Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinintəşkili haqqında Azərbaycan Respublikasının Qanunu (12 mart 1992)
I. Azərbaycan Respublikasının suverenliyini, dövlət təhlükəsizliyini və ərazi bütövlüyünün qorunmasını tə’min etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsi yaradılsın.
II. Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsinin tərkibinə daxil olur:
1) Azərbaycan Respublikasının Prezidenti;
2) Azərbaycan Respublikası Ali Sovetinin sədri;
3) Azərbaycan Respublikasının Baş naziri;
4) Azərbaycan Respublikasının Dövlət katibi;
5) Azərbaycan Respublikasının hərbi işlər və hüqüq siyasəti üzrə Dövlət müşavirləri;
6) Azərbaycan Respublikası Baş nazirinin hərbi sənaye kompleksinə baxan müavini;
7) Azərbaycan Respublikasının müdafiə naziri;
8) Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri;
9) Azərbaycan Respublikasının daxili işlər naziri;
10) Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş qərargahının rəisi;
11) Bakı şəhəri İcra hakimiyyətinin başçısı.
III. Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
IV. Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin qərarları Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır.
Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin iclaslarına Azərbaycan Respublikasının Prezidenti sədrlik edir.
Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin iclaslarında qəbul edilən qərarlar Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları formasında rəsmiləşdirilir.
V. Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsi Azərbaycan Respublikasının müdafiəsi və təhlükəsizliyinin qorunması sahəsində dövlət siyasətini müəyyənləşdirir və hökumətin həmin siyasəti həyata keçirməsinə nəzarət edir.
VI. Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına, bu Qanuna və digər qanunlara əsaslanır.
VII. Bu Qanun qəbul edildiyi andan qüvvəyə minir.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri
Y. MƏMMƏDOV
Bakı şəhəri, 12 mart 1992-ci il
№ 84
«Həyat» qəzetində dərc edilmişdir (21 mart 1992-ci il, № 58) («VES Consultancy» LLC).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (15 mart 1992-ci il, № 5 (858), maddə 118) («VES Consultancy» LLC).
9 iyun 1992-ci il tarixli, 156 nömrəli Qanuna əsasən dəyişikliklər və əlavələrlə («VES Consultancy» LLC).