığın həyata keçirilməsini və s. məsələləri nəzərdə tutur. Bu məqsədlə Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılır.
Beləliklə, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatının birinci mərhələsində demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılır, hüquq-mühafizə fəaliyyəti təkmilləşdirilir, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənir, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılır. Beynəlxalq prinsiplərə və müasir tələblərə uyğun mütərəqqi qanunlar və məcəllələr qəbul edilir.
Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurması, Avropa Şurasına üzvlüyə qəbuldan sonra Avropa hüquq məkanına daxil olması ölkəmizin Konstitusiyasına, bir sıra qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklərin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində yeni qanunların qəbulu, onları həyata keçirəcək yeni institutların təsisi, məhkəmə və digər aidiyyəti orqanların fəaliyyətinin təkmilləşdirilməsi, qanunların tətbiqində yaranan bəzi problemlər, hüquqi maarifləndirmə işinin gücləndirilməsi və müasirləşdirilməsi zərurətini doğurur və məhkəmə islahatının davam etdirilməsini şərtləndirir.
2004-cü ilin dekabr ayından etibarən məhkəmə-hüquq islahatlarının ikinci mərhələsi başlanmışdır.
Demokratik hüquqi dövlət quruculuğu prosesi hazırda Heydər Əliyev dövlətçilik ənənələrinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə baş verən sürətli sosial-iqtisadi inkişafı nəzərə alaraq, Avropanın siyasi, iqtisadi və hüquq məkanına inteqrasiyanı dövlət siyasətinin prioritetləri sırasına qaldıraraq demokratik cəmiyyətlərə xas məhkəmə-hüquq sisteminin fəaliyyətinə, insan hüquqlarının etibarlı müdafiəsinə nail olmaq üçün Azərbaycan Respublikasının Prezidenti mühüm təşəbbüslərlə çıxış edir. Belə ki, hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvercilik və institusional islahatlar daha da dərinləşdirilir. Praktiki tədbirlərin dairəsi isə genişləndirilir. Ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş verir.
Bu məqsədlə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan-Avropa Şurası birgə işçi qrupu yaradılır, hakimlərin müstəqilliyi, seçilməsi, təyin edilməsi, ixtisasının artırılması və fəaliyyətinin qiymətləndirilməsi məsələləri üzrə müvafiq Fəaliyyət Planı hazırlanır. Avropa Şurası ekspertlərinin iştirakı ilə bir sıra normativ hüquqi sənədlər hazırlanır, Məhkəmələrin işinin təkmilləşdirilməsi və onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə «Məhkəmə-Hüquq Şurası haqqında» Qanun qəbul olunur, «Məhkəmələr və hakimlər haqqında» Qanuna əsaslı dəyişikliklər edilir.
Yeni qanunvericiliyə görə hakimlərin özünüidarə orqanı kimi nəzərdə tutulan və demokratik əsaslarla formalaşdırılan Məhkəmə-Hüquq Şurası ölkəmizdə məhkəmə sisteminin təşkilini təmin edir, vakant hakim vəzifələrinə namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edir.
Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə, vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydaları təsdiq edilir, ölkəmizdə ilk dəfə olaraq əsasən hakimlərdən, habelə, prokurorluq, vəkillik, müvafiq icra hakimiyyəti və qanunvericilik orqanının nümayəndələrindən və hüquqşünas-alimlərdən ibarət Hakimlərin Seçki Komitəsi yaradılır. Hakimlərin Seçki Komitəsi vakant hakim vəzifələrini tutmaq istəyən şəxslərin sənədlərini toplayır, bu şəxslərə hakim peşəsinə yiyələnmək üçün şəffaf surətdə yazılı və şifahi imtahan təşkil edir, hakim vəzifəsinə namizədləri ilkin uzunmüddətli tədris kurslarına cəlb edir, müsahibə yolu ilə onların peşə yararlılığını müəyyən edir. Hakimlərin səlahiyyət müddəti son yaş həddinə - 65 yaşınadək uzadılır.
2005-ci ilin sentyabr ayından yeni hakimlərin seçilməsi prosesi başlanır və bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilir. İmtahan prosesi onlar tərəfindən müsbət qiymətləndirilir, imtahanın açıq və şəffaf keçirildiyi qeyd edilir.
Məhkəmə-hüquq islahatlarının ikinci mərhələsi məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi, hakimlərin seçim prosedurunun yeni prinsiplər əsasında müəyyən edilməsi, fəaliyyətlərində sui-istifadəyə yol vermiş hakimlər barədə intizam məsuliyyətinin gücləndirilməsi, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən mahiyyətcə yeni Məhkəmə-Hüquq Şurasının təşkil edilməsi, vakant hakim vəzifələrinə namizədlərin seçilməsi prosesini həyata keçirən yeni qurumun - Hakimlərin Seçki Komitəsinin yaradılması məsələlərini əhatə edərək hüquq sisteminin müasirləşdirilməsinə zəmin yaradır.
Məhkəmə-hüquq islahatlarının məntiqi davamı kimi “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi haqqında” ölkə Prezidenti İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli fərmanı məhkəmə sisteminin müasirləşdirilməsi və inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu fərmanla məhkəmə islahatlarının üçüncü mərhələsi başlanmışdır.
Son illər regional əhəmiyyət kəsb edən böyük enerji və nəqliyyat-kommuniksiya infrastrutkrunun inkişaf etdirilməsi layihələri, regionların sosial-iqtisadi inkişaf proqramları həyata keçirilir, liberal bazar münasibətlərinə keçidlə əlaqədar sahibkarlığın fəallaşması müşahidə olunur. Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət kursunun əsas məqsədi iqtisadi inkişaf templərini daha da artırmaq, sosial-iqtisadi islahatları sürətləndirmək, xarici ölkələrlə iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək, yeni texnologiyaların ölkəmizə gətirilməsi ilə onun müasirləşməsinə nail olmaq və bu inkişafa mane ola biləcək amilləri aradan qaldırmaqdır. Belə ki, iqtisadiyyatın sürətli inkişafı, eyni zamanda mülki və iqtisadi mübahisələrin sayının artmasına, institusional dəyişikliklərin dərinləşməsinə gətirib çıxarır. İqtisadi islahatlar prosesində yaranan yeni mülkiyyət münasibətlərinin tənzimlənməsi və mülkiyyət hüquqlarının müdafiəsi müstəqil məhkəmə sistemini və səmərəli ədalət mühakiməsini zəruri edir.
Məhkəmə sisteminin müasirləşdirilməsinin növbəti mərhələsinin başlıca məqsədi regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün regionlarda yeni apelyasiya və iqtisad məhkəmələrinin yaradılması, vətəndaşların narazılıqlarına səbəb olan sui-istifadəyə, süründürməçilik, korrupsiya hallarının və digər nöqsanların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin, məhkəmə qərarlarının icra vəziyyətinin yaxşılaşdırılması və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturunun və işinin daha optimal şəkildə qurulması, texniki təchizatının yüksəldilməsi, habelə digər mühüm məsələlərin həll olunmasıdır.
Ölkədə ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şərait yaradılmış, Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 600 nəfər müəyyən edilmiş, eyni zamanda Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi ləğv edilərək, onun əvəzinə Bakı, Gəncə, Lənkəran və Şəki Ağır Cinayətlər Məhkəməsi və habelə Yerli İqtisad məhkəmələrinin bazasında İnzibati İqtisad məhkəmələri yaradılmış, hakimlərin maddi təminatı yaxşılaşdırılaraq, onların əməkhaqqı əvvəlki illərdən fərqli olaraq dəfələrlə artırılmış, məhkəmələrin maddi-texniki bazası möhkəmləndirilmişdir.
Regionlarda hüquq infrastrukturunun inkişafı ilə əlaqədar yeni məhkəmələrin yaradılmasını nəzərə alaraq Respublika Prokurorluğuna məhkəmələrdə dövlət ittihamının müdafiəsi işinin təşkilində müvafiq dəyişikliklər etmək, Vəkillər Kollegiyasına vəkillərin sayını və regionlarda əhaliyə göstərilən hüquqi yardımın səmərəliliyini artırılmaq üçün tədbirlər görmək, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, apelyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmək və onu məhkəmə təcrübəsindən istifadə etmək tövsiyə edilir.
Bununla regionlarda yeni məhkəmələrin yaradılması hakimlərin, vəkillərin və prokurorluq orqanları əməkdaşlarının sayının artmasına və vəkilliyin fəallaşmasına gətirib çıxaracaq, rayonlarda yaşayan əhalinin hüquqi yardımdan istifadə imkanlarını asanlaşdırmaqla onların hüquq institutlarına olan ehtiyacını ödəyəcək. Başqa sözlə, hüquqşünasların regionlara axını nəzərdə tutulur və aparılan məhkəmə-hüquq islahatları regionların iqtisadi inkişafına təkan verən amillərdən birinə çevriləcək.
Eyni zamanda, ölkəmizdə baş verən sürətli sosial-iqtisadi dəyişikliklər, dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, demokratik təsisatların möhkəmləndirilməsi ədliyyə sisteminin inkişafını və beynəlxalq standartlara uyğun qurulmasını zəruri edir. Son illər ərzində hüquq sistemində aparılan islahatlar, qəbul edilmiş qanunvericilik aktları ədliyyə orqanlarının fəaliyyət istiqamətlərini genişləndirərək, onların qarşısında yeni vəzifələr qoyur və məsuliyyətini əhəmiyyətli dərəcədə artırır. Ədliyyə sahəsində dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi keyfiyyətcə yeni dəyişikliklərin həyata keçirilməsini, ədliyyə orqanlarının fəaliyyətinin şəffaflıq və aşkarlıq prinsipi əsasında qurulmasını, Ədliyyə Nazirliyinin işinin və strukturunun daha səmərəli şəkildə təşkil edilməsini, yeni regional və yerli qurumlarının yaradılmasını şərtləndirir. Qeyd olunanları nəzərə alaraq ədliyyə orqanlarının inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidenti 2006-cı il avqustun 17-də Fərman imzalayır.
Vətəndaşların ədliyyə orqanlarına müraciət etmə imkanlarının genişləndirilməsi, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, notariat və müvafiq sahələrdə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin, qanunyaradıcı fəaliyyətin təkmilləşdirilməsi, məhkəmə ekspertizalarının keyfiyyətinin artırılması, hüquqi maarifləndirmənin və yeni texnologiyalar tətbiq edilməklə informasiya təminatının yaxşılaşdırılması, yüksək peşəkar mütəxəssislərin hazırlanması və digər istiqamətlər üzrə ədliyyə orqanlarının inkişafını təmin etmək məqsədilə ədliyyə sistemində müvafiq tədbirlər həyata keçirilir. Ədliyyə Akademiyasının yaradılması hüquqi maarifləndirmənin təşkilinə təkan vermişdir.
Qeyd etmək lazımdır ki, məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi ötən illər ərzində ölkəmiz insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.
Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi və demokratik hüquqi dövlət quruculuğu sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir.
Qarşıdan gələn illər üçün Azərbaycan Respublikasının normativ hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun, insan hüquqlarının müdafiə mexanizmlərinin səmərəli fəaliyyətinin təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirləri genişləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə Milli Fəaliyyət Planını təsdiq edilir.
Beləliklə, hüquq sisteminin müasirləşməsi mərhələsi Azərbaycanın bölgələrində yeni məhkəmələrin yaradılması ilə hüquq infrastrukturunun genişləndirilməsi və müvafiq olaraq hakimlərin, prokurorların və vəkillərin sayının artırılması, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və onun təcrübədə tətbiqi, insan hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə sahəsində dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, hüquqşünasların peşə səviyyəsinin yüksəldilməsi, hakimlərin hüquq mühafizə orqanları işçilərinin maddi təminatlarının yaxşılaşdırılması, onların müasir informasiya texnologiyaları, yeni avadanlıq və ləvazimatlarla təmin edilməsi, məhkəmə binalarının əsaslı təmiri və yenilərinin tikilməsi və sair kimi məsələlərinin həllini müəyyən edir.
Bu gün Azərbaycan cəmiyyəti indiyə qədər görünməmiş böyük sürətlə inkişaf edir. Belə şəraitdə insan faktoru, insan hüquq və azadlıqlarının müdafiəsi ən önəmli vəzifələrdən birinə çevrilir. Yalnız məhkəmə-hüquq islahatlarını ardıcıl və dönmədən həyata keçirməklə insan hüquq və azadlıqlarına təminat verən demokratik, hüquqi, vətəndaş cəmiyyəti qurmaq mümkündür.
Ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş, hazırda isə həmin proses Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar hüquq sisteminin davamlı inkişafını təmin edəcəkdir.