Müstəqil Azərbaycan Respublikasının tanınması haqqında dünya dövlətlər birliyinin üzvü olan dövlətlərin parlamentlərinə və hökumətlərinə Müraciət haqqında Azərbaycan Respublikasının Ali Sovetinin qərarı (29 oktyabr 1991)
Azərbaycan Respublikasının Ali Soveti qərara alır:
Müstəqil
Azərbaycan Respublikasının tanınması haqqında dünya dövlətlər birliyinin
üzvü olan dövlətlərin parlamentlərinə və hökumətlərinə Müraciət qəbul
edilsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
E.QAFAROVA
№ 228-XII
Bakı şəhəri, 29 oktyabr 1991-ci il
***
Müstəqil Azərbaycan Respublikasının tanınması haqqında dünya
dövlətlər birliyinin üzvü olan dövlətlərin parlamentlərinə və
hökumətlərinə
Müraciət
1991-ci il
avqustun 30-da Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının
öz müqəddəratını sərbəst təyin etmək kimi ayrılmaz hüququnu əsas
götürərək və onun iradəsini ifadə edərək, Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul etmişdir.
Azərbaycan dövlət quruluşunun azad inkişafı, Azərbaycan Respublikasının
1920-ci il aprelin 28-də RSFSR silahlı qüvvələrinin açıq təcavüzü və
Azərbaycanı işğal etməsi nəticəsində itirilmiş müstəqilliyi bərpa
olunur.
Yenidən dünya birliyinin bərabər hüquqlu üzvü olmaq istəyən
Azərbaycan dövləti hamılıqla qəbul olunmuş beynəlxalq hüquq
prinsiplərinə tərəfdar olduğunu qeyd edərək, bütün dövlətləri, onların
parlamentlərini və hökumətlərini Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpası haqqında Bəyannaməni nəzərə almağa və Azərbaycan
Respublikasını müstəqil suveren dövlət kimi tanımağa çağırır.
Dünya
birliyinin üzvü olan dövlətlərin bu addımı Azərbaycan xalqının azadlıq
və demokratiya istəyini, respublikada dərin sosial və iqtisadi
islahatlar keçirmək arzusunu müdafiə üçün həlledici əhəmiyyətə malik
olar, Azərbaycannın dünya xalqları arasında qarşılıqlı anlaşma və
qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini
verməsi üçün imkan yaradar.
Azərbaycan Respublikasının Ali Soveti
Bakı şəhəri,
29 oktyabr 1991-ci il