Azərbaycan Respublikası Ali Sovetinin Bəyanatı (30 avqust 1991)
Azərbaycan Respublikasının Ali Soveti SSR İttifaqının suveren
respublikalarının öz müqəddəratını və dövlət quruluşunu kənardan
müdaxilə olmadan sərbəst təyin etmək, onların siyasi, iqtisadi, sosial
və mədəni inkişafını öz arzusu ilə həyata keçirmək hüququnu təsdiq
edərək öz müstəqilliyini elan etmiş Latviya, Litva, Estoniya, Moldova,
Gürcüstan, Ukrayna və Belarusiya respublikalarının bu bəyannamələrinə
tərəfdar olduğunu bildirir və onların müstəqilliyini tanıyır. Azərbaycan
Respublikası Ali Soveti respublikalarımız arasında səmərəli iqtisadi və
mədəni əlaqələrin uzun illər toplanmış təcrübəsini, bu respublikaların
dost xalqlarına rəğbət hissini əsas tutaraq Azərbaycanla müstəqil
Latviya, Litva, Estoniya, Moldova, Gürcüstan, Ukrayna və Belarusiya
respublikaları arasında qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın daha
da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirir.
Ali Sovet öz dövlət
müstəqilliyini elan etmiş respublikaları müstəqil Azərbaycan
Respublikasını tanımağa və onunla hərtərəfli əlaqələr yaratmağa çağırır.
Müstəqil Azərbaycan Respublikası indiyədək SSRİ-nin tərkibində olan
bütün respublikalarla bir-birinin suverenliyini tanımaq, qarşılıqlı
hörmət və bir-birinin işlərinə qarışmamaq şərti ilə iqtisadi əlaqələri
bərpa etmək və özünün bütün öhdəliklərini ardıcıl surətdə yerinə
yetirmək əzmində olduğunu və bu istiqamətdə danışıqlar aparmağa hazır
olduğunu bildirir.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
E.QAFAROVA
Bakı şəhəri, 30 avqust 1991-ci il
№ 181-XII