I Fəsil. Ümumi müddəalar

Maddə 1. Siyasi partiya anlayışı

Bu Qanunda siyasi partiya dedikdə ümumi siyasi ideyaları və məqsədləri olan, ölkənin siyasi həyatında iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının birlikləri nəzərdə tutulur.

Siyasi partiyalar Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğun olan vəzifələrini və məqsədlərini əsas götürərək Azərbaycan Respublikası vətəndaşlarının siyasi iradəsinin formalaşdırılmasında fəal iştirak edirlər.

Maddə 2. Siyasi partiyaların təşkilinin və fəaliyyətinin qanunvericilik əsasları

Siyasi partiyaların təşkilinin və fəaliyyətinin qanunvericilik əsası Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və bunlara uyğun olaraq qəbul edilən Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.


II Fəsil. Siyasi partiyaların yaradılması və fəaliyyəti prinsipləri

Maddə 3. Siyasi partiyaların yaradılması və fəaliyyəti prinsipləri

Siyasi partiyalar assosiasiyalar azadlığı, könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq və aşkarlıq prinsipləri əsasında yaradılır və fəaliyyət göstərirlər.

Maddə 4. Siyasi partiyaların yaradılması şərtləri

Siyasi partiyalar ərazi əlaməti üzrə qurulur. Siyasi partiyaların ilk təşkilatlarının, komitələrinin və digər təşkilat strukturlarının Azərbaycan Respublikasının dövlət orqanlarında fəaliyyətinə yol verilmir.

Siyasi partiya yaradılmasının təşəbbüsçüləri təsis qurultayı (konfransı) və ya ümumi yığıncaq çağırır, orada nizamnamə qəbul olunur və rəhbər orqanlar təşkil edilir.

Siyasi partiyanın qeydə alınması üçün Azərbaycan Respublikasının azı 1000 vətəndaşı onun üzvü olmalıdır.

Məqsədi və ya fəaliyyət metodu Azərbaycan Respublikasının Konstitusiya quruluşunu devirməkdən, zorakılıqla dəyişdirməkdən və ya ərazi bütövlüyünü pozmaqdan, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməkdən, habelə irqi, milli və dini ədavəti qızışdırmaqdan, Azərbaycan Respublikasının Konstitusiya quruluşuna zidd olan və beynəlxalq-hüquqi öhdəlikləri ilə bir araya sığmayan digər əməllər törətməkdən ibarət olan siyasi partiyaların yaradılmasına və fəaliyyətinə yol verilmir.

Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

Maddə 5. Siyasi partiyaların fəaliyyət formaları

Partiyalar aşağıdakı yolla siyasi fəaliyyət göstərirlər:

  • nizamnamələrinə uyğun olaraq ictimai rəyin formalaşmasına təsir göstərmək;
  • öz üzvlərinin siyasi fəallığına rəvac vermək;
  • vətəndaşları öz sıralarından seçkili dövlət orqanlarına irəli sürmək;
  • nizamnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinə təsir göstərmək;
  • siyasi və sosial proqramlar hazırlamaq yolu ilə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasına təsir göstərmək.

Maddə 6. Siyasi partiyanın nizamnaməsi

Siyasi partiyanın hər bir şəxsin tanış olmaq imkanı olan nizamnaməsi olmalıdır.

Nizamnamədə aşağıdakılar nəzərdə tutulmalıdır:

  • siyasi partiyanın adı, məqsədləri və vəzifələri;
  • siyasi partiyanın strukturu;
  • siyasi partiyanın üzvlüyünə qəbul olunmağın və ondan çıxmağın şərtləri və qaydası;
  • siyasi partiyanın üzvlərinin hüquqları və vəzifələri;
  • siyasi partiyanın üzvləri barəsində Azərbaycan Respublikasının qanunlarına zidd olmayan intizam tədbirləri və bunların tətbiqinin əsasları;
  • ərazi təşkilatlarına Azərbaycan Respublikasının qanunlarına zidd olmayan təsir tədbirləri;
  • siyasi partiyanın rəhbər orqanlarının səlahiyyəti və təşkili qaydası, onların səlahiyyət müddətləri;
  • qərarların qəbul olunması, həyata keçirilməsi qaydası və nəzarət formaları;
  • partiya üzvlərinin və onların nümayəndələrinin yığıncağının çağırılması şərtləri, formaları və müddətləri;
  • siyasi partiyanın vəsaitinin və başqa əmlakının əmələ gəlməsi mənbələri;
  • siyasi partiyanın nizamnaməsinə dəyişikliklər və əlavələr edilməsi qaydası;
  • siyasi partiyanın fəaliyyətinə xitam verilməsi qaydası və onun əmlakının taleyi.

Maddə 7. Partiyanın adı

Partiyanın adı, adının qısaldılmış şəkli və rəmzləri Azərbaycan Respublikasında qeydə alınmış digər partiyaların adından və rəmzlərindən fərqlənməlidir.

Partiyaların adı dəyişildikdə onlar bu Qanunla müəyyən edilmiş qaydada yenidən qeydə alınmalıdırlar.

Maddə 8. Siyasi partiyada üzvlük

Siyasi partiyaların qeyd edilmiş üzvlüyü olur.

Siyasi partiyaların üzvləri Azərbaycan Respublikasının 18 yaşına çatmış, partiyaya könüllü daxil olmuş, onun nizamnaməsini və proqramını qəbul etmiş fəaliyyət qabiliyyətli vətəndaşlarıdır.

Bütün səlahiyyəti müddətində Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrləri, sədr müavinləri və hakimləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hərbi qulluqçular, köməkçi-texniki heyət istisna olmaqla prokurorluq, ədliyyə, daxili işlər, milli təhlükəsizlik, sərhəd xidməti, gömrük, maliyyyə, vergi, feldyeger rabitəsi orqanlarının, dövlət mətbuatı orqanlarının işçiləri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasının üzvləri, baş direktoru və onun müavinləri, Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin üzvləri, din xadimləri siyasi partiyaların üzvü ola bilməzlər.

Bu maddənin üçüncü hissəsində sadalanan şəxslər bütün seçki, xidmət və ya iş dövründə siyasi partiyalarda üzvlüyünü dayandırırlar.

Siyasi partiyalara daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.

Maddə 9. Siyasi partiyanın üzvlərinin hüquqları

Siyasi partiyanın üzvlərinin hüquqları onun nizamnaməsi ilə müəyyən edilir və Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, şəxsiyyətin hüquq və azadlıqlarına dair Azərbaycan Respublikasının təsdiq etdiyi beynəlxalq hüquqi aktlara zidd ola bilməz.

Siyasi partiyanın fəaliyyətində vətəndaşın iştirak edib-etməməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasına, yaxud bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qanunla müəyyən edilmiş vəzifələrini icra etməsinə yol verilməməsi üçün əsas ola bilməz. Rəsmi sənədlərdə bu və ya digər siyasi partiyanın üzvlüyünü göstərməyin tələb edilməsinə yol verilmir.

Partiyanın hər bir üzvü və ya üzvləri qrupu öz iradəsini sərbəst ifadə etmək hüququna malikdir.

Maddə 10. Siyasi partiyanın orqanlarında iradə ifadəsi

Siyasi partiyanın orqanlarında iradənin ifadə olunması qaydası partiyanın nizamnaməsi ilə müəyyən edilir.

Maddə 11. Siyasi partiyaların beynəlxalq əlaqələri

Siyasi partiyalar beynəlxalq ictimai (qeyri-hökumət) birliklərə daxil ola bilər, birbaşa beynəlxalq əlaqələr saxlaya, müvafiq sazişlər bağlaya bilərlər.


III Fəsil. Siyasi partiyalar və dövlət

Maddə 12. Siyasi partiyaların hüquq və vəzifələri

Öz nizamnamələrində, proqram sənədlərində, başqa aktlarda müəyyən edilmiş məqsədləri və vəzifələri həyata keçirmək üçün siyasi partiyalar:

  • məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır;
  • könüllülük əsasında birləşib siyasi bloklar, ittifaqlar, federasiyalar, birliklər yaradır;
  • Azərbaycan Respublikası Prezidenti, parlamenti və digər seçkili dövlət orqanları seçkilərində, Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının formalaşdırılmasında demokratik yolla (müstəqil surətdə, başqa partiyalar və təşkilatlar ilə blok və ya ittifaqda) iştirak edir;
  • dövlət orqanları qərarlarının hazırlanmasına demokratik yolla təsir göstərir;
  • dövlət orqanlarında və ictimai orqanlarda öz üzvlərinin mənafelərini təmsil edir və qoruyur;
  • bu Qanunda və Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında nəzərdə tutulmuş digər funksiyaları həyata keçirirlər.

Siyasi partiyalar dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə qarışa bilməzlər.

Partiyaların özlərinin fəaliyyəti haqqında məlumat yaymaq, ideyalarını, məqsədlərini və proqramlarını təbliğ etmək, kütləvi informasiya vasitələri təsis etmək, qanunla müəyyən edilən qaydada mitinqlər, nümayişlər, yığıncaqlar və başqa kütləvi tədbirlər keçirmək hüququ vardır.

Partiyaların rəhbər orqanları hökmən Azərbaycan Respublikasının ərazisində olmalıdırlar.

Maddə 13. Siyasi partiyalarla münasibətlərdə dövlətin hüquq və vəzifələri

Dövlət siyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq onların öz nizamnamə vəzifələrini yerinə yetirmələri, habelə öz sənədlərini dövlət mətbuat orqanları vasitəsilə yaymaları üçün bərabər hüquqi şərait yaradılmasına, partiyaların rəhbər orqanlarının mühafizəsinə və təhlükəsizliyinə, bu məqsədlə dövlət mühafizə xidmətinin yaradılmasına və onun təchizatının təşkil edilməsinə təminat verir.

Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının və vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə qarışmasına yol verilmir.

Maddə 14. Siyasi partiyanın dövlət qeydiyyatına alınması

Siyasi partiya müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınır.

Siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün nizamnamənin qəbul olunduğu gündən bir ay keçənədək partiyanın rəhbər orqanı üzvlərinin imzaları ilə, onların hər birinin yaşayış yeri göstərilməklə ərizə verilir.

Ərizəyə nizamnamə, nizamnaməni qəbul etmiş təsis qurultayının (konfransının) protokolu, partiya üzvlərinin sayını təsdiqləyən sənəd əlavə olunur.

Siyasi partiyanın nizamnaməsinə edilən dəyişikliklər və əlavələr siyasi partiyanın dövlət qeydiyyatına alındığı qaydada və müddətlərdə qeydə alınmalıdır.

Siyasi partiya dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs sayılır.

Siyasi partiyanın nizamnaməsi bu Qanunun 3, 4 və 5-ci maddələrinin müddəalarına ziddirsə və ya onun təsis sənədləri qanunvericiliyə uyğun deyilsə, habelə eyni adlı partiya ondan əvvəl dövlət qeydiyyatına alınmışdırsa, onu qeydə almaqdan imtina edilir.

Dövlət qeydiyyatı almaqdan imtina edildikdə bu barədə ərizəçilərə yazılı məlumat verilərək təqdim edilən nizamnamənin hansı qanunvericilik müddəalarına zidd olduğu göstərilir.

Dövlət qeydiyyatı almaqdan imtina edilməsi barədə inzibati qaydada və (və ya)məhkəməyə şikayət verilə bilər.

Partiyalar rəmz kimi emblemlərə, bayraqlara, vımpellərə və nişanlara malik ola bilərlər. Rəmzlər bu Qanunun 4-cü maddəsinin 4-cü hissəsində göstərilmiş məqsədlərin təbliğinə xidmət etməməlidir.

Müvafiq icra hakimiyyəti orqanının dövlət qeydiyyatına alınmış siyasi partiyanın rəhbər orqanlarından onların qəbul etdiyi qərarların təqdim olunmasını tələb etmək, partiyanın nizamnaməsinə əməl olunması ilə bağlı məsələlər barəsində izahat almaq hüququ vardır.

Maddə 15. Siyasi partiyalar haqqında qanunvericiliyin pozulması üçün məsuliyyət

Siyasi partiyalar haqqında qanunvericiliyin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə cinayət məsuliyyətinə, inzibati, maddi və ya başqa məsuliyyətə səbəb olur.

Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti bunda müqəssir olan dövlət orqanlarının və ictimai orqanların vəzifəli şəxsləri, habelə vətəndaşlar daşıyırlar.

Siyasi partiyalar siyasi partiyalar haqqında qanunvericiliyi pozduqda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar.

Siyasi partiya onun nizamnaməsi ilə müəyyən edilən məqsəd və vəzifələrdən kənara çıxan və ya qüvvədə olan qanunvericiliyə uyğun gəlməyən hərəkətlər etdikdə həmin partiyanın rəhbər orqanına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən yazılı xəbərdarlıq edilə bilər.

Fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törədən siyasi partiyaların fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada dayandırıla bilər.

Maddə 16. Siyasi partiyanın ləğv edilməsi

Siyasi partiya bu Qanunun 4-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulan hərəkətləri etdikdə məhkəmənin qərarı ilə ləğv edilir.

Siyasi partiya bu Qanunun 15-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulan hərəkətləri bir il müddətində təkrar etdikdə məhkəmənin qərarı ilə ləğv edilə bilər.

Siyasi partiyanın ləğv edilməsi haqqında təqdimat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilir.

Məhkəmə iş üzrə qərar qəbul edilənə qədər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallarda və qaydada həmin siyasi partiyanın fəaliyyətini dayandıra bilər.


IV Fəsil. Siyasi partiyaların fəaliyyətinin maddi təminatı

Maddə 17. Siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi

Siyasi partiyaların fəaliyyəti xalq deputatları seçkiləri haqqında Qanuna müvafiq surətdə seçki kampaniyalarının maliyyələşdirilməsi istisna olmaqla, dövlət büdcəsindən təxsisat ayrılmadan bu partiyaların vəsaiti hesabına maliyyələşdirilir.

Partiyaların fəaliyyətinin xarici dövlətlər, habelə xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən maliyyələşdirilməsi qadağandır.

Maddə 18. Siyasi partiyaların mədaxili və məxarici

Siyasi partiyaların pul və ya pul ifadəsi olan sərvətlər şəklində əldə etdikləri vəsait onların mədaxilidir. Partiyanın hamılıqla qəbul olunmuş öhdəliklərdən azad edilməsi nəticəsində alınan səmərə də mədaxil sayılır.

Aşağıdakılar siyasi partiyaların mədaxili sayılır:

  • üzvlük haqları;
  • əmlakdan götürülən gəlir;
  • tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlərlə bağlı olan buna bənzər başqa fəaliyyətdən götürülən gəlir;
  • ianələr şəklində gəlir;
  • seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait;
  • aşağı təşkilatların ödəncləri;
  • qalan gəlir.

Aşağıdakılar məxaric sayılır:

  • cari işlərə çəkilən xərclər;
  • siyasi partiyanın idarələrinin işinə və informasiyaya çəkilən xərclər;
  • ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər;
  • aşağı təşkilatlara ödənclər;
  • kreditlər üzrə faizlər;
  • fərdi xərclər;
  • qalan xərclər.

Siyasi partiyaların gəlir mənbələrinə, əldə edilən vəsaitin məbləğinə və vergilərin ödənilməsinə vergi qanunvericiliyinə uyğun olaraq dövlət vergi orqanları nəzarət edirlər.

Maddə 19. İanələr

Partiyaların ianələr almaq hüququ vardır. Siyasi partiyalara aşağıdakıların ianə vermək hüququ yoxdur:

  • dövlət idarələri;
  • öz nizamnamələrinə (təsis sənədlərinə) uyğun olaraq faktik fəaliyyətinin xarakteri baxımından yalnız və yalnız bilavasitə ictimai, xeyriyyə məqsədlərinə və ya dini məqsədlərə xidmət edən təşkilatlar;
  • həmkarlar ittifaqları;
  • kütləvi hərəkatlar.

Bundan başqa, partiyalar iqtisadi və ya siyasi səmərə əldə etmək məqsədi ilə verilən ianəni qəbul edə bilməzlər.

Siyasi partiyaların xeyrinə verilən ianələrin məbləği maliyyə hesabatına daxil edilməli və ianəçinin adı (familiyası), ünvanı, ianənin məbləği göstərilməlidir.

Maddə 20. Partiyaların mülkiyyəti

Partiyaların mülkiyyətində binalar, avadanlıq, nəşriyyatlar, mətbəələr, nəqliyyat vasitələri, habelə nizamnamə vəzifələrini yerinə yetirmək üçün lazım olan digər əmlak ola bilər.

Partiyaların mülkiyyət hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur.

Partiyalar borc və ya icarə barəsində başqa şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq binalardan və başqa əmlakdan istifadə edə bilərlər.

Partiyaların mülkiyyətində torpaq, sənaye müəssisələri, istehsal birlikləri və kooperativlər ola bilməz, partiyalar təsərrüfat və ya kommersiya fəaliyyəti ilə məşğul ola bilməzlər.

Partiyaların silaha, partlayıcı maddələrə və vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə (o cümlədən ekoloji təhlükə) törədən başqa materiallara malik olması, bunları anbara vurması və ya saxlaması qadağandır.

Maddə 21. Maliyyə hesabatı

Partiyalar hesabat verməli olduqları mədaxili və məxarici, habelə əmlak vəziyyətini əks etdirən mühasibat sənədlərini tərtib etməlidirlər.

Siyasi partiyanın maliyyə hesabatı mədaxil və məxaric hissələrindən, habelə əmlakı barəsində hesabatdan ibarət olur.

Ərazi təşkilatlarının hesabatları da partiyanın maliyyə hesabatına daxil edilir.

Hər təqvim ilinin axırında tərtib edilən hesabatda üzvlük haqqı ödəyən partiya üzvlərinin sayı göstərilməlidir.


Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri

İ. QƏMBƏROV


Bakı şəhəri, 3 iyun 1992-ci il

№ 147


«Həyat» qəzetində dərc edilmişdir (23 iyun 1992-ci il, № 121) («VES Consultancy» LLC).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir («VES Consultancy» LLC).

25 iyun 1992-ci il tarixli, 184 nömrəli; 5 noyabr 1996-cı il tarixli, 188-IQD nömrəli; 5 oktyabr 2001-ci il tarixli, 190-IIQD nömrəli; 2 iyul 2002-ci il tarixli, 356-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 4 may 2004-cü il tarixli, 646-IQD nömrəli; 11 iyun 2004-cü il tarixli, 688-IIQD nömrəli; 4 mart 2005-ci il tarixli, 856-IIQD nömrəli; 15 aprel 2005-ci il tarixli, 887-IIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 82-IIIQD nömrəli; 1 oktyabr 2007-ci il tarixli, 424-IIIQD nömrəli; 9 oktyabr 2007-ci il tarixli, 430-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə («VES Consultancy» LLC).