Azərbaycan Respublikasının Dövlət himni haqqında Azərbaycan Respublikasının Qanunu (27 may 1992)
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Musiqisi Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın olan "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edilsin.
AZƏRBAYCAN MARŞI
Musiqisi: Üzeyir Hacıbəyovun,
Sözləri: Əhməd Cavadındır.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət,
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 may 1992-ci il
№ 142