Azərbaycan - İKT
2011-ci ilin iyun ayınadək İslam Konfransı Təşkilatı (İKT) adlanan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 1969-cu ildə müsəlman ölkələri dövlət və hökumət başçılarının Rabat şəhərində (Mərakeş) keçirilən Konfransında yaradılmışdır. Onun nizamnaməsi 1972-ci ildə qəbul olunmuşdur. İslam Əməkdaşlıq Təşkilatı regional təşkilat deyil. O, dünyanın müxtəlif yerlərində olan müsəlman ölkələrini birləşdirir. Nizamnaməsinə uyğun olaraq İƏT-in üzvləri yalnız müsəlman ölkələri ola bilərlər. Lakin bu o demək deyildir ki, İƏT dini təşkilatdır. İƏT - tipik beynəlxalq təşkilat olmaqla, onlara məxsus olan bütün səciyyəvi xüsusiyyətləri özündə birləşdirir. O, mühüm beynəlxalq məsələlər üzrə müsəlman ölkələrinin mövqeyinin yaxınlaşdırılması və onların siyasətlərinin əlaqələndirilməsi məsələlərini həll edir. Ümumi şəkildə İƏT-in məqsədi islam ölkələri arasında sosial, mədəni, iqtisadi və elmi sahələrdə əməkdaşlığı və beynəlxalq təşkilatlarda onların birgə hərəkətini təmin etməkdir. Hazırda İƏT-ə 60 müsəlman ölkəsi, o cümlədən keçmiş SSRİ respublikalarından Azərbaycan, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildirlər. Rusiya Federasiyası İƏT-in işində müşahidəçi qismində iştirak edir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər.
İslam Əməkdaşlıq Təşkilatı BMT-dən sonra dünyada ən iri beynəlxalq təşkilatdır. Hazırda İƏT-ə daxil olan üzv-ölkələrdə dünya əhalisinin beşdə biri, təxminən 1,5 mlrd adam yaşayır. Dünya neft ehtiyatının 70%-i, qaz ehtiyatının isə 50%-ı İƏT-ə üzv olan ölkələrdə cəmləşmişdir. İƏT-in iqamətgahı müvəqqəti olaraq Ciddə şəhərində yerləşir.
İƏT-in Nizamnaməsində həm də təşkilata rəhbərliyin aşağıdakı prinsipləri sadalanır: üzv-dövlətlərin tam barabər hüquqluğu; öz müqəddaratını təyin etmə hüququnun gözlənilməsi, üzv-ölkələrin daxili işlərinə qarışmamaq; hər bir dövlətin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin qorunması; üzv-dövlətlər arasında baş verə biləcək istənilən mübahisənin sülh vasitələri ilə (danışıqlar, vasitəçilik, barışıq və arbitraj) tənzimlənməsi; Təşkilatın istənilən üzv-dövlətinin ərazi bütövlüyü və ya onun siyasi müstəqilliyini təhlükəyə məruz qoya biləcək istənilən çağırışı qəbul etməmək.
1972-ci ildə qəbul olunmuş nizamnaməyə görə, İKT-nin ali orqanı üç ildə bir dəfə çağrılan dövlət və hökumət başçılarının Konfransıdır. İKT-nin siyasi orqanı xarici işlər nazirləri Konfransı, icraçı orqanı isə Baş katiblikdir. Konfransda dövlət və hökumət başçıları İslam dünyasının birinci dərəcəli əhəmiyyət kəsb edən siyasi-iqtisadi, sosial və dini problemlərini müzakirə edir, üzv dövlətlərin bu istiqamətdə fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirirlər. İKT-nin fəaliyyətində cari məsələlərin müzakirəsi üçün ildə bir dəfə nazirlərin Konfransı çağırılır.
Üç daimi komitəsi vardır: iqtisadi və ticarət; sosial; mədəni. İKT-nin baş katibliyinə iki il müddətinə seçilən Baş katib rəhbərlik edir. Islam Konfransı Təşkilatı Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir.
Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İKT-yə üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrında üzv seçilmişdir.
Həmin dövrdə, erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan ölkəmiz üçün öz haqlı mövqeyinin İslam Ümməti dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi. Artıq 1991-ci ildə İKT-nin nümayəndə heyəti problemi öyrənmək və münaqişəni sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycanda səfərdə olmuşdu. O zaman İKT BMT, Ermənistan, Türkiyə və Rusiyanın nümayəndələri ilə problemlə bağlı müzakirələr aparmışdı. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqe İKT-nin Ermənistan ilə bu məsələyə dair hər-hansı məsləhətləşmələrinə son qoymuş və Təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT-nin yekdil və birmənalı mövqeyi formalaşmışdır.
1992-ci ilin sentyabrında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İKT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədində “Ermənistan-Azərbaycan münaqişəsinə dair” müvafiq maddə salınsa da, o dövrdə Respublikamız üçün İKT-nin imkanlarından lazımi fayda əldə etmək və Azərbaycanın bu Təşkilat çərçivəsində maraqlarını daha səmərəli qorumaq və ifadə etmək mümkün olmamışdı.
1994-cü ilin may ayından etibarən Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı Səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanmışdır.
Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına səfəri Azərbaycan Respublikası-İKT əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında onun müqəddəs Kəbədə Ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırdı. Heydər Əliyevin İKT Baş Katibi ilə 1994-cü ilin noyabrında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş 7-ci Zirvə Konfransında iştirakı və İKT Baş Katibi, həmçinin bir sıra üzv dövlətlərin xahişilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmlətdi və üzv dövlətlər tərəfindən dəstəklənməsi imkanlarını artırdı. Bunun nəticəsində, İKT Zirvə görüşləri tarixində ilk dəfə, Kasablankada “Ermənistan-Azərbaycan münaqişəsi haqqında” siyasi qətnamə qəbul edilmiş, həmin ildən etibarən İKT-nin BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına “Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunun mütəmadi salınmasına nail olunmuşdur. Həm İKT Baş Katibliyi, həm də üzv dövlətlərlə aparılmış məqsədyönlü iş nəticəsində, az müddət ərzində İKT çərçivəsində daha iki - iqtisadi yardımın göstərilməsi, həmçinin Azərbaycanın İslam, mədəniyyət abidələrinin erməni təcavüzkarları tərəfindən məhv edilməsi barədə müvafiq qətnamələr İKT gündəliyinə daxil edilərək növbəti Zirvə görüşlərində bütün üzv dövlətlər tərəfindən yekdilliklə təsdiq edildi. Gərgin əməyin nəticəsi kimi, siyasi qətnamənin adının dəyişdirilərək daha da gücləndirilməsi və “Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında” başlığı ilə ilk dəfə, 1996-cı ilin dekabrında Cakartada keçirilmiş İKT Xarici İşlər Nazirlərinin 24-cü Konfransı və 1997-ci ilin dekabrında Tehrandakı keçirilmiş İKT dövlət və hökumət başçılarının 8-ci Zirvə görüşündə qəbul edilməsi bu məsləyə dair Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynamışdır.
Siyasi qətnamədə üzv dövlətlərin erməni təcavüzünü qətiyyətlə pisləməsi, işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmasının tələb edilməsi, bu problemə dair Baş Katibin ənənəvi illik hesabatları, İKT çərçivəsində keçirilən görüşlərdə qəbul edilən yekun bəyannamələrin müvafiq bəndlərində səsləndirilən müddəalar, habelə qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş müxtəlif qeyri-qanuni seçkilərin beynəlxalq hüquq normalarına zidd və İKT-nin üzv ölkələri tərəfindən tanınmayan amil kimi qiymətləndirilməsi erməni tərəfinin İKT dövlətlərinə narazılığının bildirilməsi ilə müşayiət olunsa da, əks rezonans doğurmuş və qeyd olunan qərar və qətnamələr əsasında həm İKT qurumları, həm də üzv dövlətlər tərəfindən Azərbaycana o zaman çox vacib olan geniş humanitar yardım fəaliyyəti həyata keçirilmişdir.
Bütün bunlara rəğmən, Azərbaycan da, öz növbəsində İKT çərçivəsində İslam ümmətinin başlıca problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində, xüsusilə də İKT-nin yaranması və fəaliyyətinin əsas qayəsi olan ərəb-İsrail münaqişəsi və Fələstin probleminə münasibətdə daim konstruktiv mövqelərdən çıxış etmiş, birmənalı və dəyişməz mövqeyini nümayiş etdirmişdir.
Son illər Azərbaycan Respublikası-İKT münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Şübhəsiz, Təşkilata üzvlüyün ilk illərində müharibə şəraitində olan Azərbaycan xarici siyasətinin başlıca məqsədi erməni təcavüzünün səbəb və məqsədləri, onun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı olmuşsa da, İKT ilə əməkdaşlıq prosesində təkcə bu problemin həlli ilə məhdudlaşmağa yol verilməmiş, çoxşaxəli, qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş 3-cü fövqəladə Zirvə görüşündə iştirakı, onun təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda İKT Xarici İşlər Nazirlərinin növbəti 33-cü Konfransının keçirilməsi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il 10-11 iyun tarixlərində Bakıda “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum, İKT Turizm nazirlərinin Bakı Konfransı, Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu, digər konfrans və tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi yuxarıda qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər.
Azərbaycan İKT-nin müxtəlif təşkilatları sıx əməkdaşlıq edir. Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsidir ki, 26 noyabr 2006-cı ildə İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir. Həmçinin, 2008-ci ilin 10-11 iyun tarixlərində, “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq forumda iştirak edən İKT Baş Katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim etmişdir. Əlamətdardır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır.
İKT-nin 2008-ci ilin 13-14 mart tarixlərində Seneqalda keçirilmiş 11-ci Zirvə Konfransı, həmçinin, həmin ilin 18-20 iyun tarixlərində Uqandada keçirilmiş Xarici İşlər Nazirləri Şurasının 35-ci sessiyası bir daha Azərbaycanın maraqlarına tam uyğun olan qətnamələr qəbul etmiş, hər iki tədbirin nəticələrinə həsr olunmuş sənədlərdə üzv dövlətlər yenidən erməni təcavüzünü qətiyyətlə pisləmiş, işğal olunmuş ərazilərin dərhal və qeyd-şərtsiz azad olmasını tələb etmişlər.
Diqqətəlayiqdir ki, 11-ci Zirvə Konfransında İKT-nin yeni Nizamnaməsi qəbul edilmişdir və bu beynəlxalq təşkilatın əsas sənədinin məqsəd və məramları bölməsində Azərbaycan nümayəndə heyətinin məqsədyönlü işi və israrlı mövqeyi nəticəsində işğal altında olan dövlətlərin öz ərazi bütövlüyünü bərpa etməsi hüququnun üzv dövlətlər tərəfindən birmənalı dəstəklənməsi barədə müddəanın təsbit edilməsi ölkəmiz üçün gələcək xarici siyasət kursunun istiqamətləndirilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir.
Təsadüfi deyildir ki, 2008-ci ilin 14 mart tarixində BMT Baş Assambleyasının 62-ci Sessiyasında Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi “Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyət” adlı qətnamənin qəbul edilməsində İKT-yə üzv olan dövlətlərin mövqeyi həlledici rol oynamışdır.
İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası İslam Konfransı Təşkilatı Baş katibliyi ilə birgə İslam Konfransı Təşkilatının yaradılmasının 40 illik yubileyi münasibətilə 11-12 noyabr 2009-cu ildə Bakıda “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” adlı beynəlxalq elmi konfrans keçirmişdir.
2011-ci ilin iyun ayında Qazaxıstanın paytaxtı Astanada keçirilmiş İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin 38-ci sessiyasının Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) dəyişdirilmişdir.