Azərbaycan - YUNESKO
1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası bir sıra əhəmiyyətli beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq siyasətini həyata keçirmişdir.
BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumu və Azərbaycan 1992-ci il 3 iyul tarixindən bu qurumun üzvüdür. Hazırda 193 dövlət YUNESKO-nun üzvüdür.
1993-cü ilin oktyabr ayında YUNESKO Baş Konfransının 27-ci sessiyasında ilk dəfə olaraq Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir.
YUNESKO-Azərbaycan əlaqələrinin inkişafında ən mühüm addım isə Azərbaycan Prezidenti Heydər Əliyev 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun Baş Direktoru Federiko Mayorla görüşü zamanı atılmışdır. Tərəflər öz aralarında əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə etmişdilər.
YUNESKO-nun Nizamnaməsinin 7-ci maddəsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini YUNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bununla bağlı 21 fevral 1994-cü il tarixində sərəncam imzalamışdır. Sərəncama əsasən Xarici İşlər Nazirliyinin nəzdində Milli Komissiya yaradılmışdır. Sonra isə respublikanın müvafiq nazirlik və idarələrinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılmışdır. Milli Komissiya Azərbaycanın YUNESKO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir.
Azərbaycanın YUNESKO əməkdaşlığı ilə bağlı gündəlik operativ iş Bakıda Xarici İşlər Nazirliyinin nəzdində Milli Komissiyanın Daimi Katibliyi və Parisdə Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi tərəfindən həyata keçirilir.
Azərbaycan YUNESKO ilə əlaqələri möhkəmləndirmək və Azərbaycan elmini, təhsilini və mədəniyyətini inkişaf etdirmək məqsədilə YUNESKO çərçivəsində qəbul edilmiş bir sıra konvensiyalara qoşulmuşdur.
Azərbaycan-YUNESKO əlaqələrinin inkişafında mühüm mərhələ hesab oluna biləcək tədbirlərdən biri 1996-cı ilin klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Məhəmməd Füzuli ilinin elan olunması və dünyanın bir çox ölkələrində dahi şairin 500 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsidir.
Azərbaycan mədəni irsinin dünyaya çatdırılmasında növbəti addım Heydər Əliyevin 1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı fərman olmuşdur. Yubiley çərçivəsində elmi, ictimai, siyasi və bədii nöqteyi-nəzərdən böyük işlər görülmüş, "Kitabi-Dədə Qorqud" ensiklopediyası nəşr edilmişdir. “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileyi ilə əlaqədar YUNESKO çərçivəsində, Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində yubiley tədbirləri təşkil olunmuşdur. Bu tədbirlər 2000-ci ilin aprelində Bakıda Türkdilli Dövlətlər Birliyinin VI zirvə toplantısına dəvət olunmuş dövlət başçılarının iştirakı ilə keçirilmiş təntənəli yubiley mərasimi ilə başa çatmışdır.
Azərbaycan YUNESKO ilə əməkdaşlığının inkişafı üçün böyük əmək sərf edilmişdir. Bu əməkdaşlıq yalnız ikitərəfli əlaqələr üzərində qurulmamış və ondan yalnız iki tərəf bəhrələnməmişdir. Azərbaycanın qədim və zəngin mədəniyyəti isə milli çərçivədən beynəlxalq səviyyəyə çıxıb, ümumdünya mədəniyyətin bir parçası olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər təşkilatla əlaqələrin inkişaf etdirilməsinə böyük diqqətlə yanaşır. 15 sentyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YUNЕSKО ilə Аzərbаycаn Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNЕSKО üzrə Аzərbаycаn Respublikasının Milli Kоmissiyаsı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən YUNЕSKО üzrə Аzərbаycаn Respublikasının Milli Kоmissiyаsının yeni tərkibi müəyyənləşdirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyilə Azərbaycan-YUNESKO münasibətləri ən yüksək inkişaf səviyyəsinə yüksəlib. 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə, xanım Mehriban Əliyeva ölkəsinin mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərib. Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə xanım Mehriban Əliyeva Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. 2004-cü ilin sentyabrında Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu Təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adına layiq görülmüşdür. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərərə böyük dəstəyinə görə xanım M. Əliyeva 2006-cı il noyabrın 4-də İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülmüşdür.
YUNЕSKО-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri proqramı çərçivəsində Azərbaycanla bağlı Nəsirəddin Tusinin anadan olmasının 800 illik yubileyi (2001), Mirzə Kazımbəyin 200 illik yubileyi (2002), akademik Yusif Məmmədəliyеvin 100 illik yubileyi (2005), Lətif Kərimоvun 100 illik yubiley (2006), “Leyli və Məcnun” Operasının ilk tamaşasının 100 illik yubileyi (2008), Mir Cəlal Paşayevin 100 illik yubileyi (2008), Səttar Bəhlulzadənin 100 illik yubileyi (2009), akademik Musa Əliyevin 100 illik yubileyi (2009) ilə əlaqədar qərar qəbul edilmişdir.
2003-cü ilin noyabr ayının 7-də Azərbaycan muğamı YUNESKO-da bəşəriyyətin qeyri maddi irsinin şah əsəri elan olunmuşdur.
2005-ci il 24 avqust tarixində Bakı şəhərində “YUNЕSKО-Аzərbаycаn: gələcəyə körpü” mövzusunda beynəlxalq kоnfrаns keçirilmişdir. Kоnfrаnsın sоnundа YUNЕSKО ilə Аzərbаycаn аrаsındа təhsil sаhəsində əməkdаşlığа dаir Qаrşılıqlı Аnlаşmа Mеmоrаndumu imzаlаnmışdır.
2006-cı il 5-11 mart tarixlərində Qobustan Dövlət Bədii-Tarixi Qoruğunun YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə iki Norveç ekspertinin Azərbaycana səfəri təşkil edilmişdir. Səfərin nəticəsində ekspertlər tərəfindən YUNESKO-nun tələblərinə uyğun olan Tədbirlər Planını hazırlanmışdır. 2006-cı il 19 may tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamına əsasən Azərbaycan Respublikası hökuməti ilə YUNESKO arasında “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri olan Azərbaycan muğamının qorunması üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi layihəsi üzrə Saziş” imzalanmışdır.
2006-cı il 19 oktyabr tarixində YUNESKO-nun Baş Qərargahında YUNESKO-nun 60 illik yubileyinə həsr olunmuş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində “Azərbaycan – sivilizasiyaların və mədəniyyətlərin kəsişdiyi yer” adı altında Azərbaycan Günü keçirilmişdir.
YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 31-ci sessiyasında qəbul edilmiş qərara əsasən Qobustan Dövlət Tarixi Bədii Qoruğu Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
2007-ci il 18 iyun tarixində Heydər Əliyev Fondunda YUNESKO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında “Azərbaycanda peşə təhsilinin inkişafı” layihəsinin icra planına dair Saziş imzalanmışdır.
2008-ci il 10-11 iyun tarixlərində Bakıda “Gülüstan” sarayında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum keçirilmişdir. Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak edirlər. Forumun yekununda Bakı Bəyannaməsi və Birinci xanımların Bəyanatı qəbul olunmuşdur.
19 iyun 2009-cu ildə Nazirlər Kabinetinin yanında İçəri Şəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə İçəri Şəhərin Konservasiyasına dair “Master Plan”na həsr edilmiş təqdimat mərasimi keçirilmişdir. “Master Plan” İçəri Şəhərin təhlükədə olan Ümümdünya İrsi Siyahısından çıxarılmasına dair ən vacib sənədlərdəndir. 2009-cu ilin 22 iyun tarixində Sevilya şəhərində keçirilmiş YUNESKO-nun Dünya İrs Komitəsinin 33-cü sessiyası zamanı qəbul olunmuş qərara əsasən, İçəri Şəhər Qoruğu YUNESKO-nun təhlükədə olan Ümümdünya İrsi Siyahısından çıxarılmışdır.
17 noyabr 2009-cu ildə “YUNESKO-da Azərbaycan Günü” çərçivəsində YUNESKO-nun mənzil qərargahında Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi və Azərbaycan Respublikasının digər hökumət orqanları tərəfindən bir sıra tədbirlər təşkil edilmişdir.
2009-cu ilin 28 sentyabr-2 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökümətlərarası Komitənin 4-cü sessiyasının qərarına əsasən, Azərbaycan Aşıq Sənəti və Novruz Bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilmişdir. 3 dekabr 2009-cu ildə YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının nümayəndələri, hökumət rəsmiləri, AMEA, kütləvi informasiya vasitələrinin iştirakı ilə Bakıda, Muzey Mərkəzində Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş Aşıq sənəti və Novruz Bayramının namizədlik fayllarının və aşıq sənətinə həsr olunmuş kitabça və kompakt disklərin təqdimatı keçirilmişdir.
22-24 iyun 2010-cu ildə YUNESKO-nun Baş Qərargahında Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının növbəti 3-cü sessiyası keçirilmişdir. Sessiyanın sonuncu günündə Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökümətlərarası Komitəyə keçirilən seçkilərdə Azərbaycan bu quruma üzv qəbul edilmişdir.
“Azərbaycan Respublikasında ənənəvi Azərbaycan xalçaçılıq sənəti” nominasiyası YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezenativ siyahısına daxil edilmişdir.
YUNESKO hər bir xalqın mədəniyyətinin dünyaya çatdırılması üçün mühüm vasitədir. Bu mühüm vasitə ilə Azərbaycan mədəniyyətinin dünyada təbliği üçün geniş imkanlar açılmışdır.