«Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında» Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası qərara alır:

  1. 32 hərfdən ibarət latın qrafikalı Azərbaycan əlifbası kiçik dəyişikliklərlə aşağıdakı kimi sıralansın:
  2. Aa, Bb, Cc, Çç, Dd, Ee, Əə, Ff, Gg, Ğğ, Hh, Xx, İi, Iı, Jj, Kk, Qq, Ll, Mm, Nn, Oo, Öö, Pr, Rr, Ss, Şş, Tt, Uu, Üü, Vv, Yy , Zz.

  3. Latın qrafikalı Azərbaycan əlifbasının bərpası aşağıdakı əsas mərhələlərlə həyata keçirilsin:
  4. 1992-ci ildə:

    Sentyabr ayından orta məktəblərin 1-ci siniflərində dərslər yeni əlifba ilə keçirilsin.

    Orta məktəblərin yuxarı siniflərində, texniki-peşə, orta ixtisas və ali məktəblərdə latın qrafikalı əlifbanı öyrədən fakültativ məşğələlər təşkil edilsin.

    Bütün təhsil ocaqlarında müəllimlərin və digər işçilərin latın qrafikalı əlifbanı öyrənməsi üçün lektoriyalar yaradılsın.

    Bütün makinaçıların, korrektorların, mətbəə işçilərinin, qəzet-jurnal, nəşriyyat əməkdaşlarının latın qrafikalı əlifbaya yiyələnməsini tə’min edən tədbirlər həyata keçirilsin.

    Respublika qəzet və jurnalları rus əlifbası ilə paralel həm də latın qrafikalı əlifbadan istifadə etsinlər.

    Poliqrafiya avadanlıqları hazırlayan müəssisələrlə müqavilələr bağlanılması, avadanlıqların alınması və quraşdırılması tə’min edilsin.

    Kitab, qəzet mətbəələrində, habelə nazirliklərin, idarələrin, institutların və sair təşkilatların poliqrafiya sahələrində şrift təsərrüfatı tədricən yenidən qurulsun.

    Möhür, ştamp və blank sexlərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlansın.

    Xəritələr yenidən çap edilsin, şəhər, kənd, qəsəbə, küçə adlarının lövhələri, vəsiqələr, VVAQ, notariat, statistika, uçot-hesabat sənədlərinin yenidən hazırlanmasına başlanılsın.

    Respublika televiziyası ilə latın qrafikalı əlifbanı təbliğ edən və öyrədən lektoriyalar təşkil edilsin. Verilişlərin adları, titrlər, e’lanlar yeni əlifba ilə də verilsin.

    Latın qrafikalı əlifbanı öyrənmək istəyənlər üçün ictimai əsaslarla işləyən kurslar açılsın.

    Mədəniyyət ocaqlarında latın qrafikalı əlifbanın tətbiqi həyata keçirilsin.

    Elmi-tədqiqat institutları tədricən latın qrafikalı əlifbaya keçsin.

    Azərbaycan dilinin orfoqrafiya lüğəti hazırlanıb latın qrafikalı əlifbada çap olunsun.

    Yaşayış məntəqələrində latın qrafikalı əlifbanın öyrədilməsi və təbliği ilə məşğul olan mərkəzlər yaradılsın.

    Küçə adlarının, vitrin və reklamların, idarə və müəssisə adlarının tədricən latın qrafikalı əlifba ilə yazılması tə’min edilsin.

    1993-cü ildə:

    Orta, orta ixtisas və ali məktəb dərslikləri latın qrafikalı əlifba ilə çap edilsin.

    Orta məktəblərin ibtidai siniflərində latın qrafikalı əlifbanın öyrənilməsinə başlansın:

    Təhsil sisteminin bütün sahələri üzrə latın qrafikalı əlifbanın tətbiqi başa çatdırılsın.

    Mətbəələrin işini latın qrafikalı əlifbaya uyğunlaşdırmaq üçün kompleks tədbirlər görülsün; materiallar dəyişdirilsin, fotoyığım və digər bilgisayar (kompüter) sistemi, sətirtökən maşınlar, kitab və qəzet mətbəələrinin texniki vasitələrinin yeni əlifbaya uyğunlaşdırılması başa çatdırılsın.

    Respublikanın bütün qəzet və jurnallarının, bədii elmi-texniki, ictimai-siyasi və sair kitabların, topluların latın qrafikalı əlifba ilə çapı tə’min edilsin.

  5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün lazımı təşkilati tədbirlər görsün.


Azərbaycan Respublikası Ali Sovetinin sədri

E. QAFAROVA


Qərar № 34

Bakı şəhəri, 25 dekabr 1991-ci il