Azərbaycan - GUAM
GUAM keçmiş SSRI məkanında baş verən proseslərin qiymətləndirilməsi nəticəsində iqtisadi və təhlükəsizlik məsələləri üzrə mövqeləri üst-üstə düşən 4 dövlətin (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) birliyidir. Birliyin fəaliyyətinin əsasında şəffaflıq və aşkarlıq prinsiplərinə uyğun üzv ölkələrin qarşılıqlı əməkdaşlığı durur.
10 oktyabr 1997-ci ildə Strasburq şəhərində Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova prezidentlərinin görüşündə GUAM adlı siyasi-məsləhətləşmə forumu yaradılmışdır. Strasburq Bəyannaməsi GUAM ölkələri arasında siyasi və digər əməkdaşlıq səviyyəsini yüksəltmək, keçmiş SSRI məkanında və beynəlxalq aləmdə baş verən əsas məsələlər və proseslər üzrə mövqelərini uzlaşdırmaq, onların bir təşkilat çərçivəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə yaradılmışdır. 24 aprel 1999-cu il tarixdə Vaşinqtonda üzv dövlətlərin dövlət başçılarının sammiti zamanı GUAM-a Özbəkistan Respublikası da qoşuldu. Beləliklə, birlik genişləndirilərək 5 ölkəni əhatə etmiş və GUÖAM adlandırılmışdır. Təşkilatın məqsədi sosial iqtisadi inkişafa, ticarət əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsinə yardım etməklə, üzv ölkələrin təhlükəsizlik məsələləri də daxil olmaqla onların sıx əməkdaşlığına nail olunmasıdır. Bu qurum həmçinin üzv ölkələrin nəqliyyat - kommunikasiya sisteminin və onların ərazisində yerləşən müvafiq infrastrukturların GUAM-ın maraqlarına uyğun inkişafı və səmərəli istifadə olunması ilə də məşğul olur. GUAM-ın digər vəzifəsi bütün fəaliyyət sahələrində regional təhlükəsizliyin möhkəmləndirilməsi, elm, mədəniyyət və humanitar sahələrdə münasibətlərin inkişafı məsələləridir. Təşkilat 2003-cü ilin dekabrından BMT-in Baş Məclisində müşahidəçi statusuna malikdir. 7 iyun 2001-ci ildə Ukraynanın Yalta şəhərində GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə görüşü keçirilib. Görüşdə GÜAM-ın təşkilat kimi rəsmən qeydə alınması üçün BMT-yə müraciət qəbul olunmuşdur. Sammitdə üzv ölkələrin prezidentləri Yalta xartiyasını imzalanmış və bu sənəddə təşkilatın statusu, funksional sistemi, о cümlədən sədrlik məsələsi öz həllini tapmışdır.
GUÖAM-ın Yalta sammiti bu regional birliyin formalaşmasında yeni bir mərhələ olmuşdur. Sammit zamanı GUÖAM çərçivəsində əməkdaşlığın inkişaf səviyyəsi və perspektivləri, xüsusi ilə üzv ölkələrin ərazilərindən keçən, о cümlədən Avropa - Qafqaz - Asiya nəqliyyat dəhlizinin (TRASEKA), nəqliyyat kommunikasiyaları infrastrukturunun inkişafı, səmərəli fəaliyyəti və təhlükəsizliyinin təminatı ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Sammitin nəticələri əsasında GUÖAM-ın Yalta Xartiyası, Konsulluq məsələləri üzrə qarşılıqlı yardımın təqdim edilməsi haqqında GUÖAM ölkələrinin Konvensiyası imzalanıb. Dövlət başçıları GUÖAM çərçivəsində azad ticarət zonasının yaradılması haqqında saziş layihəsi üzərində işin bitirilməsinin vacibliyini qeyd ediblər.
GUÖAM-ın növbəti sammiti də Yaltada 20 iyul 2002-ci il tarixində keçirilib. Bu Yalta görüşü «GUÖAM-ın üzvü olan dövlətlər arasında azad ticarət zonası yaradılması haqqında saziş» və «Terrorizm, mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayətlər ilə mübarizə sahəsində GUÖAM-a üzv olan dövlətlərin hökumətləri arasında saziş»in imzalanması ilə nəticələnmişdir. Üzv ölkələr arasında əməkdaşlığın daha da sürətləndirilməsi strategiyasını dəstəkləyən GUAM çərçivəsində hazırda beynəlxalq maliyyə təşkilatları tərəfindən iki proqram maliyyələşdirilir. Bunlardan birincisi, TASIS çərçivəsində regional fəaliyyət proqramına əsasən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) gələcək inkişafına yönələn bir sıra layihələrin həyata keçirilməsini nəzərdə tutur. Qeyd edilməlidir ki, bütün GUAM ölkələri TRASEKA proqramının iştirakçılarıdır. İkincisi isə 23 dekabr 2002-ci il tarixli GUÖAM-ABŞ bəyanatına müvafiq olaraq, ABŞ tərəfinin GUÖAM ölkələri üçün ticarət və daşımalarda, sərhəd və gömrük nəzarətinin təmin edilməsində, terrorçuluq, mütəşəkkil cinayətkarlıq və narkotiklərin yayılması ilə mübarizədə yardım üzrə proqram layihəsidir. Layihə üzv ölkələrin sərhəd infrastrukturlarının təkmilləşdirilməsi, о cümlədən lazımi tikinti işlərinin aparılması, buraxılış məntəqələri üçün müvafiq avadanlığın alınması, işçi heyəti üçün təlimlərin keçirilməsi və Dünya bankının konsessiya kreditlərinin alınmasına dair təkliflərin hazırlanmasını nəzərdə tutur.
Layihənin həyata keçirilməsinin məqsəd və mexanizmləri 4 iyul 2004-cü il tarixində Yaltada imzalanan ticarət və daşımalara yardım layihəsinin həyata keçirilməsinə dair Memorandumda əks etdirilib.
2005-ci ilin may ayında Özbəkistan prezidenti İ.Kərimov GUÖAM-ın о dövrdəki sədri Moldova prezidenti V.Voroninə məktub göndərərək təşkilatı tərk etmək niyyətində olduğunu bəyan edib. Bunun səbəbini isə ölkənin coğrafi mövqeyinin belə bir əməkdaşlığa imkan verməməsi ilə izah edilmişdir.
GUAM-ın formalaşması və inkişafına xüsusi xidmətləri olan Azərbaycan Prezidenti Heydər Əliyev təşkilat çərçivəsində olduqca əhəmiyyətli hesab edilən 24 aprel 1999-cu il tarixli Vaşinqton, 7 iyun 2001-ci il və 20 iyul 2002-ci il tarixli Yalta Zirvə görüşlərində şəxsən iştirak edib.
22 may 2005-ci il tarixində GUAM-ın Kişinyovda keçirilmiş Zirvə Toplantısı təşkilata üzv olan dörd dövlətin hər birinin demokratik cəmiyyət qurulması, Avropaya inteqrasiya, dayanıqlı iqtisadi inkişaf, regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair yekdil fikirdə olduqlarını nümayiş etdirmişdir. Dövlət başçıları GUAM əsasında beynəlxalq təşkilatın yaradılması zərurətini qeyd edərək, bunun reallaşdırılması üçün GUAM Xarici İşlər Nazirləri Şurasına müvafiq tapşırıqlar vermişlər.
Dövlət başçılarının bu qərarı 22-23 may 2006-cı il tarixin-də GUAM-ın Kiyev Zirvə Toplantısı zamanı həyata keçmişdir. Belə ki, bu toplantıda 1997-ci ildən mövcud olmuş birlik əsasında Demokratiya və İqtisadi inkişaf naminə Təşkilat - GUAM təsis olunmuşdur. Kiyev Zirvə Toplantısında Prezidentlər GUAM-ın Nizamnaməsini qəbul etmişlər. GUAM-ın Nizamnaməsinə görə demokratik dəyərlərin bərqərar olunması, davamlı sosial - iqtisadi inkişafın təmini, beynəlxalq və regional təhlükəsizliyin qorunması, Avropaya sıx inteqrasiya, üzv dövlətlərin iqtisadi, humanitar və sosial sahələrdə əməkdaşlığının genişləndirilməsi Təşkilatın başlıca məqsədləridir.
Həmçinin, GUAM dövlət başçıları tərəfindən Kiyev Zirvə Toplantısınında qəbul olunmuş «Demokratiya və Iqtisadi inkişaf naminə Təşkilat - GUAM-ın yaradılması haqqında Kiyev Deklarasiyası»nda aşağıdakı məsələlərin vacibliyi qeyd olunmuşdur:
Demokratiyanın - möhkəmləndirilməsi, əsas insan hüquq və azadlıqlarının qorunması, dövlətlərdə iqtisadi inkişafın və siyasi sabitliyin təmin olunması, təhlükəsizliyi qorunması;
GUAM dövlətlərinin davamlı sosial-iqtisadi inkişafı məqsədilə, dinamik iqtisadi artım və ətraf mühitin mühafizəsi vasitəsi ilə qarşılıqlı əlaqələrinin gücləndirilməsi;
Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə təhdidlər törədən və regionun iqtisadi inkişafını çətinləşdirən, Avropaya inteqrasiya prosesinə əngəllər törədən həll olunmamış münaqişələrin nizamlanması məqsədilə fəal əməkdaşlıq;
Beynəlxalq terrorçuluq, ekstremizm və aqressiv separatizmin bütün növlərinə və onlarla bağlı olan digər mənfi hallara qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi;
İqtisadiyyat, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi və Azad Ticarət Zonası haqqında Sazişin həyata keçirilməsi.
GUAM təşkilatına daxil olan dövlətlərin əməkdaşlığının real nəticəsi kimi Virtual mərkəz və Dövlətlərarası İnformasiya - Təhlil Sistemi (VM\DİTS) layihəsi və Ticarətə və Nəqliyyata Yardım (TNY) layihəsi həyata keçirilməkdədir. TNY ticarət və nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi və intensivləşdirilməsi, VM\DİTS məlumat mübadiləsi isə ticarət və nəqliyyatın inkişafına, onun effektiv və təhlükəsiz fəaliyyət göstərməsinə yardım etmək məqsədilə həyata keçirilir. Hər iki layihə GUAM-ABŞ Çərçivə Proqramının əsas elementləri hesab olunmaqla bir-birini tamamlayır və onların paralel şəkildə həyata keçirilməsi nəzərdə tutulur. VM\DİTS layihəsi çərçivəsində hər bir GUAM dövlətində Milli Informasiya-Təhlil Mərkəzi və İşçi qruplar yaradılmışdır.
Kiyev Zirvə Toplantısında qəbul olunmuş «Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM dövlət başçılarının münaqişələrin nizamlanması üzrə Birgə Bəyannamə» sində aşağıdakı əsas məqamlar öz əksini tapmışdır:
GUAM dövlətlərinin ərazilərindəki münaqişələrin həlli yalnız dövlətlərinə suveren hüququnun qorunması, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmamazlığı əsasında həyata keçirilə bilər və bu GUAM çərçivəsində əməkdaşlığın üstün istiqamətlərindən hesab edilir;
Dövlətlərin ərazisi hərbi işğal obyekti ola bilməz;
Separatçılıq və dezinteqrasiya perspektivsizdir. Güc tətbiqi, etnik təmizləmə və ərazi işğalı universal ümumdünya və Avropa dəyərlərinə, sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsiplərinə ziddir;
Nəzarət olunmayan ərazilərin məxsus olduqları dövlətlərə - reinteqrasiyası, məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmaları və müxtəlif etnik qrupların dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə yaşamaları, vətəndaş cəmiyyətinin inkişafı, bu ərazilərdə dağıdılmış infrastrukturun bərpa edilməsi və həmçinin kommunikasiyaların bütün tərəflərin maraqları naminə istifadə edilməsi yolu ilə GUAM dövlətlərinin ərazilərindəki münaqişələrin həllində bu dövlətlərin və beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi;
Köçkün düşmüş əhalinin öz yurdlarına geri qayıtması və etnik icmaların sülh şəraitində birgə yaşamaları məqsədilə münaqişə zonalarının hərbisizləşdirilməsi və bu zonalarda BMT və ATƏT çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi vasitəsilə təhlükəsizliyin təmin olunması;
GUAM Xarici İşlər Nazirləri Şurasının bu Bəyanatın müddəalarının həyata keçirilməsi məqsədilə konkret tədbirlərin hazırlaması.
GUAM dövlətləri ərazilərində mövcud olan münaqişələrin həlli məqsədilə bir sıra tədbirlər görməkdədirlər. Belə ki, onların BMT və digər beynəlxalq təşkilatlarda birgə mövqedən çıxış edərək məqsədyönlü şəkildə fəaliyyət göstərmələri üçün razılaşma əldə olunmuşdur. Bu istiqamətdə aparılan işlərin nəticəsi kimi «GUAM ərazisində uzanmış münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizlik və inkişafa təsiri» adlanan təklifləri BMT-nin 61-ci sessiyasının gündəliyinə daxil edilmişdir. 5 dekabr 2007-ci il tarixində bu bənd altında eyni adlı qətnamə layihəsi baxılması üçün BMT-nin Baş Assambleyasında rəsmi sənəd kimi yayılmışdır.
GUAM-da Azərbaycanın Sədrliyi 19 iyul 2007-ci ildə Bakı Zirvə Toplantısından başlayaraq 1 iyul 2008-ci il Batumi Zirvə Toplantısınadək davam etmişdir.
«GUAM: qitələri birləşdirərək» şüarı altında keçirilmiş Bakı Zirvə Toplantısı Təşkilatın inkişafının uzunmüddətli prioritetlərini müəyyən etmiş, onun institusional quruluşunu möhkəmləndirmiş və tərəfdaş ölkələrlə «GUAM» formatında əməkdaşlığın üstünlüklərini nümayiş etdirmişdir. Azərbaycanın Respublikasının Sədrlik proqramında əksini tapmış bu strateji istiqamətlər Təşkilatın 2007-2008-ci illər üçün fəaliyyət istiqamətlərinin əsasını təşkil etmişdir. Azərbaycanın Sədrliyi üzv dövlətlərin və Katibliyin əlaqələndirilmiş səyləri nəticəsində GUAM-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və Təşkilatın keyfiyyətcə yeni inkişafı ilə yadda qalmışdır.
Bakı Zirvə Toplantısının əsas ideyasını təşkil edən regionda ümumi inteqrasiya və təhlükəsizlik məkanının yaradılması ideyası Azərbaycanın başlıca vəzifəsi idi. Bu dövrdə Azərbaycanın qarşısına qoyduğu başlıca strateji istiqamət GUAM-ın regional əhəmiyyətinin yüksəldilməsi və ona beynəlxalq dəstəyin gücləndirilməsi, üzv dövlətlərin ümumi maraqlarının uyğunlaşdırılması və Təşkilat daxilində əməkdaşlıq sisteminin inkişaf etdirilməsi olmuşdur.
Bakı Zirvə Toplantısında GUAM Dövlət Başçıları Şurası Təşkilat çərçivəsində sahələr üzrə əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən GUAM-ın sahəvi Əməkdaşlığının İnkişaf Strategiyasını qəbul etmişlər. Azərbaycanın bir illik Sədrliyi kifayət qədər səmərəli və fəal olmuşdur.
Azərbaycanın bir illik Sədrliyi kifayət qədər aktiv keçmişdir. Sədrliyimizin fəallığının bariz nümunəsi kimi Bakı Zirvə Toplantısından sonra keçirilmiş 27 sentyabr 2007-ci il tarixli Nyu-Yorkda GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasını, GUAM-ABŞ və GUAM-Polşa görüşlərini, 10 oktyabr 2007-ci il tarixli GUAM+ formatında Vilnüsdə GUAM-ın onilliyinə həsr olunmuş Zirvə Toplantısını, 30 oktyabr 2007-ci il tarixli Vaşinqtonda GUAM-ABŞ görüşünü, 29 noyabr tarixli Madriddə GUAM XİNŞ-in növbəti iclasını, 4-5 dekabr 2008-ci il tarixli Tokioda GUAM-Yaponiya görüşünü, “GUAM ərazisində uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı qətnamə layihəsinin BMT Baş Assambleyasında yayılmasını, GUAM-Aİ əlaqələrinin gücləndirilməsi üçün “GUAM-ın Aİ-də dostları qrupu” formatında GUAM və Aİ dövlətlərinin xarici işlər nazirliklərinin ekspertləri səviyyəsində görüşü, 19 mart 2008-ci il tarixli GUAM-Avropa Şurası görüşünü, 15-16 aprel 2008-ci il tarixli GUAM dövlətlərinin ərazisində münaqişələrin həllinin prinsipial əsasları, 29-30 aprel 2008-ci tarixli “GUAM-tranzit” və 29-30 may 2008-ci il tarixli Bakıda “GUAM-ın inkişaf strategiyası” beynəlxalq konfranslarını və digər tədbirləri xatırlatmaq olardı.
Azərbaycanın Sədrliyi müddətində Təşkilatın fəaliyyətinə dair ətraflı məlumat Batumi Zirvə Toplantısında GUAM Dövlət Başçıları Şurası tərəfindən təsdiq olunmuş Hesabatda öz əksini tapmışdır.
1 iyul 2008-ci il tarixində Gürcüstanın Batumi şəhərində GUAM-ın növbəti Zirvə Toplantısı keçirilmişdir. “GUAM – Avropanın Şərqini inteqrasiya edərək” şuarı altında keçən Batumi Zirvə Toplantısında Təşkilata üzv ölkələrinin dövlət başçıları “GUAM-ın nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə dair” bəyanatla çıxış etmiş və GUAM-ın nəqliyyat dəhlizinin kompleksli konsepsiyasının hazırlanması Təşkilata üzv ölkələrin hökumətlərinə tapşırılmışdır.
26 fevral 2009-cu il tarixində Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası baş tutmuş, eyni zamanda Kiyevdə yerləşən GUAM Katibliyinin binasının rəsmi inauqurasiya mərasimi keçirilmişdir. Tədbirdə GUAM üzv dövlətlərinin xarici işlər nazirləri, GUAM-ın tərəfdaş ölkələrindən nümayəndələr və Kiyevdə akkreditə olunmuş diplomatik korpus iştirak etmişdir.
1 dekabr 2009-cu il tarixində Afinada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində GUAM XİNŞ-in 11-ci iclası keçirilmiş, iclas zamanı Təşkilatın illik fəaliyyəti müzakirə olunmuşdur. 1 yanvar 2010-cu il tarixindən etibarən bir il müddətinə GUAM da Sədrlik Ukraynaya keçmişdir.
2010-cu ildə GUAM-ın bir çox sahələri əhatə edən işçi və alt-işçi qruplarının iclasları, eyni zamanda üzv dövlətlərdən olan ekspertlər səviyyəsində görüşlər mütəmadi olaraq keçirilmişdir. Belə görüşlər zamanı üzv dövlətlər həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün görülə biləcək tədbirlər barəsində müzakirələr aparmışlar.
2011-ci il sentyabrın 29-da Varşavada Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM ölkələrinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilmişdir. İclasda GUAM ölkələri arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir. İclasın yekunlarına dair Əməkdaşlığın Perspektivləri və Avropaya İnteqrasiya haqqında Varşava bəyanatı qəbul edilmişdir.
Ölkəmizin GUAM-a üzv olan digər dövlətlərlə mütəşəkkil cinayətkarlıq, terrorizm və narkotiklərlə mübarizə, sərhəd idarəçiliyi, nəqliyyat dəhlizinin inkişafı, turizm və digər sahələrdə reallaşdırdığı layihələr regionda əməkdaşlığın daha da inkişaf etdirilməsinə şərait yaratmışdır.