Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Müstəqil Dövlətlər Birliyinə münasibəti haqqında qərarı (20 dekabr 1991)
Dövlət quruculuğu, hüquqi siyasət, xarici işlər və iqtisadiyyat komissiyalarının Müstəqil Dövlətlər Birliyinə münasibət məsələsi üzrə rəylərini müzakirə edib Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası qərara alır:
- Azərbaycan Respublikasının indiki vəziyyətdə Müstəqil Dövlətlər Birliyinə qoşulması məqsədəuyğun sayılmasın.
- Azərbaycan Respublikası ərazisində yerləşən Sovet Silahlı Qüvvələri hissələrinin statusunu Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına, Azərbaycan Respublikası Ali Sovetinin, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarlarına və respublika Prezidentinin fərmanlarına əsasən müəyyən etmək və həmin hissələrin tezliklə Azərbaycan Respublikasından çıxarılması barədə Müstəqil Dövlətlər Birliyi ilə danışıqlar aparmaq Azərbaycan Respublikasının Prezidentinə təklif edilsin.
Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini
Z.SƏMƏDZADƏ
Qərar № 32
Bakı şəhəri, 20 dekabr 1991-ci il