Azərbaycan - ATƏT
Azərbaycan hazırda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) adlanan quruma 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. Bu regional təşkilat 1 yanvar 1995-ci ilədək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanırdı. ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur.
1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevral ayının ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda oldu.
Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olunmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı.
1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi.
Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır.
20 dekabr 1993-cü ildə Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşulmuşdur.
5-6 dekabr 1994-cü ildə ATƏM-in Budapeşt Zirvə Toplantısı keçirilmişdir. Budapeşt sammitinin nəticəsinə əsasən ATƏM 1 yanvar 1995-ci ildən yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını müəyyən edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrinin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmləri olan ümumavropa təşkilatına - ATƏT-ə çevrilmişdir.
Budapeşt Sammitində ilk dəfə olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak edə biləcək sülhməramlı qüvvələrinin yaradılması və münaqişəli ərazilərə göndərilməsi qərara alınmışdır. İştirakçı dövlətlər ATƏT rəhbərliyi altında olan ilk sülhməramlı çoxmillətli hərbi hissənin Dağlıq Qarabağ bölgəsinə göndərilməsi haqqında razılıq eldə etmişlər. Bundan başqa Budapeştdə Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olunmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qətnamənin qəbulu təşkil etmişdir.
Budapeşt Sammitinin nəticələrinə əsasən 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunmuşdur.
Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəl Finlandiya ilə Rusiya, sonra isə 1995-97 - ci illər ərzində İsveç ilə Rusiya başçılıq etmişlər.
28 avqust 1995-ci ildə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi təsis olunmuşdur. 1 yanvar 1997-ci ildən bu vəzifəni Səfir Anjey Kasprşık (Polşa) icra edir.
1996-cı il 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilmişdir. Bəyannamədə üzv ölkələrinin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və bu təhdidləri aradan qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır.
Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermənistandan başqa) aşağıdakı prinsiplərə razılıq verilmişdir:
1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusun verilməsi;
3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.
1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.
1997-1998-ci illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk Qrupunun Həmsədrləri tərəfindən üç təklif tərtib edilmişdir. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməmişlər.
18-19 noyabr 1999-cu ildə İstanbulda keçirilən ATƏT-in üzv ölkələrinin Dövlət və Hökumət Başçılarının növbəti Zirvə görüşündə iştirak edən Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur.
Azərbaycanla ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) arasında sıx əməkdaşlıq münasibətləri əldə olunmuşdur. 1998-ci ildən başlayaraq DTİHB Azərbaycan Respublikasının Hökuməti ilə fəal əməkdaşlıq aparmış və aparılan birgə əməkdaşlıq nəticəsində demokratikləşdirmə, qanun aliliyi, qanunvericiliyin, xüsusilə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, miqrasiya, gender bərabərliyi və digər sahələrdə bir çox layihələr həyata keçirir. DTİHB Azərbaycanda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində fəal iştirak edir.
ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsi ilə də əməkdaşlığa Azərbaycan hökuməti tərəfindən xüsusi önəm verilir. 2001-ci ilin dekabrında ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsinin Ofisi və AR-in XİN-in birgə təşəbbüsü əsasında Azərbaycanın gənc jurnalistləri üçün keçirilmiş “Azərbaycanda Mətbuat Azadlığı və Məsuliyyətinin İnkişafı” mövzusunda seminarın Ofislə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi və Jurnalistikada davranış məcəlləsi, həmçinin digər müvafiq məsələlərin müzakirəsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.
ATƏT-in tam-hüquqlu üzvü olduğundan Azərbaycan ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarının Ofisi ilə əlaqələr yaratmışdır. Lakin Milli Azlıqlar üzrə Ali Komissarının mandatına (mandata uyğun olaraq, Komissarın Ofisi adətən milli zəmində münaqişə ocağının yaranması ehtimal olunan bölgələrlə geniş fəaliyyət göstərir), eyni zamanda ölkəmizin milli azlıqların hüquqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə və həyata keçirdiyi tədbirlərə baxmayaraq, Ali Komissarının Ofisi ilə Azərbaycan arasında əməkdaşlıq hələ arzu olunan səviyyədə deyil və müntəzəm qaydada həyata keçirilmir.
300-dən çox deputatdan ibarət olan ATƏT-in Parlament Assambleyası (PA) ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında sıx əməkdaşlıq əlaqələri qurulmuşdur. ATƏT-in PA-da təmsil olunan Azərbaycandan olan deputatlar hər il PA-nın iclaslarında iştirak edirlər.
ATƏT-in Bakıda Ofisinin yaradılması haqqında 16 noyabr 1999-cu ildə ATƏT-in Daimi Şurasının 318 saylı qərarı qəbul olunmuşdur.
ATƏT-in Daimi Şurasının 318 saylı qərarının qəbulundan sonra 1999-cu ilin noyabrın 25-də imzalanmış Qarşılıqlı Anlaşma Memorandumu ATƏT və Azərbaycan arasında əməkdaşlığa yeni təkan vermişdir.
18 iyul 2000-ci ildə ATƏT-in Bakıdakı Ofisinin rəsmi açılışı baş tutmuşdur.
ATƏT-lə Azərbaycan arasında səmərəli əməkdaşlığın inkişafı ölkəmiz üçün vacib əhəmiyyət kəsb etdiyindən, xüsusi olaraq bu məqsədlə Azərbaycanda ATƏT-in Dostları Qrupu yaradılmışdır.
2004-cü ilin dekabrında ATƏT-in XİNŞ-in Sofiyada keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2004-cü ildə əldə olunan irəliləyişləri alqışlayan bəyanat qəbul olunmuşdur. Bəyanatda münaqişənin həlli istiqamətində, xüsusi ilə Ermənistan və Azərbaycan prezidentləri arasında ATƏT-in Minsk Qrupunun dəstəyi ilə keçirilmiş üç görüş və yaradılmış “Praqa Prosesi” çərçivəsində xarici işlər nazirlərinin dörd görüşü alqışlanmışdır.
2005-ci ilin 30 yanvar-5 fevral tarixlərində Azərbaycanın işğal olunmuş ərazilərinə ATƏT Minsk Qrupunun məskunlaşma üzrə faktaraşdırıcı missiyası səfər etmişdir.
2005-ci ilin 3 iyul tarixində ATƏT-in Parlament Assambleyasının (PA) Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker münaqişə ilə bağlı hesabatını ATƏT PA-nın nümayəndə heyətlərinin başçılarına təqdim etmişdir.
2005-ci ilin 5-6 dekabr tarixlərində Lyublyanada ATƏT-in Nazirlər Şurasının 13-cü iclası keçirilmişdir. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə ATƏT-in Nazirlər Şurasının toplantısı çərçivəsində görüşü baş tutmuşdur. ATƏT-in Nazirlər Şurasının Lyublyana görüşündə ayrı sənəd kimi Ermənistan-Azərbaycan münaqişəsinə dair Nazirlər Şurasının Bəyanatı qəbul edilmişdir.
2005-ci ilin 16-20 dekabr tarixlərində ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun 8 ildən sonra ilk dəfə Ermənistan-Azərbaycan münaqişəsi bölgəsinə səfər etmişdir. Səfər zamanı 16 dekabr tarixində Xarici İşlər Nazirliyində YSPQ-nin 1995-ci ildə tərtib etdiyi sülhməramlı əməliyyat planlarının təqdimatı keçirilmişdir. Həmçinin, YSPQ Azərbaycanın münaqişə bölgəsinə yaxın rayonlarına səfər edərək yerli infrastrukturun sülhməramlı əməliyyatların keçirilməsi üçün nə dərəcədə uyğun olmasını araşdırmışdır.
2006-cı il yanvarın 21-27-də ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri baş tutmuşdur. YSPQ Azərbaycan hakimiyyətinin nəzarətində olmayan işğal edilmiş ərazilərə səfər edərək, yerli infrastrukturun sülhməramlı əməliyyatların keçirilməsi üçün nə dərəcədə uyğun olmasını araşdırmışdır.
2006-cı ildə iyun ayının 22-də ATƏT Daimi Şurasının plenar iclasında Azərbaycanın işğal altında olan ərazilərində yanğınlar məsələsi səsləndirilmiş və müvafiq kosmik fotoşəkillər yayılmışdır. Azərbaycan tərəfi müvafiq beynəlxalq təşkilatların, həmçinin Ermənistan və Azərbaycan mütəxəssislərinin iştirakı ilə hərtərəfli ekoloji əməliyyatın keçirilməsi üçün ATƏT-ə müraciət etmişdir.
Azərbaycan yanğınlarla bağlı məsələni həmçinin BMT Baş Assambleyasında qaldırmış və nəticədə A/RES/60/285 saylı 7 sentyabr, 2006-cı il tarixli “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı Qətnamə qəbul edilmişdir. Qətnaməyə əsasən, Azərbaycanın yanğınlara məruz qalmış ərazilərində ekoloji əməliyyatın keçirilməsi vacibliyi qeyd olunur, bunun ilk mərhələsi kimi beynəlxalq təşkilatların iştirakı ilə ATƏT-in dəyərləndirmə missiyasını təşkil etmək hazırlığı alqışlanmış və ATƏT-in Fəaliyyətdə olan Sədrinə 2007-ci il aprelin 30-na qədər BMT BA-ya məruzə təqdim etməsi tapşırılmışdır.
2006-cı ilin 3-13 oktyabr tarixlərində qətnaməyə müvafiq olaraq, ATƏT-in rəhbərliyi ilə beynəlxalq təşkilatların və Ermənistan və Azərbaycanın mütəxəssislərindən ibarət ekoloji dəyərləndirmə missiyası yanğınlara məruz qalmış ərazilərə səfər etmişdir. Noyabrın sonunda missiyanın məruzəsi yayılmışdır. Məruzə yanğınların genişmiqyaslı olmasını və ərazilərə ciddi ziyanın dəyməsini təsdiq etmiş, eyni zamanda ekoloji əməliyyatın həyata keçirilməsi üçün bir sıra tövsiyələr vermişdir.
2006-cı ilin 4-5 dekabr tarixlərində Brüsseldə ATƏT-in Nazirlər Şurasının 14-cü iclası keçirilmişdir. Azərbaycan xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun Həmsədrləri ilə ATƏT-in Nazirlər Şurasının toplantısı çərçivəsində görüşü baş tutmuşdur. ATƏT-in Nazirlər Şurasının Brüssel görüşündə Ermənistan-Azərbaycan münaqişəsinə dair Nazirlər Şurasının Bəyanatı qəbul edilmişdir.
2006-ci ilin dekabrın 10-da Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “konstitusiya referendumu” ilə bağlı AR XİN-in 2 dekabr tarixli bəyanatı ATƏT-də yayılmışdır. Bundan əlavə, Nazirlər Şurasının 14 dekabr tarixli 642 saylı plenar iclasında məsələ ilə bağlı çıxış edilmişdir. ATƏT Sədrliyi, Həmsədrlər, Avropa İttifaqı, GUAM, Avropa Şurasının Baş Katibi, İKT, həmçinin Türkiyə, Ukrayna, Gürcüstan bu “referendum”u pisləyən bəyanatlar vermişlər.
2007-ci ilin 7-9 fevralda ATƏT PA-nın Prezidenti Qoran Lennmaker Bakıda səfərdə olmuşdur. Səfər zamanı onu AR Prezidenti qəbul etmişdir. O, həmçinin AR xarici işlər naziri, Milli Məclisin sədri, ATƏT PA Assambleyasının Azərbaycandan olan deputat-üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirmişdir.
2007-ci ilin 4-5 iyun tarixlərində ATƏT-in Fəaliyyətdə olan Sədri İspaniyanın xarici işlər naziri Migel Angel Moratinosun Bakıya səfər etmişdir. Səfər zamanı AR Prezidenti, xarici işlər naziri və digər yüksək rəsmi şəxslərlə görüşlər keçirmişdir. Görüşlər zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlar prosesi, Azərbaycanda demokratik inkişaf, qarşıdan gələn prezident seçkiləri kimi məsələlər müzakirə edilmişdir.
2007-ci ilin 18-19 oktyabr tarixlərində ATƏT-in Cənubi Qafqaz ölkələrindəki səhra missiyalarının rəhbərlərinin Bakıda keçirilmiş birgə işçi görüşündə iştirak etmək məqsədilə ATƏT-in Baş Katibi səfir Mark Perin de Brişambo və ATƏT-in Münaqişələrin Qarşısının alınması Mərkəzinin direktoru, səfir Herbert Salber Azərbaycana səfər etmişlər.
2007-cı ilin 29-30 noyabr tarixlərində Madriddə ATƏT-in Nazirlər Şurasının 15-ci iclası keçirilmişdir. Azərbaycan xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrlərilə ATƏT-in Nazirlər Şurasının toplantısı çərçivəsində görüşü baş tutmuşdur. ATƏT-in Nazirlər Şurasının Madrid görüşündə Ermənistan-Azərbaycan münaqişəsinə dair Bəyanat qəbul edilmişdir.
2008-ci ilin 28 fevral tarixində ATƏT-in Fəaliyyətdə olan Sədri, Finlandiyanın xarici işlər naziri İllka Kanervanın başçılığı altında nümayəndə heyəti Bakıya səfər etmişdir. Səfər zamanı AR Prezidenti, xarici işlər naziri və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlər keçirmişdir. Görüşlər zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlar prosesi, Azərbaycanda demokratik inkişaf, 15 oktyabr AR-də prezident seçkiləri kimi məsələlər ətrafında müzakirələr aparılmışdır. İ.Kanerva həmçinin, Azərbaycandakı siyasi partiyaların rəhbərləri ilə də görüşmüşdür. O, ATƏT-in Bakı Ofisinin yeni binasının açılışında da iştirak etmişdir.
2008-ci il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə əlaqədar müzakirələr aparmaq məqsədilə 29-30 iyul tarixlərində ATƏT-in Fəaliyyətdə olan Sədrinin Xüsusi Elçisi Heyki Talvityenin Azərbaycana səfəri baş tutmuşdur.
2008-ci ilin 18-20 noyabr tarixlərində 2009-cu ildə Yunanıstanın ATƏT-ə sədrlik etməsi ilə əlaqədar Yunanıstan xirici işlər nazirinin xüsusi nümayəndəsi, səfir Kalantzianosun rəhbərliyi altında Yunanıstan nümayəndə heyəti Bakıya səfər etmişdir. Səfərin keçirilməsində əsas məqsəd Yunanıstanın sədrliyi dövründə ATƏT-in iştirakçı ölkələri ilə daha sıx əlaqələr qurmaq və bu məqsədlə ikitərəfli münasibətləri daha dərinləşdirməkdən ibarət olmuşdur.
2008-ci ilin 4-5 dekabr tarixlərində Helsinkidə ATƏT-in Nazirlər Şurasının 16-cı iclası keçirilmişdir. Azərbaycan xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə ATƏT-in Nazirlər Şurasının toplantısı çərçivəsində Ermənistanın xarici işlər naziri ilə görüşü baş tutmuşdur. ATƏT-in Nazirlər Şurasının Helsinki görüşündə Ermənistan-Azərbaycan münaqişəsinə dair Minsk Qrupunun Həmsədr ölkələrinin xarici işlər nazirlərinin Birgə Bəyannaməsi qəbul edilmişdir.
2009-cu ilin 27-28 iyun tarixlərində Yunanıstanın Korfu adasında ATƏT-in iştirakçı dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilmişdir. Avropa təhlükəsizliyinin gələcəyi mövzusuna həsr olunmuş bu görüşdə Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak etmişdir.
2009-ci il 1-2 iyul tarixlərində Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə əlaqədar müzakirələr aparmaq məqsədilə ATƏT-in Fəaliyyətdə olan Sədri, Yunanıstanın Xarici işlər naziri Dora Bakoyannis Azərbaycana səfər etmiş və bir sıra dövlət rəsmiləri, o cümlədən AR-in Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvləri ilə görüşmüşdür.
2009-cu il 15-17 iyul tarixlərində ATƏT-in Baş Katibi Mark Perrin de Brişambo Azərbaycan səfər etmiş və yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşmüşdür.
2009-cu ilin 1-2 dekabr tarixlərində Afinada ATƏT-in Nazirlər Şurasının 17-ci iclası keçirilmişdir. Azərbaycan Xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində Ermənistanın xarici işlər naziri ilə görüşmüşdür. ATƏT-in Nazirlər Şurasının Afina görüşündə Ermənistan-Azərbaycan münaqişəsinə dair Minsk Qrupunun Həmsədr ölkələrinin xarici işlər nazirləri birgə bəyanat vermişlər.
2010-cu ilin 15 fevral tarixində ATƏT-in Fəaliyyətdə olan Sədri, Qazaxıstan Respublikasının Dövlət katibi və xarici işlər naziri Kanat Saudabayev Azərbaycana səfər etmiş, yüksək səviyyəli dövlət rəsmiləri, siyasi partiyaların nümayəndələri və AR-ın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvləri ilə görüşmüşdür. Səfər zamanı ATƏT-in Fəaliyyətdə olan Sədrini Qazaxıstan və ATƏT-in rəsmiləri ilə yanaşı qurumun Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Arman Akişev də müşayiət etmişdir.
2010-cu ilin 16-17 iyul tarixlərində Almatıda ATƏT-in Nazirlər Şurasının qeyri-formal iclası keçirilmişdir. Azərbaycan xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində Ermənistanın xarici işlər naziri ilə görüşmüşdür. ATƏT-in Nazirlər Şurasının Almatıdakı qeyri-rəsmi görüşündə Ermənistan-Azərbaycan münaqişəsinə dair Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları birgə bəyanat vermişlər.
2010-cu ilin 1-2 dekabr tarixlərində Astanada ATƏT-in Sammiti keçirilmiş və sözügedən tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Sammit çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan prezidentləri, eləcə də, ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin nümayəndə heyətləri başçılarının birgə bəyanatı qəbul edilmişdir. Bundan əlavə, Sammitin yekun Bəyannaməsində ATƏT məkanında həlli uzanan münaqişələrin beynəlxalq hüququn BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş norma və prinsipləri əsasında həllinin vacibliyi qeyd edilmişdir.
2011-ci il fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
2011-ci il martın 5-də Rusiya Federasiyasının Soçi şəhərində Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya), habelə təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşü olmuşdur.
Prezident İlham Əliyev 2011-ci il martın 15-də, aprelin 14-də və iyunun 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Bernar Fasyeni (Fransa), Robert Bradtkeni (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir. Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
ATƏT-in Minsk qrupu həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) həmçinin də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik 2011-ci il sentyabrın 29-da Varşavada Azərbaycan Prezidenti İlham Əliyev, sonra isə Ermənistan Prezidenti Serj Sarkisyan ilə görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş gələcək addımları müzakirə ediblər. Həmsədrlər Prezidentlər Medvedev, Obama və Sarkozinin Dovil bəyanatında üzərinə götürdüyü, tərəflərə nizamlanmaya nail olmaqda yardım etmək öhdəliyini bir daha təsdiq ediblər. Həmsədrlərin yaydığı bəyanatda deyilir ki, 2011-ci il mayın 26-da Dovildə (Fransa) ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya Federasiyası, ABŞ və Fransa prezidentləri qəbul etdikləri birgə bəyanatda digər məqamlarla yanaşı, tərəfləri israrla öz əhalisini müharibəyə deyil, sülhə hazırlamağa çağırıblar. Bəyanata əsasən, həmsədrlər dekabr ayı Vilnüsdə keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclasına qədər gələcək aylar üçün iş planını təqdim ediblər.
2011-ci il oktyabrın 7-11-də Xorvatiyanın Dubrovnik şəhərində keçirilən ATƏT Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirəyə çıxarılmışdır.
Bu gərginliyi azaltmaq məqsədilə RF-nin Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2014-cü il avqustun 10-da Soçidə, ABŞ-ın dövlət katibi Con Kerrinin təşəbbüsü ilə sentyabrın 4-də Nyu-Portda (Uelsdə) və Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə oktyabrın 27-də Parisdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın, eləcə də ATƏT MQ həmsədrlərinin iştirakı ilə üç görüş keçirildi. Bu görüşlər tərəflər arasında müəyyən müsbət dinamika əldə edilməsinə və təmas xəttində toqquşmaların sayının azalmasına səbəb oldu.
2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən növbəti silahlı təxribat nəticəsində Azərbaycan hərbçiləri ilə yanaşı 6 mülki şəxs həlak oldu və 20-dən çox vətəndaş xəsarət aldı. 600-dən çox evə ziyan dəydi, 100-dən çox ev isə tamamilə dağıdıldı. Bu təxribata cavab olaraq Azərbaycan silahlı qüvvələrinin uğurlu əks-hücumu düşmənin geri çəkilməsinə və Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş bir sıra strateji yüksəkliklərin alınmasına səbəb oldu.
2016-cı il aprelin 5-də tərəflər arasında atəşkəs razılaşması əldə edildikdən sonra danışıqlar prosesində bir canlanma yarandı. ATƏT MQ həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Vyanada (may, 2016-cl il), Sankt-Peterburqda (iyun, 2016-cı il) və Cenevrədə (oktyabr, 2017-ci il) üç görüşünü təşkil etdilər. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında da 2017-ci il dekabrın 6-da Vyanada və 2018-ci ilin yanvarın 18-də Krakovda iki görüş keçirildi.
MQ həmsədrlərinin vasitəçiliyi ilə münaqişə tərəfləri arasında Azərbaycan və Ermənistan dövlət başçıları səviyyəsində Vyanada (29 mart 2019-cu il) bir rəsmi görüş, xarici işlər nazirləri səviyyəsində isə Brüsseldə (11 iyul 2018-ci il), Nyu-Yorkda (27 sentyabr 2018-ci il), Milanda (6 dekabr 2018-ci il), Parisdə (16 yanvar 2019-cu il), Moskvada (15 aprel 2019-cu il), Vaşinqtonda (20 iyun 2019-cu il), Nyu Yotkda (23 sentyabr 2019-cu il), Bratislavada (5 dekabr 2019-cu il), Cenevrədə (28-30 yanvar 2020-ci il) doqquz görüş keçirilmişdir. Həmçinin danışıqların bu mərhələsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan qeyri-rəsmi səviyyədə dörd dəfə görüşmüşlər. Bu görüşlərdən ikisi Düşənbədə (28 sentyabr 2018-ci il) və Sankt Peterburqda (6 dekabr 2018-ci il) MDB dövlət başçılarının zirvə toplantıları çərçivəsində, bir görüş isə Davos İqtisadi Forumunda (22 yanvar 2019-cu il) baş tutmuşdur. Onlar eləcə də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində (15 fevral 2020-ci il) təşkil edilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirədə birgə iştirak etmişlər.
2020-ci ilin 12-16 iyul tarixlərində Ermənistan silahlı qüvvələri artilleriya qurğularından istifadə etməklə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hücum cəhdi həyata keçirmişdir.
2020-ci ilin sentyabrın 24-də BMT-nin Baş Məclisinin 75-ci sessiyasının ümumi müzakirələrində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu təhlükəli vəziyyət haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmışdır. Prezidenti İlham Əliyevin bu xəbərdarlığından bir neçə gün sonra, yəni 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi işğalçı Ermənistan üzərində qələbə ilə nəticələndi.
Müharibənin bitməsindən bir qədər sonra, 2020-ci il dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontin, ABŞ-dan olan həmsədri Endrü Şofer, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik müzakirələri davam etdirmək məqsədilə Bakıya gəldilər. Prezident İlham Əliyev onları qəbul qəbul edərkən bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub.
2025-ci il sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin ATƏT-in Minsk konfransının məşğul olduğu münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksəksəviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib. Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT katibliyinə tapşırılıb.
Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.
Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib.
Sözügedən qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi olmaqla yanaşı, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır.
Azərbaycan Respublikası bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcəkdir.
ATƏT-lə Azərbaycan arasında digər sahələrdə əməkdaşlıq davam etdirilir.