Azərbaycan – NATO
Azərbaycan - NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq 1992-ci ilin oktyabrında Türkiyədə NATO üzvü olan ölkələrin seminarında iştirak edib və NATO-nun Baş katibi Manfred Vernerlə görüşüb.
1993-cü ilin fevralında Azərbaycan nümayəndə heyəti Brüsseldə NATO-nun Avropa təhlükəsizliyi problemləri üzrə keçirdiyi konfransda iştirak edib.
Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası isə 1994-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan "Sülh naminə tərəfdaşlıq" (SNT) sazişini imzalayıb.
Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaranıb. 1996-cı il aprel ayının 23-də yenidən Brüsselə səfər edən Azərbaycan Prezidenti Heydər Əliyev "Sülh naminə tərəfdaşlıq" sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun Baş katibi Xavyer Solanaya təqdim edib.
Sonrakı illərdə də Azərbaycan Prezidenti NATO-nun Baş katibi Xavyer Solana ilə görüşüb. 1997-ci ilin fevralında və 1998-ci ilin sentyabrında NATO Baş katibinin Bakıya, 1997-ci ilin iyulunda Azərbaycan Prezidentinin ABŞ-a səfəri dövründə Xavyer Solana və Heydər Əliyev görüşüblər. Bu görüşlərin əsas müzakirə mövzusu Azərbaycan və NATO arasında əməkdaşlığı dərinləşdirmək məsələsi olub.
Azərbaycan Respublikası 1997-ci ilin iyulunda NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub. Şimali Atlantika Əməkdaşlıq Şurasından fərqli olaraq təşkilatın bu strukturu SNT çərçivəsində məsləhətləşmələr və müzakirələrdən praktiki addımlara keçməyin təminini nəzərdə tutur. Elə həmin il Azərbaycan NATO ilə əməkdaşlığında yeni mərhələ olaraq Planlaşdırma və Analiz Prosesinə qoşulub. Bu proses müdafiə planlaşdırılmasını, yəni əldə olan resurslardan düzgün istifadə olunmasını nəzərdə tutur. 1997-ci il noyabrın 14-də Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə ölkə prezidenti yanında NATO ilə əməkdaşlıq üzrə dövlət komissiyası yaradılıb.
1997-ci ildə həmçinin, Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb.
1999-cu il aprel aynın 26-da Azərbaycan Prezidenti Heydər Əliyev NATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə görüşündə iştirak edib. Bu mötəbər məclisdəki çıxışında Azərbaycan Prezidenti NATO-nun dünyadakı rolunu belə xarakterizə edib: "Biz dünyada sülhün və sabitliyin təmin olunmasında NATO-nun böyük rolunu yüksək qiymətləndirir, onu Umumavropa təhlükəsizliyinin olduqca mühüm vasitəsi hesab edirik."
1999-cu ildə Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib.
2001-ci ilin yanvarında NATO-nun növbəti Baş katibi Corc Robertson Bakıya səfər edib. Baş katiblə görüşündə Azərbaycan Prezidenti ölkəsinin NATO ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bir daha xatırladıb. Corc Robertson Azərbaycan hərbi bölməsinin Kosovodakı sülhməramlı əməliyyatlarda iştirakına görə Heydər Əliyevə minnətdarlığını bildirib.
2002-ci ildə NATO Avro-atlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə Azərbaycan Prezidenti Heydər Əliyev çıxış edib. Zirvə görüşü iştirakçılarının diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən prezident, onun həllinin bütün dövlətlərin maraqlarına cavab verdiyini bildirib. Elə həmin il Azərbaycan NATO-nun rəhbərliyi altında Əfqanıstanda olan silahlı qüvvələri dəstəkləmək üçün hərbi bölmə göndərib.
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də respublikamızın NATO ilə əməkdaşlığının inkişaf etdirilməsinə böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin NATO rəhbərliyi ilə keçirdiyi müxtəlif səviyyəli görüşlər də bunu sübut edir.
2004-cü ildə Azərbaycan Prezidenti Brüsseldə Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını (FTƏP) NATO rəhbərliyinə təqdim edib. Əməkdaşlıq fəaliyyətləri, islahat planları və siyasi dialoq prosesləri FTƏP-də öz əksini tapıb. Silahlı qüvvələr üzərində tam demokratik nəzarətin yaradılması, müdafiə tədbirlərinin formalaşdırılması, o cümlədən, NATO-nun norma və standartlarına uyğun olaraq bütün silahlı qüvvələrin təşkilati strukturunun yaradılması əməkdaşlığın əsas sahələridir.
2004-cü ilin iyununda Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun İstanbul sammitində çıxış edib. Prezident İlham Əliyevin NATO-nun İstanbul zirvə toplantısında iştirakı, sammit çərçivəsində aparılan müzakirə və danışıqlar ölkəmizin Şimali Atlantika İttifaqı ilə tərəfdaşlıq münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığını göstərib. Azərbaycan Prezidenti Avropaya və Avroatlantik strukturlara inteqrasiya siyasətinin davam edəcəyini qeyd etməklə yanaşı, ölkəsinin üzləşdiyi aqressiv separatizmlə mübarizədə Avroatlantika alyansından dəstək gözlədiyini də nəzərə çatdırıb.
"Kooperativ Best Effort-2004" səhra təlimlərinin, 23 iyun 2005-ci il tarixdə N ATO ilə "Fərdi əməkdaşlıq üzrə əməliyyat planına uyğun "İnteqrasiya edilmiş sərhəd idarəçiliyinin islahatı: Avro-atlantik Tərəfdaşlıq Şurası çərçivəsində birgə sərhəd təhlükəsizliyi standartlarının yaradılması" mövzusunda seminarın Bakıda keçirilməsi təşkilatın Azərbaycanla əməkdaşlığa necə böyük əhəmiyyət verilməsinin sübutudur.
2006-cı ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev Parisdə, NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak edib. Sessiyadakı çıxışında prezident Azərbaycanın NATO ilə əlaqələrinin əhəmiyyətindən danışıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə iştirakçılara məlumat verib.
2006-cı ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə, NATO-nun mənzil-qərargahında təşkilatın Baş katibi Yaap de Hoop Sxefferlə görüşüb.
2006-cı ildə Bakıda NATO-nun məlumat mərkəzi fəaliyyətə başlayıb.
Ümumiyyətlə, Azərbaycan-NATO münasibətlərini qısa olaraq belə xarakterizə etmək olar: Azərbaycan Respublikası Avropa və Avroatlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırımlısında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. Azərbaycan Respublikası Avroatlantik Tərəfdaşlıq Şurası və NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir. FTƏP bu baxımdan NATO ilə əməkdaşlığın yaxın və orta perspektivdə daha da gücləndirilməsi yolunda mühüm bir vasitədir.
Azərbaycanın NATO ilə əməkdaşlıq istiqamətləri
Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər.
"Sülh Naminə Tərəfdaşlıq" ("PARTNERSNIP FOR PEACE") proqramı Şimali Atlantika İttifaqının 1994-cü il yanvarın 10-11-də keçirilən Brüssel görüşündə irəli sürülmüş mühüm təşəbbüsüdür.
SNT proqramında müxtəlif dövlətlərin hərbi planlaşdırma prosesinin və müdafiə büdcələrinin formalaşdırılmasının açıqlığına nail olunması əsas məqsədlərdəndir. Mütəmadi olaraq Azərbaycana səfər edən NATO ekspertləri rəsmi Bakıya sözügedən istiqamətdə texniki yardım göstərəcəklərini bəyan ediblər.
SNT proqramının ən vacib məqsədlərindən biri Silahlı Qüvvələr üzərində demokratik nəzarətin tətbiq edilməsidir. Bir müddət öncə Bakıda səfərdə olmuş NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons Azərbaycanda ordu üzərində demokratik nəzarət mexanizminin yaradılmasının ən vacib addımlardan biri olacağını vurğulayaraq, bu çərçivədə Azərbaycana istənilən yardımın göstəriləcəyini bəyan edib.
"Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əsas məqsədlərdən biri də beynəlxalq əməliyyatların aparılmasını təmin etməkdir. Belə ki, BMT-nin himayəsi və ya ATƏT-in sanksiyası ilə aparılan əməliyyatların keçirilməsinə kömək üçün vacib qüvvə, vasitə və hazırlıq səviyyəsinin saxlanılması da SNT-nin məqsədlərinə daxildir.
SNT təlim və məşğələlərində mütəmadi iştirak nəticəsində Azərbaycan NATO-nun rəhbərliyi altında aparılan sülhməramlı əməliyyatlara qoşularaq Avro-atlantik təhlükəsizliyin təmin olunmasına fəal töhfə verməyə qadir olmuşdur. Azərbaycan silahlı qüvvələrinin hərbi bölmələri (taqım şəklində) Türkiyə hərbi kontingenti tərkibində Kosovo Qüvvələri və Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində NATO Silahlı Qüvvələri ilə birgə xidmət ediblər.
Eyni zamanda, sülhməramlı, xilasetmə və humanitar əməliyyatların, o cümlədən digər sahələrdə əməliyyatların keçirilməsindən ötrü iştirakçı dövlətlərin müvafiq bilik və bacarıqlarının artırılması diqqətdə saxlanılır. Bunun üçün birgə planlaşdırma, hazırlıq və təlimlərin keçirilməsi məqsədi ilə NATO ilə hərbi əməkdaşlıq əlaqələrinin inkişafı, Şimali Atlantika İttifaqına üzv olan dövlətlərin qüvvələri ilə daha optimal qarşılıqlı təsirdə olacaq uzunmüddətli qüvvələrin yaradılması da proqrama daxildir.
SNT proqramı qarşısında duran əsas məsələ Avropa miqyasında siyasi və hərbi əməkdaşlığın genişləndirilməsi və fəallaşdırılması, sabitliyin artırılması, sülhə təhlükənin azaldılması, həmçinin praktiki əməkdaşlıq və Şimali Atlantika İttifaqının demokratik prinsiplərinə tərəfdarlıq ruhunun yaradılması yolu ilə münasibətlərin möhkəmləndirilməsidir.
SNT proqramında irəli sürülmüş bir sıra məqsədlərin praktik şəkildə həyata keçirilməsini nəzərdə tutan bu prosesdə MDB ölkələrindən yalnız Ukrayna və Moldova iştirak edir. Hər il Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri SNT çərçivəsində keçirilən 500-ə yaxın təlim və seminarda iştirak edirlər. Ekspertlərin fikrincə, SNT çərçivəsində keçirilən təlimlərdə iştirak Azərbaycan Silahlı Qüvvələri zabitlərinin bilik və vərdişlərinin artırılmasına yardım edir, ümumilikdə isə ölkənin NATO standartlarına inteqrasiyası üçün zəmin yaradır.
Hazırda Azərbaycan Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin nəzdində "Sülh Naminə Tərəfdaşlıq" mərkəzi fəaliyyət göstərir. Zabitlərimiz burada keçirilən təlim və seminarlarda NATO standartlarına uyğun hazırlaşdırılır.
2002-ci ildə NATO/Avro-Atlantika Tərəfdaşlıq Şurasının Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilmişdir. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaq üçün rəsmi müraciət etmişdir. FTƏP 2004-cü ilin mayında Azərbaycan Respublikası Prezidenti zati-aliləri cənab İlham Əliyev NATO-ya rəsmi səfəri zamanı Azərbaycanın siyasi, iqtisadi və təhlükəsizlik sahəsində inkişafı barəsində müfəssəl məlumatı özündə birləşdirən FTƏP Təqdimat Sənədini Alyansa təqdim etmişdir.
Təqdimat Sənədi əsasında Azərbaycanın FTƏP sənədi hazırlanmış və 2005-ci ilin mayında qəbul edilmişdir. FTƏP ən başlıca siyasi, müdafiə və təhlükəsizlik, o cümlədən təhlükəsizliklə bağlı olan iqtisadi, elmi və ətraf mühit sahələrini əhatə edir. FTƏP-in icrası və yeniləşdirilməsi iki illik siklə əsaslanır və illik qiymətləndirmə hesabatları “Şimali Atlantika Şurası + Azərbaycan” formatında keçirilən görüşlərdə nəzərdən keçirilir.
2007-ci ilin avqust ayında FTƏP-in 2 illik sikli başa çatmışdır və 2008-ci ilin martında yeni sikl təsdiq edilmişdir. 2005-ci ilin mayında Azərbaycanın ilk FTƏP sənədinin qəbul edilməsindən bəri təhlükəsizlik sektorunun islahatı daxil olmaqla, onun uğurla həyata keçirilməsi üçün real addımlar atılmışdır.
Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsiplərini müəyyən edən əsas milli sənədlər sırasında 1996-cı ildə hazırladığı SNT Təqdimat Sənədi və 2004-cü ildə hazırladığı Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı Təqdimat Sənədi qeyd edilməlidir. Bu sənədlərdə Azərbaycan Respublikası demokratikləşmə, müdafiə və təhlükəsizlik sektoru islahatı, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, fövqəladə hallara hazırlıq, terrorçuluğa qarşı mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini ifadə etmişdir. Qeyd edilən sahələrdə praktiki əməkdaşlığa imkan verən Fərdi Tərəfdaşlıq Proqramı (FTP), Planlaşdırma və Analiz Prosesi (PAP) və FTƏP mexanizmlərindən istifadə edilir. FTP əsasən NATO strukturları, üzv və bəzi tərəfdaş ölkələr tərəfindən təşkil edilən, hazırlığın artırılmasına və ekspert müzakirələrinə xidmət edən tədbirlərdə (hərbi təlim, kurs, konfrans və s.) iştiraka şərait yaradır. Azərbaycan 1996-cı ildən başlayaraq, hər il FTP çərçivəsində orta hesabla 200-dən artıq tədbirdə iştirak edir.
Digər mühüm mexanizm olan PAP tərəfdaşları sülhməramlı əməliyyatlarda iştiraka hazırlamağa xidmət edir. Azərbaycan Respublikası bu prosesə 1997-ci ildə qoşulmuşdur. PAP ilə əlaqədar olan tədbirlər əməliyyatlar üçün NATO-nun müdafiə planlaşdırma sisteminə Azərbaycanın daha da yaxınlaşması məqsədini daşıyır. Azərbaycan hazırda əməliyyatlara hazırlıq və müdafiə islahatları üzrə “tərəfdaşlıq məqsədi” adlanan bir çox konkret tədbir həyata keçirir. Azərbaycan tərəfdaşların əməliyyata hazırlığını daha effektiv təşkil etməyə yardım məqsədi ilə 2002-ci ildə təsis edilmiş Əməliyyat İmkanları Konsepsiyası adlanan spesifik mexanizmdə iştirak edir.
2002-ci ildə NATO/AATŞ-nin Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı qəbul edilmişdir. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaq üçün rəsmi müraciət etmiş, 2004-cü ilin mayında isə FTƏP Təqdimat Sənədini Alyansa təqdim etməklə bu əməkdaşlıq mexanizminə qoşulmuşdur. FTƏP ikitərəfli tərəfdaşlığı sistemləşdirməyə və eləcə də qarşılıqlı maraq doğuran istənilən məsələ ilə bağlı əməkdaşlıq tədbirini razılaşdırmağa imkan verir.
Azərbaycan 2005-2007-ci illəri əhatə edən I dövrə və 2008-2010-cu illəri əhatə edən II dövrə FTƏP-i başa çatdırmışdır. FTƏP-in 3-cü dövrəsi 2011-ci ildə başlamışdır.
Avro-Atlantik Tərəfdaşlığın İşçi Planı tədbirlərin təfsilatı, Beynəlxalq Qərargah və Hərbi Komandanlıq tərəfindən irəli sürülmüş tədbirlərdən ibarətdir. Buraya müxtəlif təlimlər, kurslar, seminarlar, işçi görüşləri və s. tədbirlər aiddir. Fərdi Tərəfdaşlıq Planı isə AATİP-in tədbirlər siyahısından seçilərək hər bir tərəfdaş ilə birgə hazırlanmış iki illik Tərəfdaş Proqramıdır. SNT çərçivəsində fərdi fəaliyyət seçimi hər bir dövlətin şəxsi istək və bacarıqlarına əsaslanır. Seçilmiş sahələr İttifaqa NATO və hər bir tərəfdaş dövlət arasında birgə razılaşdırılan Fərdi Tərəfdaşlıq Proqramı üçün əsas mənbə rolunu oynayan Təqdimat Sənədinə daxil edilir.
Planlaşdırma və Təhlil Prosesi NATO-nun Müdafiəni Planlaşdırma Prosesini əks etdirməyə yönəlmiş könüllü mexanizmdir ki, burada Azərbaycan da daxil olmaqla 16 dövlət iştirak edir. Bu prosesə Silahlı Qüvvələrin NATO standartlarına uyğunlaşdırılmasına dair hər ölkənin öz üzərinə götürdüyü müxtəlif növ öhdəliklər daxildir.
Üzvlüyün Fəaliyyət Planı isə NATO-ya üzv olmaq istəyən ölkələr üçün üzvlüyə hazırlaşmağa yardım proqramıdır. Bu plan beş hissədən-siyasi, iqtisadi məsələlər, hərbi məsələlər, təhlükəsizlik məsələləri və hüquqi məsələlərdən ibarətdir.
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı dövlətlərin islahat ehtiyaclarını qaldırmaq məqsədilə yaradılan yeni ikitərəfli mexanizmdir. İttifaq müdafiə, siyasət və qurum islahatları sahəsində mühüm islahatlar keçirmək istəyən tərəfdaş dövlətlərə öz məsləhət və yardımını təklif edir.
Avroatlantik tərəfdaşlıq bir çox tərəfdaş dövlətlərdə müdafiə islahatlarını dəstəkləmək və onlara stimul verməklə həmçinin demokratik dəyişikliklərə yardım edir. O, müasir, effektiv və demokratik cəhətdən etibarlı Silahlı Qüvvələr və digər müdafiə institutları yaratmağa kömək edir və tərəfdaş dövlətlərə islahatların sosial və maddi nəticələrinə nəzarət etməyə yardım edir.
Ümumiyyətlə Azərbaycan SNT və Avroatlantik Şurası çərçivəsində bir çox digər sahələrdə də əməkdaşlıq edir:
NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında iştirak. Azərbaycan Respublikası Avro-Atlantik məkanda təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə sanksiyalaşdırılmış, NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında iştirak edir. Azərbaycan 1999-2008-ci illərdə NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR) iştirak etmiş, 2008-ci ildə bu bölgədə siyasi vəziyyətin dəyişməsindən sonra öz qüvvələrini oradan çıxarmışdır. Azərbaycan 2003-cü ildən NATO-nun Əfqanıstandakı əməliyyatında (ISAF) iştirak edir. Azərbaycan ISAF-da iştirakını davamlı genişləndirir. Hazırda Azərbaycanın 90 nəfərlik birliyi ISAF əməliyyatının tərkibində xidmət edir. Bundan başqa, 2010-cu ilin oktyabr ayında Müdafiə Nazirliyi tərəfindən Kabul regional komandanlığının tərkibinə 2 hərbi həkim və 2 mühəndis-istehkamçı mütəxəssis göndərilmişdir. Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması üzrə NATO çərçivəsində və digər beynəlxalq siyasi proseslərdə yaxından iştirak edir və Əfqanıstan hökuməti ilə müntəzəm təmaslar saxlayır.
Təhlükəsizlik sahəsində əməkdaşlıq. Terrorçuluğa qarşı Tərəfdaşlıq Əməliyyat Planında iştirak edərək Azərbaycan terrorçuluğa qarşı mübarizəyə töhfə verir. Buraya NATO ilə kəşfiyyat və analitik məlumatların bölüşməsi və terrorçuluğa qarşı milli təlim imkanları və sərhədlərin və infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi sahəsində müttəfiq ölkələrlə əməkdaşlıq daxildir. Azərbaycan NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi həyata keçirir, siyasi müzakirələrdə iştirak edir və milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq həyata keçirir.
Müdafiə və təhlükəsizlik sektorunda islahatlar sahəsində əməkdaşlıq. Müdafiə və təhlükəsizlik sahəsində islahatların aparılması Azərbaycanın inkişafı, o cümlədən, onun Avroatlantik standartlara çatmaq və avro-atlantik əməkdaşlığı genişləndirmək məqsədi üçün mühüm əhəmiyyət kəsb edir. Bu sahədə NATO və onun fərdi müttəfiq ölkələri kifayət qədər təcrübəyə malikdirlər ki, bundan da Azərbaycan yararlana bilər. Silahlı Qüvvələrdə korpus səviyyəsinə qədər NATO-nun struktur standartları tətbiq olunmuşdur. Müdafiə Nazirliyi və Baş Qərargahın NATO standartlarına uyğun yenidən qurulması ilə bağlı səylər davam etdirilir. 2007-ci ilin may ayında Milli Təhlükəsizlik Konsepsiyasının və 2010-cu ilin iyun ayında Hərbi Doktrinanın qəbul olunması təhlükəsizlik və müdafiə siyasətinin konseptual əsaslarının formalaşdırılması baxımından əhəmiyyətli olmuşdur. Hərbi Doktrinanın qəbul olunması Strateji Müdafiə İcmalı və Dəniz Təhlükəsizliyi Strategiyası kimi digər konseptual sənədlərin hazırlanması prosesini sürətləndirmişdir.
Mülki Fövqəladə Planlaşdırma sahəsində əməkdaşlıq. NATO ilə əməkdaşlıq fəaliyyəti çərçivəsində tədbirlərdə iştirak edərək Azərbaycan öz milli mülki müdafiə və fəlakət hallarının idarə olunması imkanlarını inkişaf etdirir. Azərbaycanın xüsusi axtarış - xilasetmə taqımı bir sıra təlimlərdə iştirak etmişdir.
Elm və ətraf mühit sahəsində əməkdaşlıq. Sülh və Təhlükəsizlik üçün Elm (STE) proqramı çərçivəsində Azərbaycan 30 əməkdaşlıq layihəsinin həyata keçirilməsi üçün qrant almışdır. Göstərilən layihələrin sırasına sərhədyanı rayonlarda suyun keyfiyyətinin yaxşılaşdırılması və içməli su təchizatının terror əməllərindən mühafizə olunması üzrə əməkdaşlıq daxildir. STE proqramı çərçivəsində həmçinin, ətraf mühitin mühafizəsinə həsr edilmiş layihələr əhatə edilir. 2006-2008-ci illərdə NATO-nun maliyyəsi və ekspertizası ilə Mingəçevir və Ələt ərazisində keçmiş sovet ordusundan qalma 1400 ton, vaxtı keçmiş, yüksək zəhərli raket yanacağının zərərsizləşdirilməsini nəzərdə tutan Melanj layihəsi həyata keçirilmişdir. Növbəti bu tipli layihə NATO və tərəfdaş ölkələrin təşkil etdiyi könüllü maliyyələşmə fondu (“NATO/SNT Etimad Fondu”) ilə Ağstafa rayonunun Saloğlu adlanan ərazisində keçmiş sovet ordusundan qalma partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə xidmət edir. 2005-ci ildən başlayaraq üç mərhələdə həyata keçirilən bu layihənin 2011-ci ilin yayında başa çatması gözlənilir. Bundan əlavə, NATO-nun yardımı ilə Xəzər dənizinin və digər su hövzələrinin ekoloji problemlərinin öyrənilməsi və elmi həlli yollarının hazırlanması üzrə layihələr həyata keçirilir.
İctimai məlumatlandırma sahəsində əməkdaşlıq. Digər əsas əməkdaşlıq sahəsi NATO və Azərbaycanla bu təşkilatın əməkdaşlığının faydası barədə məlumata çıxışın təmin olunması və ictimai məlumatlandırma səviyyəsinin artırılmasından ibarətdir. 2003-cü ildən etibarən NATO Bakıdakı yay məktəbinin maliyyələşdirilməsində iştirak edir. İldən-ilə proqramların əhatə dairəsi genişlənir və nəticədə 2005-ci ildə Azərbaycanda NATO-nun Beynəlxalq məktəbi yaradılıb.
Azərbaycan-NATO əlaqələrində əsas hadisələr
1992-ci il. Azərbaycan yenicə yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub;
1994-cü il. Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulub;
1997-ci il. Azərbaycan SNT-nin Planlaşdırma və Analiz Prosesinə qoşulub;
1999-cu il. Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara qoşulub;
2001-ci il. Azərbaycan öz ərazisində "Cooperative Determination 2001" adlı çoxmillətli SNT hərbi təlim məşğələlərinin keçirilməsini təşkil edib;
2002-ci il. Azərbaycan NATO-nun rəhbərliyi altında Əfqanıstanda olan silahlı qüvvələri dəstəkləmək üçün hərbi bölmə göndərib;
Xüsusiləşdirilmiş Azərbaycan taqımı müttəfiq və tərəfdaş ölkələrlə birgə Rusiyada keçirilən mülki müdafiə qüvvələrinin fövqəladə xilasetmə təlim məşğələlərində iştirak edib;
2003-cü il. Azərbaycan "Virtual İpək Yolu"na qoşulub (Bu layihənin məqsədi peyk şəbəkəsi vasitəsilə Qafqaz və Mərkəzi Asiya ölkələrinin ali təhsil ocaqları və elm işçilərinin İnternetə çıxış imkanlarının təkmillədirilməsindən ibarətdir);
2004-cü il. Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-ya Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını (FTƏP) təqdim edib;
Azərbaycanın axtarış-xilasetmə taqımı Rumıniyada keçirilən mülki müdafiə qüvvələrinin fövqəladə xilasetmə təlim məşğələsində iştirak edib;
2005-ci il. Azərbaycan NATO ilə ilk FTƏP proqramına başlayıb;
2006-cı il.Bakıda Avroatlantik Mərkəzinin(NATO-nun məlumat mərkəzinin) rəsmi təntənəli açılışı olub.
1999-2008-ci illərdə Azərbaycan NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR) iştirak etmiş, 2008-ci ildə bu əyalətin öz müstəqilliyini birtərəfli şəkildə elan etməsindən sonra öz qüvvələrini oradan çıxarmışdır.
20 noyabr 2002-ci il tarixindən etibarən Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunun 22 nəfərlik heyəti Əfqanıstandakı əməliyyata cəlb olunmuşdur. 15 yanvar 2008-ci il tarixində Əfqanıstanda xidmət edən Azərbaycan hərbçilərinin sayı 45 nəfər çatdırılmış və 19 fevral 2009-cu il tarixində isə bu rəqəm daha iki dəfə artırılmışdır. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət bir taboru İSAF tərkibində xidmət edir.