Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

  1. Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin.
  2. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin.
  3. "Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnamənin təsdiq edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1956-cı il 5 may tarixli Fərmanı (Azərbaycan SSR qanunları toplusu, 1938-1966-cı illər, c. I, səh. 221; Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, № 5-6, maddə 71, № 12, maddə 161) qüvvəsini itirmiş hesab edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 1991-ci il

№ 17-XII

***

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında
Əsasnamə

(5 fevral 1991)

Azərbaycan Respublikasının 5 fevral 1991-ci il tarixli 17-XII saylı qanunu ilə təsdiq edilmişdir

(8 iyun 2004-cü il, 683-IIQD saylı qanunla edilmiş əlavə və dəyişikliklərlə)

  1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
  2. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir.
  3. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir.

    Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir.

    Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

  4. çıxarılıb.
  5. çıxarılıb.
  6. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq bu Əsasnaməyə əlavə edilən rəngli və sxematik təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.
  7. çıxarılıb.
  8. çıxarılıb.



Bayrağın ümumi ölçülərini

göstərən qrafik təsviri