Ümumi məlumat
1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilmişdir. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur.
Bu prinsipləri rəhbər tutaraq və uzunmüddətli milli mənafelərdən çıxış edərək, Azərbaycanın xarici siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin, ilk növbədə ona qarşı Ermənistan Respublikası tərəfindən edilmiş təcavüzün aradan qaldırılması kimi həyati əhəmiyyətli başlıca məqsədə xidmət edir. Regional səviyyədə bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir. Qloballaşan müasir dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də Azərbaycanın xarici siyasətində müstəsna əhəmiyyət kəsb edir. Demokratik tərəqqi yolunu seçmiş Azərbaycan özünün qonşusu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin qurulub inkişaf etdirilməsi üzrə ümumi məqsədi mümkün qədər tam şəkildə həyata keçirmək əzmindədir.
Azərbaycan Respublikasının milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun işlənib hazırlanması və gerçəkləşdirilməsi bütövlükdə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun güclü dövlətçilik təfəkkürü Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin düzgün qurulmasına imkan yaratmışdır.
Dövlət müstəqilliyini yenicə qazanmış Azərbaycan Respublikası Xəzər hövzəsinin dünyaya açılmasının ilk təşəbbüskarı olmuşdur. Azərbaycan öz neft və qaz ehtiyatlarının istismarmı iqtisadi inkişafın başlıca amili və ölkənin təhlükəsizliyinə, suverenliyinə və müstəqilliyinə xidmət edən mühüm bir şərt kimi görməkdədir. "Əsrin müqaviləsi"nin bağlanmasından (1994) keçən dövrdə Azərbaycanın karbohidrogen yataqlarının işlənilməsi üzrə sazışlər imzalanmış və onların gerçəkləşdirilməsi istiqamətində nəhəng işlər görülmüşdür. ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Norvec, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və digər ölkələrin şirkətləri ilə bağlanmış bu sazişlər respublikaya böyük həcmdə sərmayə və gəlir gətirmişdir. Azərbaycan hökumətinin Xəzərin enerji layihələrinə xarici, əsasən, Qərb şirkətlərinin cəlb edilməsinə yönəldilmiş "neft diplomatiyası" öz əməli faydasını verməkdədir.
Çoxtərəfli əməkdaşlıq və münasibətlər. Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olmuşdur. Azərbaycan həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də anti-terror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir. Azərbaycan Respublikası həm də GUAM regional qrupunun təsisçilərindən biridir.
Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan Respublikası öz milli maraqlarını gerçəkləşdirir.
Azərbaycan - BMT. Azərbaycan Respublikası öz xarici siyasətində 1992-ci ildən üzv olduğu BMT-yə müstəsna əhəmiyyətli universal beynəlxalq təşkilat kimi yanaşır. Bu mənada, BMT TŞ-nın Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamələrini, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xəttilə Azərbaycan qaçqınları və məcburi köçkünlərinin ağır şəraitinin qismən yaxşılaşdırılmasına yönəldilmiş yardımlarını xüsusi qeyd etmək olar. Bundan əlavə, Azərbaycanın YUNESKO, YUNİSEF və BMT-nin digər ixtisaslaşdırılmış təşkilatları ilə əməkdaşlığı diqqətəlayiqdir.
Azərbaycan - İƏT. 1991-ci ildə İƏT-yə üzv olduqdan sonra Azərbaycan bu təşkilatın fəal iştirakçısına çevrilmişdir. İslam Konfransı Təşkilatı Ermənistanı təcavüzkar qismində tanıyan və pisləyən ilk beynəlxalq təşkilat olmuşdur. İKT-nin bu həyati əhəmiyyətli məsələyə dair aydın və ədalətli mövqeyi həmin təşkilatla münasibətlərin yüksələn xətlə inkişafına əlverişli zəmin yaratmışdır.
Azərbaycan-ATƏT. Azərbaycan Respublikasının 1992-ci ildən üzv olduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Avropa qitəsinin bütün ölkələrini əhatə edən yeganə təşkilatdır. Azərbaycan Respublikası təşkilatın əsas sənədləri olan ATƏM-in Helsinki Yekun Aktına (1992), Paris Xartiyasına və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur (1999).
Azərbaycan ATƏT-lə həmçinin demokratikləşdirmə sahəsində də əməkdaşlıq edir. Buraya seçkilərin müşahidəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun xəttilə həyata keçirilən layihələr və s. daxildir.
Azərbaycan - Avropa Şurası. Azərbaycan Respublikası 2001-ci ildən üzv olduğu Avropa Şurası ilə əməkdaşlıqda öz milli qanunvericiliyinin yüksək beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər görür. Belə ki, Azərbaycan milli qanunvericiliklərin demokratikləşdirilməsinə yardım göstərən AŞ-nın Venesiya Komissiyası ilə sıx əlaqələr qurmuş, Avropa Şurasının başlıca sənədi sayılan İnsan Hüquqdarı və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiyası və onun Protokollarını 2001-ci il yanvarın 25-də imzalamış, 2002-ci il aprelin 15-də isə onları ratifikasiya etmişdir.
Azərbaycan-Avropa Birliyi. Azərbaycan Respublikası Avropa Birliyi ilə münasibətləri TACİS, TRACECA və s. proqramlar çərçivəsində inkişaf etdirir. Azərbaycan ilə Avropa Birliyi arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq sazişi 1999-cu ildən qüvvəyə minmişdır.
2004-cü ildə Avropa Birliyinin Şərqə doğru genişləndirilməsi ilə Azərbaycan Cənubi Qafqaz ölkəsi kimi "Genişləndirilmiş Avropa" təşəbbüsü çərçivəsində AB-nin "Yeni qonşuluq siyasəti"nə daxil edilmişdir. Bu, ölkənin Avropa Birliyi ilə əməkdaşlığını daha da inkişaf etdirərək keyfiyyətcə yeni mərhələ üçün zəmin yaradır.
Azərbaycan-NATO. Azərbaycan NATO-nun "Sülh naminə Tərəfdaşlıq" proqramına bu proqamın təqdim edildiyi ildən (1994) qoşulmaqla, Avro-Atlantika Tərəfdaşlıq Şurasında öz yerini tutmuşdur. Azərbaycanın Avro-Atlantika məkanında təhlükəsizliyinin başlıca elementlərindən olan NATO ilə münasibətlər bu dövrdən etibarən uğurla inkişaf etməkdədir. Planlaşdırma və analiz prosesi və Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan hərbiçiləri NATO-nun başçılığı ilə Kosovodakı sülhməramlı əməliyyatlarda iştirak etmişlər.
Azərbaycan-Antiterror koalisiyası. Erməni terrorçuluğu timsalında bu bəlanın nə olduğunu tam dərk edən Azərbaycan 2001-ci il sentyabrın 11-dən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının fəal üzvü kimi terrorçuluğun qlobal təhdidlərinə qarşı mübarizəyə qoşulmuşdur. Azərbaycanlı sülhməramlıları Əfqanıstan və İraqda həyata keçirilən əməliyyatlarda iştirak etmişlər.
Azərbaycan-GUAM. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət transregional GUAM təsisçilərindən biri olan Azərbaycan bu qurumun vasitəsilə həm özü, həm də digər iştirakçı dövlətlər üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə səylərin birləşdirilməsi məqsədini daşıyır. Bu, münaqişələrin sülh yolu ilə həllində və separatizmlə mübarizədə qarşılıqlı fəaliyyət, sülhü təminetmə sahəsində əməkdaşlıq, səmərəli və təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafında əməkdaşlıq, Avropa və trans-Atlantika qurumları ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət, iqtisadi əməkdaşlıq kimi istiqamətləri əhatə edir, üzv ölkələrin və bütövlükdə bölgənin tərəqqisinə xidmət göstərir.
Azərbaycan-Müstəqil Dövlətlər Birliyi (MDB). 1993-cu ildən MDB-nin üzvü olan Azərbaycan bu təşkilat çərçivəsində öz müstəqilliyini möhkəmləndirmək və mehriban qonşuluq zonası yaratmaq məqsədi güdür. MDB həmçinin ətraf mühitin qorunması, elmi və mədəni əməkdaşlıq, eləcə də qanunsuz dövriyyələrə və cinayətkarlığa qarşı mübarizədə səylərin əlaqələndiricisi kimi çıxış edir.
İkitərəfli münasibətlər. Azərbaycan ayrı-ayrı xarici dövlətlər, o cümlədən, qonşu ölkələrlə ikitərəfli münasibətlərinə xüsusi əhəmiyyət verir.
Azərbaycan Respublikasının müstəqilliyini tanımış ilk dövlət olan və bu-günədək Azərbaycanın mövqeyini dəstəkləməkdə davam edən Türkiyə Cümhuriyyəti ilə münasibətlər son dərəcə mühümdür. Etnik, mədəniyyət və dil baxımından bir-birilə sıx bağlı olan bu iki ölkə arasında qarşılıqlı münasibətlər strateji əməkdaşlıq səviyyəsində daha da genişlənməkdə və dərinləşməkdədir. Azərbaycan və Türkiyənin bölgədə geosiyasi və iqtisadi vəziyyətin inkişafına, transregional iqtisadi layihələrin gerçəkləşdirilməsinə münasibəti, eləcə də rəsmi Ankaranın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəldilmiş səyləri, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində atdığı addımlar da daxil olmaqla, onların mövqelərinin tam uyğunluğunu və bu iki ölkə arasında əməkdaşlığın keyfiyyət səviyyəsini nümayiş etdirir.
Rusiyanın Cənubi Qafqazda güclü nüfuzunu nəzərə alan Azərbaycan özünün xarici siyasətində şimal istiqamətinə xüsusi diqqət verir. Bölgədə gərginliyin azaldılması və mehriban qonşuluq şəraitinin yaradılması naminə səylər göstərən Azərbaycan Rusiya ilə iqtisadi, siyasi-ictimai və mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarıdır.
Bu mənada, hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri, Xəzər dənizinin milli sektorlara bölünməsi üzrə Azərbaycan-Rusiya sazişi, eləcə də hər iki tərəfin təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, müxtəlif sahələr üzrə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Tarix və mədəniyyət sahələrində zəngin müştərək irsə malik Azərbaycanla İran arasında münasibətlər Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biridir. Müstəqilliyinin ilk günlərindən Azərbaycan qonşu İranla siyasi-iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsinə çalışır.
Azərbaycanla oxşar maraqları olan Gürcüstan və Ukrayna ilə əməkdaşlıq və tərəfdaşlığın hərtərəfli intensivləşməsi ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın bu dövlətlərlə ümumi maraqlarının mövcudluğu, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılması və Avropanı Asiya ilə birləşdirmək üçün tarixi "İpək Yolu"nun bərpası, eləcə də ümumi təhlükəsizliyə təminat verən birgə transregional layihələrdə iştirakı bu münasibətlərin mühümlüyünün göstəricisidir.
Mərkəzi Asiya ölkələri ilə münasibətlər də Azərbaycanın xarici əlaqələr sistemində əhəmiyyətli yer tutur. Azərbaycanın əsas iştirakçılarından biri olduğu layihələrə Mərkəzi Asiya dövlətlərinin qoşulması onların Avropa məkanına və bazarlarına çıxması üçün imkan yaradır və Azərbaycan bu işdə etibarlı körpü rolunu oynayır.
Azərbaycanın qonşu olmayan dövlətlərlə münasibətləri. Azərbaycanın onunla bilavasitə qonşu olmayan inkişaf etmiş Qərb dövlətləri ilə münasibətləri xarici siyasətdə ən mühüm yerlərdən birini tutur. Azərbaycan öz təhlükəsizliyi, ərazi bütövlüyü və müstəqilliyini qorumaq imkanlarmı möhkəmləndirmək naminə Amerika Birləşmiş Ştatları ilə münasibətlərə böyük əhəmiyyət verir. Bu münasibətlərin inkişafı Azərbaycanın iqtisadi və siyasi tərəqqisinə, Xəzərdə neft və qaz layihələrinin gerçəkləşdirilməsinə, Şərqlə Qərbi birləşdirən transregional dəhlizlərin yaradılmasına təkan verir. Azərbaycanla ABŞ arasında əməkdaşlıq ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının başlıca elementi kimi çıxış edir. Müasir dünyada beynəlxalq təhlükəsizliyi sarsıdan yeni təhdidlərin yaranması Azərbaycanla ABŞ arasında əməkdaşlığı daha da möhkəmləndirmişdir.
Azərbaycanın Qərbi Avropa dövlətləri ilə münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Bu münasibətlərin inkişafı dövlət və özəl sektorda əsaslı islahatların həyata keçirilməsinə və xarici sərmayələrin cəlb edilməsinə müsbət təsir göstərir. Qərbi Avropa ölkələri Azərbaycan üçün əsas ixrac bazarı kimi çıxış edir. Bundan əlavə, Azərbaycan ölkədə vətəndaş cəmiyyətinin təşəkkülü prosesində Qərbi Avropa ölkələri ilə faydalı əməkdaşlıqdan bəhrələnir.
Uzaq Şərqin qabaqcıl dövlətləri olan Çin və Yaponiya ilə qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycanı "İpək Yolu" layihəsinin gerçəkləşdirilməsində daha fəal çıxış etməyə sövq edir. Çinin artan beynəlxalq nüfuzu və Avrasiyada onun mövqelərinin möhkəmlənməsi Azərbaycan-Çin münasibətlərinin intensivləşməsinə təkan vermişdir. Yaponiyanın Azərbaycandakı iqtisadi layihələrə fəal qoşulması və ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə olan qarşılıqlı marağı Azərbaycan-Yaponiya münasibətlərinin genişlənməsi üçün əlverişli zəmin yaratmışdır.
Cənub-Şərqi və Cənubi Asiyada yeni iqtisadi və siyasi güc mərkəzlərinin təşəkkülü Azərbaycanın xarici siyasətinin bu istiqamətə marağının artmasına səbəb olmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın mövqeyini beynəlxalq səviyyədə tam dəstəkləyən Pakistanla münasibətlər tərəfdaşlıq, Hindistanla isə əməkdaşlıq səviyyəsində qurulmuşdur.
Azərbaycanın Yaxın və Orta Şərq dövlətləri ilə münasibətləri də böyük perspektivə malikdir. Bu münasibətlər Yaxın və Orta Şərqin geosiyasi əhəmiyyəti, zəngin enerji ehtiyatları və bu böl-gədə böyük sərmayə potensialının mövcudluğu əsasında qurulur. Azərbaycan bu bölgə ölkələrinin ticarət, texnoloji və maliyyə imkanlarından istifadə etməklə, Yaxın və Orta Şərq dövlətləri ilə qarşılıqlı faydalı münasibətləri genişləndirir.
Beləliklə, Azərbaycan Respublikasının xarici siyasəti Azərbaycan xalqının təhlükəsiz gələcəyinin təminatına, Xəzər-Qafqaz bölgəsində Azərbaycanın ən mühüm ölkəyə çevrilməsinə yönəlmişdir.