Azərbaycan - Avropa Şurası
Azərbaycan - Avropa Şurası zərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dünya inteqrasiya proseslərinə qoşulmaq üçün olduqca əlverişli perspektivlər və real imkanlar qazandı. Bu dövrdən başlayaraq ABŞ və Qərbi Avropa dövlətləri, onları təmsil edən demokratiya institutları, qeyri-hökumət təşkilatları ilə intensiv əməkdaşlıq şəraitində Azərbaycanda hüquqi dövlət quruculuğu həyata keçirilir, totalitar rejimdən demokratik inkişafa transformasiya siyasəti aparılır. Dövlət müstəqilliyinin ilk illərindən etibarən Azərbaycanın Avropa inteqrasiya proseslərinə qoşulmağını şərtləndirən iki əsas amil mövcud idi:
- Respublikamızda qısa müddətdə yaradılmış siyasi sabitlik, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, bazar iqtisadiyyatının bərqərar olmasına yönəldilmiş sosial-iqtisadi islahatlar, insan hüquqlarının qorunması sahəsində həyata keçirilmiş tədbirlər;
- Avropanın beynəlxalq təşkilatlarını daha fəal əməkdaşlığa cəlb edən Azərbaycanın əlverişli geosiyasi mövqeyi və zəngin təbii ehtiyatları.
24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etsə d ə, ölkəmizin bu təşkilata üzv qəbul edilməsi Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin nəticəsində mümkün olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycanda 1993-cü ildən Azərbaycanda ölüm cəzasına moratorium qoyulmuş, 1998-ci ildə isə ləğv edilmişdir. Ölüm cəzasının ləğvi və cəza siyasətinin humanistləşdirilməsi Azərbaycanın Avropa ailəsinə qoşulmasını təmin edən mühüm amillərdən biri olmuşdur.
1996-cı il iyulun 13-də Avropa Şurasının Baş katibinə məktubla müraciət edən Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmasını xahiş etmişdir.
Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündəki nitqində Ümummilli lider Heydər Əliyev ölkəsinin bu təşkilata üzv olmaq niyyətinin ciddiliyini belə əsaslandırmışdır: "Ölkəmizdə demokratik dəyişikliklərin inkişafında Avropa Şurasının köməyinə böyük ümid bəsləyirik. Ümidvaram ki, Azərbaycan tezliklə Avropa Şurasının tam hüquqlu üzvü olacaqdır. Biz müasir Avropa demokratiyası-nın yüksək standartlarına cavab vermək üçün öz tərəfimizdən hər şeyi edəcəyik."
Ümummilli lider Heydər Əliyevin sonrakı addımları da Azərbaycanın bu məsələdə qətiyyətli olduğunu göstərirdi. Belə ki, Ümummilli lider Heydər Əliyevin 1996-cı il iyulun 8-də "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 1998-ci il yanvarın 20-də " Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında", 1999-cu il mayın 14-də "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi tədbirləri haqqında" imzaladığı sərəncamlar həqiqətən də ölkəmizin Avropa Şurasına qəbul edilməsi üçün səylərini artırdığının göstəricisi idi.
2000-ci il iyunun 28-də Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında Nazirlər Komitəsinə Azərbaycan Respublikasını Avropa Şurasının tamhüquqlu üzvü seçmək tövsiyə edilmişdir.
Nəhayət, 2001-ci ilin yanvar ayında Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmiş və bununla da Azərbaycan diplomatiyası Avropaya inteqrasiya proseslərinə qoşulmaq uğrunda mübarizədə böyük qələbə əldə etmişdir. Bu hadisə Azərbaycanın Avropanın üzvi hissəsinə çevrildiyini işdə sübut etmişdir.
Ümummilli lider Heydər Əliyev 25 yanvar 2001-ci ildə Strasburqda Avropa Şurası Parlament Assambleyasında özünün tarixi çıxışını etdi. Həmin nitqində Heydər Əliyev bu qurumla ölkəmiz arasındakı qarşılıqlı münasibətlərin əsas istiqamətlərini müəyyənləşdirdi. Təbii ki, bu çıxışda qeyd edilən məsələlər AŞPA-da fəaliyyət göstərəcək Azərbaycan nümayəndə heyəti üçün ölkənin xarici siyasətinin tərkib hissəsini təşkil edən bir proqram idi.
Azərbaycan Avropa Şurasına daxil olarkən bu qurumun demokratik transformasiya öhdəliklərini yerinə yetirməklə yanaşı, həm də Avropa Şurasının üzvü kimi təşkilatın verdiyi imkanlardan bəhrələnmək sahəsində özünün milli proqramını da hazırlamışdır.
AŞPA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində elə ilk sessiyadan etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayılmağa başladı. Məhz cənab İlham Əliyevin rəhbərliyi altında qurumda ölkəmizi təmsil edən deputatlar AŞPA-nın müxtəlif dövlətlərdən olan üzvləri ilə yaxın münasibətlər qurur, ölkəmizin qarşılaşdığı problemlər, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox insanın qaçqın və məcburi köçkün kimi yaşaması barəsində ətraflı məlumatlar verirdilər.
Avropa Şurasına daxil olmaq istiqamətində həyata keçirilən kompleks tədbirlər müstəqil Azərbaycanın dünyəvi dövlət quruculuğu sahəsində bu qurumdan öyrənmək meyllərini daha bariz şəkildə büruzə verir.
Qanunvericilik sahəsində əsaslı islahatlar aparılır. Azərbaycanın Konstitusiyası beynəlxalq hüququn üstünlüyünə təminat verir.
Ölkəmizdə qəbul edilən qanunlar Avropa Şurası ekspertlərinin bilavasitə iştirakı ilə hazırlanır. Hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində qaldırılmış işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquq müdafiəsinə təminat almışdır. Ölkədə çoxpartiyalı sistem fəaliyyət göstərir, siyasi plüralizm, söz və vicdan azadlığı, azlıqların hüququ, qanun qarşı-sında bərabərlik və təqsirsizlik prezumpsiyası təmin edilir.
Azərbaycanda Konstitusiya Məhkəməsi yaradılmış, ölüm hökmü ləğv edilmiş, senzura aradan götürülmüş, məhkəmənin müstəqilliyi təmin olunmuşdur. Üçpilləli məhkəmə sistemi yaradılmış, şəffaf prosedurlar əsasında və beynəlxalq standartlara uyğun keçirilən seçkilər yolu ilə hakimlər korpusu 60 faiz yeniləşdirilmişdir. İnsan hüquqlarının qorunmasına və müvafiq mexanizmlərin təkmilləşdirilməsinə dair dövlət proqramı həyata keçirilir.
Rəsmi Bakı bu təşkilat qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında icra etmiş, ölkədə İnsan haqları üzrə müvəkkil - Ombudsman institutu fəaliyyətə başlamış, Azərbaycan Prezidenti mütəmadi olaraq əfv fərmanları imzalayır, yeni elektron kütləvi informasiya vasitəsi - İctimai Televiziya fəaliyyətə başlamışdır. Rəsmi Bakı təşkilatın ölkənin demokratik inkişafına xidmət edən bütün mütərəqqi təklif və tövsiyələrini nəzərə almış, AŞPA həmməruzəçilərinin müntəzəm monitorinq aparmasına şərait yaratmışdır.
Azərbaycan-Avropa Şurası əməkdaşlığı son illər daha intensiv xarakter almışdır. Azərbaycan nümayəndə heyəti qurumun müxtəlif strukturlarında keçirilən tədbirlərə qatılaraq müzakirə edilən məsələlərlə bağlı ölkəmizin mövqeyini çatdırırlar. Eləcə də qurumun təmsilçiləri ölkəmizdə səfərdə olaraq rəsmi görüşlər keçirir, əməkdaşlığın perspektiv imkanları barədə fikir mübadiləsi aparırlar.
Bakıda Avropa Şurasının bir çox tədbirləri keçirilir. Üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransı da böyük əhəmiyyət kəsb edir. Belə bir mötəbər tədbirin Azərbaycan paytaxtında keçirilməsi təsadüfi deyil.
Tədbirdə müxtəlif qitələrin və dinlərin nümayəndələri təmsil olunaraq mədəni əməkdaşlıq münasibətlərinin formalaşmasında konkret addım atdılar. Avropa Şurası və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün təmin edilməsində mədəniyyətlərarası münasibətlərin perspektiv imkanları da müzakirə edilmişdir.
2010-cu il mayın 25-də Bakıda keçirilmiş Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması" mövzusunda VII konfransı da bu baxımdan əlamətdardır. Konfransda iştirak və çıxış edən Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əsaslandırdığı kimi: "Mən bu konfransı Bakıda keçirmək qərarını qəbul etdiyinə görə Avropa Şurasına minnətdarlığımı bildirirəm və inanıram ki, Azərbaycanın gender bərabərliyinə aid fəal mövqeyi və konkret strategiyası bu tədbirin məhz Bakıda keçirilməsinin əsas səbəblərindəndir."
Xüsusi olaraq qeyd etməliyik ki, AŞPA-dakı nümayəndə heyətimizin rəhbərləri - İlham Əliyevin və Səməd Seyidovun AŞPA-nın vitse-prezidentləri seçilməsi də təşkilatın Azərbaycana münasibətinin göstəricisi sayıla bilər.
Beləliklə, müasir dövrdə Azərbaycan demokratik transformasiya sahəsində öz konkret, əməli fəaliyyəti ilə, həmçinin görülmüş bu işlərin və aparılmış islahatların məntiqi nəticəsi kimi, Avropa Şurasının üzvlüyünə layiq olduğunu sübuta yetirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin bu təşkilatla əməkdaşlığının konkret nəticəsini çox sərrast ifadə etmişdir: "Konstruktiv əməkdaşlıq, məsləhətlər, tövsiyələr, bölüşdüyünüz təcrübə - bunların hamısı Azərbaycan cəmiyyətinin gələcək demokratikləşməsinə, Azərbaycanın Avropa ailəsinə tam üzv olmasına xidmət etmişdir."