Geniş müzakirə və elmi diskussiyaların nəticəsi olaraq, 1926-cı ildə Bakı şəhərində keçirilən I Ümumittifaq Türkoloji qurultayın tövsiyəsi ilə Azərbaycan xalqı türk xalqları ilə birlikdə latın qrafikalı əlifbanı qəbul etmişdi. Azərbaycan dilinin səs quruluşu ilə uzlaşıb orfoqrafiya qaydalarının sadələşməsinə imkan açan, qısa müddətdə kütləvi savadlanmaya səbəb olan və xalqlar arasında elmi, mədəni əlaqələri genişləşdirən Azərbaycan əlifbası xalqın iradəsinə zidd olaraq, Mərkəzin təzyiqi ilə 1939-cu ildə kiril əlifbası ilə əvəz olunmuşdu. Bu akt 30-cu illərin kütləvi respressiyasının məntiqi davamı olub, türk xalqlarının milli özünüdərk prosesinin qarşısını almaq, onları tədricən yadlaşdırıb bir-birindən uzaqlaşdırmaq məqsədi güdürdü.

Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası yol verilmiş tarixi ədalətsizliyi aradan qaldırmaq üçün qərara alır:

  1. «Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında» 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu bu gündən qüvvədən düşmüş hesab edilsin.
  2. 1940-cı ilə qədər Azərbaycanda istifadə edilən 32 hərfdən ibarət latın qrafikalı Azərbaycan əlifbası kiçik dəyişikliklərlə bərpa olunsun.


Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 1991-ci il

№ 33