«Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı (9 dekabr 1991)
Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası qərara alır:
- Azərbaycan Respublikasının Prezidentinə təklif edilsin ki, Azərbaycan Respublikasının ərazi sularında xarici hərbi gəmilərin və sualtı qayıqların dinc məramla keçməsi qaydasını müəyyən etsin.
- Azərbaycan Respublikasının Prezidentinə təklif edilsin ki, «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» «Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə» Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 9 oktyabr tarixli qərarında göstərilmiş müddətlərdə sərhəd hissələrinin və bölmələrinin formalaşdırılmasını başa çatdırsın.
- Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
- Azərbaycan Respublikası dövlət sərhədinin müəyyən edilməsini və nişanlanmasını həyata keçirsin;
- sərhəd məsələlərinə dair dövlətlərarası müqavilələr bağlamaq məqsədi ilə Azərbaycan Respublikası ilə həmsərhəd dövlətlərlə, o cümlədən Xəzər dənizinə (gölünə) çıxa bilən dövlətlərlə danışıqlara başlasın;
- Azərbaycan Respublikasının dövlət sərhədində nəzarət-buraxılış məntəqələri, gömrükxana nəzarəti məntəqələri yaratsın və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində rejimi tənzimləyən qaydalar müəyyən etsin;
- Azərbaycan Respublikası dövlət sərhədinin müəyyən hissələrində Azərbaycan Respublikasının sərhəd nümayəndələrini tə’yin etsin;
- Azərbaycan Respublikasının dövlət sərhədi boyunca sərhədboyu zonanı və sərhədboyu zolağı müəyyən etsin;
- Azərbaycan Respublikasının ərazi və daxili sularında motorlu və motorsuz gəmilərin hərəkəti qaydasını, habelə Azərbaycan Respublikasının daxili və ərazi sularında balıq ovu qaydalarını müəyyən etsin;
- Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş hava gəmilərinə və başqa uçuş aparatlarına, xarici hərbi gəmilərə, o cümlədən sualtı qayıqlara qarşı Azərbaycan Respublikası sərhəd qoşunlarının silah və döyüş texnikası tətbiq etməsi qaydasını tənzimləyən qaydaları müəyyən etsin;
- hava hücumundan müdafiə qoşunlarının, hərbi-dəniz donanmasının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin başqa hissə və bölmələrinin Azərbaycan Respublikasının sərhəd qoşunlarına kömək göstərərkən silah və başqa hərbi texnika tətbiq etməsi qaydasını müəyyən etsin.
- «Azal» dövlət aviasiya şirkətinə təklif edilsin ki, «Aeronaviqasiya» mə’lumatları məcmuəsi» nin nəşri üçün lazımi tədbirlər görsün.
- Xəzər Gəmiçilik İdarəsinə təklif edilsin ki, «Dəniz gəmiçilərinə bildirişlər»in nəşri üçün lazımi tədbirlər görsün.
- Müəyyən edilsin ki, «Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Azərbaycan Respublikasının Qanunu dərc edildiyi andan qüvvəyə minir.
Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini
T. QARAYEV
№ 14
Bakı şəhəri, 9 dekabr 1991-ci il